Neoplatonízm, yeni-platonçuluq — III—VI yüzilliklərdə Platon və Aristotelin fəlsəfəsini şərq inancları ilə birləşdirən antik fəlsəfi cərəyandır. Neoplatonizmin əsas ideyaları varlığın birliyini Vahid-Əql-Ruh üçlüyündə təsəvvür etmək, insan ruhunun materiyanın təsirindən azad etmə yollarının göstərilməsi, həqiqətin intuisiya vasitəsilə kəşf edilməsidir.
Yeni platonçuluq antik dünyanın sonuncu fəlsəfəsi və mistik məktəbi olmuşdu. Onun yaranması və inkişafı bizim eramızın III əsrinə təsadüf edilir. Bu dövr, eyni zamanda, xristian ilahiyyatının yaranması dövrü idi. Bu iki dünyagörüşü bir-biri ilə ideoloji mübarizə aparırdılar.
Yeni platonçuluğun yaranması və inkişafı Roma imperiyasını bürümüş siyasi-iqtisadi və mənəvi böhran dövrünə təsadüf edilir. İmperiya öz süqutuna doğru irəlilədikcə cəmiyyətdə gələcəyə inamsızlıq, mənəvi boşluq, istibdada qarşı etiraz hissləri dərinləşirdi.
Bu şəraitdə müxtəlif dini-fəlsəfi və mistik təlimlərin cəmiyyətdə yayılması labüd idi. Bütün imperiya boyu mövhumatlar, falçılıq və cadugərliyin müxtəlif formaları sürətlə yayılırdı. Bununla yanaşı, yalan, şarlatanlıq, fırıldaqçılıq da yayılmışdı. Digər tərəfdən, Roma tərəfindən istila olunmuş ölkələrin və xalqların müxtəlif mistik və dini təlimləri də sürətlə yayılırdı. Burada misir tanrısı Osiris və Frigiya tanrısı Attis kimi ölən və dirilən tanrıların, Mitra adlı şərə qarşı mübarizə aparan İran mənşəli tanrının kultları yayılmışdı.
Qədim yunan və roma dini inancları dərin böhran içində idilər. Onların cəmiyyətə təsiri tədricən zəifləyirdi. Bəzi inanclar Şərqdə yayılmış inanclarla qarışıq şəkildə təzahür edirdi. Bu Orfeus (Orpheus) və Hermes adlı tanrıların ardıcıllarında öz əksini tapmışdı.
Ənənəvi dini görüşlərin böhranı, rəsmi dövlət başçılarının kultunu da yaratmışdı. İmperatorların, Senatın şərəfinə məbədlər, heykəllər qoyulurdu. Bundan əlavə romalılar müxtəlif “kiçik” tanrılara və ruhlara inanırdı.
Yeni platonçuluq fəlsəfəsi bu cür mürəkkəb sosial-siyasi böhran şəraitində meydana gəlmişdi. İdealist və mistik təlim olduğuna görə o tədricən materialistsayağı təlimləri ortadan çıxarırdı. O şəraitdə bu proses qaçılmaz idi. Lakin, eyni zamanda, yeni platonçuluq qədim yunan və roma fəlsəfəsinin müddəalarını özündə əks etdirmişdi, onların qoruyucusuna çevrilmişdi. Xristianlıqdan fərqli olaraq, yeni platonçuluq daha da çox hakim dairələrin, ziyalıların arasında yayılmışdı. Xristianlığa qarşı çıxış edən Romanın hakim dairələri çox vaxt məhz yeni platonçuluq ideyalarına arxalanıb, onları Xristianlığa alternativ bir dünyagörüşü kimi qələmə verirdilər.
Məsələn, bu cür addımı imperator Yulian (361-363) atmışdı. O, Xristianlığın hakim dinə çevrilməsinə baxmayaraq, köhnə inancları bərpa etməyə, onların Xristianlıqla bərabər imperiyada yayılmasına cəhdlər etmişdi. Lakin, onun ölümündən sonra, Xristianlıq yenidən öz mövqeyini möhkəmləndirmiş və antik dünyanın sonuncu dünyagörüşü təlimi olan yeni platonçuluğu ortadan çıxarmışdı. Bundan sonra antik dövr sona çatmış və orta əsrlər dövrünə qədəm qoyulmuşdu; Aralıq dənizi hövzəsi ətrafında olan ərazilərdə xristian dininin və fəlsəfəsinin hökmranlıq dövrü başlanmışdı. Sonuncu yeni platonçuların məktəbi Afinada yerləşirdi. VI əsrdə imperator Yustinianos onun bağlanması haqqında əmr vermişdi.
Əsas nümayəndələri:
Ən görkəmli nümayəndəsi:
Yamblixdən sonra Apameya məktəbinə onun öyrəncisi Apameyalı Sopater (yun. Σώπατρος ὁ Ἀπᾰμεύς, m. IV yüzillik) başçılıq etmişdir. O, müəlliminin irsini davam etdirmiş, zamanının ən bacarıqlı natiq və müəlliflərindən biri olmuşdur. Ancaq onun fəlsəfi görüşləri haqqında zamanımıza demək olar heç bir məlumat çatmamışdır. Tarixçi Evnapius onun haqqında yazırdı ki, o Xristianlıqla rəqabət edən antik dinin dəyişdirilmiş təlimini Romada yaymaq istəmişdir[1]. Bir müddət imperator I Konstantin də onun təsiri altına düşmüşdür. Ancaq, sonra saray xadimləri Sopater haqqında mənfi rəy yarada bilmiş və o, imperatorun əmri ilə edam olunmuşdur.
Deksippus (yun. Δεξίππος, m. IV yüzillik) və Asinalı Teodorus (yun. Θεόδωρος ὁ Ἀσίνεύς təxminən m. 275 – 360) da Yamblixin ardıcıllarından olmuşdurlar. Ancaq, onların yaradıcılığı haqqında dövrümüzə çox az məlumat çatmışdır.
Bu məktəbin Kappadokiyalı Evstafius (yun. Εὐστάθιος Καππᾰδόκης, m. IV yüzillik), Efesli Maksim (lat. Maximus Ephesius, ölüm ili m. 377/378) kimi nümayəndələri də Yamblix kimi mistika, teurgiya və hətta cadugərliklə məşğul olmuşdurlar. Ancaq, fəlsəfəni bu istiqamətə yönəldənlərə qarşı çıxanlar da olmuşdurlar. Onlardan biri həmin məktəbin ardıcılı Mindioslu Evsebius (yun. Εὐσέβιος Μύνδιος, m. IV yüzillik) idi. O, cadugərlik və teurgiyaya qarşı çıxış edərək deyirdi ki, həqiqət dialektik mülahizələrdə açılır. Fəlsəfənin məqsədi isə insanı məntiqə yönəltmək və onun beynini təmizləməkdən ibarətdir.
Görkəmli nümayəndələri:
Ən görkəmli nümayəndələri:
Neapollu Marinus (yun. Μαρῖνος ὁ Νεάπολίτης, təxminən m. 450 – 495) yeni-platonçuluğun Afina məktəbinin daha bir nümayəndəsi idi. O, yəhudi soylu olmuş, ancaq sonra ellin inancını qəbul etmiş, Proklusun öyrəncisi olmuşdur. Onun ölümündən sonra isə Afina Akademiyasına başçılıq etmişdir[2]. O, həmçinin astronomiya və fəlsəfə sahələrində ciddi işlər ortaya qoymuşdur.
Marinusun bir neçə əsəri zamanımıza çatmışdır. Onlardan biri Euklides və Platonun əsərlərinə şərhlər idi. Ən tanınmış əsəri isə “Proklus və ya xoşbəxtlik haqqında”[3] adlı kitabıdır. Orada o, Proklusun həyatı, fəlsəfəsi, mənəviyyatı, xasiyyəti və başqa özəllikləri haqqında söhbət açmışdır. Marinusun fikrincə məhz Proklus xoşbəxtliyi həyatında əldə etmiş adam idi, bununla da o, hər bir kəs üçün bir örnəkdir. Bu baxımdan o, hətta “kamil insan” idi. Xoşbəxtliyi əldə etmək istəyən hər bir insan öz həyatını Proklus kimi yaşamalı, mənəviyyatını fəlsəfə üzərində qurmalı, ona təmənnasız yönəlməlidir.
Afina məktəbinin daha bir nümayəndəsi Kilikiyalı Simplikius (yun. Σιμπλίκιος ὁ Κῐλίκιος, lat. Simplicius; təxminən m. 490—560) olmuşdur. O, Platon və Aristotel təlimlərinin bir mənşədən gəldiyini iddia edirdi. Onun fikrincə bu filosofların fikirləri arasında fərq yalnız sözlərdə və ifadələrdədir. Simplikius öz əsərlərində Zenon, Empedokles, Anaksaqoras, Parmenides və bir sıra başqa qədim filosoflardan sitatlar gətirmişdir. Zamanımıza onun Aristotelin “Göy haqqında”, “Fizika”, “Kateqoriyalar” əsərlərinə şərhləri gəlib çatmışdır. Bundan başqa o, Yamblix və Epiktetus kimi filosofların da əsərlərinin şərhçisi kimi tanınmışdır.[4]
Afina fəlsəfə məktəbinin sonuncusu skolarxı (başçısı) Damaskius (yun. Δᾰμάσκῖός; təxminən m. 462 – 538) olmuşdur. O, Aristotelin bir sıra əsərlərinə şərhlər yazmış, onları platonçu ənənələrinə uyğunlaşdırmışdır. Bundan başqa onun “İlk başlanğıclar” kimi öz əsərləri də olmuşdur.
Damaskius neoplatonizmi daha da təkmilləşdirmişdir. O, Vahidin haqqında hər hansı biliyin əldə edilməsinin mümkünsüzlüyünü iddia edirdi. Onun fikrincə insanlar onun barəsində yalnız öz fikirlərini irəli sürə bilərlər. Ona görə də şeylərin yaranması barəsində dəqiq bir fikir yürütmək mümkün deyildir. Onun təlimində Vahid, Yamblixın fəlsəfəsində olduğu kimi ikiyə deyil, üçə bölünür. Birinci Vahid mütləq, ikinci və üçüncü Vahidlər isə nisbətən dərk olunmazdırlar. Sonra varlığın vahidi olan monada ilə cütlük (diada) bir-birinə qarşı qoyulur və bu qarşıdurma nəticəsində mahiyyət ortaya çıxır.[5]
Görkəmli nümayəndələri:
Afinada antik irsin ənənələrini davam etdirən məktəbin olmasına baxmayaraq qədim Yunan və Roma dinləri, dünyagörüşü və ənənələrinin iflasa uğraması prosesi artıq V – VI yüzilliklərdə tamamilə başa çatmışdır. Antik ənənə Roma imperiyasında yayılmaqda olan Xristianlıqla rəqabət apara bilmirdi.
Bəzi hallarda Xristianlıqla antik mədəniyyətin mübarizəsi təkcə ideoloji müstəvidə getmirdi. Öncə bəzi Roma imperatorları və hakim dairələri xristianları təqib etmişdirlər. Sonra isə Xristianlığın yayılması daha da sürətləndikdən və kilsə xadimlərinin cəmiyyətdə nüfuzunun artmasından sonra əks proseslər baş vermişdir. İmperatorlar dövləti idarə etmək üçün yeni dindən istifadə etməyə başladılar. O, zaman Xristian təəssübkeşləri antik tapınaqlara (məbədlərə) və mədəniyyət mərkəzlərinə hücumlar düzənləyərək onları darmadağın etmişdirlər.
Antik mədəniyyətə sonuncu zərbəni Şərqi Roma imperatoru I Yustinian vurmuşdur. O, 527-ci ildə hakimiyyətə gələrək Xristianlıqdan başqa bütün dinləri qanundan kənar elan etdi. Onun hakimiyyəti dönəmində bütün antik məbədlər bağlanıldı və ya dağıdıldı. Xristianlığı qəbul etməkdən imtina edən adamları isə vətəndaş hüquqlarından məhrum edildilər.
Yustinian Afinada yerləşən fəlsəfi məktəbin də bağlanması haqqında əmr verdi. 531 – 532-ci illərdə orada fəaliyyət göstərən filosoflar təqiblərdən qurtulmaq üçün İrana mühacirət etdilər. Onların arasında Damaskius və Simplikius da olmuşdur. Sonra onlardan bəziləri geriyə dönmüş, ancaq artıq yeni məktəblər yarada bilməmişdirlər. Bununla da, antik fəlsəfənin tarixi Romada sona çatmışdır. Buna baxmayaraq sonralar neoplatoçuların və başqa məktəblərin təlimləri orta əsr xristian, sonra isə müsəlman ilahiyyatı və fəlsəfəsinə güclü təsir etmişdir.
İrana mühacirət edən filosof və alimlər isə ölkənin bir çox şəhərlərində fəlsəfi və elmi məktəblər (akademiyalar) yaratmışdırlar. Bu məktəblərin arasında Cündişapur akademiyası əhəmiyyətli yer tutmuşdur. Burada fəlsəfədən başqa riyaziyyat, astronomiya, təbabət, coğrafiya kimi elmlər də inkişaf etdirilirdi. Antik dünyanın elmi-fəlsəfi irsinin böyük hissəsinin Bizansda xristianlar tərəfindən darmadağın olunması şəraitində, İranda fəlsəfi məktəblərin nümayəndələri o irsin təsadüfən salamat qalmış bəzi nümunələrini süryani və fars dillərinə tərcümə etmişdilər.
VII yüzillikdə İran ərəblər tərəfindən istila edilmiş və bunun nəticəsində antik elmi-fəlsəfi irsi ərəbdilli filosofların əlinə keçmişdir. Onlar bu irsə böyük maraq göstərərək onu ərəb dilinə çevirmişdirlər. Ərəbdilli filosoflar qədim yunan düşünürlərinin əsərlərinə şərhlər yazmış, alimlər onların elmi nailiyyətlərini inkişaf etdirmişdirlər. Orta əsr dönəmində Xilafətin elmi-mədəni inkişafında həmin antik irsin böyük rolu olmuşdur.
Bir neçə əsr keçdikdən sonra avropalılar ərəbdilli tərcümələr vasitəsilə antik irsə yenidən maraq göstərməyə başlamış və bir çox əsərləri latın dilinə tərcümə etmişdirlər. Bundan başqa, Avropanın kitabxanalarında da bir çox antik fəlsəfi əsərlər saxlanılırdı ki, sonralar onlar tədqiqatçılar tərəfindən araşdırılmışdır. Antik irsin öyrənilib inkişaf etdirilməsi nəticəsində Avropa mədəniyyəti və elmi irəliləməyə başlamışdır. Dirçəliş (İntibah) adlanan dövr məhz antik mədəniyyətə, fəlsəfəyə, elmə və dünyagörüşünə qayıdış sloqanları ilə yaşanmışdır. Beləliklə, antik fəlsəfə bütün dünyanın inkişafında müstəsna rol oynamış, müasir tərəqqinin təməlində durmuşdur.