Astrositlər (qədim yunan dilindən, ástron, "ulduz" + kútos, "boşluq", "hüceyrə"), həmçinin ümumilikdə astroqlia olaraq da bilinir. Xarakterik olaraq ulduz şəkilli qlial hüceyrələr olub, baş beyin və onurğa beynində rast gəlinir. Onlar bir çox funksiyanı yerinə yetirirlər. Bunlara, qan-beyin baryerini formalaşdıran endotel hüceyrələrinin biokimyəvi dəstəyi, sinir toxumasının qida maddələri ilə təminatı, hüceyrəxarici ion tarazlığının qorunması və beyində, onurğa beynində baş verən travma, infeksiyadan sonra çapıq toxumasının formalaşması, beyin qan dövranının tənzimlənməsi kimi funksiyalar aiddir. Astrositlərin beyində miqdarı yaxşı müəyyən oluna bilinməmişdir. Onların miqdarı istifadə olunan hesablama texnikasından asılı olaraq dəyişir. Beləki, onların miqdarı beynin müxtəlif bölgələrində fərqlənir və bütün qlia hüceyrələrinin 20%-40%-ni təşkil edir. Başqa bir araşdırmaya əsasən isə astrositlər beyində ən çox rast gəlinən qlia hüceyrələridir. Astrositlər mərkəzi sinir sistemində xolesterolun əsas mənbəyidir. Apolipoprotein E, xolesterolu astrositlərə, neyronlara və digər qlia hüceyrələrinə ötürərək, hüceyrələr arası siqnalizasiyanı tənzimləyir. İnsan beynində astrositlərin miqdarı gəmiricilərdən iyirmi dəfədən çoxdur və onlar bu saydan on dəfə çox sinapsla əlaqə yaradır.
Astrosit | |
---|---|
</img> | |
Təfərrüatlar | |
Məkan | Beyin və onurğa beyni |
İdentifikatorlar | |
latın | Astrosit |
MeSH | D001253 |
NeuroLex ID | sao1394521419 |
TH | H2.00.06.2.00002, H2.00.06.2.01008 |
FMA | 54537 |
Mikroanatomiyanın anatomik terminləri </br> |
1990-cı illərin ortalarından bəri aparılan tədqiqatlar göstərdi ki, astrositlər qıcığa (stimula) cavab olaraq hüceyrələrarası Ca 2+ ion axınını uzun məsafələrə yayır və neyronlara oxşar olaraq Ca 2+ -dan asılı şəkildə mediatorları (qliotransmitterlər adlanır) xaric edirlər. Məlumatlar göstərir ki, qlutamatın (beyində oyadıcı neyrontransmitter) astrositlərdən, Ca2+ -dan asılı olaraq xaric olunması neyronları oyadır . Bu cür kəşflər astrositləri neyroelm sahəsində mühüm tədqiqat sahəsinə çevirdi.
Astrositlər mərkəzi sinir sistemindəki qliya hüceyrələrinin bir alt növüdür. Onlar həmçinin astrositik qlial hüceyrələr olaraq da bilinirlər. Ulduz şəkilli astrositlər, çıxıntılarının bir çox hissəsi ilə neyronların əmələ gətirdiyi sinapsları əhatə edir. İnsanlarda bir astrosit hüceyrəsi eyni anda 2 milyona qədər sinapsla qarşılıqlı əlaqədə ola bilər. Astrositləri müəyyən etmək üçün histolloji analizlərdən istifadə edirlər. Onların əksəriyyəti qlial fibrilyar protein (GFAP) ekspresiyya edir . Mərkəzi sinir sistemində, fibroz, protoplazmatik və şüalı astrositlərində daxil olduğu, bir neçə astrosit formalarına rast gəlmək olar. Fibroz astrositlər, adətən ağ maddə daxilində yerləşirlər, hüceyrə orqanelləri azdır və uzun, şaxələnməmiş çıxıntılara malikdirlər. Əksərən bu hüceyrələr astrositik son ayaqıcıqlar (endfoot) adlandırılan çıxıntıları vasitəsilə yaxınlıqda yerləşən kapilyarların xarici səthini əhatə edirlər. Protoplazmatik qliya hüceyrələri daha geniş yayılmışdır və sinir toxumasının boz maddəsində rast gəlinirlər. Onlar daha böyük miqadarda orqanellərə və çox şaxələnmiş çıxıntılara malikdir. Radial qlial hüceyrələr mədəciklərin oxlarına perpendikulyar olan müstəvilərdə yerləşirlər. Onların çıxıntılarından biri nazik qişaya (pia mater) bitişik, digəri isə boz maddənin dərinliklərində yerləşir. Radial qliya hüceyrələri əsasən inkişaf zamanı mövcuddur və neyronların miqrasiyasında iştirak edirlər. Lakin torlu qişanın Müller hüceyrələri və beyincik qabığının (serebellar korteks) Berqman qlia hüceyrələri yetkinlik dövründə də mövcud olmaları ilə istisna təşkil edirlər. Astorsitlərin hər üç formasının çıxıntısı, nazik qişaya yaxın olduqda pia-qlial membranın formalaşmasında iştirak edir.
Astrositlər mərkəzi sinir sistemindəki makroqlial hüceyrələrdir . Astrositlər inkişaf edən sinir sistemi neyroepitelində olan progenitor hüceyrələrin heterogen populyasiyalarından yaranırlar. Neyronların alt tiplərini və makroqlial hüceyrə nəsillərinin əmələ gəlməsini müəyyən edən genetik mexanizmlər arasında diqqətəlayiq oxşarlıq vardır. Neyron ixtisaslaşmasında olduğu kimi, sonik kirpi (SHH), fibroblast böyümə faktoru (FGFs), WNTs və sümük morfogenetik zülalları (BMPs) kimi kanonik siqnal faktorları dorsal-ventral, anterior-posterior və medial-lateral oxlar boyunca morfogen qradientlər vasitəsilə inkişaf edən makroqlial hüceyrələrə mövqe məlumatı verir. Nevral ox boyunca neyroepitelin progenitor domenlərə (p0, p1, p2, p3 və pMN) seqmentasiyası, onurğa beynində fərqli neyronların yaranmasına səbəb olur. Bəzi tədqiqatlara əsaslanaraq, halhazırda inanılır ki, bu model makroqlial hüceyrələrin diferensiasiyasına da uyğun gəlir. Hochtism və əməkdaşları tərəfindən aparılan araşdırmalar müəyyən etmişdir ki, p1, p2 və p3 domenlərindən astrositlərin 3 fərqli populyasiyası ayrılır. Astrositlərin bu alt tipləri onların müxtəlif transkripsiya faktorlarının (PAX6, NKX6.1) və hüceyrə səthi markerlərinin (reelin və SLIT1) ifadəsi əsasında müəyyən edilə bilər. Müəyyən edilmiş astrosit alt tiplərinin üç populyasiyası: 1) dorsal olaraq yerləşən, p1 domenindən inkişaf edən VA1 astrositləri PAX6 (protein) və reelin (glikoprotein) ekspresiyya edirlər 2) Ventral olaraq yerləşən, p3 domenindən inkişaf edən VA3 astrositləri NKX6 (protein) ekspressiya edirlər 3) p2 domenindən inkişaf edən VA2 astrositləri isə PAX6, NKX6, reelin və SLIT ekspressiya edirlər. İnkişaf etməkdə olan MSS-də astrositlərin diferensasiyası baş verdikdən sonra, astrosit prekursorlarının terminal differensiasiya prosesi baş verməzdən əvvəl sinir sistemindəki son mövqelərinə köçdüyünə inanılır.
Astrositlər beynin fiziki strukturunu formalaşdırmağa kömək edir. Onların, neyrotransmitterlərin ifrazı və ya absorbsiyası, qan-beyin baryerinin formalaşması da daxil olmaqla bir sıra proseslərdə aktiv rol oynadıqları düşünülür.[1] Sinapslarda presinaptik hüceyrə, postsinaptik hüceyrə və qliya hüceyrəsi arasında meydana gələn sıx əlaqəyə istinad edərək üçtərəfli sinaps anlayışı təklif edilmişdir.
Sübut növü | Təsvir | İstinadlar |
---|---|---|
Kalsium sübutu | Kalsium dalğaları, yalnız neyrotransmitter miqdarının müəyyən bir konsentrasiya səviyyəsini aşdıqda görünür | |
Elektrofizioloji sübut | Qıcıqlanma səviyyəsi müəyyən bir qıcıq qapısı həddini keçdikdə mənfi dalğa görünür. Elektrofizioloji cavabın forması fərqlidir və xarakterik sinir cavabı ilə müqayisədə əks qütblüdür, bu da neyronlardan əlavə başqa hüceyrələrin də iştirak edə biləcəyini göstərir. | |
Psixofiziki sübut | Mənfi elektrofizioloji reaksiya "hamı və ya heç " qanununa tabe olan fəaliyyətlə müşayiət olunur. Orta dərəcədə mənfi elektrofizioloji cavab, qavrayış kimi şüurlu məntiqi qərarlarda ortaya çıxır. Epileptik tutmalarda və reflekslər zamanı intensiv kəskin mənfi dalğa görünür. | |
Radioaktivliyə əsaslanan glutamat qəbulu testləri | Qlutamat qəbulu testləri göstərir ki, astrositlər qlutamatı ilkin olaraq, qlutamat konsentrasiyası ilə mütənasib olan sürətlə emal edir. Bu, sızan kondensator modelini dəstəkləyir, burada "sızma" qlianın qlutamin sintetazı ilə qlutamatı işləməsidir. Bundan əlavə, testlər neyrotransmitter səviyyəsinin artması ilə mütanasib olaraq neyrotransmitter alınımının azalması, yəni doyma dərəcisini göstərir. Sonuncu , müəyyən bir həddin mövcudluğunu dəstəkləyir. Bu xüsusiyyətləri göstərən qrafiklər Michaelis-Menten qrafikləri adlanır |
Astrositlər elektrik impulsları ilə əlaqələnən neksuslar vasitəsilə bir-birinə bağlanaraq (funksional) sinsitium yaradırlar. Astrositlər qonşuları ilə ünsiyyət qurma qabiliyyətinə malik olduqlarına görə, bir astrositin fəaliyyətindəki dəyişikliklər həmin astrositdən kifayət qədər uzaqda olan digər astrositlərin fəaliyyətinə təsir göstərə bilər.
Astrositdə Ca2+ axını dalğalarını yaradan ən mühüm dəyişiklik, astrositlərə Ca2+ ionlarının daxil olmasıdır. Bu axın birbaşa beyinə qan axınının artması ilə əlaqəlidir. Buna görə də, kalsium dalğalarının bir növ hemodinamik cavab funksiyası rolunu oynadığı deyilir. Hüceyrədaxili konsentrasiyası artan kalsium funksional sinsitium vasitəsilə xaricə yayıla bilər. Kalsium dalğasının yayılması mexanizmlərinə, neksuslar boyunca kalsium ionlarının, IP3-ün (inozitol trifosfat) yayılması və hüceyrəxarici ATF siqnalı daxildir. Kalsium ion konsentrasiyasının artması astrositlərdə aktivləşmənin əsas məlum yoludur və astrositik qlutamatın bəzi növlərinin hüceyrədən xaric olunması üçün zəruridir. Astrositlərdə kalsium siqnalının əhəmiyyətini nəzərə alaraq, məkan-zaman olaraq kalsium siqnal yolunun inkişafı üçün sıx tənzimləyici mexanizmlər hazırlanmışdır. Riyazi analiz vasitəsilə göstərilmişdir ki, Ca 2+ ionlarının lokal olaraq daxil olması Ca 2+ ionlarının sitozolik konsentrasiyasının lokal yüksəlməsinə səbəb olur. Bundan əlavə, Ca 2+ -un sitoplazmada toplanması hər bir hüceyrədaxili kalsium axınından asılı olmayıb, membran vasitəsilə Ca 2+ mübadiləsindən, sitozolik kalsiumun diffuziyasından, hüceyrənin həndəsi quruluşundan, hüceyrədənkənar kalsium konsentrasiyasında olan dəyişikliklərdən və ilkin konsentrasiyalardan asılıdır.
Onurğa beyninin dorsal (arxa) buynuzunda aktivləşdirilmiş astrositlər demək olar ki, bütün neyrotransmitterlərə cavab vermək qabiliyyətinə malikdirlər. Aktivləşdikdən sonra qlutamat, ATP, azot oksidi (NO) və prostaqlandinlər (PG) kimi çoxlu sayda neyroaktiv molekulları xaric edirlər. Bu da öz növbəsində neyronların oyanıcılığına təsir göstərir. Astrositlər ilə presinaptik və postsinaptik membranlar arasında əlaqə, eləcə də onların sinaptik fəaliyyət ilə neyrotransmitterxaric etmək qabiliyyəti arasındakı sıx əlaqə üçlü sinaps adlanır. Astrositlər tərəfindən sinaptik modulyasiya bu üç hissəli birləşmə sayəsində baş verir.
Astrositomalar astrositlərdən inkişaf edən ilkin kəllədaxili şişlərdir . Qlial progenitor hüceyrələrin və ya sinir kök hüceyrələrinin də astrositomalara səbəb ola bilməsi mümkündür. Bu şişlər beynin və yaxud onurğa beyninin bir çox yerlərində yarana bilər. Astrositomalar iki kateqoriyaya bölünür: aşağı dərəcəli (I və II) və yüksək dərəcəli (III və IV) astrositomalar. Aşağı dərəcəliastrositomalara uşaqlarda, yüksək dərəcəli astrositomalara isə böyüklərdə daha çox rast gəlinir. Bədxassəli astrositomalar kişilər arasında daha çox yayılmışdır və həyat tərzinin pisləşməsinə səbəb olur.[2]
Pilositik astrositomalar I dərəcəli şişlərdir. Onlar xoşxassəli və yavaş böyüyən astrositomalar hesab olunur. Pilositik astrositomalarda tez-tez maye ilə dolu kistik hissələr və onun bərk hissəni təşkil edən düyün vardır. Onların əksəriyyəti beyincikdə yerləşir. Buna görə simptomların əksəriyyəti müvazinət və ya koordinasiyadakı çətinliklər ilə əlaqədardır. Bunlara uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinir.[2]
Fibrilyar astrositomalar II dərəcəli şişlərdir. Bunlar nisbətən yavaş böyüyürlər və buna görə də adətən xoşxassəli şişlər hesab olunurlar, lakin ətrafdakı sağlam toxumalara nüfuz edə və bədxassəli şişlərə çevrilə bilərlər. Fibrilyar astrositomalar adətən gənc insanlarda rast gəlinir, onlar da tez-tez qıcolmalara müşahidə olunur.[2]
Anaplastik astrositomalar III dərəcəli bədxassəli şişlərdir. Onlar aşağı dərəcəli şişlərdən daha sürətlə böyüyürlər. Anaplastik astrositomalar aşağı dərəcəli şişlərə nisbətən daha çox özünü təkrarlayır, çünki onların ətraf toxumalara yayılması, şişin cərrahi yolla tamamilə çıxarılmasını çətinləşdirir.
Qlioblastoma multiforme astrositlərdən və ya mövcud astrositomadan yarana bilən IV dərəcəli bədxassəli şişlərdir. Bütün beyin şişlərinin təxminən 50%-i qlioblastomalardır (gliobastoma multiforme). Qlioblastomaların daxilində astrositlər və oliqodendrositlər də daxil olmaqla bir çox qlial hüceyrə növləri ola bilər. Qlioblastomalar qlial şişlərin ən invaziv növü hesab olunur, çünki onlar sürətlə böyüyür və yaxınlıqdakı toxumalara yayılır. Müalicə mürəkkəb ola bilər, çünki bir şiş hüceyrələrinin bir növü müəyyən müalicəyə cavab olaraq ölə bilər, digər hüceyrə növləri isə çoxalmağa davam edə bilər.
Astrositlərin müxtəlif neyroinkişaf pozğunluqlarının mühüm iştirakçıları olduğu aşkar olunmuşdur. Bu fikir bildirir ki, astrosit disfunksiyası autizm spektri və şizofreniya kimi bəzi psixiatrik pozğunluqların əsasını təşkil edən doğru olmayan sinir dövrəsinin yaranmasına səbəb ola bilər.
Normal vəziyyətlərdə, ağrı hissiyatının ötürülməsi, zərərverici qıcıqların nosiseptiv (ağrını hiss edən) afferent neyronlarda fəaliyyət potensialını əmələ gətirməsi ilə başlayır. Bu neyronlarla daşınan impuls onurğa beyninin arxa buynuzlarında oyadıcı postsinaptik potensial (OPSP) yaradır. Bu mesaj daha sonra beyin qabığına ötürülür, burada biz həmin OPSP-ləri "ağrıya hissiyatına" tərcümə edirik. Astrosit-neyron əlaqəsinin kəşfindən bəri ağrının ötürülməsi ilə bağlı anlayışımız heyrətamiz şəkildə mürəkkəbləşdi. Ağrının işlənməsi artıq siqnalların bədəndən beyinə təkrarlayan estafetlər şəklində ötürülməsi kimi görünmür. Bu proses bir sıra müxtəlif faktorlar tərəfindən tənzim oluna bilər. Son tədqiqatlarda aparıcı mövqe tutan faktorlardan biri ağrı gücləndirici sinaps olub, onurğa beyninin arxa buynuzunda yerləşir və bu sinaps astrositlər tərəfindən əhatə olunur. Qarnizon və iş yoldaşları onurğa beyninin dorsal buynuzunda astrosit hipertrofiyası ilə periferik sinir zədələnməsindən sonra ağrıya qarşı həssaslıq arasında korrelyasiyanın olduğunu aşkar etdi. Bununla da zədənin mövcudluğu qlial aktivləşmənin göstəricisi hesab olunur. Astrositlər neyronların fəaliyyətininin müxtəlifliyini müəyyən edə bilir və kimyəvi transmitterləri xaric edə bilirlər, bu da öz növbəsində sinaptik fəaliyyətin tənzimlənməsini təmin edə bilər. Keçmişdə hiperaljeziyanın (anormal dərəcə də ağrıya artan həssaslıq) onurğa beyninin dorsal buynuzundakı presinaptik afferent sinir sonlarından P maddəsi və qlutamat kimi oyadıcı amin turşularının (OAT) sərbəst buraxılması ilə idarə olunduğu düşünülürdü. AMPA (α-amino-3-hidroksi-5-metil-4-izoksazol propion turşusu), NMDA (N-metil-D-aspartat) və ionotropik qlutamat reseptorlarının kain turşusu alt tiplərinin sonrakı aktivləşdirilməsi bu prosesi izləyir. Məhz bu reseptorların aktivləşməsi ağrı siqnalını onurğa beyninə qədər gücləndirir. Bu fikir doğru olsa da, ağrı siqanalının ötürülmə mexanizmini həddindən artıq sadələşdirir. Kalsitonin geni ilə əlaqəli peptid (CGRP), adenozin trifosfat (ATP), beyin neyrotrofik amili (BDNF), somatostatin, vazoaktiv bağırsaq peptidi (VIP) və vazopressin kimi bir sıra digər neyrotransmitter və neyromodulyatorlar zərərverici qıcıqlandırıcılara cavab olaraq sərbəst buraxılır. Bu tənzimləyici amillərin hər birinə əlavə olaraq, ağrı impulslarını ötürən neyronlar və onurğa beyninin dorsal buynuzundakı digər neyronlar arasında bir neçə digər qarşılıqlı əlaqə ağrı yollarına əlavə təsir göstərir.
Periferal toxumanın davamlı zədələnməsindən sonra zədələnmiş toxumadan və onurğa beyninin dorsal buynuzundan bir neçə faktorların sərbəst buraxılması baş verir. Bu faktorlar onurğa beyninin dorsal buynuzunda yerləşən, ağrı impulslarının proyeksiya olunduğu neyronların sonrakı impulslara qarşı həssaslığını artırır. Beləliklə, bu həssaşlaşma nəticəsində beyinə gedən ağrı impulslarının sayı artır. Qlutamat, P maddəsi və kalsitonin geni ilə əlaqəli peptidin (CGRP) sərbəst buraxılması NMDAR-ın (N-metil D-aspartat reseptoru) aktivləşməsinə vasitəçilik edir(Bu reseptor əvvəlcə Mg2+ ilə bağlandığı üçün səssizdir). Beləliklə, ağrı impulslarını ötürən postsinaptik neyronlar depolyarizasiya olunur. Əlavə olaraq, İP3 (inozitol trifosfat) yolunun və MAPKs-ın(mitogenlə aktivləşən protein kinaza), məsələn, ERK -ın (hüceyrəxarici siqnalla aktivləşən kinazalar), JNK-nın (C-Jun N-terminal kinazaları) aktivləşməsi, glutamat daşıyıcılarının funksiyasını dəyişən iltihab faktorlarının sintezini artırır. ERK həmçinin neyronlarda AMPARs və NMDARs-ı aktivləşdirir (hər ikisi də glutamat daşıyıcısıdır). Nosisepsiya, həmçinin ATF və P maddəsinin onların müvafiq reseptorları (P 2 X 3) və neyrokinin 1 reseptoru (NK1R) ilə əlaqəsi, metabotropik qlutamat reseptorlarının aktivləşdirilməsi və BDNF-nin (Beyin mənşəli neyrotrofik faktor) sərbəst buraxılması ilə daha da həssaslaşır. Sinapsda qlutamatın davamlı olaraq mövcud olması, qlutamatın astrositlərə mühüm daşıyıcıları olan GLT1 və GLAST -ın anormal tənzimlənməsi ilə nəticələnir. Davam edən oyanıcılıq, həmçinin ERK və JNK aktivləşməsinə səbəb ola bilər ki, bu da bir neçə iltihab faktorunun sərbəst buraxılması ilə nəticələnir.
Zərərverici ağrı davam etdikcə, onurğa beyni həssaslığı dorsal buynuzda yerləşən neyronlarda transkripsiya dəyişiklikləri yaradır. Bu isə həmin neyronlarda uzunmüddətli dəyişikliklərə səbəb olur. Daxili anbarlardan Ca 2+ -un xaric olması davamlı sinaptik fəaliyyət yaradır ki, bu da qlutamat, ATF, şiş nekrozu faktoru-α (TNF-α), interleykin 1β (IL-1β), IL-6, azot oksidi (NO)) və prostaglandin E2 (PGE2) ifrazına səbəb olur. Aktivləşdirilmiş astrositlər həmçinin pro-IL-1β parçalanmasına səbəb olan və astrositlərin aktivləşməsini təmin edən matriks metalloproteinaz 2-nin (MMP2) mənbəyidir. Sinir zədələnməsinə cavab olaraq, istilik şoku zülalları (HSP) sərbəst buraxılır və onlar müvafiq TLR -ə (Toll bənzəri reseptorlar) bağlana bilir ki, bu da sonrakı aktivləşdirməyə səbəb olur.
Astrositləri əhatə edən klinik əhəmiyyətli patologiyalara astroglioz və astrositopatiya daxildir. Bunlara misal olaraq, dağınıq skleroz, anti-AQP4+ neyromielit optikası, Rasmussen ensefaliti, Aleksandr xəstəliyi və amiotrofik lateral skleroz-u göstərmək olar. Tədqiqatlar göstərir ki, astrositlər Alzheimer xəstəliyi, Parkinson xəstəliyi, Huntington xəstəliyi, kəkələmə və amiotrofik lateral skleroz , xəstəlikləri kimi neyrodegenerativ xəstəliklər, kəskin beyin zədələnmələri olan beyindaxili qansızma və travmatik beyin zədəsi kimi vəziyyətlərdə də nəzərə alına bilər.