Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad.
Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir.
Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir. Tropik iqlim qurşağı Ərəbistan yarımadası, Mesopotamiyanın cənubunu, İran yaylasının cənub kənarını; tropik musson rejimli subekvatorial iqlim qurşağı Cənubi Çini, Hindistan və Hind-Çin yarımadalarını, Yava adasının şərqini və Kiçik Zond adalarını; ekvatorial iqlim qurşağı isə Malakka yarımadasının cənub hissəsini, Böyük Zond adalarını, Şri-Lankanın cənub-qərb hissəsini və Filippin adalarının cənub hissəsini əhatə edir. Qışda iqlim hava kütlələrinin qərb istiqaməti və geniş antisiklon sahəsinin formalaşması ilə, qitənin cənubunda və cənub-qərbində isə passat sirkulyasiyası ilə müəyyən olunur.
Cənubi Sibir dağları və Monqolustan üzərində 40-60° şimal enliyi arasında oktyabrdan martadək davam edən Asiya (Sibir) antisiklonu yaranır. Aydın və soyuq hava hökm sürür; mütləq minimum temperatur Oymyakonda -71 °C (şimal yarımkürəsinin soyuq qütbü), Verxoyanskda -68 °C və Yakutskdə -64 °C qeydə alınmışdır[1]
Asiya antisiklonunun soyuducu təsirindən 0 °C izotermi Asiyada Avropaya nisbətən xeyli cənubdan (Səmərqənd-Tokio xətti boyu) keçir. Yayda Asiyanın daxili hissələrində yüksək təzyiq sahələri yox olur və bur çox qızır. Tropiklərin qurşaq sahələrində maksimum temperatur (53 °C)[2] Ceykobabad şəhərində (Pakistan) qeydə alınmışdır. Bu, dünya göstəricisindən (Liviya, Tripoli şəhəri) 5 °C dərəvə aşağıdır. Qitənin şərq və cənub hissələri rütubətli dəniz mussonlarının təsiri altında qalır. Himalay dağlarının cənub, Qərbi Qat, Arakan-Yoma və Tanentaunci dağlarının küləktutan yağıntının illik miqdarı 3000 mm və daha çox olur. Hindistanın cənub-şərqində[3][4][5] (Çerapuncidə) Yer kürəsinin mütləq maksimum yağıntısı (22900 mm) qeydə alınmışdır (burada orta illik yağıntı 13000 mm-dən çoxdur). Yayda musson yağışları mövsümündə Cənubi və Cənub-Şərqi Asiyada illik yağıntının 75-90 %-i, Şərqi Asiyada isə 60-65%-i düşür. Tropik mussonlar yalnız Cənubi Çin (23-26° şimal enliyi) üşün səciyyəvidir. Mərkəzi və Orta Asiyanın daxili rayonlarında quru tropik iqlim hakimdir. Havanın quru temperaturu 30 °C təşkil edir. 20 °C izotermi kontinental ərazilərdə 55-60 °C şimal enliyinə çatır. Ön Asiya yaylaları üzərində alçaq təzyiq sahələri yaranır və az rütubətli, yüksək temperaturlu tropik kontinental hava formalaşır. Ərəbistan yarımadası üzərində də kontinental quru tropik hava hökm sürür, aydın və çox isti hava yaranır. Malayya arxipelaqının cənub-şərq hissəsi Avstraliya antisiklonunun, qalan hissəsi isə ekvatorial qərb küləklərinin təsiri altında olur. Asiyanın dağlarında qar xətti Avropaya nisbətən yüksəkdədir. Tibet yaylasında isə o, xüsusilə yuxarıdan keçir; dünyada qar xəttinin "yüksəklik qütblərindən" biri (6200 m) buradadır. Müasir buzlaşmanın iri mərkəzləri Asiya qitəsində yerləşən Qaraqorum, Himalay, Hindiquş, Kunlun, Nanşan, Tyanşan, Pamir, Qafqaz, Altay dağlarındadır. Mərkəzi Asiya və Himalay dağlarında buzlaqların sahəsi təqribən 97 min kv. kilometrdir. Arktika adalarında örtük buzlaşması qalmışdır.