Azərbaycanın iqlimi

Azərbaycan üçün Köppen-Geiger iqlim təsnifatı sxemi
Yardımlıda yaz
Qubada yay
Şəkidə payız
Şamaxıda qış

Azərbaycanın iqlimi ― Azərbaycanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Azərbaycan mülayimsubtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir.

İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir.

İqlim qurşağının ünsürlərini – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir.

Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.

Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dən aşağıdır.

Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +46 °C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) −32 °C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60 °C-dən çox olur. (Kəskin kontinental iqlim tipidir)

İqlim tipləri

[redaktə | mənbəni redaktə et]

Dünyada mövcud olan 7 iqlim qurşağından yalnız 2-si Azərbaycandadır:

1) Subtropik — ölkənin 65 %-ni əhatə edir. 2) Mülayim — ölkənin 35 %-ni əhatə edir.

Azərbaycan mövcud olan 2 iqlim qurşağının daxilində aşağıdakı iqlim tipləri mövcuddur:

  1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15–50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 42 °C-dən yuxarı olur. Yay mövsümünün ayrı-ayrı günlərində havanın temperaturu tez-tez 36-40º-yə çatır, bəzən isə daha yuxarı olub, isti-quru küləklərin yerli tipləri ilə ( ağ yel, qara yel) bağlı çox qızmar və quru hava hökm sürür.[1]
  2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200–500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400–1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50–100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir. Dənli bitkilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların və istirahət zonalarının yaradılması üçün əlverişlidir.[1]
  3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100–150%-ini və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. 10º-dən yuxarı temperatur cəmi 3000-4000º təşkil edir.[1] Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.
  4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000–2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400–2700 m) hissəsindədir. Mülayim və kifayət rütubətlənmə ilə səciyyələnir, illik yağıntı mümkün buxarlanmanın 75–100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir. 10º -dən yuxarı temperatur cəmi əsasən 400º ilə 3000º arasında dəyişir.[1]
  5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000–3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.
  6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600–1500 m) və şimal-şərq (200–500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75–100%-i, şimal-şərq yamacda 50–100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.
  7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500–2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150–200% çoxdur. Qışı soyuq, yayı sərindir.
  8. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100–200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır. Həmçinin Azərbaycanın iqlimi və iqlim tipləri haqqında oxuyun.

Sinoptik rayonlaşma

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ərazisi ölkə və onu əhatə edən regionlar üzərində baş verən atmosfer prosesləri, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətləri nəzərə alınaraq 10 sinoptik rayona bölünmüşdür:

  • Quba-Şamaxı rayonu
  • Abşeron-Qobustan rayonu
  • Ceyrançöl-Bozdağ rayonu
  • Mərkəzi-çöl rayonu
  • Lənkəran-Astara rayonu
  • Oğuz-İsmayıllı rayonu
  • Zaqatala-Şəki rayonu
  • Gəncə-Qazax rayonu – Buraya tropik havanın əraziyə daxil olması əsasən subtropik antisiklonla bağlıdır və bu, rayonda fyon hadisələrinin yaranmasına gətirib çıxarır. Gəncə-Qazax rayonu atmosfer proseslərinin təkrarlanması ehtimalına görə Zaqatala-Şəki rayonu ilə analoq təşkil etsə də, bu xüsusiyyətinə görə ondan fərqlənir. Bundan başqa rayon ərazisində cənub siklonlarının təsiri xeyli böyükdür.[1]
  • Yuxarı Qarabağ-Kəlbəcər-Laçın rayonu
  • Naxçıvan rayonu

İqlimin əsas ünsürləri

[redaktə | mənbəni redaktə et]

Havanın temperaturu

[redaktə | mənbəni redaktə et]
Azərbaycanda ortalama illik temperatur

Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır.

Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14–15 °C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4–5 °C, 3000 yüksəklikdə isə 1–2 °C-dir.

İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0 °C-dən aşağı düşmür. Abşeron yarımadasında

və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3–4 °C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə −5–6 °C (Naxçıvan MR-da −7 °C), 3000 m-də isə o təqribən −12–13 °C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26–27 °C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24 °C-dən aşağı düşmür.

Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14–16 °C, 3000 m-də 8–10 °C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46 °C) və minimum (-32 °C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir. Temperatur haqqında.


Atmosfer yağıntısı

[redaktə | mənbəni redaktə et]
Azərbaycanda ortalama illik yağış

Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150–200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür.

Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.

Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600–2800 m, Naxçıvan MR-da 2600–3000 m, Talışda 200–600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400–1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800–900 mm, Talış dağlarında isə 1700–1800 mm təşkil edir.

Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250–300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5–15%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanda maksimum yağıntı Lənkəran rayonunun Gəgəran kəndinə düşmüşdür.

Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60–70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1–2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür.

Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80–120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.

Azərbaycan dünyanın ən çox doluvurmaya məruz qalan ölkələrindəndir. Tədqiq olunan ərazidə dolu hadisələrinin öyrənilməsi ilə Ə.A. Mədətzadə [1973], F.A.Mütəllibov [1964], V.İ.Babayeva [1981] və s. tədqiqatçılar məşğul olmuşlar. Bütün təbii vilayətlərdə dolu hadisələri əsasən aprel-iyun (73–86%) aylarında qeyd edilir. Məsələn, Böyük Qafqaz təbii vilayətində cənub yamaclarda 74,6, Kiçik Qafqazın şimal hissəsində 78,2, cənub hissədə 86,3, Naxçıvan MR-da 76,5, Lənkəran vilayətində 73,2%-i aprel-iyun aylarında müşahidə edilir. İ1 ərzində dolunun təkrarlanmasında iki maksimum və bir minimum nəzərə çaprır. Bütün rayonlarda birinci maksimum əsasən mayda (33–42%), minimum isə iyul-avqust aylarında qeyd edilir. Hər yerdə yay minimumundan sonra dolulu günlərin sayı artaraq zəif ifadə olunmuş ikinci payız maksimumunu (sentyabr-oktyabr) əmələ gətirir. Ərazinin relyef xüsusiyyətlərindən, güclü konvektiv cərəyanların və dolu buludlarının yaranma ehtimalından asılı olaraq Böyük Qafqazın cənub yamacında şimal-şərq hissəyə, Kiçik Qafqazda isə cənub hissədə şimal-şərq hissəyə nisbətən dolu daha çox təkrarlanır. Relyefin müxtəlifliyi üzündən respublika ərazisində dolu qeyri-bərabər paylanmışdır. Ən az dolu Mərkəzi Aran rayonlarında qeyd olunur. Bu havanın quruluğu, konveksiyanı şərtləndirən sinoptik proseslərin az təkrarlanması, hava kütlələrinin termodinamik qalxmasını yaradan oroqrafiyanın olmaması və s. ilə izah edilir. Burada dolulu günlərin sayı 0,3–0,4 (Kürdəmir, İmişli, Beyləqan), ən çox isə 0,5 gün olur (Cəfərxan).

Böyük Qafqazda dolu
[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın cənub yamacı dolunun yaranmasına gətirib çıxaran güclü konvektiv hava axınları ilə seçilir. Burada dağətəyi zonada dolulu günlərin orta miqdarı 0,2–0,8 gün, alçaq dağlıq hissədə 2 günə qədərdir. 1000 m-dən yuxanda dolulu günlərin sayı artır və 1000–2200 m hündürlükdə 2–4,7 gün təşkil edir. Ən çox təkrarlanma (5 gün) 2300–2800 m hündürlükdə müşahidə edilir. Bu hündürlükdən sonra dolulu günlərin sayı azalır. Böyük Qafqazın şimal-şərq yamacında dağətəyində dolulu günlər 0,3, alçaq dağlıqda 1 gün, 1200–2200 m-də isə 3 gün təşkil edir və 2450–2700 m hündürlükdə maksimum kəmiyyətə çatır (4 gün).

Kiçik Qafqazda dolu
[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın şimal yamacında dağətəyi zonada dolulu günlərin sayı 0,6, alçaq dağlıqda 1,5, orta dağlıqda isə (1200–2200 m) 4 günə qədər artır. Maksimum təkrarlanma 2250–2550 m hündürlükdə müşahidə edilir. Cənub yamacda dağətəyində dolulu günlərin sayı 0,5–0,8, 500–1000 m-də 1,5, 2100–2500 m hündürlükdə isə 3,5 gün təşkil edir. Burada dolunun 70,2% 500–1500 m hündürlüklərdə müşahidə edilir.

Naxçıvan MR-da dolu
[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasında alçaq dağlıqda dolulu günlərin sayı 2 gün təşkil edir və 1000–2000 m-də 4,6 günə qədər artır. Ən böyük təkrarlanma (6 günə qədər) 2800–3100 m hündürlükdə olur. Dolunun 66,7%-i orta dağlıq zonada, 26,7%- i isə 500–1000 m arasında müşahidə edilir.

Lənkəran vilayətində dolu
[redaktə | mənbəni redaktə et]

Lənkəran vilayətində dolulu günlər az olur. Maksimum kəmiyyət 950–1050 m arasında müşahidə edilir (1,5 gün). Dolulu günlərin müxtəlif təminatları hesablanmış və bu məqsədlə iqlimşünaslıqda geniş tətbiq olunan A.N.Lebedev üsulundan istifadə edilmişdir.

Nisbətən yumşaq qışı və eyni zamanda səth quruluşunun müxtəlifliyi ilə seçilən Azərbaycan ərazisində qar örtüyünün paylanması müxtəlifdir. Düzən və dağətəyi rayonlarda davamlı qar örtüyü müşahidə edilmir. Ovalıq və xüsusən də dənizsahili ərazilərdə bu çox nadir hallarda baş verir. Burada bəzi illərdə qar örtüyü tamamilə müşahidə edilmir. Ayrı-ayrı qarlı qışların hesabına qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta illik kəmiyyəti 1–3 sm təşkil edir. Dağlara doğru yüksəklik artdıqca qar örtüyünün yaranması və onun qalınlığının artması ehtimalı artır. Dəniz səviyyəsindən 1200–1400m hündürlükdən başlayaraq qar örtüyünün qalınlığı kəskin artır. Lakin ayrı-ayrı dağ rayonlarında onun paylanması yerli xüsusiyyətlərdən asılı olaraq müxtəlıfdir. Belə ki, əgər onun hündürlüyü dəniz səviyyəsindən 3000 m-də Böyük Qafqazın cənub yamacında 160–170 sm-dirsə, Klçlk Qafgazın cənub və şərg yamaclarında o, 35–40 sm təşkıl edir. Qeyd etdiyimiz kimi, Kür-Araz ovalığında və Xəzərsahili düzənliklərdə qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti müvafiq olaraq 5 və 3sm təşkil edir. Ölkə ərazisində ən qarlı ərazi Böyük Qafqazın cənub yamacıdır. Qar örtüyünün hündürlüyü və qar örtüklü günlərin davamiyətinin paylanmasına görə buranı iki hissəyə bölmək olar: dayanıqsız və dayanıqlı qar örtüyü olan zonalar. Onların arasındakı sərhəd dəniz səviyyəsindən təqribən 1300m yüksəkdən keçir. Qar örtüyünün qalınlığının ən aşağı qiymətləri Qanıx-Əyriçay vadisində müşahidə edilir. Dağətəyi ərazilərdə onun qalınlığı adətən 10 sm-dən artıq olmur. Yüksəklik artdıqca qar örtüyünün qalınlığı da artır. Belə ki, əgər dəniz səviyyəsindən 1000 m yüksəklikdə qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti təqribən 25 sm-dirsə, 2000 və 3000 m yüksəkliklərdə o müvafiq olaraq 70–75 və 160–170 sm-dir. Yüksək dağlıq ərazilərdə güclü küləklərin əsməsi nəticəsində qar örtüyü qeyri bərabər paylanır. Burada bəzi çökək yerlərdə onun qalınlığı 2–3 sm-ə çatır. Böyük Qafqazın şimal-şərq yamacında qar örtüyünün hündürlüyü böyük deyil. Belə ki, dəniz səviyyəsindən 2000–2200 m hünddürlükdə qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti yerli şəraitdən asılı olaraq 30–50 sm arasında tərəddüd edir. 3000 m yüksəklikdə onun qalınlığı açıq sahələrdə 70–80 sm təşkil edir.[2]

Havanın rütubətliyi

[redaktə | mənbəni redaktə et]

Havanın mütləq rütubətinin orta illik kəmiyyətləri Kür-Araz ovalığında 11–12, Xəzər sahili zonada 14–15 mb təşkil edir. Dağlarda yüksəklik artdıqca onun kəmiyyətləri bir qayda olaraq azalır və 1000 m yüksəklikdə orta illik kəmiyyət təqribən 9 mb, 2000 m-də 6–7 mb təşkil edir. Naxçıvan MR-da mütləq rütubətliyin kəmiyyətləri xeyli aşağıdır və müvafiq yüksəkliklərdə Azərbaycanın digər ərazilərinə nisbətən 1–1,5 mb azdır.

Mütləq rütubətliyin ən yüksək kəmiyyətləri yay aylarına düşür (iyul-avqust) və dənizkənarı ərazilərdə və Qanıx-Əyriçay vadisində 20–24 mb, 3000 m-lik yüksəkliklərdə isə 8–10 mb təşkil edir. Yanvarda düzənlik ərazilərdə onun kəmiyyətləri 6 mb, 1500 m-lik yüksəkliklərdə isə təqribən 3 mb-dir. Bu zaman ən aşağı kəmiyyətlər Naxçıvan MR-da müşahidə edilir və düzənlik ərazilərdə 4 mb, dağlarda isə daha az təşkil edir.

Havanın orta illik nisbi rütubətliyinin ən yüksək kəmiyyətləri dənizsahili (75–80 %), ən aşağı kəmiyyətləri isə Naxçıvan MR-da və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (55–65 %) müşahidə edilir. Yayda ən aşağı nisbi rütubətlik Naxçıvan MR-da (35–50 %), Talışın yüksək dağlıq zirvələrində (50–55 %) və Kür-Araz ovalığında (50–60 %) qeydə alınır. Ən yüksək kəmiyyətlər dənizsahili və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində müşahidə edilir (60–85 %). Qış aylarında ən yüksək kəmiyyətlər dənizsahili, ən aşağı kəmiyyətlər isə yüksək dağlıq ərazilər üçün səciyyəvidir.


Mümkün buxarlanma

[redaktə | mənbəni redaktə et]

Mümkün buxarlanmanın ən böyük orta illik kəmiyyətləri Naxçıvan MR, Arazyanı düzənlikləri (1200–1400 mm və daha çox) və Kür-Araz ovalığı (1000–1200mm) üçün səciyyəvidir. Azərbaycanın digər ovalıq və düzənliklərində o, 800–1000 mm arasında dəyişir. Dağlıq ərazilərdə yüksəklik artdıqca bu göstərici azalır. Orta dağlıqda mümkün buxarlanmanın orta illik kəmiyyətləri 300–400 mm, yüksək dağlıqda isə 200 mm qədər azalır.


Buludluğun rejimi və paylanması hava dövranı prosesləri və ərazinin oroqrafiyası ilə əlaqədardır. Maksimal buludluq yüksək dağlarda (2000 m-dən yüksək) yazda və yayın əvvəlində, orta dağlıqda və qismən dağətəyi ərazilərdə (2000–500 m).


İlin soyuq dövründə dağlıq ərazilərdə fyon (quru isti küləklər), isti dövründə isə dağətəyi və düzənliklərdə ağ yellər müşahidə edilir.

Ölkə ərazisində küləklərin orta illik sürəti əsasən 5 m/s-dək təşkil edir. Lakin Abşeron yarımadasının dənizsahili ərazilərində o, 6–8 m/s arasında dəyişir. Burada küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100–145 gün təşkil edir. Güclü küləklərlə Gəncə-Qazax düzənliyi də seçilir (25–70 gün). Azərbaycanın digər ərazilərində güclü küləklər nisbətən az müşahidə edilir.

Azərbaycanda bu cür hadisələr çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaratmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmış, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir. Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayn yerlərdə 10–20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1–3 gün təşkil edir. Burada çox güclü çovğunlara da rast gəlinir. Alçaq dağlıq və qismən orta dağlıq zonada çovğun hadisələri o qədər də çox olmur və il ərzində 5gün, 1600–1700 m hündürlükdə isə 10–15 gün təşkil edir. Böyük Qafqazda çovğunlar digər dağlıq ərazilərə nisbətən daha çox təkrarlanır. 2000–2200 m hündürlükdən başlayaraq çovğunlu günlərin sayı artır və 3000 m hündürlükdə 60 günü ötüb keçir. Dağ zirvələrində, heç nə ilə qorunmayan dağ yamaclarında, aşırımlarda çovğunların yaranma ehtimalı çoxalır. Məsələn, Göy-göl (Şəmkir) meteoroloji məntəqəsində il ərzində orta hesabla 40 çovğunlu gün müşahidə edilir. Yaxşı qorunan sahələrdə, yəni qapalı dağ vadilərində, çökəkliklərdə çovğunun fəaliyyəti zəifləyir. Külək tutan yamaclarda çovğunlar külək tutmayan yamaclara nisbətən daha tez-tez təkrarlanır və intensiv olur. Çovğunlar adətən sentyabrdan aprelə qədər müşahidə olunur, lakin yanvar, fevral, dekabr ayları üçün daha səciyyəvidir (cədvəl 7.8). Yüksək dağlıq məntəqələrdə çovğun hadisələri hətta yayda da müşahidə edilir. Azərbaycanda çovğunlar zamanı külək adətən şimalqərb istiqamətli olur. Bəzi yerlərdə çovğun zamanı küləyin istiqaməti hakim küləyin istiqaməti ilə üst-üstə düşür. Çovğunlar zamanı küləyin sürəti 10–20 m/san, havanın temperaturu isə −0,1 ° −10° şaxta və daha aşağı olur.

Günəş radiasiyası

[redaktə | mənbəni redaktə et]

Günəşli saatların illik miqdarı 1800–2900 saat /il olub, buludsuzluqla əlaqədar Naxçıvanın Arazboyu düzənliklərində maksimuma 2900 saat/il, buludluluğun çox olması ilə əlaqədar olaraq isə Lənkəran ovalığı və Şollar düzündə minimuma 1800–2000 saat /ilə çatır.

Günəş radiasiyası 120–160 kkal/sm² arasında dəyişir. Buludluluğun çoxluğu ilə əlaqədar dağ ətəyi və alçaq dağlıqda minimuma (120–130 kkal/sm²), Naxçıvanın yüksək dağlığında isə buludsuzluqla əlaqədar maksimuma 160 kkal/sm²-a çatır. Buludluluqla əlaqədar Lənkəran ovalığı, Şollar düzü və orta daglıqda səpələnən radiasiya; buludsuzluqla əlaqədar olaraq isə Kür-Araz , Arazboyu və Şərur-Ordubadda düz radiasiya üstünlük təşkil edir.

Günəşli günlərin çox olduğu Naxçıvanın Arazboyu düzənliklərində, Abşeron-Qobustan və Kür-Araz ovalığında gələcəkdə Günəş enerjisindən istifadə etmək imkanları mövcuddur.

  • Mədətzadə Ə.A. Abşeronun hava növləri və iqlimi, B., 1960; Şərqi Qafqazın təbii-subtropik iqlim fəsilləri, B., 1973;
  • Klimat Azerbaydcana (pod. Red. A.A.Madatzade, G.M.Şixlinskoqo), B., 1968;
  • Azərbaycan Respublikasının istilik balansı atlası (Ə.M.Şixlinskinin redaktəsi ilə, azərbaycanca və rusca), M., 1978;
  • Əyyubov Ə.S., Hacıyev Q.Ə., Azərbaycan Respublikasının iqlim ehtiyatları, B., 1984.
  1. 1 2 3 4 5 Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, səh.174-175
  2. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, 528 səh.