Aybəniz Laçınlı (Vəliyeva Aybəniz Sabir qızı; 1963, Nağdalı, Laçın rayonu) — Azərbaycan aşığı.[1]
Aybəniz Laçınlı | |
---|---|
Vəliyeva Aybəniz Sabir qızı | |
Doğum tarixi | 1963 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Sabir Vəliyev |
Anası | Şərqiyyə Vəliyeva |
Fəaliyyəti | aşıq |
Üzvlüyü |
Aybəniz Vəliyeva[2] 1963-cü ildə Laçın rayonunun Şamkənd sovetliyinin Nağdalı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə şifahi xalq ədəbiyyatına və saza-sözə maraq göstərmişdir. Aybənizin saza-sözə olan marağı atası Sabir Vəliyevdən keçmişdir. Aybənizin anası Şərqiyyə xanım Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana, respublika səviyyəsində tanınmış bir qadındır. Dədə Şəmşirin lent yazılarından, radioda olan çıxışlarından bəhrələnən Aybəniz 1980-ci ildə Kəlbəcər rayonundan olan tanınmış ustad aşıq Qəmkeş Allahverdinin şagirdi olmuşdur. Aşıq Allahverdi aşıqlıq sənətinin bütün sirlərini Aybənizə öyrətmişdir.[3]
1984-cü ildə Azərbaycanda fəaliyyətə başlayan "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun Aybənizi bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və bir neçə tanınmış ustad aşıqlarla — Aşıq Əhməd Sadaxlı, Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Aydın Çobanoğlu və başqa aşıqlarla dəfələrlə görüşmüşdür.[3]
İlk dəfə Laçınlı təxəllüsü ilə çıxış edən şair Ağa Laçınlı ΙV Aşıqlar Qurultayında Aybənizlə görüşən vaxt Aybənizin ustadı Qəmkeş Allahverdi Ağa Laçınlıya müraciət edərək demişdir: "Ağa müəllim, ilk dəfə Laçınlı təxəllüsü ilə siz çıxış etmisiniz. Əgər izin versəniz, öz şəyirdim Aybənizə Laçınlı təxəllüsü verərdim". Bu təklifi Ağa müəllim məmnuniyyətlə qəbul etmiş və o gündən Aybənizin təxəllüsü Laçınlı olmuşdur.[3]
Aybəniz istər rayon səviyyəli, istərsə də respublika səviyyəli tədbirlərdə dəfələrlə fəxri fərman və diplomlara layiq görülmüşdür. Laçın rayonunun işğalından sonra Bərdə rayonunda məskunlaşan Aybəniz Laçınlı öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirir.[3]