Azərbaycanda müsəlman milli komitələri

Müsəlman Milli Komitələri və ya Müsəlman Milli ŞuralarıFevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar.

Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali QafqazDağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı.

Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.[1]

Komitələr və ya Şuralar

[redaktə | mənbəni redaktə et]

1918 Noyabrın 30-da keçirilən II Qars Konqresinə qədər bölgələrin nüfuzlu şəxslərinin təmsilçilikləri ilə yerli milli şuralar təşkil edilir. O cümlədən, Ağbaba və Şörəyel Milli Şuraları təşkil edilir. Ağbabanın Köhnə İbiş kəndindən olan Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağa Ağbaba Milli Şurasının sədri və Konqresə nümayəndə seçilir. Şuranın tərkibi 7 nəfərdən — Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağa, qardaşları Mahmud və Əsəd ağalar, Babaş ağa Bayramoğlu, Haşım Ağbaba, Xəlil Vəli oğlu Budaq və Hamza ağadan ibarət idilər.[2]

Tərkibinə milli burjuaziya və ziyalı nümayəndələrinin də daxil olduğu ən güclü təşkilat aparıcı rol oynayan Bakı Müsəlman Milli Komitəsi idi. 1917-ci il martın 29-da Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski onun sədri, Məhəmməd Əmin Rəsulzadə isə sədr müavini seçildilər.

Fevral inqilabından sonra Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı, Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı. Gəncədə də azərbaycanlıların vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu komitə tərəfindən həll edilirdi.

Silaha olan ehtiyacı ödəmək üçün Gəncə Milli Komitəsi dekabrın 17-də şəhərdəki keçmiş çar ordusunun 219-cu alayını, həmçinin Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərk-silah etməyə məcbur oldu. Bu əməliyyat Zaqafqaziya Komissarlığının sədri Noy Jordaniyanın sərəncamı ilə həyata keçirildi. 1918-ci il yanvarın 7-də Adil xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və başqalarının başçılıq etdiyi Gəncə Müsəlman Milli Komitəsi Şəmkir və Dəllər stansiyası yaxınlığında gürcülərin göndərdiyi zirehli qatarın köməyi ilə tərk-silah əməliyyatı keçirərək, 15 min tüfəng, 70-ə yaxın pulemyot və 20 top əldə etdi.

Gəncə Müsəlman Milli Komitəsinin açıq məsələlərinə Ələkbər bəy Rəfibəyli, gizli məsələlərinə isə Nəsib bəy Yusifbəyli başçılıq edirdi. Təqaüdçü Ələkbər bəy Rəfibəyli, Gəncə Şəhər Bələdiyyəsinin rəisi, hüquqşünas Xəlil bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, vəkil Aslan bəy Səfikürdski, Gəncə Bələdiyyəsinin üzvü Məmmədbağır Şeyxzamanlı, vəkil Əliş bəy Xasməmmədli, Gəncə Bələdiyyə rəisinin müavini, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin lideri Nəsib bəy Yusifbəyli, müəllimlət Böyük Mirzə Məhəmməd, Kiçik Mirzə Məhəmməd, bank mühasibi Həsən Fəttah bəy, tacirlər Komitəçi Hacı Əli, Sarı Ələkbər, Gəncə Gənclik Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlı Milli Komitənin üzvləri idilər.[3] Komitənin İcra Heyəti isə 5 nəfərdən ibarət idi. Sədri Nəsib bəy Yusifbəyli olan bu heyətin digər üzvləri zabitlərin təmsilşisi polkovnik H.F., sosialistlərin təmsilçisi Aslan bəy Səfikürdski, dindarların təmsilçisi Molla Məhəmməf Pişnamazzadə və gənclərin təmsilçisi Əhməd Cavad daxil idi.[4] Əhməd Cavad komitənin baş katibi idi.[5] Komitənin silahlı mühafizə dəstələri yaradılmışdı. Qaçaq Qəmbər, Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar Komitəni müdafiə edirdilər. Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı. Onlar hətta şamaxılıların da köməyinə getmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra, iyunun 27-də Gəncə Milli Komitəsinin sərəncamındakı bütün ərzaq ehtiyatının ərzaq nazirliyinə təhvil verilməsi barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il 7 iyul tarixli digər qərarı ilə daxili işlər, maliyyə və ərzaq nazirliklərinə Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək, onun əmlakını aşkarlamaq və qəbul etmək üçün xüsusi ləğvetmə komissiyası yaratmaq. Hökumətin həmin gün qəbul etdiyi digər qərarında isə daxili işlər nazirliyinə tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət hakimiyyət orqanları yaradıldıqca, həmin ərazilərdəki milli komitələri ləğv etsin.

İrəvan Milli Komitəsinin üzvləri Mir Hidayət bəy Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov və başqaları idi.

15 mart 1918-ci ildə Naxçıvanda Müsəlman Milli Komitəsinə seçkilər keçirildi, sədrliyə Mehdiqulu xan Diyarbəkirinin[6] yerinə Mirzə Nəsrulla Əmirov və müavin Cabbar Kələntərov və yeni üzvlər seçildilər[7]

1917-ci ildə yaradılmışdır. Ordubad Milli Komitəsinin sədri Mir Hidayət bəy Seyidov olmuşdur[8]

Salyan Milli Komitəsinin üzvləri Mir Əşrəf ağa, Mir Bağır ağa, Mir Məhəmməd Əli Fəttah olmuşdur. 30 noyabr 1918-ci ildə Salyan Milli Komitəsinin iclasında alınan qərarda Komitə tərəfindən Baxış bəy Rüstəmbəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlüyünə namizəd göstərilmişdir.

1918 Noyabrın 30-da keçirilən II Qars Konqresinə qədər bölgələrin nüfuzlu şəxslərinin təmsilçilikləri ilə yerli milli şuralar təşkil edilir. O cümlədən, Ağbaba və Şörəyel milli şuraları təşkil edilir.[9] Şörəyel Milli Şurasının sədri Əsədulla İskəndərbəyov (Ağüzüm) olmuşdur.

Zaqatala dairəsi

[redaktə | mənbəni redaktə et]

Zaqatala imamı Nurulla Qazıyevin sədrlik etdiyi Zaqatala dairəsinin Müsəlman Milli Şurasının 1918-ci ilin iyunun 26-da baş tutmuş iclası tarixə olduqca əlamətdar hadisə kimi düşdü: bölgə əhalisinin etnosiyasi identikliyi haqqında məsələ öz həllini məhz həmin iclasda tapdı – mahalın siyasi, sosial və intellektual fəallarının mövqeyini ifadə edən şura Azərbaycana birləşmək haqqında qərar qəbul etdi. Bu qərar fevral inqilabından sonra dairədə cərəyan edən sosial-siyasi proseslərin məntiqi yekunu idi, beləki inqilabın artıq ilk günlərindən bölgə ictimaiyyəti Azərbaycan milli hərəkatı ilə münasibətlər quraraq, öz fəaliyyətini bir qayda olaraq bu hərəkatla uzlaşdırırdı.[10]

  • Nağı bəy Şeyxzamanlı. Nağı Bəy Şeyxzamanlı – “Xatirələr”. Bakı: Xan nəşriyyatı. 2016.
  • Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998;
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 231. ISBN 9952-417-44-4.
  2. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  3. Şeyxzamanlı, 2016. səh. 48
  4. Şeyxzamanlı, 2016. səh. 49
  5. Şeyxzamanlı, 2016. səh. 90
  6. "Arxivlənmiş surət" (PDF). 2021-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-22.
  7. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  8. "Arxivlənmiş surət". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  9. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
  10. "Arxivlənmiş surət" (PDF). 2016-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-22.