Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı

Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı — Dağətəyi maili-düzənlik landşaftlarının inkişaf etdiyi ərazi Böyük Qafqaz silsiləsinin cənub yamacı ətəklərinə paralel olaraq (Azərbaycan daxilində) Gürcüstan sərhədindən Girdimançayadək 210 m-lik məsafədə uzanan Alazan-Həftəran vadisini əhatə edir. Alazan-Həftəran vadisi dördüncüü və müasir dövrün ellüvial və prolüvial çöküntülərindən təşkil olunmuşdur. Çökəkliyin cənub qanadında relyefin mütləq yüksəkliyi 200m, şimal qanadında isə 700-800 m-dir.

İqlimi[redaktə | mənbəni redaktə et]

Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur.

Bitki örtüyü[redaktə | mənbəni redaktə et]

Azərbaycanın yarımrütubətli subtropik zonasına daxil olan bu ərazilərdə tütün, dənli bitkilər, efir yağlı bitkilər (qazanlıq qızılgülü, nanə), çay və s. əkilir; meyvəçilik, baramaçılıqheyvandarlıq inkişaf etmişdir.

Ərazisi[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın cənub yamacının Alazan-Həftəran vadisi ilə qovuşduğu dağətəyi hissələrində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı kimi iri yaşayış məntəqələri yerləşmişdir.

Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayan bu rayonların ekoloji-geokimyəvi xüsusiyyətlərinin öyrənilmə-sinin ərazidə gələcəkdə xalq təsərrüfatının daha intensiv inkişafını təmin etməkdən, eləcə də burada məskunlaşmış əhalinin daha sağlam yaşaması üçün müəyyən tədbirlər görməkdən ötrü böyük əhəmiyyəti vardır.

Alazan-Həftəran vadisi[redaktə | mənbəni redaktə et]

Alazan-Həftəran vadisində inkişaf edən meşə, meşə-çəmən landşaft kompleksinin litoloji əsasını 4-cü dövrdə Böyük Qafqazın cənub yamacı çaylarının gətirib burada topladığı çay daşları, qumlar və qismən gillər təşkil edir.

Sinklinor quruluşa malik olan bu ərazinin müasir relyefi gətirmə konusları, çay terrasları və terraslaşmış ellüvial düzənliklərdən təşkil olunmuşdur.

Landşaft tipləri[redaktə | mənbəni redaktə et]

Əsasən meşə, çəmən-meşə və çəmən landşaft tiplərinin hakim olduğu bu dağarası çökəklikdə təbii coğrafi komplekslər həm üfüqi istiqamətdə — şimal-qərbdən cənub-şərqə doğru, həmdə mütləq yüksəkliklərin artdığı istiqamətdə - cənubdan şimala doğru dəyişir.

Belə ki, əgər vadinin qərbində meşə landşaftı hakimdirsə Qaşqaçaydan Oğuzçaya qədər olan ərazidə çəmən, çəmən-bataqlıq landşaftı, şərqdə müxtəlif tipli meşələr, çökəkliyin şərq qurtaracağında İsmayıllı ilə Girdimançay arasında çəmən, çəmən-kol landşaftları yayılmışdır. Vadinin qərb və şərq hissələrində Baş Qafqaz silsiləsinin, eləcə də Şirək və Qəbələ yaylaqlarının qalxması ərazidə rütubətin 700-1000 mm-ə qədər artmasına və zəngin meşə bitkilərinin inkişafina səbəb olur.Qaşqaçayla Oğuzçay arasını əhatə edən mərkəzi hissədə iqlimin nisbətən quraq olması və orta illik yağıntıların miq-darının 600-800 mm-ə qədər aşağı düşməsi ilə əlaqədar olaraq meşələr azalır.Meşələrin azalması həm də onunla əlaqədardır ki, şərqdən və qərbdən gələn hava kütlələri bu ərazilərə çatana qədər əsas rütubətliyini itirir və bir qədər qurulaşır. Bu ərazidə Baş Qafqaz silsiləsinin suayrıcısının qərb və şərq hissələrinə nisbətən alçalması və cənubdan orta Kür çökəkliyi sahəsindən isti-quru hava kütlələrinin bu çökəkliyə daxil olması iqlimin qurulaşmasını xeyli artırır.Təbii komplekslərin yüksəklik istiqamətində – cənubdan şimala doğru dəyişməsi belə təzahür edir:vadinin cənub hissəsində qrunt sularının səthə yaxın olduğu yerlərdə inkişaf etmiş lianlı qızılağac, qızılağac-yalanqoz meşələri şimala keçdikcə gətirmə konsullarının yuxarı hissələrində quraqlıq sevən palıd-dəmirağac kolluqları ilə əvəz olunur.

Alazan-Həftəran vadisinin şimal və mərkəzi hissələri dördüncü dövrün ellüvial-prolüvial, cənub hissələri isə ellüvial çöküntülərindən təşkil olunmuşdur. Bu çökəkliklər üzərində ellüvial mənşəli çəmən-meşə, çəmən, bataqlıqlaşmış çəmən və bataqlıq torpaqları yayılmışdır.

Torpaq örtüyü[redaktə | mənbəni redaktə et]

Vadidə relyefin yüksək hissələri üçün skeletli çəmən-meşə torpaqları xarakterikdir. Meşələrin qırıldığı yerlərdə daha çox yayılan bu torpaqların səciyyəvi xüsusiyyəti onun üst qatında tünd qonur, tünd qara rəngli olması, mexaniki tərkibinin kəltənvari strukturlu, ağır gillicəli və rütubətli olmasıdır.

Çəmən-meşə torpaqlarının əksəriyyəti meyvə bağları, taxıl və tütün sahələri altındadır. Şəki bölgəsində, xüsusən Əyriçayın sol sahilindəki terraslaşmış düzənliklərdə geniş üzüm bağları salınmışdır.

Vadinin şərqində ellüvial prolüvial çöküntülər üzərində orta humuslu zəif karbonatlı ellüvial-çəmən, relyefin alçaq hissələrində isə bataqlaşmış çəmən torpaqları yayılmışdır. Buradakı çəmən, çəmən-meşə, çəmən-bataqlıq və bataqlaşmış çəmən torpaqları üzvi maddələrlə çox zəngindir. Bataqlaşmış çəmən torpaqları çay terrasları boyunca alçaq sahələrdə inkişaf etmişdir. Vadinin mərkəzi hissəsində karbonatlı çəmən, çəmən-meşə və bataqlıq torpaqları çökəklik boyu ümumi zolaq əmələ gətirir.

Ərazidəki bataqlaşmış çəmən torpaqları uzun illər çəltik plantasiyaları altında qalmış, son illərdə isə bu torpaqlardan biçənək sahələri kimi istifadə edilir. Hazırda bu torpaqlarda yenidən çəltikçiliyin inkişaf etdirilməsinə başlanılmışdır.

Tədqiq edilən ərazidə yayılmış ellüvial mənşəli torpaqların kimyəvi analizlərinin nəticələri göstərir ki, landşaftda kalsium-hidrokarbonatın çoxluğu ilə əlaqədar olaraq əsasən neytrala yaxın və zəif qələvi mühitə malik olan bu torpaqlarda pH-in miqdarı 7,2-8,2 arasında dəyişir. Humusun miqdarı çəmən-meşə torpaqlarında 5,07-0,36%, ellüvial çəmən torpaqlarında 8,28-1,55%, bataqlıqlaşmış çəmən torpaqlarında 5,28-0,83%- dir. Göründüyü kimi ellüvial çəmən torpaqlarında humusun miqdarı daha çoxdur.Çəmən-meşə torpaqlarının tərkibində stronsium, civə, molibden və borun miqdarının ellüvial çəmən və bataqlıqlaşmış çəmən torpaqlarına nisbətən az olması müşahidə edilir.

Çəmən-meşə torpaqlarında təxminən orta klark səviyyəsində olan mikroelementlər molibden və xrom, miqdarı orta klark göstəricisinə nisbətən az olan mikroelementlər isə stronsium, civə, nikel, titan, manqansirkoniumdur.

Allüvial çəmən və bataqlıqlaşmış çəmən torpaqlarının tərkibində mikroelementlərindən stronsium, molibden, xrom, nikel, titan, kobalt, manqan,gümüş və sirkoniumun miqdarı əksər hallarda həmişə klark səviyyəsindən xeyli aşağı olur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Q.İ.Rüstəmov, A.M.Rüstəmova. Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri. Bakı: 2016, 189 səh.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]