Azərbaycanın daxili suları

Xəzər dənizi hövzəsi
Kür çayı hövzəsi Azərbaycan Respublikası ərazisinin böyük əksəriyyətini təşkil edir

Azərbaycanın daxili sularıHidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda ölkə ərazisində rast gəlinən bir sıra qədim çay dərələrinin qalıqları buna sübutdur. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.

Azərbaycan çayları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 8000-ə yaxın çay vardır. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır. Düzənlikdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud birbaşa Xəzərə tökülür. Azərbaycanın bütün çayları qapalı axarsız hövzə olan Xəzərə aiddir. Çayların orta illik su axımı 31 km3-a yaxındır ki, bunun da 2/3-si qonşu ölkələrdə yaranır. Iqlimin quraqlığının artması Böyük və Kiçik Qafqazda çay şəbəkəsinin sıxlığının düzənliklərə doğru azalmasına səbəb olur. Ən sıx çay şəbəkəsi orta dağlıqda, ən az isə düzənliklərdə müşahidə edilir.

Çayların qruplaşdırılması

[redaktə | mənbəni redaktə et]

Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.

I. Uzunluğuna görə: Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı — 389 km, Samur-216 km, Tərtər-200 km;

II. Mənbəyinin hündürlüyünə görə: Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;

III. Mənsəbinə görə:

  1. Mənsəbsiz — Ceyrankeçməz, Sumqayıtçay, Pirsaat;
  2. Mənsəbli — qalan bütün çaylar;
  3. Mənsəbi okean səviyyəsindən aşağı- Kür, Araz və Xəzərə birbaşa tökülən çaylar -Lənkərançay, Vəlvələ, Qusarçay, Viləşçay,Qudyalçay və s.

IV. Relyef xüsusiyyətinə görə:

  1. Üzərində şəlalə yaranan — Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və s.;
  2. Dərəsində kanyon olan çaylar — əhəngdaşı yumşaq süxurları kəsib keçən dağ çaylarında Qudyalçay, Qusarçay, Qaraçay,Vəlvələçay və s. ;
  3. Enli "U" şəkilli çaylar- gilli süxurları kəsib keçən düzənlik çaylarında — Kür, Araz və s. ;

V. Formalaşmasına görə:

  1. Kənardan (tranzit) mənbə götürənlər — Kür, Araz, Arpaçay,Samur, Oxçu, Akstafaçay, Tovuzçay, Qanıx, Qabırrı;
  2. Azərbaycanda formalaşan — Tərtər, Girdiman, Qusar, Xaçın, Əyriçay, Viləş, Pirsaat, Sumqayıt, Qudyalçay, Turyançay,Ceyrankeçməz;

VI. Qidalanmasına görə 2 qrupa:

  1. Yayda quruyan — Sumqayıt, Ceyrankeçməz, Pirsaat;
  2. Daimi axarlı -Azərbaycanın yerdə qalan çaylarının hamısı.

Azərbaycanın çaylarını coğrafi yerləşmə xüsusiyyətinə görə 4 əsas qrupa bölmək olar:

  1. Böyük Qafqazın şimal-şərq yamacının çayları.
  2. Abşeron-Qobustan sahəsinin çayları.
  3. Kür hövzəsinin çayları.
  4. Talış dağlarından axan çaylar.

Kür hövzəsinin çaylarından başqa, digər qruplara Aid çaylar sərbəst olaraq Xəzər dənizinə tökülür.

Azərbaycan çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır. Yüksək dağlıqdan başlayan çaylar (Qusarçay, Dəmiraparan, Qudyalçay və s.) yazda və yayın əvvəllərində bol sulu olur. Qar və buzlaqla qidalandıqlarından mənbələri qar xəttindən yuxarıda olur. Orta dağlıqdan başlayan çaylar (Lənkərançay, Ataçay) yeraltı su, yağış və qismən qar suları ilə qidalanır. Alçaq dağlıqdan başlayan çaylar (Ceyrankeçməz, Incəçay) ancaq yağış suları ilə qidalanırlar. Azsulu olub yayda quruyurlar.

VII. Coğrafi yerləşməsinə görə:

  1. Böyük Qafqazın şimal-şərqindən axan çaylar — Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa Xəzərə tökülürlər. Qar və buzlaqda qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar.
  2. Böyük Qafqazın cənub yamacının çayları — Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz yataqları boyu- iri gətirmə konusları yaradırlar.
  3. Abşeron-Qobustanın çayları — Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay yağış suları ilə qidalandığıdan yayda quruyurlar. Çünki bu əraziyə yağıntı yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər.
  4. Talış dağlarının çayları — Lənkərançay, Astaraçay, Viləşçay — əsasən yağış və yeraltı sularla qidalanır və birbaşa Xəzərə tökülürlər. Talış dağları qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar buzlaqla qidalanmırlar. Yayda hava quraq keçdiyindən bu çayların suyu azalır.
  5. Kiçik Qafqazın şimal-şərq yamacından axan Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay — Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır.
  6. Kiçik Qafqazın cənub-şərq yamacından axan Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay — Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.
  7. Naxçıvanın əsas çayları — Arpaçay, Naxçivançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu çaylanın hamısı Araz çayına tökülür. Əsasən qar və yeraltı sularla qidalanırlar.

Azərbaycanda orta illik axım rütubətli iqlimə malik Lənkəran vilayəti və Böyük Qafqazın cənubunda maksimum, Kür-Araz, Abşeron-Qobustan və Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma bərabərdir. (səbəbi rütubət çatışmamazlığıdır)

Üzərində su anbarı olan çaylara axımı tənzimlənən çaylar deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə çaylardandır. Kür, Araz, Türyançay, Arpaçay və s. düzən çaylarından suvarmada istifadə edilir.

Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə görə sellər aşağıdakı kimidir:

  • a) Palçıqlı sellər — Naxçıvan, Qobustan, Acınohur və Ceyrançölün çayları üçün;
  • b) Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, Kürmük, Mucux, Tikanlı çayları üçün səciyyəvidir. Təsərrüfata ziyan vurur. Iki yolla mübarizə aparılır:
  1. Hidrotexniki qurğular tikməklə (beton bəndlər);
  2. Fitomeliorativ (ağac, kol, ot örtüyü əkməklə). Yamacların böyük meylliyi, gur yağışların yağması və asanlıqla aşınan süxurlanın üstünlük təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir.
border=none Əsas məqalə: Kür çayı

Kür çayının uzunluğu 1515 km olub, Türkiyənin Qızılgədik dağından (2740 m) başlayıb, Gürcüstandan keçərək Azərbaycana daxil olur. Azərbaycan daxilində Kürün uzunluğu 906 km olub, Neftçala rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları (52%) ilə qidalandığından yazın sonu və yayın əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu olur. Çayda suyun maksimum səviyyəsi apreldə, minimum səviyyəsi isə sentyabr aylarında olur.

Kürün sağ qolları əsasən Kiçik Qafqazdan başlanan Şəmkirçay, Gəncəçay, Zəyəmçay, Xaçınçay, Tərtər və s. sol qollar isə Böyük Qafqazın cənub yamacından başlayan Qanıx, Qabırrı, Türyançay, Əlicançay və s. çaylarıdır. Kür üzərində Mingəçevir, Yenikənd, Şəmkir və Varvara kimi su anbarları var. Bu su anbarlarının yaradılması qrunt sularının səviyyəsinin artmasına, tuqay meşələri və torpaqların xeyli hissəsinin su altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın yeganə çay gəmiçiliyi yoludur. Buradakı gəmilər Kürün mənsəbindən Yevlax şəhərinə qədər hərəkət edir.

Kür-Araz ovalığı ilə çay meandr döngələrlə axdığından gəmilərin hərəkətini asanlaşdırmaq üçün çayın yatağıdakı bəzi döngələr kəsilib düzəldilmişdir. Bu meandrda Kürün "axmaz" gölləri Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaranmışdır. Kür Sabirabad şəhərindən mənsəbinə qədər heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəqliyyat, suvarma və hidroenerji məqsədi ilə istifadə olunur.

border=none Əsas məqalə: Araz çayı

Araz çayı Türkiyənin Bingöl — silsiləsindən (2990 m) başlayıb, Ermənistan və Iran sərhəddindən keçərək Sabirabad rayonunun Suqovuşan kəndində Küra qovuşur. Uzunluğu 1072 km, hövzəsinin sahəsi 182 km² olan Araz çayının suyu çox bulanıqdır. Kürdən fərqli olaraq, əsasən, yeraltı sularla (46%) qidalanır. Suyunun səviyyəsi mayda maksimum, avqustda isə minimum həddə çatır. Naxçıvandakı Arpaçay, Ordubadçay, Naxçıvançay, Gilançay və Əlincəçay; Qarabağ vulkanik yaylasındakı Həkəri, Oxçuçay və Bərgüşad — Araza tökülən əsas çaylardır. Araz çayı üzərində — Bəhramtəpə, Mil-Muğan və Araz su qovşağı yaradılıb. Kür-Araz ovalığını suvarmaq üçün Araz çayından Baş Muğan, Baş Mil və Əzizbəyov adlı kanallar çəkilmişdir.

border=none Əsas məqalə: Samurçay

Samurçay Azərbaycanın şimal-şərqinin ən böyük çayı olub Dağıstanda 3600 m yüksəklikdən başlayıb, birbaşa Xəzərə tökülür. Uzunluğu 216 km olan Samurçaydan Samur-Abşeron su kanalı çəkilib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır.

Çayların çirklənməsi

[redaktə | mənbəni redaktə et]

Kür, Araz, Oxçu, Ağstafa, Tovuz, Qarqar çayları Azərbaycanın ən çirklənmiş çayları sayılır.

Samur, Qanıx, Araz, Astara və Bolqarçay Azərbaycanın sərhəd çaylarıdır.

Azərbaycana Ermənistan və Gürcüstandan daxil olan Kür və Araz çayları, onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay, Bərgüşad və s. qolları çirklənməyə daha çox məruz qalıb. Ermanistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayı "Ölü suya" çevirmişdir.

Kür Gürcüstanın Tbilisi və Rustavi, qismən isə Azərbaycanın Kürboyu şəhərlərinin sənaye və məişət suları ilə çirklənmişdir. Daşkəsənin zərərli tullantıları Qoşqarçayla Kürə, Naxçıvandakı Parağacay mədənlərinin tullantıları isə Araza qarışır. Azərbaycanın əkin sahələrinə verilən 10 min tonlarla gübrələr, zərərverici maddələr axar sular vasitəsilə çaylara və s. sututarlara tökülür və onları çirkləndirir.

Sular təbii və süni yolla təmizlənir. Axar sular 8–20 km axdıqdan sonra təbii yolla özü-özünü təmizləyir. Çirkab sulardan istifadə etmək üçün onu xüsusi qurğularda təmizləyib, zərərsizləşdirirlər.

Su hövzələrinin özü-özünü təmizləməsi

[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin özü-özünü təmizləməsi- su hövzəsinin üzvi və qismən qeyri-üzvi maddələri zərərsiz birləşmələrə çevirməsi qabiliyyəti. Su hövzələrinin özü-özünü təmizləməsi fiziki (suspenziya hissəcikərinin çökməsi, buxarlanma); kimyəvi (maddələrin oksigenhidrogen peroksidlə oksidləşməsi, suda həll olması, hidrantlara çevrilməsi: kolqulyasiya və çökmə; toksikantların hidrolizi); bioloji (çirklənmiş maddələrin mübadilə prosesinə girməsi, onların parçalanması və ya zəhərsiz formalara keçməsi). Su hövzələrinin özü-özünü təmizləməsi də bütün hidrobiontlar iştirak edir, əsas rolu isə bakteriyalar, göbələklər, ibtidailər və çoxhüceyrəli heyvanlar-süzdürücülər oynayır.

Su hövzələrinin sanitariya mühafizəsi

[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin sanitariya mühafizəsi-içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. SHSM barədə ilk dövlət qanunu 19 əsrin 70-ci illərində Böyük Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. Su hövzələrinin sanitariya mühafizəsidə ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150–200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir.

Su hövzəsinin özü-özünə çirklənməsi

[redaktə | mənbəni redaktə et]

Su hövzəsinin özü-özünə çirklənməsi-parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvaninsanlar üçün təhlükəli olur. Zəhərli yosunlarla zəhərlənmiş balıqları insan qəbul etdikdə zəhərlənə bilər.[1]

Göllər, kanallar və su anbarları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 700-ə yaxın göl vardır ki, bunun da yalnız 250-si yayda qurumur. Sahəsi 1 km2 -dan çox olan və böyük təsərrüfat əhəmiyyəti olan göllərin sayı 25-dir.

Mənşəyinə görə göllər

[redaktə | mənbəni redaktə et]
  1. Tektonik göllərə — Abşeron-Qobustandakı və Kiçik Qafqazdakı Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü aiddir.
  2. Buzlaq mənşəli göllər — Böyük və Kiçik Qafqazın 2800–3500 m hissələrində yaranıb. Məsələn: Qəbələdə Tufangöl.
  3. Uçqun və sürüşmədən yaranan bənd gölləri Kiçik Qafqazdakı — Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl və Naxçıvandakı Batabat aiddir.
  4. Axmaz və ya çay-dərə gölləri Kür-Araz ovalığında Kür çayı boyunca yaranıb. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s.
  5. Qalıq və ya relikt göllər Xəzərin qalıqları olub, şor suludurlar. Xəzərin sahillərində yerləşir.

Suyunun tərkibinə və axarlılığına görə göllər

[redaktə | mənbəni redaktə et]
  • a) Şorsulu (axarsız) göllər əsasən Abşeron-Qobustan və Acınohur-Ceyrançölün arid iqlim şəraitinə malik ərazilərində yaranıb. Acınohur, Böyükşor, Binəqədi və Masazır Azərbaycanın ən iri şorsulu gölləridir;
  • b) şirinsulu (axarlı) göllər əsasən dağlıq ərazilərdə yerləşib. Məsələn: Göygöl, Maralgöl, Batabat, Hacıqabul, Mehman, Ağgöl, Böyük və Kiçik Alagöllər və s.

Sahəsinə görə ən böyük göl — Sarısu (15 km²), ən dərin göl isə – Göygöldür (95 m)[2].

Azerbaycanin Caylari

a)Kur,Araz,Samur

  • b) Böyük Qafqazda Tufangöl, Ağzıbirçala;
  • c) Kiçik Qafqazda Böyük və Kiçik Alagöllər, Qaragöl (hər 2-si Qarabağ vulkanik yaylasında), Göygöl, Maralgöl;
  • d) Kür-Arazda — Sarısu, Mehman, Candar, Hacıqabul;
  • e) Abşeronda Böyük Şor, Bülbülə, Masazır, Binəqədi, Qanlıgöl.

Göygöl və bundan əlavə 7 göl — Maralgöl, Zəligöl, Ördəkgöl, Ağgöl, Şamlıgöl, Ceyrangöl və Qaragöl 1139-ci il zəlzələsi zamanı Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranmışlar. Suyundan Gəncə şəhərində istifadə olunan Göygöl okean səviyyəsindən 1556 m yüksəklikdə yerləşir. Ən dərin yeri 95 m-dir.

Azərbaycanda 140-a qədər su anbarı vardır ki, bunun da 34-ü daha böyük əhəmiyyət kəsb edir. Su anbarları çay dərələrində bənd tikməklə yaradılır. Lakin çay yatağından kənarda tikilən su anbarları da mövcuddur ki, onlar da çaylardan başlayan xüsusi kanallar vasitəsi ilə qidalanır. Məsələn: Ceyranbatan. Azərbaycandakı su anbarları altında bərəkətli torpaqlar, Tuğay meşələri qalır. Sahəsinə görə — Mingəçevir (605 km2 ), Araz su qovşağı (145 km2 ), Şəmkir (116 km2 ), Varvara, Sərsəng ən böyük su anbarlarıdır.

Mingəçevir su anbarı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Mingəçevir su anbarı

Mingəçevir Azərbaycanın ən iri su anbarıdır. O, Kür çayının Bozdağı yarıb keçdiyi yerdə — Samux çökəkliyinin su ilə doldurulması nəticəsində yaradılıb. Bura Qanıx, Qabırrı və Kür çayları tökülür. Buradan Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları öz mənbəyini götürür. Mingəçevirdən başqa Kür üzərində Varvara, Şəmkir və Yenikənd su anbarları da tikilib. Bu su anbarlarından suvarmada və elektrik enerjisinin alınmasında istifadə edilir. Lakin bu su anbarları altında geniş tuğay meşələri qalmış və ətraf ərazilərdə şoranlıqlar yaranmısdır.

Bundan əlavə Naxçıvanda Araz su qovşağı (Azərbaycanın 2-ci böyük su anbarı), Ağsuda Cavanşir, Qazaxda Ağstafa və Coğaz, Qəbələdə Nohurqışlaq, Ismayıllıda Aşıq Bayramlı, Lənkəranda Xanbulan, Tərtər çayı üzərində Sərsəng su anbarları var. Samur — Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarının suyundan Abşeron yarımadasının su təchizatından geniş istifadə olunur.

Su kanallarının ümumi uzunluğu 90000 km olub, 1,3 mln. ha quraq əraziləri suvarılır. Uzunluğuna görə 1-ci yerdə Samur-Abşeron (Samurçaydan Ceyranbatana qədər 182 km), Yuxarı Qarabağ (Mingəçevirdən Bəhramtəpə su anbarına qədər 172 km), Yuxarı Şirvan, Əzizbəyov, Sabir, Baş Mil, Baş Muğan və s.

Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları Mingəçevir su anbarından, Baş Muğan və Əzizbəyov kanalları Bəhramtəpə su anbarından Baş Mil su kanalı Araz çayındakı Mil-Muğan su qovşağından başlayır.

Əzizbəyov, Baş Muğan və Sabir kanalları ilə Muğan düzü; Yuxarı Şirvan kanalı ilə Şirvan düzü; Yuxarı Qarabağ kanalı ilə Qarabağ və Mil düzü; Samur-Abşeron kanalı ilə Abşeron və Samur-Dəvəçi ovalığının ərazisi suvarılır. Suvarılan bu ərazilərdə irriqasiya (suvarma) eroziyası geniş yayılmışdır.

Su anbarları və su kanallarının dibi betonlaşdırılmadığı üçün su itkisinə və şor qrunt sularının səviyyəsinin qalxaraq, şoranlıqların yaranmasına səbəb olur. Qrunt sularının səviyyəsini tənzimləmək və şoran torpaqların yuyulması məqsədi ilə əsasən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsi yaradılıb. Bunlardan Ən mühümü Baş Şirvan kollektorudur.

Yeraltı suların ümumi ehtiyatı 5 km3-dir. Kür-Araz, Qanıx-Əyriçay, Lənkəran ovalığında qrunt suları 1–5 m dərinlikdədir. Digər ərazilərdən fərqli olaraq Kür-Araz ovalığındakı qrunt suları şor sulu və şoran sahələr yaratması ilə fərqlənir. Qrunt suları yağıntı, səth suları və hidrotexniki qurğulardan sızan sularla qidalanır. Düzənliklərdə suvarma mövsümündə qrunt sularının səviyyəsi artır, digər dövrlərdə isə aşağı düşür. Dağlarda bu sular bulaq şəklində səthə çıxır. Yeraltı sularla ən az təmin olunmuş ərazi Abşeron yarımadasıdır. Qafqazın ən iri artezian hövzəsi Kür-Araz ovalığındadır. Onun temperaturu bəzən 150 °C çatır.

Bataqlıqlaşmış sahələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ən geniş bataqlıqlaşmış sahəsi Mərkəzi Arandadır (yəni Kür-Araz ovalığı). Buzlaqların ümumi sahəsi 6,6 km2 -dir. Onlar Baş Qafqazın Yan və Baş Qafqaz suayrıcı silsiləsinin Bazardüzü, Bazaryurd, Şahdağ, Tufandağ zirvələrində və Kiçik Qafqazın yalnız Zəngəzur silsiləsindəki Qapıcıq zirvəsindədir. Azərbaycanda qar xətti 3600–4000 m-dən yüksəkdə keçdiyindən buzlaqlar yalnız bu hündürlükdə yaranır. Iqlimi soyuq olduğundan Böyük Qafqazın şimal yamacında qar xətti cənuba nisbətən aşağıdan keçir.[mənbə göstərin]

  1. "Su mənbələrimiz çirklənməyə necə məruz qalır?". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
  2. "Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti — Coğrafi mövqeyi". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-27.