Avstriyalı Mariya (1505-1558)

Avstriyalı Mariya (alm. Maria von Ungarn‎) (15 sentyabr 1505[1] və ya 17 sentyabr 1505, Brüssel[d]18 oktyabr 1558[1][2][…]) — MacarıstanBohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi.

Avstriyalı Mariya
alm. Maria von Ungarn
ƏvvəlkiFoks-Kandallı Anna
SonrakıBohemiyalı Anna
ƏvvəlkiAvstriyalı Marqarita
SonrakıEmanuel Filibert
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1505(1505-09-15)[1] və ya 17 sentyabr 1505
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1558(1558-10-18)[1][2][…] (53 yaşında)
Dəfn yeri
Fəaliyyəti Regent
Atası I Filip (Kastiliya kralı)
Anası Kastiliyalı I Yuanna
Həyat yoldaşı
Ailəsi Habsburqlar sülaləsi
Dini xristianlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi.

1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları DoroteyaKristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı. Bu vəzifəsindən narazı idi və hətta bir neçə dəfə istehfa vermişdi. Buna baxmayaraq, bölgə onun idarəsi dövründə həm Fransadan, həm də Müqəddəs Roma imperiyasından muxtariyyət qazanmışdı. Sonuncu istehfasından sonra səhhəti pisləşən Mariya Kastilyaya geri döndü və burada vəfat etdi.

Mariya 15 sentyabr 1505-ci ildə Kastilyalı YuannaKastilyalı Filipin üçüncü qızı olaraq Brüsseldə dünyaya gəldi. Anası Yuanna katolik monarxlar - Araqonlu FerdinandKastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I MaksimilyanBurqonlu Mariyanın yeganə oğlu idi. Doğumundan 5 gün sonra vəftiz edildi və babası I Maksimilyan vəftiz atası oldu.

17 mart 1506-cı ildə I Maksimilyanla Macarıstan kralı II Vladislav arasında bağlanan sazişə əsasən, Mariya Macar kralının oğullarından biriylə, Mariyanın böyük qardaşı Ferdinand isə qızı Anna ilə evlənməli idi. Sazişin bağlanmasından 3 ay sonra Macar kralının oğlu dünyaya gəldi və Lüdovik adı verilən bu oğlan Mariya ilə nişanlı elan olundu.

Ancaq həmin ilin sentyabrında Mariyanın atası vəfat etdi və anasının əqli sağlamlığı pozulmağa başladı. Mariya qardaşı Karl, bacıları Eleonoraİzabella ilə birlikdə bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Qardaşı Ferdinand və kiçik bacısı Ketrin isə Kastilyada yaşamağa davam etdi.

Macarıstan kraliçası

[redaktə | mənbəni redaktə et]

Mariya 1514-cü ildə babası I Maksimilyanın sarayına dəvət edildi və ertəsi il - 22 iyul 1515-ci ildə Vyanadakı Müqəddəs Stefan kafedralında Macarıstan kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Eyni mərasimlə Lüdovikin bacısı Anna da Mariyanın qardaşı Ferdinandla nişanlandı. 1516-cı ildə Macarıstan kralı II Vladislav vəfat etdi və Lüdovik hələ 10 yaşında ikən MacarıstanBohemiya kralı, Mariya isə onun kraliçası elan olundu. Buna baxmayaraq Mariya 1521-ci ilədək babasının himayəsində yaşamağa davam etdi.

Macarlstan kraliçası Mariya, 1520

1521-ci ilin iyununda Mariya babasının vəfatından 2 il sonra Macarıstana yola düşdü. 11 dekabr 1521-ci ildə Sekeşfexervarda Macarıstan kraliçası, 1 iyun 1522-ci ildə isə Bohemiya kraliçası elan olundu. Cütlüyün rəsmi toy mərasimi isə 13 yanvar 1522-ci ildə Buda şəhərində baş tutdu.

Mariya və II Lüdovik bir-birini çox sevdi. Yaşının az olması səbəbilə ilk illərdə dövlət idarəsindən uzaq qalan Mariya ətrafına topladığı Habsburq tərəfdarı diplomatların da təhriki ilə 1524-cü ildən etibarən siyasi fəaliyyətə başladı. Üstəlik Macarıstan kraliçası olaraq ailəsinin etirazlarına baxmayaraq Martin Lüterin reformasiya hərəkatını da dəstəkləməyə başlamışdı. Digər tərəfdən artan Osmanlı təhlükəsi səbəbilə yerli əsilzadələri bir araya toplamağa çalışdı. Ancaq 1525-ci ilin ikinci yarısından etibarən Osmanlı sultanı Sultan Süleyman Qanuninin bölgəyə marağı artmağa başladı.

29 avqust 1526-cı ildə baş tutan Moxac döyüşündə 20 minlik Macarıstan ordusu 2 saat ərzində məhv edildi. II Lüdovik döyüş meydanından qaçarkən atından çaya düşüb boğuldu. Mariya ömrünün sonuna qədər onun yasını tutdu və bir daha evlənməyəcəyinə and içdi. Macarıstan krallığı isə 3 yerə bölündü: bir hissəsi Osmanlı imperiyası tərəfindən işğal edildi, bir hissəsi Osmanlı tabeliyində Con Zapolya idarəsinə verildi, bir hissəsi isə Mariyanın qardaşı Ferdinandın idarəsində qaldı. Qardaşı Ferdinand Bohemiya kralı elan olundu.

Macarıstan naibəliyi

[redaktə | mənbəni redaktə et]
Dul Macarıstan kraliçası Mariya, 1531

Ərinin ölümündən bir gün sonra Mariya qardaşı Ferdinanda vəziyyəti açıqlayan bir məktub yazdı və onu dərhal Macarıstana çağırdı. Ferdinand isə o əsnada kral seçildiyi Bohemiyada asayişi qorumaqla məşğul idi və bu səbəblə bacısını Macarıstan kralının naibəsi elan edərək krallığı ona əmanət etdi. Buna baxmayaraq Mariya bir il boyunca qardaşının Macarıstan kralı seçilməsi üçün fəaliyyət etməyə davam etdi. 14 fevral 1527-ci ildə naibəlik vəzifəsindən çəkilmək istəsə də, onun bu təklifi qəbul edilmədi. Ancaq qardaşı Ferdinandın həmin ilin yayında bölgəyə gəlməsiylə onun naibəliyi sonlandı.

Çox keçmədən Mariya maliyyə sıxıntıları və xəstəliklərlə mübarizə etməyə başladı. 1528-ci ildə bibisi Marqarita ona Şotlandiya kralı V Ceymslə evlənməyi təklif etsə də, Mariya bu təklifi qəbul etmədi. Həmin il qardaşı Ferdinand onu yenidən Macarıstan naibəsi təyin etmək istəsə də, Mariya bu təklifi qəbul etmədi. 1 dekabr 1530-cu ildə bibisi Marqarita vəfat etdi və Niderland taxtı boş qaldı.

Niderland hakimi

[redaktə | mənbəni redaktə et]

3 yanvar 1531-ci ildə Mariyanın böyük qardaşı Müqəddəs Roma imperatoru V Karl ona Niderland naibəliyini təklif etdi. Belə ki, V Karl nəhəng bir imperiyanı idarə edirdi və ucqar bölgələri özünə sadiq bildiyi ailə üzvlərinə etibar etmək istəyirdi. Bu səbəblə Mariya könülsüz olaraq bu təklifi qəbul etdi. Onun naibəlik illəri o qədər mükəmməl keçdi ki, V Karl onun naibəlik müddətini uzatdı və ona bibisindən daha çox səlahiyyət verdi. Buna baxmayaraq Mariya bu vəzifəni istəksiz yerinə yetiridi və qardaşı Ferdinanda yazdığı məktublarda bundan şikayətlənirdi.

Niderland naibliyini almaqla Mariya eyni zamanda 1526-cı ildə vəfat edən bacısı İzabellanın qızları - DoroteyaKristinanın baxımını da öz üzərinə almışdı. Çünki İzabellanın ölümüylə qızlar Niderland hakimi olan bibisi Marqaritanın himayəsinə verilmişdi. V Karl gələcəkdə Danimarka taxtına təyin etməyi planlaşdırdığı Doroteyanın evlilik planlamasını da bacısı Mariyaya həvalə etmişdi. Ancaq ilk evlilik təklifi Kristinaya gəldi. Belə ki, 1532-ci ildə Milan hersoqu II Françesko Sforza hələ 11 yaşında olan Kristina ilə evlənmək istədi. V Karl bu təklifi dərhal qəbul etdi və toy mərasiminə hazırlıq üçün bacısı Mariyaya təlimat yolladı. Mariya isə qızın hələ həddi-büluğa çatmadığını bəhanə edərək buna qarşı çıxdı. Ardından V Karl Milan hersoquna yazaraq qızın xəstə olduğunu bildirdi. Nəhayət cütlüyün nigahı 28 sentyabr 1532-ci ildə baç tutdu ancaq Mariya bacısı qızının Milana gedişini 1533-cü ilin mart ayına qədər gecikdirdi.

Kristinanın Milana getməsinin ardından Mariyanın səhhəti pisləşdi və vəzifədən çəkilmək istədiyini bildirdi. Ancaq qardaşı V Karl onun bu təklifini qəbul etmədi. Ertəsi il Doroteya da evləndi ancaq onun gedişindən bir neçə ay sonra dul qalan Kristina yenidən xalasının yanına qayıtdı. İngiltərə kralı VIII Henri Kristinanı özünün dördüncü xanımı olaraq almaq istədi və V Karl evliliyin müzakirə edilməsi üçün Mariyanı vəzifələndirdi. Ancaq Mariya İngiltərə kralının bütün Avropanı gəzən evlilik macəraları səbəbiylə bu evliliyə qarşı çıxdı. Çox keçmədən VIII Henri 1539-cu ildə Roma-katolik kilsəsi tərəfindən aforoz edildi və V Karl bu evlilik planını yarım qoymağa məcbur oldu.

Protestantlarla mübarizə

[redaktə | mənbəni redaktə et]

Qardaşı V Karl Avropada qatı katolik monarx olaraq protestanların ən güclü düşməni idi. Ancaq bacısının Martin Lüter heyranlığından xəbərdar idi və bu məsələdə həssas olan Niderland bölgəsində belə bir ehtimalı qəbul etmək istəmirdi. Bu səbəblə Mariyanın bölgəyə təyin olunmasından bir neçə ay sonra ona xəbərdarlıq göndərdi və bölgədə protestantlığın önünü almağa çağırdı. Mariya isə öz dini inancını bir yana qoyaraq protestantlara qarşı mübarizə apardı. Bütün bunlara baxmayaraq o, qardaşının sərt dini siyasətini yumşaltmağa çalışdı. Hətta bəzi hallarda protestantları qorumaqla günahlandırıldı.

Mariya 1534-cü ilin fevralında maliyyə problemləriylə üzləşdi və öz gücünü itirməyə başladı. Sülh dönəmində olmasına baxmyaraq bölgənin iqtisadi həyatı canlanmırdı. V Karl onun əlindən gələni etdiyini bildirərək bacısına maliyyə dəstəyi verməyə başladı. 1537-ci ilin oktyabrında Mariya şimali Fransaya səyahət etdi və bacısı Eleonoranın əri Fransa kralı I Fransisklə görüşdü. 23 oktyabrda tərəflər arasında sülh sazişi bağlandı və sazişə görə, Fransa kralı bölgədəki üsyançılara dəstək verməyəcəyinə söz verdi. Buna baxmayaraq Mariya və bacısı Eleonoranın yaxşılaşdırmağa çalışdığı Fransa münasibətləri daha da pisləşdi. Mariyanın qardaşına göndərdiyi məktublarda bu vəziyyət imperatora bildirilsə də, V Karl buna fikir vermədi. Nəticədə Mets şəhəri fransızlar tərəfindən işğal edildi. Mariya 1537-ci ildə Fransaya müharibə elan etməyə və 1538-1540 Gent üsyanıyla mübarizə aparmağa məcbur oldu. Buna baxmayaraq Gent üsyanının yatırılmasının ardından 14 oktyabr 1540-cı ildə Mariyanın naibəlik müddəti yenidən uzadıldı.

Mariya 1555-ci ildə qardaşları arasında da vasitəçi rolu oynadı. Belə ki, V Karl bütün taxt-tacını qardaşı Ferdinand və oğlu Filip arasında bölüşdürərək Kastiliyada kilsəyə çəkilməyə qərar vermiş, qardaşı Ferdinand isə buna etiraz etmişdi. Mariya da qardaşına taxtdan çəkilməsi halında özünün də naibəlikdən istehfa verəcəyini bildirdi. Ancaq Niderland taxtını pay alan qardaşı oğlu Filip bibisini naibəlikdə saxlamaq fikrində idi.

Nəhayət V Karl bacısının istehfa istəyini qəbul etdi. Mariya rəsmi olaraq 24 sentyabr 1555-ci ildə öz istehfasını elan etdi və Niderland taxtını şəxsi problemlər yaşadığı qardaşı oğlu Filipə buraxdı. İstehfa etdikdən sonra Mariya dul qalan bacısı Eleonora və qardaşı V Karlla birlikdə Kastiliyaya getmək istədi. Ancaq anasının Kastiliya kraliçası olmasına baxmayaraq Mariya heç vaxt Kastiliyada olmamışdı. Nəhayət, Mariya, EleonoraKarl 15 sentyabr 1556-cı ildə Gentdən yola düşdü.

Kastilyadakı son illəri

[redaktə | mənbəni redaktə et]
Avstriyalı Mariyanın məzarı (ortada)

Qardaşına siyasi həyatdan uzaq qalmaq istədiyini desə də, Mariya İspaniyadakı kral naibi olan qardaşı qızı Yuannaya siyasi müşavirlik təklif etdi. Ancaq siyasi gücünü bölmək istəməyən Yuanna bibisinin bu təklifini qəbul etmədi. Çox keçmədən 1558-ci ilin fevralında bacısı Eleonora qollarında vəfat etdi. Kastiliyada təkbaşına qalan Mariyaya qardaşı yenidən Niderlanda dönməyi təklif etsə də, bunu qəbul etmədi. Ancaq qardaşı Karl ölüm döşəyində ikən ona Niderlanda dönməyi söz verdi. Qardaşının ölümündən sonra 2 dəfə ard-arda infarkt keçirən Mariya yatağa düşdü. Vəziyyəti ağır olsa da, qardaşına verdiyi sözü yerinə yetirmək üçün can atırdı. Buna baxmayaraq 18 oktyabr 1558-ci ildə vəfat etdi.

Mariya hələ Niderlandda yaşadığı müddət ərzində yazdığı vəsiyyətnaməsində bütün mal-mülkünü qardaşı Karla buraxmışdı. Ancaq qardaşı vəfat etdiyi üçün mal-mülk onun oğlu Filipə qalmışdı. Mariyanın cənazəsi əvvəlcə Valyadoliddəki Müqəddəs Benedikt monastırına dəfn edildi. Ölümündən 15 il sonra isə II Filip cənazəsini El-Eskoriala daşıdı.

  • Brand, Hanno (2007). The dynamics of economic culture in the North Sea and Baltic Region: in the late Middle Ages and early modern period. Uitgeverij Verloren. ISBN 90-6550-882-1.
  • Goss, Glenda (1975). Benedictus Appenzeller: Maître de la Chappelle to Mary of Hungary and Chansonnier. University of North Carolina.
  • Goss, Glenda (1984). Mary of Hungary and Music Patronage (Sixteenth Century Journal). University of North Carolina.
  • Réthelyi, Orsolya (2005). Mary of Hungary: the queen and her court, 1521–1531. Budapest History Museum. ISBN 963-9340-50-2.
  • Sicking, Louis (2004). Neptune and the Netherlands: state, economy, and war at sea in the Renaissance. BRILL. ISBN 90-04-13850-1.
  • Woodfield, Ian (1988). The Early History of the Viol. Cambridge University Press. ISBN 0-521-35743-8.
  1. 1 2 3 4 Maria van Oostenrijk. 2009.
  2. 1 2 Maria von Ungarn und Böhmen // FemBio database (alm.).