Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı və ya Nağı (Naki) Keykurun (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi.[1]
Nağı bəy Şeyxzamanlı | |
---|---|
avqust 1919 – 6 mart 1920 | |
Əvvəlki | Məmmədbağır Şeyxzamanlı |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 1967 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, yazıçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Difai Partiyası, Türk Ədəmi-Mərkəziyyət Firqəsi və ardınca Müsavat Partiyası üzvü olmuşdur. Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əks-inqilabla Mübarizə Təşkilatı rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb.
Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində doğulmuşdur. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almışdır.
Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmiş və Feriköy qəbiristanlığında dəfn olunmuşdur. Nağı Şeyxzamanlının evi hazırda Gəncə şəhərində qalır və qorunur.[2]
Həyat yoldaşı Səlimə xanımla olan evliliklərindən Adilə, Yavuz və Saleh adlı üç övladı dünyaya gəlmişdir. Yoldaşının vəfatından sonra ikinci dəfə Həmidə Şeyxzamanlı ilə nikah kəstirmişdir.
Nağı bəy Şeyxzamanlı Gəncə Gənclik Təşkilatının sədri olmuş və Gəncə Müsəlman Milli Komitəsinin üzvü seçilmişdir.[3] O, bu vəzifədə ikən Sarıqamış döyüşündə məğlub olub əsir düşən türk əsgərlərinin yol boyunca öldükləri zaman vaqonlardan atılmasından təsirlənərək Gəncə Şəhər Bələdiyyəsinin sədri Xəlil bəy Xasməmmədov ilə görüşmüş və ondan əsirlərin müalicəsi üçün yer ayırmasını xahiş etmişdir. Xəlil bəy qubernatora bu xahişi çatdırmış və bir bina ayrılmasını təmin etmişdir. Həmçinin Nağı bəy öz istəyi ilə pulsuz şəkildə xəstələrə qulluq üçün ayrılmış 3 həkimdən ibarət heyətə tərcüməçi olaraq təyin olunmuşdur.[4]
Birinci Dünya müharibəsi illərində Nağı bəy Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş Qardaş Köməyi Təşkilatının yaradıcılarından biri olmuşdur. Bu təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş Türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi.
Qafqaz İslam Ordusunun yaradılması və Osmanlının hərbi yardımını təmin etmək üçün 1918-ci ilin yanvarında xüsusi göstərişlə Nağı bəy Türkiyəyə göndərilmişdir. Ona bu səyahətdə əsirlikdə olan Hüsaməddin Tuğac yoldaşlıq etmişdir. Onunla bərabər Ömər Faiq Nemanzadə də heyətdə olmuşdur. O və Nağı bəy gələcəkdə Qafqaz cəbhəsinin komandanı olacaq Vahab Paşa, Ənvər Paşa,Tələt Paşa və məclis sədri Hacı Adil Arda ilə danışıqlar aparmışdırlar. Onlar həmçinin, V Mehmed ilə də görüşmüşdürlər. Nağı bəy sultandan Azərbaycan istiqlaliyyətinin təmini üçün hərbi yardım istəmiş, lakin ilhaqa qarşı olduğunu bildirmişdir. Görüşdən məmnun qalan V Mehmed bu yardımı təmin etmişdir.[5] Əvvəlcə, başqa bir paşanın oğlu orduya başçılıq üçün göndəriləcəkdi, lakin onun içki düşkünlüyü və şəxsi keyfiyyətləri səbəbi ilə Nağı bəy buna etiraz edərək Ənvər Paşadan onun qardaşı Nuru Paşanın bu orduya rəhbərlik etməsini istəmişdir. Ənvər Paşa təklifi qəbul etmişdir.[5]
Türkiyədən Bakıya qayıdan Nağı bəy Şamxor hadisəsi zamanı rus əsgərlərinin tərksilah olunmasında yaxından iştirak etmişdir.
1919-cu il avqustun 20-də böyük qardaşı Məmmədbağır Şeyxzamanlının yerinə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində Əks-İnqilabla Mübarizə Təşkilatının rəisi təyin olunmuş, 1920 il martın 6-na qədər bu quruma rəhbərlik etmişdir.
XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, Əks-inqilabla Mübarizə Təşkilatınının ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı bolşeviklər tərəfindən güllələnmiş, Nağı bəy isə vətən xaini elan edilmiş və həbs olunması haqda qərar çıxarılmışdır. Böyük qardaşı İsrafil bəy Şeyxzamanlı həbs edilib, işgəncələrə məruz qalmışdı. Sonunda bu ailənin bütün mülkləri müsadirə olunub, var-dövlətləri talan edilmişdi.[6]
Axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə, Gəncədən Tiflisə, Tiflisdən isə Türkiyəyə getmişdir. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşamışdır. Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olmuş və onların yaratdığı "Azərbaycan" kültür dərgisinin işində fəal iştirak etmişdir.
Nağı bəy uzun müddət Müsavat Partiyasının sıralarında qalaraq, Rəsulzadənin rəhbərliyi altında çalışıb. Almaniyada və ABŞ-də olduğu müddətdə də milli çalışmalar və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanıb. Cəlal Qasımov yazır ki, mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olub və onların yaratdığı "Azərbaycan" kültür dərgisinin işində fəal iştirak edib. N. Şeyxzamanlı "Azərbaycan" jurnalının daimi müəlliflərindən idi.
Nağı bəy, Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan Difai Partiyası, 1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət Firqəsinə üzvü olmuşdur.[7] 1917-ci il iyunun 17-də Müsəlman Demokratik Partiyası — Müsavat və Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat adını almışdır.[8]
2018-ci ildə İstanbulun Feriköy qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb.[9] Nağı bəy Şeyxzamanlının da qəbri bu ildə təmir olunub və məzarlığın girişindəki abidənin üzərinə adı həkk olunub.[10]
2024-cü ildə müəllifi Dilqəm Əhməd olan “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı işıq üzü görüb.[11] Kitab Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə nəşr olunub və Aprel işğalından sonra Türkiyəyə köçərək ömrünün sonunadək orada mübarizə aparıb İstanbulda dəfn olunmuş 60-dan çox mühacir haqqındadır. Kitabda Nağı bəy Şeyxzamanlı haqqında da məlumat yer alıb.[12]