Azərbaycanın tarixi ərazisi cənub-şərqi Qafqazda və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 280 min km² (dəqiq rəqəm bilinmir), əhalisinin sayı isə 50 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,3 mln nəfərdir (2012-ci il). 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötdü.Hazırda əhali 10.148.057 nəfərdir və dünya sıralamsında 87 cidir.(2023-cü il).
Azərbaycan coğrafiyası | |
---|---|
Qitə | Asiya / qismən Avropa |
Region | Qafqaz |
Koordinatlar | 40°30′ şm. e., 47°30′ ş. u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | təxminən 955 km |
Sərhədlər |
Ümumi 2649 km: |
Ən yüksək nöqtə | Bazardüzü (4466 m) |
Ən alçaq nöqtə | Xəzər dənizi (–28 m) |
Ən böyük çay | Kür (1515 km) |
Ən böyük göl | Mingəçevir su anbarı (604 km²) |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac −2901 m, Hinaldağ – 3367 m), Murovdağ (Gamışdağ – 3724 m), Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.
Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən ibarətdir. Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər, cənub yamacı isə 25 kilometr məsafədə 3000 metrdən 1000 metrə qədər enir. Onun şimal yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır. Kiəmki-Qaraca silsiləsi Qaradağın cənub, cənub-qərbinə yaxın olmaqla 110 kilometr məsafədə uzanır. Onun Kiəmki zirvəsi 3358 metrə, ən uca zirvəsi isə 3975 metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən şərqə doğru 130 kilometr uzanmaqla 4821 metrə qədər (Savalan dağı) ucalır. Cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından yaranmış Savalan silsiləsinin yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal enliyi isə 20 kilometrə çatır. Bozquş silsiləsi şimaldan Acıçay, Balıqçay, cənub-şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. Acıdərə çökəkliyindən cənub-qərbə vulkan mənşəli Səhənd (Haramdağ) dağının (3710 m) konusu ucalır. Ətrafdakı dağarası çökəklik və düzənliklərdən 2500 metrdən artıq ucalan Səhənd dağı və Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir. Mişudağ silsiləsi Urmiya gölünün şimal-şərq qurtaracağında yerləşməklə 60 kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir. Cənubi Azərbaycanın qərb qurtaracağında İranla Türkiyə sərhədi boyu 110 kilometr məsafədə uzanan Qotur silsiləsinin şərq yamacı Sarısu, Qızılçay, Ələnd, Qotur çayları ilə kəskin parçalanmışdır. Qotur silsiləsinin ən uca zirvələrindən Heravil (3676 m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və başqalarını misal çəkmək olar. Qotur silsiləsindən cənuba, Urmiya gölündən qərbə Moğancıq-Musalan silsiləsi ayrı-ayrı dağ tirələrindən ibarət olmaqla, onların mütləq yüksəkliyi 2000 metrlə 3000 metr arasında dəyişir. Silsilələrin ən uca zirvəsi 3601 metrdir. Mezozoyun çökmə süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir çox çay dərələri vasitəsilə parçalanmışdır. Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır. Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır.
Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır. Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasuçayın qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş düzənlikdən ibarətdir. Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir. Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25–30 kilometr məsafədə uzanır. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə doğru 200 metrə qədər yüksəlir. Cənubi Azərbaycan relyefində təbiətin yaratdığı əvəzsiz abidələrdən biri də vulkan mənşəli Savalan dağıdır.
Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. Azərbaycan ərazisi mezo-kaynozoyun çökmə, vulkanogen və intruziv süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub, tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal) büruzə verir. Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb. Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-xloridli-sulfatlı, hidrokarbonatlı-sulfatlı, xloridli, sulfatlı-xloridli və başqa kimyəvi tərkibli mineral bulaqlar daxildir.
Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 30–31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70–72 faizi ölkə hüdudlarından kənarda formalaşır.
Azərbaycanın yerüstü su ehtiyatlarının 19–20,6 kubkilometri transsərhəd çayların, 9,5–10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2–2,5 kubkilometr təşkil edir ki, bunun da 1–1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2–1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5–7,8 kubkilometr təşkil edir.
Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır.
Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür.
Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3–0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5–1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.
Su anbarları: Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq və il ərzində istifadə oluna biləcək etibarlı su mənbələrinə malik olmaq məqsədi ilə bir sıra çayların üzərində su anbarları yaradılıb. Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır.
Göllər: Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkilometr olan 450-yə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi su ehtiyatı 0,9 kubkilometrə, şirinsulu göllərin ehtiyatı isə 0,03–0,05 kubkilometrə yaxındır.
Buzlaqlar: Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan Silsilədə mütləq yüksəkliyi 3600–4000 metrdən artıq olan ərazilərdə formalaşıb. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb. Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkilometr, su ehtiyatı isə 0,08 kubkilometr təşkil edir. Buzlaqlar Bazardüzü zirvəsində 3,6 kvadratkilometr, Bazaryurdda 1 kvadratkilometr, Tufandağda 0,5 kvadratkilometr, Şahdağda isə 1,1 kvadratkilometr sahəni əhatə edir. Kiçik Qafqazda yalnız Qapıcıq dağında sahəsi 0,15 kvadratkilometr olan buzlaq mövcuddur. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır.
Yeraltı sular: Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Bu ehtiyatların 60 %-ə yaxını Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə-Qazax dağətəyi düzənliklərinin ərazisində yerləşir. Geoloji kəsilişdə yüksək sukeçiricilik xüsusiyyətlərinə malik çaqıl-çınqıl və qumlu süxurların üstünlük təşkil etməsi, çay şəbəkəsinin yaxşı inkişaf etməsi, yağıntıların çoxluğu bu ərazilərdə yeraltı suların qidalanması üçün əlverişli şərait yaradır. Dağətəyi bölgələr içərisində Ceyrançöl və Acınohur düzənlikləri yeraltı suların ehtiyatlarının çox məhdudluğu və nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnir. Şamaxı-Qobustan ərazisi bir qədər müsbət şəraitlə fərqlənir.
Böyük və Kiçik Qafqazın, Talışın dağlıq hissələrində yüksək keyfıyyətli yeraltı sular əsasən tektonik çatlarla əlaqəli olaraq bulaqlar şəklində təzahür edir. Yamacların ətəklərində, dərələrdə rast gəlinən bulaqların sərfı adətən 5–10 litr/saniyə arasında dəyişir. Dağ çaylarının yataqaltı süxurlarında gündəlik sərfi 40–60 min kubmetr olan yeraltı sular da geniş yayılmışdır.
Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb" ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.
Dağlıq landşaftları:
1. Yüksək dağlığın nival və qismən nival-buzlaq landşaftı. Əsasən Böyük Qafqazın (Baş Qafqaz silsiləsi, Yan silsilə), qismən Kiçik Qafqazın (Murovdağ, Zəngəzur silsilələri, Qarabağ vulkanik yaylası və s.) təqribən 3000 m-dən yüksəkdə yerləşən sahələrini əhatə edir. Dağlar struktur-denudasion, nival-buzlaq və erozion-buzlaq mənşəlidir. Yura və Təbaşirin terrigen, karbonatlı, vulkanogen, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Səthi çox yerdə çılpaq qayalıq və çınqıllıqdır. Relyefi intensiv parçalanmışdır. Qravitasiya-denudasiya prosesləri səciyyəvidir. Kar, təknəvan dərə (troq), moren buzlaq relyefi formaları yayılmısdır. Dağlıq tundra iqliminə malikdir. Orta temperatur yanvarda −15 °C-dən −8,5 °C-yə dək, iyulda 4–9 °C-dir, İllik yağıntı 800–1200 mm-dir. Böyük Qafqazda (Bazardüzü, Bazaryurd, Tufan və Şahdağ zirvələrində) 3800–3900 m-dən yüksəkdə ümumi sahəsi təqribən 6 km² olan buzlaqlar var. Torpaq örtüyü inkişaf etməmişdir. Çox seyrək qayalıq-çınqıllıq bitkilərinə, yüksək dağlıq dırnaqlılarına (qaya-keçisi, Azərbaycanda Dağıstan turu), bəzi quş və gəmirici növlərinə rast gəlinir. Böyük Qafqazın Qusar, Qudyal, Əyriçay və s. çayları buradan başlanır. Turizm və alpinizm məqsədilə istifadə edilir.
2. Yüksək dağlığın alp, subalp və çəmən-çöl landşaftı. Böyük Qafqazda (Baş Qafqaz silsiləsi, Yan silsilə) və Kiçik Qafqazda (Şahdağ, Murovdağ, Zangəzur və s. silsilələr, Qarabağ yaylası) 2000–2200 m-dən 3000 m-ədək hündürlükləri əhatə edir.
Yura və Təbaşirin, əsasən, karbonatlı-terrigen, vulkanogen, tufagen çöküntülərindən təşkil olunmuşdur. Şiddətli parçalanmış relyefə malikdir. Dağlar denudasion-struktur mənşəlidir. Burada vaxtaşırı güclü sellər yaranır. Sel ocaqları, əsasən, qayalıq və dağ çəmənlikləri sahəsində yerləşir. Çay dərələri, əsasən, bu landşaft sahəsində formalaşmağa başlayır. İqlimi soyuqdur. Orta temperatur yanvarda −120C-dən −70C-yədək, iyulda 8–17 °C-dir. İllik yağıntı Boyük Qafqazın cənub yamacında 1400–1600 mm, qalan sahələrdə 900 mm-ədəkdir. Əsasən, çimli dağ-çəmən torpaqları yayılmışdır. Dağıstan turu, qarapaca, bezoar keçisi, gəmiricilər (qarsiçanı, dağsiçanı), kor köstəbək, Qafqaz uları, Qafqaz tetrası, kərkəz, qaya kərtənkələsi və s. məskunlaşmşdır. Alp, subalp çəmənləri və çəmən-çöl yarımtiplərinə bölünür. Alp çəmənləri 2400–2500 m-dən yüksəkdə yerləşir. Bitkilərin boyu çox qısa, növləri azdır. Alp çəmənlərindən aşağıda, 2000–2200 m-dən 2400–2500 m-ədək hündürlükdə, subalp çəmənləri zolağı uzanır. Subalp çəmənləri növ etibarilə zəngin olan hündürboylu, əsasən, çox hissəsini yem otları təşkil edən çoxillik bitkilərdən ibarətdir. Kiçik Qafqazın subalp və alp çəmənləri Böyük Qafqazdakından bir qədər kserofitliyi ilə fərqlənir. Çəmən-çöl landşaft yarımtipi Zəngəzur silsiləsində və Qarabağ yaylasında inkişaf etmişdir. Alp çəmənlərindən yay otlağı, subalp çəmənlərindən isə həm yay otlağı, həm də biçənək kimi istifadə edilir. Arıçılığın inkişafı üçün əlverişli sahədir.
3. Orta dağlığın enliyarpaqlı meşə və meşədən şonrakı çəmən-kol landşaftı. Bu landşaft respublikanın dağlıq landşaft zonaları arasında daha geniş yer tutur. Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-in sahəsi istisna olmaqla) və Talış dağlarının yamaclannda təqribən 1200 m-dən 1800 m-ə, bəzi yerlərdə 2000–2200 m-ədək hündürlükləri əhatə edir. Yura və Təbaşirin əhəngdaşı, qumdaşı, gilli şistlərindən, Üçüncü Dövrün gillicələrindən, qumlarından, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Ərazi şiddətli parçalanmış relyefə malikdir. Dağlar, əsasən, denudasion-struktur mənşəlidir. Dağ uçqunları və sürusmələr geniş yayılmışdır. Sellər, əsasən tranzit xarakterlidir. Dik yamaclı dar və dərin dərələr səciyyəvidir. İqlimi soyuq və mülayim-istidir. Orta temperatur yanvarda −6 °C-dən −2 °C-yədək, iyulda 13–190C, illik yağıntı 600–1300 mm-dir. Qonur dağ-meşə, çöküntülü-karbonatlı dağ-meşə, tipik və yuyulmuş dağ-meşə torpaqları, Talış dağlarında podzollaşmış torpaqlar və dağ-sarı torpaqlar yayılmşdır. Meşələrin çox hissəsində, xüsusilə 1400–1600 m hündürlükdə şərq fıstığı, yuxarı hissələrdə isə Şərq palıdı, bəzi yerlərdə tozağacı və ağcaqayın ağacları üştünlük təskil edir. Daha yuxarılarda meşələr seyrələrək subalp çəmənləri landşaftına keçir. Meşə landşaftının yuxarı hissəsində rütubətsevən, aşağı hissəsində isə quraqlığadavamlı ağac növləri yayılmısdır. Atmosfer yağıntılarının mövsümlər üzrə bərabər paylanmaması orta dağlıqda meşələrin inkişafının və onların yayılma dərəcəsinin müxtəlifliyinə səbəb olmuşdur. Meşənin intensiv qırılması çəmən və əsasən, meşədən sonrakı kollarla qarışıq müxtəlif ot bitkiləri ilə əvəz olunmasına şərait yaratmışdır. Bu landşaft heyvanlarla, xüsusilə dırnaqlılar və quş növləri ilə zəngindir. Maral, cüyür, çöldonuzu, boz ayı, müxtəlif növ dələ və s. yayılmışdır. Bir çox ağac növləri meşə və ağac emalı sənayesi üçün xammaldır. Yabanı meyvə yığılır.
4. Orta dağlığın dağ-kserofit landşaftı. Naxçıvan MR-də (Zəngəzur və Dərələyəz silsilələrində), qismən Talış dağlarında (Talış və Peştəsər silsilələrinin qərb və cənub-qərb hissələrində) inkişaf etmişdir. Başlıca olaraq Paleogenin vulkanogen, vulkanogen-çökmə süxurları üzərində yaranmışdır. Naxçıvan MR-də təqribən 1100 m-dən 2000 m-ədək, Talış d-rında dağarası çökəkliklərdə 1300m-dən 1900 m-ədək hündürlükləri əhatə edir. Naxçıvan MR-də soyuq iqlim, Talış dağlarında yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda −5 °C-dən −4°Cyədək, iyulda 18 °C-dən 25 °C-yədəkdir, illik yağıntı Naxçıvan MR-də 400–500 mm, Talış dağlarında 300–400 mm-ədəkdir. Hər iki ərazidə yayın quraq keçməsi kserofit landşaftın əmələ gəlməsinə səbəb olmuşdur. Dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitkisi dağkserofit (friqanoid) tiplidir (gəvən, tıstıs və s.). Canavar, tülkü, dovşan, daşlıq dələsi, müxtəlif növ siçan, ular, boz kəklik və s. səciyyəvidir. Heyvandarlıq, əkinçilik, bağçılıq və arıçılıq inkişaf etmişdir.
5.Alçaq dağlığın çöl, qismən meşə-çöl landşaftı. Böyük Qafqazın cənub yamaclarında, Kiçik Qafqazın kənar hissələrində, Talışda Burovar silsiləsinin şimali-qərbində (əsasən, Cəlilabad rayonu ərazisində) 100–150 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Təbaşir (Kiçik Qafqaz) və Neogenin (Böyük Qafqaz) dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil olunmuşdur. Relyefi struktur-erozion və arid-denudasion-struktur mənşəlidir. Səthi güclü və orta dərəcədə parçalanmışdır. İqlimi mülayim-istidir. Orta temperatur yanvarda −3 °C-dən +2 °C-yədək, iyulda 19 °C-dən 24 °C-yədəkdir. İllik yağıntı 400–600 mm-dir. Dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bu landşaft üçün daşdayan, yovşan-daşdayan və yovşan daraqotu kimi çöl və yarımçöl bitkiləri səciyyəvidir. Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik və s. var. Qış otlağı kimi istifadə edilir.
6. Alçaq dağlığın yarımsəhra landşaftı. Qobustanda, Ceyrançöldə, Bozdağ (Gəncə Bozdağı) silsiləsində, Acınohur çölü və onun ətrafında, 50–100 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Neogenin dəniz və kontinental çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti, yanmsəhra və quru çöl iqliminə malikdir. Orta temperaturr yanvarda −3 °C-dən −1 °C-yədək, iyulda 19 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı 200–400 mm-dir. Qəhvəyi, açıq-qəhvəyi, boz-qonur torpaqlarda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Qış otlağıdır.
7. Dağ ətəklərinin enliyarpaqlı meşə landşaftı. Böyük Qafqazın cənub-şərq hissəsinin şimal yamacında və Talış dağlarının alçaq dağlıq hissələrində inkişaf etmişdir. 100–300 m-ədək hündürlükləri əhalə edir. Əsasən, Kaynozoyun əhəngdaşı, gil, qumlu-gilli çöküntülərindən, çaqıl daşlarından təşkil olunmuşdur. Relyefi Qusar maili düzənliyi hissəsində akkumulyativ-denudasion, Dəvəçi rayonu sahəsində struktur-erozion, Talış zonasında denudasion-struktur mənşəlidir. İqlimi mülayim-istidir. Orta temperatur yanvarda −3 °C-dən +2 °C-yədək, İyulda 18 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı Böyük Qafqaz hissəsində 600 mm-ə, Talış zonasında 1900 mm-ə qədərdir. Karbonatlı və tipik qəhvəyi dağ-meşə, Talış zonasında podzollaşmış dağ-sarı torpaqlar geniş yayılmışdır. Meşələrin növ tərkibi çox müxtəlifdir. Böyük Qafqaz hissəsində palıd və vələs, Talış zonasında Hirkan tipli relikt növlər — dəmirağac, şabalıdyarpaq palıd, azat və s. üstünlük təşkil edir. Cüyür, çöldonuzu, dələ, oxlu kirpi, süleysin, qırqovul, kəklik və s. var. Meşə olmayan sahələr heyvandarlıqda və bitkiçilikdə istifadə olunur.
8. Ön dağlığın kserofit və çöl landşaftı. Bu landşaft tipi Qusar maili düzənliyinin şərqində, Ceyrançöl və Acınohur ön dağlığının cənub kənarında və s. ərazilərdə inkişaf etmişdir. 100 m-dən 1100 m-ə qədər hünd.-ləri əhatə edir. Neogenin dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil olunmuşdur. Dağlar arid-denudasion struktur mənşəlidir. Bedlend, yarğanqobu şəbəkəsi, gil karstı inkişaf etmişdir, İqlimi mülayim-istidir. Hər iki sahəda yay quraq keçir. Orta temp-r yanvarda −2 °C-dən 0 °C-yədək, iyulda 19 °C-dən 23 °C-yədəkdir. İllik yağıntı 500–600 mm-dir. Dağ şabalıdı, dağ boz-qəhvəyi, boz-qonur və s. torpaqlar yayılmışdır. Bitkiləri yarımsəhra tiplidir (ardıc, saqqızağacı, qara-tikan kolları və s.). Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik, turac və s. var. Relyefi əlverişli olan sahələrdə bağçılıq inkişaf etmişdir.
Düzənlik landşaftları: 9. Ovalıq-düzənliklərin meşə-çəmən landşaftı. Qanıx-Əyriçay çökəkliyində, Lənkəran ovalığının cənub, Samur-Dəvəçi ovalığının şimali-qərb hissəsində (Şollar düzü), dəniz sahillərində −27 m-dən 200 m-ədək hündürlükləri əhatə edir. Antropogenin allüvial-prolüvial, dəniz-kənarı hissələrdə isə Holosenin dəniz çöküntülərindən təşkil olunmuşdur. İqlimi Şollar düzündə mülayimisti yarımsəhra və quru-çöl, qalan yerlərdə mülayim-istidir. Orta temperatur yanvarda −2 °C-dən +5 °C-yədək, iyulda 20 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı Şollar düzündə 300–400 mm, QanıxƏyriçay çökəkliyində 600–900 mm, Lənkəran ovalığının cənub-qərbində 1400 mm-ə qədərdir. Qrunt suları səthə yaxındır. Şollar düzündə allüvial çəmən-meşə, Qanıx-Əyriçay çökəkliyində allüvial çəmən və allüvial çəmən-meşə torpaqları, Lənkəran ovalığında isə podzollu və qleylipodzollu sarı torpaqlar yayılmışdır. Meşələrin növ tərkibi müxtəlifdir. Qanıx-Əyricay çökəkliyi və Samur-Dəvəçi ovalığı meşələrində palıd, vələs, qarağac, yalanqoz və s., Lənkəran ovalığında isə şabalıdyarpaq palıd, dəmirağac, azat və digər ağac növləri üstünlük təşkil edir. Çöldonuzu, canavar, oxlu kirpi, süleysin, qırqovul və s. var. Tütünçülük, meyvəçilik, tərəvəzçilik və s. inkişaf etmişdir. Lənkəran ovalığında subtropik bitkilər (çay, sitrus bitkiləri) becərilir.
10. Düzənliklərin quru-çöl landşaftı. Gəncə-Qazax düzənliyini, Şirvan düzünün şimal, Mil və Qarabağ düzlərinin alçaq dağlığa qovusduğu cənub hissələrini, gətirmə konuslarını, konuslararası çökəklikləri, terrasları və allüvial-prolüvial düzənlikləri əhatə edir. Mülayim-isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda −2 °C-dən −10C-yədək, iyulda 25 °C-dən 27 °C-yədəkdir. İllik yağıntı 400 mm-ə yaxındır. Çəmən-boz-qonur, şorlaşmış boz və açıq-şabalıdı torpaqlar yayılmışdır. Əsas bitki qrupları yovşan-daşdayan, yovşan-daraqotudan ibarətdir. Canavar, tülkü, müxtəlif qumsiçanı, qırqovul, kəklik, turac və s. var. Suvarma əkinçiliyi inkişaf etmişdir. Qıs otlağıdır.
11. Ovalıqların və dağarası düzən1iklərin yarımsəhra landşaftı. Azərbaycan Respublikasındakı bu landşaft zonası ən geniş sahəyə malikdir (ərazinin təqribən 25%-i). Kür-Araz ovalığının çox hissəsini, Naxçıvan MR-ın Arazboyu düzənliklərini, Abşeron yarimadasını və Samur-Dəvəçi ovalığının cənub-şərq, yarısını əhatə edir. Hündürlük −27 m-dən (Xəzər dənizi sahilində) 600–1000 m-ə (Naxçıvan MR-də) qədərdir. Antropogenin allüvial-prolüvial, Holosenin allüvial, prolüvial-delüvial çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti yarımsəhra və quru çöl iqliminə, Naxçıvan MR-ın Arazboyu düzənliklərində isə soyuq yarımsəhra və quru çöl iqliminə malikdir. Hər iki sahədə yay quraq keçir. Orta temperatur yanvarda 1–4 °C, Naxçıvan MR-in Arazboyu düzənliklərində −4 °C-dən 2 °C-yədək, iyulda, müvafiq olaraq, 21 °C-dən 27 °C və 23°Cdən 280C-yədəkdir. İllik yağıntı 130 mm-dm 300 mm-ə qədərdir. Boz-çəmən, boz, boz-qonur və s. torpaqlar yayılmışdır. Yovşanlı, kəngizli, yovşanlı-şoranotulu, gəvənli yarımsəhra bitkiləri üstündür. Bu landşaft tipi daxilində çəmən-bataqlıq (Kür çayı yatağı boyundakı çalalarda, qrunt sularının səthə çıxdığı yerlərdə, axmazlarda və s.), şorakət (okean səviyyəsindən alçaqda yerləşən sahələrdə) landşaft yarımtipləri də ayrılır. Ceyran, canavar, tülkü, boz dovşan, müxtəlif qumsiçanı,qırqovul, turac, kəklik və s. var. Ərazi Antropogen təsirlərə məruz qalmışdır, çox hissəsi şumlanmışdır. Pambıqçılıq, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdir.
Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və Kiçik Qafqazın landşaft struklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq Talışda landşaft inversiyası bas verir — alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir.
Azərbaycan dünyadakı 11 iqlim tipindən 9-u özündə cəmləyən və bu səbəbdən olduqca zəngin təbiətə malik olan ölkədir.Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığının Ağdaş-Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. Bu ərazidə iyulun orta aylıq temperaturu 27 °C-dən yüksək olduğundan pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın və eləcə də cənub-şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur. Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti iqlim vardır. Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti iqlim yaranmışdır. Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur −32 °C, illik mütləq maksimum temperatur isə +44 °C olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez-tez baş verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır. Azərbaycanın mütləq yüksəkliyi 2600–2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.
Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə orta axın zonasına (25–5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası çökəkliklərdə isə zəif axım (5–1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir. Atmosfer yağıntıları ərazi üzrə bərabər paylanmamışdır. Əgər Azərbaycan Respublikasının Astara rayonunda illik yağıntının miqdarı 1800 mm-dən artıqdırsa1, Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir. Mülayim iqlim qurşağın orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərində tipik səhra, 200–400 mm olan ərazilərində tipik yarımsəhra, 400–500 mm olan ərazilərində isə rütubətli dağ çölləri və alçaq dağlıq arid meşələri inkişaf etmişdir. İllik yağıntının 600–1400 mm-ə çatdığı ərazilərdə meşə örtüyü vardır. Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə qədərdir. Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin yaranmasına səbəb olur. Azərbaycan ərazisində ilin isti yarısında düşən dolu, əsən isti-quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur. Azərbaycan Respublikasının ən iri çayları Kür, Araz, Samur, Tərtər, Naxçıvançay və başqalarıdır. Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdərirud, Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır. Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır. Urmiya gölünün sahəsi 5900 kvadrat kilometr, onun sutoplayıcı hövzəsinin ümumi sahəsi isə 50 min kvadrat kilometrdir. Gölün səviyyəsi 125 m mütləq yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi şimal hissədə 6 m-ə, cənubda isə 15 m-ə çatır. Payız və yaz fəsillərində yağışların yağması ilə əlaqədar olaraq onun səviyyəsi qalxır, yayda isə əksinə, su səthindən intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. Hövzə yüksək minerallaşmaya (220 0/00) malikdir. Lakin göldə xərçəngəbənzər canlılar vardır.
Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (5000 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur. 1 1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı. Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını buna misal çəkmək olar. İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və yarımsəhra landşaftları inkişaf etmişdir.
Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb. Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b. vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac, kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır. Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan və başqa qoruqlar aiddir.
"Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) Məsul redaktor: Akademik İqrar Əliyev