Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir.
Azərbaycan Mətbuat Şurası | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 15 mart 2003 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Rəhbərlik | Rəşad Məcid |
presscouncil.az/az/ |
Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir.
Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə). Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Sədr müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik edirlər. Şuranın qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur.
MŞ İdarə Heyəti 2022-ci ilin sentyabr ayının 24-də keçirilən qurultayadək 23 əsas və 6 ehtiyat üzvdən ibarət idi. Əsas üzvlərdən 11-i jurnalistləri, 7-i ictimaiyyəti, 5-i internet resursları təmsil edir. 6 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdən, 2-i isə internet resurslardan idi. 24 sentyabr 2022-ci il tarixində keçirilən Azərbaycan jurnalistlərinin VIII qurultayında Azərbaycan Mətbuat Şurası Nizamnaməsinə edilən dəyişikliyə əsasən İdarə Heyətinin ehtiyat üzvü anlayışı artıq aradan qaldırılmışdır. Həmçinin İdarə Heyətinin tərkibinin əvvəlki qaydada 23 nəfərdən ibarət olması qərarlaşdırılsada, daxili bölgü qaydası ləğv olunmuş, 23 üzvdən 9-nun ictimaiyyət üzvləri, 14-nün isə jurnalistlərdən olması qərarlaşdırılmışdır.[1]
Komissiyalara rəhbərlik Şuranın İdarə Heyətinin üzvləri tərəfindən aparılır.
İdarə Heyətinin iclasları hər ay, Şikayətlər üzrə Komissiyanın iclaslar isə ayda 2 dəfə keçirilir. Digər komissiyalar vaxtaşırı olaraq toplanır.
Mətbuat Şurasının işlərinin icrası Katiblik tərəfindən həyata keçirilir. Katiblik Şuraya daxil olan şikayətlərin araşdırılması prosesində Nizamnamədən irəli gələn prosedur qaydaları həyata keçirir. Həmçinin MŞ-nin monitorinq qrupunun fəaliyyətinə nəzarət edir.
Monitorinq qrupu ayda bir dəfə KİV-lərdə apardığı araşdırmalara əsasən nəzərə çarpan tendensiyaları, peşə prinsiplərinin pozulmasındakı bariz təzahür formalarını müəyyənləşdirir, bununla bağlı yekun hesabat hazırlayaraq icraçı katibə təqdim edir.
Mövcud idarə heyəti 24 sentyabr 2022-ci ildə keçirilmiş qurultayda seçilmişdir.[1]
25 sentyabr 2022-ci il tarixində İdarə Heyətində jurnalistləri təmsil edən Binəqədi bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyev işlərinin çoxluğundan İdarə Heyəti üzvlüyündən istefa vermiş, İdarə Heyəti bu istefanı qəbul etmişdir. İdarə Heyətinin 25 sentyabr 2022-ci il tarixli iclasında ictimaiyyət nümayəndələri adından İdarə Heyətinə üzv seçilmiş Azərbaycan Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşovun artıq "Xalq qəzeti"nin baş redaktoru təyin olunmuş olması və 19 il Mətbuat Şurasına rəhbərlik etməsi səbəbindən onun ictimaiyyət nümayəndələri adından yox, jurnalistlər adından İdarə Heyətində təmsil olunması qərara alınmışdır. Boş qalan yerə isə ictimaiyyət nümayəndələrinin siyahısı üzrə ən çox səs toplamış namizəd Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva seçilmişdir.[2]
Mətbuat Şurasının tərkibində daha yeddi komissiya fəaliyyət göstərir. Bu komissiyalar aşağıdakılardır:
Qurum jurnalistlərin peşə vəzifəsini yerinə yetirərkən rastlaşdıqları çətinliklərin operativ surətdə aradan qaldırılması istiqamətində müzakirələr aparır. Həmçinin konkret məsələlərlə bağlı müvafiq dövlət qurumlarının təmsilçiləri ilə zəruri məsləhətləşmələr, kütləvi aksiyalar zamanı jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələrinin monitorinqini keçirir. İdarə Heyəti qarşısında hesabat xarakterli məlumatla çıxış edir.
Beynəlxalq əlaqələr komissiyası: qurum MŞ sədrinin və İdarə Heyəti üzvlərinin mühüm beynəoxalq konfrans və seminarlarda iştirakının təşkilati tərəflərini həll edir. Həmin tədbirlərin gündəliklərində duran məsələləri araşdırır. Həmçinin Şuranın beynəlxalq əməkdaşlıq baxımından prioritet sayılan istiqamətlərinə dair vaxtaşırı təqdimatlar hazırlayır.
Qeyd: komissiyalara rəhbərlik MŞ-nin İdarə Heyətinin üzvləri tərəfindən aparılır. Onların müəyyənləşdirilməsi İdarə Heyətinin iclaslarında açıq səsvermə yolu ilə həyata keçirilir. Şikayətlər üzrə Komissiya istisna olmaqla digər komissiyaların işində İdarə Heyətinin üzvləri olmayan şəxslərin iştirakına məhdudiyyət yoxdur.Beynəlxalq əlaqələr
Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümümdunya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Şura sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətində təmsil olunur. MŞ üzvləri bu qurumların hər il dünyanın müxtəli bölgələrində baş tutan illik toplantılarına qatılır, məruzə ilə çıxış edirlər.
Mətbuat Şurası possovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. Şura ilə Türkiyə Qəzetəcilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur.
Bu barədə Şuranın Nizamnaməsinin müvafiq bəndində geniş söhbət açılır. Qurumun başlıca maliyyə mənbəyi MŞ-yə üzv təşkilatların ödədikləri illik üzvlük haqlarıdır. Bu məbləğ gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər və jurnallar üçün 99 manat məbləğindədir.
Bununla yanaşı MŞ müxtəlif xarici fondların, səfirliklərin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, həmçinin Medianın İnkişafı Agentliyinib maliyyə yardımı ilə layihələr həyata keçirir.