Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin (Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2 -dir.[1][2]
Azərbaycanın əsas transsərhəd çayları (21 çay) Kür, Araz, Qanıxçay, Qabırrıçay, Samurçay, Astaraçay çayları və Kür, Araz çaylarının qollarını təşkil edən, kiçik çaylardır.
Respublikanın su obyektlərində — çaylarda, göllərdə və su anbarlarında stasionar hidroloji müşahidələr Milli Hidrometeorologiya Departamenti tərəfindən 59 hidroloji məntəqədə aparılır. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektlərinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır.[2]
Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə Azərbaycandakı su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Onun sözlərinə görə, bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. Əsas su mənbələri olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkədə əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir.[3]
Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənmişdir. Çay sularının ehtiyatlarının 67–70%-i qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5–30,5 km³, qonşu ölkələrdən transsərhəd çaylarla daxil olan su ehtiyatları 19,0–20,5 km³, yerli axım 9,5–10,0 km³ təşkil edir.
Quraqlıq illərdə su ehtiyatları 22,6–27,0 km³-ə qədər azalır. Kür və Araz çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində istifadə nəticəsində 20% qədər azaldılır. Bu da ölkədə su çatışmazlığının artmasına gətirib çıxarır (ildə təqribən 4–5 km³) və Azərbaycanda su tələbatının ödənilməsində çətinlik yaradır.[2][4]
Azərbaycanda 394 km² sahəsi olan 450-yə yaxın göl mövcuddur, onlardan onunun su səthi 5 km²-dən artıqdır. Göllərdən bəziləri şirinsulu, digərləri şorsulu göllərdir. Ən böyük göl Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür. Onun sahəsi 65,7 km², tutumu 59,1 milyon kub metrdir. Candargöl Gürcüstanla sərhəddə yerləşir, sahəsi 10,6 km², tutumu 51 milyon m³ -dir. Azərbaycanda 136 su anbarı və süni sututarları yaradılmışdır, onların ümumi sahəsi 982,84 km², ümumi həcmi isə 21464 mln.m³-dir. Hər birinin həcmi 1 mln.m³-dən çox olan 64 su anbarı vardır. Su anbarları həm çaylarda (məcra su anbarları), həm də çaylardan kənarda yerləşirlər (məcradan kənar su anbarları).[2][4]
İçməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və Viləşçay su anbarlarıdır. 2010–2019-cu illərdə Azərbaycanda məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb.[3]
Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888-ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898-ci ildə isə Salyanda təşkil edilmişdir. Hidroloji məntəqələrdə təlimata uyğun olaraq, su obyektinin vəziyyəti, suyun səviyyəsi, temperaturu və su sərfi üzərində müşahidələr aparılır. Hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində müşahidələr gün ərzində 2 dəfə yerli vaxtla saat 8–də və 20– də aparılır. Gursulu dövrdə və payız daşqınları zamanı və buzun intensiv əriməsi dövründə göstərilən vaxtlardan əlavə olaraq, hər 2, 4, 6 saatdan bir ölçü işləri aparılmalıdır. Hidroloji məntəqələrdə su sərfi üzərində ölçü işləri çayın rejimindən asılı olaraq, ayda 3–5 dəfə aparılır.[2]
1931-ci ildən su kadastrının tərtib edilməsinə başlanılır və 1935-ci ilə kimi olan müşahidə məlumatları burada öz əksini tapır. 1936-cı ildən "Hidroloji illiklər" nəşr olunmağa başlanıb. "Su kadastrı" və "Hidroloji illiklər"in məlumatları tədqiqatların genişlənməsinə və müşahidələrin sistemli yekunlaşdırılmasına imkan verir.[2]
Azərbaycanın çayları, gölləri və su anbarları