Avstraliya təsviri sənəti — Avstraliyada və ya Avstraliya haqqında avstraliyalılar tərəfindən bu günə qədər yaradılmış hər hansı bir təsviri sənət nümunəsi. Bunlara aborigen, müstəmləkə, peyzaj, atelye, XX əsrin əvvəllərində Avropa modernizmindən təsirlənmiş rəssamlar, qravüraçılar, fotoqraflar və heykəltəraşlar, müasir incəsənət daxildir. Avstraliyada vizual sənətin uzun tarixi var. Aborigen sənətinin ən azı 30 min il yaşı olduğuna dair dəlillər mövcuddur. Avstraliya həm Qərb, həm də yerli Avstraliya məktəblərindən bir çox tanınmış rəssamları, o cümlədən XIX əsrin axırlarında Heydelberq plenerlərini və antipodlarını, Mərkəzi Avstraliyanın Hermansburq Məktəbindən akvarel rəssamlarını, Qərb Səhra İncəsənət Hərəkatı, ali modernizm və postmodern sənət üzərində işləmiş tanınmış sənətkarları dünyaya gətirmişdir.
Avstraliya İttifaqının yerli əhalisi qədim dövrlərdən həkketmə, bədii oyma, naxışvurma ilə məşğul olmuşdur. XVIII əsrin sonundan etibarən Avropa müstəmləkəçiliyi ilə əlaqədar Avstraliya İttifaqı təsviri sənəti Avropa müstəmləkəçiliyi ilə əlaqədar ingilislərin təsiri ilə formalaşmışdır. XIX əsrin ortalarında xalq həyatını əks etdirən realist qrafika (S. T. Gill), XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində isə təsviri sənətin milli simasını təyin edən A.. L. Büvelotun Barbizon məktəbinə yaxın realist rəssamlar qrupu (T. Y. Roberts, A. Striton, F. MakKabbin və başqaları) yaranmışdır. 1930-cu illərin ortalarında kubizm (F. Fayzell), sürrealizm (C. Qlison) və abstraksionizmin təsiri genişləndi. U. Dobel, C. R. Draysdeyl, N. Kunihan və başqa rəssamların əsərlərində xalqa yaxınlıq və qabaqcıl meyllər aydın görünür. 1940-cı illərdə aborigenlərin milli şüurunun oyanmasını, Avstraliya təbiətinin gözəlliklərini əks etdirən yeni incəsənət yaranmışdır. Avstraliya İttifaqının əsas incəsənət mərkəzi Melburn və Sidneydir. Sidney rəssamları 1950-ci və 1960-cı illərin əvvəllərindəki mücərrəd ekspressionizmdən daha da uzaqlaşaraq,, abstrakt sənə sahəsində fəaliyyətlərini davam etdirirlər. Melburnda realist sənətə meyl qüvvətlidir.[1]