Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti |
---|
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı |
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan əzası (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثان اعضاسی) — 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının davamı olaraq qurulan, Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri.
1917-ci ildə keçirilən Ümum-Rusiya Müəssislər Məclisi seçkilərin nəticəsi tanınsa da parlament elə ilk gündən bolşeviklər tərəfindən buraxılmışdır.[1] Oktyabr inqilabının ardınca Gürcüstan, Azərbaycan və Ermənistan federativ dövlət — Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında birləşdi.[2] Bu respublikanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin üzvləri Ümum-Rusiya Müəssislər Məclisinə seçilən üzvlərin sayının mütənasib şəkildə artmasıyla təmin olunmuşdur. Belə ki, Zaqafqaziyadan seçilən 11 müsəlman, azərbaycanlı üzvün 4 dəfə sayının artırılmasıyla azərbaycanlı üzvlərin Zaqafqaziya Seyminə daxil olması təmin olundu. Gürcüstan Sosial Demokrat Partiyasından sonra ən çox millət vəkili sayına sahib olan Müsavat və ona qoşulan demokratik bitərəflər fraksiyası rəhbərliyində Zaqafqaziya Seyminin Müsəlman fraksiyası təşkil olunmuşdu. 27 may 1918-ci ildə bu fraksiyanın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası təşkil olundu.[3] 28 may 1918 tarixində Azərbaycan öz istiqlaliyyətini elan etdi.[4] Bundan sonra Müəssislər Məclisinin çağrılmasını vacib hesab edən Milli Şura seçkilərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq yerli şəkildə seçkilərin təyin olunması və Milli Şuranın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasını qərara aldı. Milli Şura 19 noyabr 1918-ci ildə " Azərbaycan Məclisi-Məbusanına seçkilər haqqında qanun" qəbul etmişdir.[5] Bu qanuna əsasən üzv sayının genişləməsi və yeni üzvlərin seçilməsi prinsipi ilə 120 üzvdən ibarət olmalı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 7 dekabr 1918-ci ildə ilk iclasını keçirmişdir. Parlamentin fəaliyyəti dövründə daxili nizamnaməsi qəbul olunmuşdur. Bu nizanaməyə əsasən üzvlər qəbul olunmuş və xaric edilmişdir. Parlament daxilində tez-tez fraksiyalar arasında üzv transferləri həyata keçmişdir.
Bolşeviklərin hökuməti təhvil alması ilə bağlı ultimat göndərməsi səbəbi ilə baş tutan parlamentin fövqəladə iclası parlamentin son iclası olmuşdur. Beləliklə, 27 aprel 1918-ci ildə parlamentin fəaliyyətinə son qoyulmuşdur.[6]
Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə 44 deputatdan ibarət dörd müsəlman partiyası — Müsavat və demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Müsəlman Sosial-Demokrat (menşevik) Partiyası "Hümmət" tərəfindən təmsil olunurdu. Bu 44 deputatdan ibarət 4 müsəlman partiyası Zaqafqaziya Seyminin Müsəlman fraksiyasında təmsil olunurdu. Gürcüstan Demokratik Respublikasının Zaqafqaziya Demokratik Federativ Respublikasından çıxaraq 26 may 1918-ci ildə müstəqilliyini elan etdi. Ertəsi gün, mayın 27-də, keçmiş Zaqafqaziya Seyminin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər.[7]
Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının ilk iclası keçirildi. Bəzi mənbələrdə Milli Şuranın üzvləri 44 nəfər göstərilsə də, digər mənbələrdən Musa bəy Rəfiyev və Nəriman bəy Nərimanbəylinin də Milli Şuranın üzvü olduğu məlumdur.[3][8]
Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.[4]
Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə, onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.[9]
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərarın qəbul edilməsindən sonra elan olunan bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladı. İlk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəli xan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi. İyunun 16-da Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Hökumətinin tərkibinə etimadsızlıq siyasi böhrana səbəb olmuşdu. Yaranmış mürəkkəb siyasi şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq naminə Milli Şuranın buraxılması qərara alındı. Qərarda deyilirdi ki, Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq, bütün hakimiyyət Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunan hökumətə verilir və bu hökumət öz hakimiyyətini qısa müddətə çağırılmalı olan Müəssislər Məclisindən başqa heç kəsə güzəştə getməməlidir.
Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir.[10] Fətəli xan Xoyski hökuməti Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.[11]
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı.[10]
Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun qəbul olundu, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu qərarı qəbul olundu. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməlidir.
Beləliklə, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, Alman Milli Şurasından 1, Yəhudi Milli Şurasından 1, Gürcü Milli Şurasından 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu.[12] Parlamentin üzvlərinin deputat toxunulmazlığı var idi.
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümum-Rusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.[13]
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc edilir.
1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu.[14][15]
16 yanvar 1919-cu ildə parlamentin səkkizinci iclasında Müsavat Partiyası və partiya sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən parlamentə "Parlamentdə hazır olmayan məbuslar haqqında qanun layihəsi" təqdim olunur:[16]
|
Layihə yekdilliklə qəbul olunur. Həmin iclasda yenə Müsavat Partiyası "Ədəmi-ictimai" qanun layihəsini parlamentə təqdim edir. Bu qanuna görə Məclisi-Məbusan əzası heç vaxt hökumət məmuriyyətində ola bilməzlər. Stanislav Vanseviç bu qanuna etiraz edir və qanunun komissiyaya təqdim edilməsini təklif edir. Mixail Vinoqradov və Aslan bəy Qardaşov da bu təklifi təsdiqləyir. Səsvermə yolu ilə qanun 10 günlük müddətə parlamentə geri təqdim olunmaq şərti ilə komissiyaya təqdim olunur.[17][18]
25 yanvar 1919-cu ildə parlamentin sayca doqquzuncu iclasında komissiya tərəfindən baxılmış olan "Ədəmi-ictimai" qanunu müzakirəyə çıxarılır:[18]
|
Layihə müzakirələrə səbəb olsa da, Məhəmməd Əmin Rəsulzadənin müdafiəsinin ardından yekdilliklə qəbul edilir. Qanunun qəbulundan sonra parlamentin 4 fevral 1919-cu il tarixli sayca on ikinci iclasında seminariya müdiri Firudin bəy Köçərlinin və ədliyyə naziri müavini Teymur bəy Makinskinin öz xidmətlərində qalaraq üzvlükdən istefa verdiyi elan edildi. Həmçinin elan olundu ki, Slavyan-Rus Cəmiyyətindən parlament üzvü polkovnik Vladimir Ollonqren, Abdulla Qəbulzadə, Bəhram bəy Vəzirov, Bayram Niyazi Kiçikxanlı, Əli bəy Zizikski, Hacı Hüseyn Əfəndizadə və Rəşid bəy Axundzadə hökumət qulluğundan istefa verərək, parlament üzvlüyünü qəbul edirlər. Gəncə qubernatoru İbrahim ağa Vəkilov, Bakı qubernatoru Müseyib bəy Əxicanov, Cəmil bəy Ləmbəranski, Əliağa Həsənov, Sadıq bəy Ağabəyov,Məmməd Yusif Cəfərov, Həmid bəy Şahtaxtinski ilə bağlı isə "ədəmi-ictimai" qanununa görə parlamentdən xaric olunurlar. Əhməd bəy Pepinov və Camo bəy Hacınski isə təklif edirlər ki, Məmməd Yusif Cəfərov ilə İbrahim ağa Vəkilovun izin möhlətləri qurtarmadığlndan onlar xaric hesab edilməsinlər, yerdə qalanları xaric olsunlar. Təklif qəbul olunur.[19]
Daha sonra bu istefalar davam edir. Parlamentin 5 fevral 1919 tarixli sayca on üçüncü iclasında Gəncə qubernatoru İbrahim ağa Vəkilov üzvlükdən istefa verdiyini elan edir.[20] Parlamentin 28 yanvar 1919 tarixli sayca on birinci iclasında Sultan Məcid Qənizadənin maarif nazirliyində məmurluqdan istefa verərək üzvlüyü qəbul etdiyi elan olundu.[19] Parlamentin 3 aprel 1919 tarixli iclasında isə Yusifəli Əliyevin dövlət qulluğundan çıxması ilə bağlı məlumat kağızı elan olunur. Xosrov bəy Sultanov isə 15 yanvar tarixində Qarabağ general-qubernatoru təyin edildi.
Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdir. Bir neçə daimi komissiyalarla yanaşı bəzən müvəqqəti komissiyalar da fəaliyyət göstərmişdir. Buna misal olaraq parlamentin açılışı ilə bağlı əfv qərarının hazırlanması üçün təşkil olunan müvəqqəti "Əfv-ümumi" komissiyası, Əli Bayramovun qətli ilə bağlı istintaq üçün yaradılmış xüsusi komissiyanı və xaricə göndəriləcək tələbələri seçmək üçün xüsusi komissiyanı göstərmək olar. Bəzi komissiyaların adı müxtəlif cür olmuşdur. Məsələn: Tərtibat və ləvazim komissiyası daha sonra ləvazim komissiyası adlanmış, qanunverici komissiya bəzən layihə və ya lavayehi-qanuniyyə komissiyası adlanmışdır.[21]
Parlamentin daxili nizamnaməsi qəbul edildikdən sonra komissiyaların fəaliyyəti də tənzimlənməyə başladı. Nizamnaməyə görə bir komissiya 1 ay ərzində heç bir iclası keçirilməzsə, o komissiya ləğv olunmuş, yəni üzvləri buraxılmış hesab olunacaq. Məsələn: 17 aprel 1919-cu ildə Fəhlə komissiyası,[22] 14 aprel 1919-cu ildə qanun layihəsi komissiyası,[23] 24 aprel 1919-cu ildə torpaq komissiyası[24] nizamnaməyə əsasən ləğv olunmuşdur.
Nizamnamənin qəbulu zamanı yeni büdcə komissiyasının yaradılması nəzərdə tutulsa da, müzakirə nəticəsində maliyyə komissiyasıyla eyni funksiyalara sahib olacağı səbəbindən büdcə komissiyası yaradılmadan maliyyə komissiyası ilə maliyyə-büdcə komissiyası adı altında birləşdirilmişdir.[25]
1919-cu ilin oktyabr ayında 21 nəfər üzvdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olunmuşdur. Bu komissiyasının təşkilindən sonra parlamentin 13 oktyabr 1919 tarixli sayca səksən üçüncü iclasında rəsmi olaraq Məclisi-Müəssisan seçkiləri üçün layihə komissiyasının işinə xitam verilmişdir.
Parlamentin 5 yanvar 1920 tarixli sayca yüz on dördüncü iclasında yeni "Təftiş" komissiyası yaradılır.[26]
Parlamentin 15 aprel 1920 tarixli sayca yüz qırx birinci iclasında Əli Bayramovun qətli istintaqı üzərində nəzarət üçün xüsusi komissiya yaradıldı.
Parlamentin ilk iclasında Müsavat və bitərəflər adından Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini vəzifəsinə namizəd göstərildi. Əlimərdan bəy Topçubaşov yekdilliklə sədr vəzifəsinə seçildi. Həsən bəy Ağayevin namizədliyi İttihad Partiyası tərəfindən dəstəklənməsə də sədr müavini vəzifəsinə seçilə bildi.[27] Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi.[28][29]
Parlamentin 19 iyul 1919 tarixli sayca 55-ci iclasında 2-ci sədr müavini seçkisi keçirilmişdir. Seçkidə Əhməd bəy Pepinov 22, Sultan Məcid Qənizadə isə 18 səs toplamışdır, lakin hər ikisi də bu postdan imtina etmişdir. İclasa sədrlik edən Həsən bəy Ağayev Əhməd bəy Pepinovun Rəyasət Heyətində olduğu üçün imtina haqqının olduğunu elan etdi, lakin Sultan Məcid Qənizadənin namizədliyi səsə qoyulmaq istənilsə də o, qəti surətdə bu vəzifədən imtina etdi.[30]
Parlamentin 7 avqust 1919 tarixli sayca altmış üçüncü iclasında İttihad Partiyası sədrin ikinci müavini postuna Sultan Məcid Qənizadənin namizədliyini irəli sürdü. Səsvermə zamanı Sultan Məcid Qənizadə mövcud 51 səsdən 46-sını toplayaraq sədrin 2-ci müavini seçildi.[31][32]
Parlamentin 8 yanvar 1919 tarixli iclasında sədrə yeni 2 katib müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bu 2 müavindən birinin Əhrardan, digərinin isə milli azlıqlar fraksiyasından seçilməsini təklif etmişdir. Milli azlıqlar fraksiyasından Moisey Quxman namizəd verməyəcəklərini elan etmişdir. Məhəmməd Əmin Rəsulzadə daha sonra namizədin bitərəflər fraksiyasından olmasını təklif etmişdir. Bitərəflər fraksiyası da etiraz etdikdən sonra, Şəfi bəy Rüstəmbəyov müsavat və bitərəflər fraksiyasının namizəd göstərəcəyini elan etmiş və bu qərara etiraz edən olmamışdır. Səsvermədə Əhrar adından Bayram Niyazi Kiçikxanlı, müsavat və bitərəflər fraksiyası adından isə Mehdi bəy Hacınski seçilmişdir.[33]
Parlament komissiyalarının və sədarətin tərkibi bir il tamam olduqdan sonra (7 dekabr 1919) yenilənməli idi, lakin üzvlərin təklifi ilə yeni daxili seçkilər təxirə salınmışdır. Parlamentin 29 dekabr 1919 tarixli sayca yüz on birinci iclasında sədarət üçün səsvermə keçirilir. Sədrliyə Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə tərəfindən namizəd göstərilir. Qapalı səsvermə (ağ-qara şarlarla) yolu ilə Əlimərdan bəy Topçubaşov lehinə 67 şar (ağ), əleyhinə 8 şar (qara) istifadə olunur. Beləliklə Əlimərdan bəy Topçubaşov yenidən 1 illik müddətə yenidən sədr seçilir.[34][35] Həmin gün sədr müavini postuna namizədlik üçün keçirilən seçkidə Həsən bəy Ağayev 40, Sultan Məcid Qənizadə 28, Aslan bəy Səfikürdski isə 14 səs toplayır.[36] Qara bəy Qarabəyov partiyanın Sultan Məcid Qənizadənin namizədliyini, Aslan bəy Qardaşov isə Aslan bəy Səfikürdskinin namizədliyini geri götürdüyünü elan etdi. Həsən bəy Ağayev namizəd olduğu üçün sədarətdə otura bilmədiyini elan edir və müvəqqəti sədr seçilməsini təklif edir. Yerdən gələn səslərin ardından Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə müvəqqəti sədr postunu üzvlər arasında yaşca ən böyük olan Məmmədrza ağa Vəkilov tutur.[36] İttihad, Əhrar və Sosialistlər fraksiyaları seçkilərdə iştirak etməyəcəyini açıqlayır. Abuzər bəy Rzayev və Əbdüləli bəy Əmircanov şarları saymaq üçün seçilir. Əbdüləli bəyin elanı ilə sədr Məmmədrza ağa Vəkilov Həsən bəy Ağayevin sədr müavini postuna seçilməsi üçün keçirilən seçkilərin nəticəsini açıqlayır: "77 nəfər parlament üzvündən 24 nəfərdən ibarət 3 fraksiya səsvermədə iştirak etməyib. 51 nəfərdən 48-i ağ, 3-ü qara şar salıb". Beləliklə, Həsən bəy Ağayev yenidən sədr müavini seçilir. Daha sonra baş katib postuna seçkilər keçirilir.[36] İttihad, Əhrar və Sosialistlər fraksiyaları seçkilərdə iştirak etməyəcəyini açıqlayır. Müsavat və bitərəflər fraksiyası baş katib postuna Mehdi bəy Hacınskini namizəd göstərir. Keçirilən səs vermə nəticəsi belə olur: 40 ağ şar, 1 qara şar.[36]
Parlamentin 12 yanvar 1920 tarixli sayca yüz on altıncı iclasında Mehdi bəy Hacınski baş katiblikdən istefa verdiyini elan edir.[37] Elə həmin iclasda Rəyasət Heyətinə seçkilər keçirilir. Sultan Məcid Qənizadə 27 vərəqə ilə sədrin ikinci müavini, Mehdi bəy Hacınski 31 vərəqə və Bayram Niyazi Kiçikxanlı 27 vərəqə ilə katiblik (baş katibin müavini) postuna namizəd göstərildi.[37] Səsvermə nəticəsində Sultan Məcid Qənizadənin lehinə 42 ağ şar, əleyhinə 14 qara şar; Bayram Niyazi Kiçikxanlının lehinə 54 ağ şar, əleyhinə 1 qara şar; Mehdi bəy Hacınskinin lehinə 54 ağ şar, əleyhinə 14 qara şar istifadə olundu.[37] Nəticədə hər biri namizəd göstərildiyi vəzifəyə seçildi.[38]
Parlamentin 19 yanvar 1920 tarixli sayca yüz on doqquzuncu iclasında baş katibliyə seçkilər keçirilmiş və tək namizəd olaraq baş katib Sosialistlər fraksiyasının namizədi Bağır Rzayev seçilmişdir.[39]
Parlamentin 22 yanvar 1920 tarixli yüz iyirminci iclasında Həsən bəy Ağayev vəzifəsindən istefa verdiyini elan etdi.[29][40]
Parlamentin 2 fevral 1920 tarixli yüz iyirmi birinci iclasında seçkilər keçirildi. Məmmədrza ağa Vəkilov müvəqqəti sədr seçildi. Əvvəlcə sədr müavini namizədliyinə Müsavat Partiyası Məmməd Yusif Cəfərovu irəli sürdü. Həmçinin, Məhəmməd Əmin Rəsulzadə, Əbdüləli bəy Əmircanov, Əliheydər Qarayev və Kravçenko da namizəd göstərilsə də, onlar namizədliklərini geri çəkdilər. Seçkilərdə Məmməd Yusif Cəfərov lehinə 47 ağ şar, əleyhinə 5 qara şar olmaqla sədrin baş müavini seçildi.[41][42] Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi.[43] Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı namizəd göstərildi, o 41 ağ və 5 qara şar alaraq bu vəzifəyə seçildi.[44]
Parlamentin 120 üzvdən ibarət olması nəzərdə tutulsa da heç bir zaman tam olaraq 120 nəfərdən ibarət olmamışdır.
Parlamentin 16 yanvar 1919 tarixli iclasında tərkibin 82 üzvdən ibarət olduğu elan olunmuşdur. Parlamentin 25 fevral 1919 tarixli iclasında ümumi tərkibin 78 üzvdən ibarət olduğunu və fraksiyalara görə tərkibin belə olduğu elan olundu: "Müsavat və bitərəflər" 23; "İttihad" 11; "Əhrar" 10; "Hümmət" 4; "Sosialistlər ittifaqı" 7; "Bitərəflər" 12; "Slavyan-rus" 5; "Erməni" 6; iki nəfər isə heç bir fraksiya üzvü olmayan.[45]
Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmədilər. Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək haqqında qərar qəbul edir. Rus Milli Şurası özünün parlament və hökumətdə iştirakını "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" və beləliklə Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırdığını hesab edərək rədd etmişdir.[46] Rus Milli Şurasının qəbul etdiyi qərarın əksinə, Bakıda fəaliyyət göstərən Slavyan-Rus Cəmiyyəti Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəyə müraciət edərək həmin cəmiyyətin nümayəndələrinin Azərbaycanda "ümumi dövlət quruculuğu işlərində iştirak etmək üçün onların" parlamentə daxil olmalarına razılıq verməyi xahiş etdilər.[47]
Rus Milli Şurası ilə yanaşı Erməni Milli Şuraları da parlamentdən iştirakdan imtina etmişdi.
28 yanvar 1919-cu ildə parlamentin sayca on birinci iclasında Ukrayna konsulluğu və Bakı Ukraynalıları Radasının 2 üzv qəbulu üçün müraciətinin qəbul olunmadığı, Slavyan-Rus Cəmiyyətinə ayrılan 10 yerdən 1-nin ukraynalılara ayrıldığı elan olundu. Quba və Şəki yəhudiləri əlavə üzv yeri üçün müraciət etsə də etibarnamə komissiyası qanuna zidd olduğunu bildirdi.
Eyni iclasda Sosialist İnqilabçılar Partiyasının ("İctimaiyyun-inqlabiyyun" komitəsi) Bakı komitəsi tərəfindən 5 yer üçün müraciəti (Zaqafqaziya ictimaiyyun-inqlabiyyun komitəsinin Bakı murəxissləri: Dimitr Sərxaliyev, Sako Saakyan, İctimaiyyun-inqlabiyyun Firqəsi Bakı komitəsi sədri Xristofor Yevanqulov, katib əvəzi L. Umanski. tərəfindən imzalanan) parlamentdə oxundu.[48]
Parlamentin 4 fevral 1919-cu il tarixli sayca on ikinci iclasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı şöbəsinin fevralın 3-də baş tutan iclasında 10 səs əleyhinə, 14 səs leyhinə olmaqla Azərbaycan parlamentinə daxil olma qərarı aldığı elan olundu. Həmçinin elan olundu ki, Həmkarlar İttifaqının parlamentində nümayəndəsi olmaq məsələsinə gəldikdə qərara alınmışdır ki, həmkarlar ittifaqları siyasətcə bitərəf olduqlarından parlamentə daxil olmalıdır.[20]
"Bund" yəhudi təşkilatının fevralın 2-də baş tutan ümumi iclasında Azərbaycan parlamentinə daxil olmaq məsələsi haqqında Bilyuşqenin məruzəsinə görə bir qətnamə qəbul edilmişdir. Qətnamədə qeyd olunur ki, "Bund" təşkilatının RSDFP-nin muxtar bir hissəsi olduğundan vahid bir partiya bayrağı altında parlamentdə iştirak etməlidir. Bu səbəbdən də RSDFP-ə təklif etməlidir ki, partiyanın ayrı bir hissəsi olmaq şərtilə "Bund" üçün parlamentdə əlavə bir yer tələb etsin. Təkliflər parlament tərəfindən qəbul olunmur.[20]
Şəxslər
1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. Parlamentdə olan yeni Azərbaycan Kommunist Partiyası üzvünün — Əliheydər Qarayevin işğala qədər üzvlüyü rəsmi olaraq açıqlanmamışdır. Həmçinin 22 aprel 1920 tarixindən Məmmədhəsən Hacınski Müsavat Partiyasından istefa verərək Azərbaycan Kommunist Partiyasına üzv olmuşdur, lakin bu üzvlük də rəsmi olaraq işğaladək məlum olmamışdır.
Bitərəflər fraksiyası | Yoxdur | |||||||
Erməni fraksiyası | Arşak Paronyan | |||||||
Əhrar fraksiyası | Abdulla bəy Əfəndizadə [a] Aslan bəy Qardaşov |
|||||||
İttihad fraksiyası | Qara bəy Qarabəyov | |||||||
Milli azlıqlar fraksiyası | Lorens Kun | |||||||
Müsavat və bitərəflər fraksiyası[b] | Məhəmməd Əmin Rəsulzadə | |||||||
Slavyan-Rus Cəmiyyəti fraksiyası | Viktor Klenevski | |||||||
Sosialistlər fraksiyası | Səməd ağa Ağamalıoğlu Aslan bəy Səfikürdski |
|
||||||
Daşnaksutyun fraksiyası | Arşak Malxazyan | |||||||
Müstəqillər və ya Fraksiyasızlar |
Yoxdur | |||||||
Sol müstəqil[55] | Abdulla bəy Əfəndizadə | |||||||
Boş | Yoxdur |
Aşağıdakı siyahıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri sıralanmışdır. Bəzi üzvlərin haqqında məlumat tam olmadığından siyahı natamamdır. Vəzifəsi bölməsində müxtəlif zamanlarda fəaliyyət göstərən komissiyalara üzvlük məlumatları verilib. Seçilmə tarixi olaraq göstərilən tarix parlament üzvlərinin üzvlüyünün parlamentə daxil olması və Etibarnamə komissiyasına təqdim olunma tarixidir. Bəzən bu tarixdən sonra mötərizə daxilində başqa tarix də verilmişdir. Bu isə Etibarnamə komissiyasının təsdiqindən sonra üzvlərin parlament daxili səsvermə ilə təsdiqlənmə tarixidir. Əlavə olaraq, parlamentin 23 oktyabr 1919 tarixili səksən yeddinci iclasında isə bir neçə parlament üzvünün Bitərəflər fraksiyasından istefa verərək Müsavat və bitərəflər fraksiyasına daxil olmasıyla bağlı müraciəti elan olunmuşdur.