Avstraliya ədəbiyyatı

Patrik Uayt ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk avstraliyalı olmuşdur. O, 1973-cü ildə mükafatlandırılmışdır.

Avstraliya ədəbiyyatıAvstraliya İttifaqı və onun əvvəlki müstəmləkələrində və orada yaşayan insanlar tərəfindən yaradılmış yazılı və ya ədəbi əsərlər. Qərb tarixinin əvvəlində Avstraliya Britaniyaya bağlı müstəmləkələr toplusu idi. Beləliklə, Avstraliyanın ədəbi ənənəsi daha geniş ingilis ədəbiyyat ənənəsi ilə başlayır və onunla bağlıdır. 1788-ci ildən Avstraliya yazıçılarının povest sənəti ədəbiyyata yeni qitənin xarakterini daxil etmişdir. Burada aboriginallıq, yoldaşlıq, bərabərlik, demokratiya, milli kimlik, miqrasiya, Avstraliyanın özünəməxsus yeri və coğrafiyası, şəhər həyatının mürəkkəbliyi, Avstraliya təbiətindəki həyatın "gözəlliyi və dəhşəti" kimi mövzulara toxunulur.

Avstraliya İttifaqının ədəbiyyatı ingilis dilindədir. 1820-ci illərdə yaranmış ilk nümunələri ingilis ədəbiyyatının təsiri altında idi. Milli realist-demokratik ədəbiyyat 1890-cı illərdə inkişafa başlamışdır. Onun baniləri T. Kollinz, B. O'Daud, H. Louson və başqaları əsərlərində xalqın acınacaqlı həyatını, ictimai ədalətsizliyə qarşı etirazını əks etdirmişlər. Rusiyada Oktyabr inqilabı demokratik ədəbiyyatın inkişafına qüvvətli təsir göstərmişdir. Realist ictimai roman ədəbiyyatda əsas mövqe tutmağa başlamışdır. K. Priçard, E. V. Palmer, H. H. Riçardson, M. Franklin ictimai gerçəkliyi doğru əks etdirən, müstəmləkəçiliyi, irqi ayrı-seçkiliyi ifşa edən romanlar yazdılar. İkinci Dünya müharibəsindən sonra ictimai ziddiyyətlərin kəskinləşməsi və demokratik hərəkatın yüksəlişi ilə əlaqədar realist ədəbiyyat yeni inkişaf mərhələsinə daxil olmuşdur. K. Priçard, B. Adamson, F. Hardi, M. Gilmor, A. Marşall, E. D. Kyuzek, F. B. Bikers, M. Brend, C. Uoten və başqalarının əsərlərində ölkə cəmiyyətinin tənqidi, irqçilik əleyhinə mübarizə əsas yer tutur. 1970-ci illəin əvvəllərində R. Dobson, K. Kerbi, B. Brin, M. Kaltorp, U. Dik, N. Keyto və başqaları müharibə əleyhinə realist əsərlər yazmışdır. Azərbaycan dilində H. Lousonun "Avstraliya hekayələri" kitabı nəşr olunmuşdur.[1]

  1. Австралија Иттифагы. Әдәбијјат // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 55.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]