Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir.
Səudiyyə Ərəbistanı | |||||
---|---|---|---|---|---|
ərəb. المملكة العربية السعودية | |||||
| |||||
There is no god but God; Muhammad is the messenger of God, لَا إِلٰهَ إِلَّا ٱلله مُحَمَّدٌ رَسُولُ ٱلله, Lā ilāha illā llāh Muhammadun rasūlu llāh., Es gibt keinen Gott außer Gott und Mohammed ist der Gesandte Gottes., Jeg bekender, at der ingen der må tilbedes, undtagen Allah, og jeg bekender, at Muhammed er Allahs profet, Experience to discover, Nid oes Dainoni ond Duw Şəhadət |
|||||
Himn: Səudiyyə Ərəbistan himni |
|||||
Tarixi | |||||
• Müstəqillik | 23 sentyabr 1932 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Ər-Riyad | ||||
İdarəetmə forması | Teokratik monarxiya | ||||
Kral | Salman bin Əbdüləziz əs-Səud | ||||
Sahəsi | Dünyada 12-ci | ||||
• Ümumi | 2218000 km² | ||||
Əhalisi | |||||
• Əhali | 28 686 633 nəfər (43-cü) | ||||
• Sıxlıq | 12 nəf./km² | ||||
• Ümumi | 868.585.871.465 $[2], 1.108.148.978.218 $[2] | ||||
İnternet domeni | .sa, السعودية. | ||||
ISO kodu | SA | ||||
BOK kodu | KSA | ||||
Telefon kodu | +966 | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir.[3] Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan[4] İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır. 7-ci əsrin əvvəllərində Məhəmməd peyğəmbər Ərəbistan əhalisini birləşdirməyi bacarmış və vahid İslam dövlətinin əsasını qoymuşdur.[5] İndiki Səudiyyə Ərəbistanı ərazisində meydana gəlmiş ərəb xanədanlıqlarına Raşidi (632–661), Əməvilər (661–750), Abbasilər (750–1517) və Fatimilər (909–1171) nümunə göstərilə bilər.[6][7][8][9][10]
Müasir Səudiyyə Ərəbistanı ərazisi keçmişdə mövcud olmuş Hicaz, Nəcd, Şərqi Ərəbistan və Cənubi Ərəbistan vilayətlərindən ibarətdir.[11] Səudiyyə Ərəbistanı Krallığının əsası 1932-ci ildə Əbdüləziz bin Əbdürrəhman əs-Səud tərəfindən qoyulmuşdur. O, burada mövcud olmuş dörd regionu vahid dövlət halında birləşdirməyi bacarmışdır. Səudiyyə Ərəbistanı həmin vaxtdan etibarən mütləq monarxiya idarəetmə üsulu ilə İslam dəyərləri əsasında idarə olunur.[12][13] İslam dini Səudiyyə Ərəbistanı hökuməti tərəfindən qlobal miqyasda təbliğ olunur və maliyyə dəstəyi ilə təmin olunur. İslam dünyası üçün iki müqəddəs məkan hesab edilən Məscidül-Həram (Məkkə şəhərində) və Məscidül-Nəbi (Mədinə şəhərində) də bu ölkədə yerləşir. 2017-ci ilə olan məlumata görə ölkə əhalisi 33 milyon nəfərdir. Ölkənin rəsmi dili ərəb dilidir.
Səudiyyə Ərəbistanında ilk neft yatağı 3 mart 1938-ci il tarixində kəşf olunmuş və bunun ardınca ölkənin Şərq vilayətində də bir neçə neft yatağı aşkar olunmuşdur.[14] Səudiyyə Ərəbistanı həmin vaxtdan etibarən ABŞ-dən sonra dünyanın ən böyük neft istehsalçısı və ixracatçısına çevrilmişdir. Dünyanın ikinci ən böyük neft ehtiyatı və altıncı ən böyük təbii qaz ehtiyatları da burada yerləşir.[15] Krallıq G20 beynəlxalq forumunun üzvü olan yeganə ərəb ölkəsidir.[16] Dünya üzrə hərbi sahəyə ən çox maliyyə vəsaiti ayıran üçüncü ölkə[17][18] olan Səudiyyə Ərəbistanı avtokratik monarxiyadır.[19][20] Ölkə Körfəz Əməkdaşlıq Şurasına əlavə olaraq İslam Əməkdaşlıq Təşkilatı və OPEK təşkilatının aktiv üzvüdür.[21]
Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasında yerləşir. Üç qitəyə(Avropa,Asiya,Afrika) gedən yolların burda qovuşması, okeana birbaşa çıxışı olması, ərazisində çox zəngin neft yataqlarının(ehtiyatlarına görə dünyada 1-ci) yerləşməsi ölkənin İqtisadi-Coğrafi Mövqeyini olduqca əlverişli edir. Ərəbistan ərəb ölkələri (İsrail istisna olmaqla) ilə həmsərhəddir. Şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Sərhədlərin ümumi ölçüsü 4431 kilometrdir. Sahəsi 2149,7 min kv. kilometr (məlumatlar təxminidir, çünki cənubda və cənub-şərqdə sərhədlər aydın qurulmamışdır). Səudiyyə Ərəbistanın qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya, ilə həmsərhəddir. Dənizin ən böyük hissəsi Səudiyyə Ərəbistana düşür. Ölkənin şərqində Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran və Bəhreynlə həmsərhəddir. Ərəblər buradan hər il minlərlə ton neft çıxardırlar. Mübahisəli əraziləri var. İndiyə qədər Yəmənlə sərhəd sualları məsələləri həll edilməmişdir; Yəmənlə sərhəd rayonlarında köçəri qruplar sərhədin demarkasiyasına müqavimət göstərirlər. İranla dəniz sərhədi haqqında Küveytin və Səudiyyə Ərəbistanının danışıqları davam edir. Birləşmiş Ərəb Əmirlikləriylə sərhədin statusu qəti təyin edilməmişdir. Səudiyyə Ərəbistanı demək olar ki, Qırmızı dənizdə və Fars körfəzində Ərəbistan yarımadasının və bir neçə sahilboyu adanın 80% ərazisini tutur. Səthin quruluşu üzrə ölkənin çox hissəsi geniş səhra platosu (300-dən hündürlük — qərbdə 1520 m-a qədər şərqdə 600 m), çayların (vadi) quru yollarıyla parçalanması zəifdir. Qərbdə, Qırmızı dənizin sahilinə paralel Hicaz dağları uzanır. Asir dağlarında relyef dağlıq zirvələrindən böyük vadilərə qədər dəyişir. Hicaz dağları vasitəsilə Səudiyyə Ərəbistanının daxili rayonlarının və Qırmızı dənizin sahillərinin arasında əlaqə məhdudlaşdırılmışdır. Şimalda, İordaniya ilə sərhəd boyunca səhra yerləşir. Ölkənin şimal və mərkəzi hissəsində ən böyük qumlu səhralar yerləşir. Böyük Nefud və Kiçik Nefud (Dexna), öz qırmızı qumlarıyla məşhurlar; cənubda və cənub-şərqdə Rub-el-Xali dörddə bir hissəsi boşdur və 200 m-a qədər şimal hissəsində barxanlarla və dağ silsilələrlə əhatələnmişdir. Səhraların ümumi ərazisi təxminən 1 milyon km²-ə çatır. Sahil boyunca bataqlaşmış şoranlıqlarla El-Hasa ovalığı (150 kilometrə qədər) Fars körfəzi sahilləri ilə uzanır.
İqlimi şimalda subtropik, cənubda tropik, kəskin kontinental və quru, çox isti yay, mülayim qış səciyyəvidir. Ər-Riyadda iyulun orta temperaturu 26-°dən 42°-yə qədər, yanvarda 8° -dən 21°-yə qədər dəyişir, mütləq maksimum temperatur 48°, ölkənin cənubunda qədər 54 °C olur. Qışda bəzən mənfi temperaturlar və dağlarda qar müşahidə olunur. Yağıntı orta illik norması təxminən 70–100 millimetr, dağlarda isə ildə 400 millimetrdir. Ayrı bölgələrdə Rub-el-Xali və bəzi başqa səhra rayonlarında yağıntılar tamamilə düşmür. Səhralar üçün mövsümi küləklər tipikdir. İsti və quru cənub küləkləri olan səmum və hamsin yazda və ilin başlanğıcda qumlu tufanlara tez-tez səbəb olur, Şimal küləyi qışda soyuq hava gətirir. Demək olar ki, Səudiyyə Ərəbistanı daimi çaylara və ya su mənbələrinə malik deyil, müvəqqəti axınlar yalnız intensiv yağışlardan sonra yaranır. Onlar şərqdə xüsusilə boldur. Əl-Hasada oazisləri suvaran çoxlu bulaqlar, qrunt suları səthə yaxın və vadilərin altında yerləşir. Su təmini problemi dəniz suyunun duzdan təmizlənməsi üzrə müəssisələrinin inkişafı vasitəsilə, dərin quyuların və artezian quyularının qazılması ilə həyata keçirilir. Səudiyyə Ərəbistanında primitiv səhra torpaqları üstünlük təşkil edir. Ölkənin şimalında subtropik boz torpaqlar inkişaf etmiş, El-Xasanın alçaq şərq rayonlarında şoranlıqlar və çəmən-şoran torpaqlar yayılmışdır. Hökumətin yaşıllaşdırma proqramını həyata keçirməsinə baxmayaraq meşələr və yaşıllıqlar ölkənin 1%-dən az sahəsini tutur. Əkin yeri, torpaqları (2%) əsasən məhsuldar oazislərdə, Rub-el-Xalidən daha şimalda yerləşir.
Bitki aləmi əsasən səhra və yarımsəhra bitkiləridir. Qumlarda bəzi yerlərdə ağ saksaul, dəvə tikanı, hamadalarda — şibyələr, lava sahələrində — yovşanlar, astraqallar, vadinin yolları üzrə tək qovaqlar, akasiyalar, daha çox duzlanmış yerdə yulğun, sahillər və şoranlıqlar üzrə kollar bitir. Qumlu və daş səhralarının əhəmiyyətli hissəsi demək olar ki, bitki örtüyünü tamamilə məhrum edilmişdir. Asir dağlarındakı savanna sahələrində akasiyalar, yabanı zeytun ağacları, badam bitir. Oazislərdə xurma palmalarının ağaclıqları, sitruslar, bananlar, taxıl və bostan bitkiləri yetişdirilir. Heyvanlar aləmi kifayət qədər müxtəlifdir. Əksəriyyəti gəmirici (qum siçanı, sünbülqıranlar, ərəbdovşanılar və başqaları) və sürünənlərdir (ilanlar, kərtənkələlər, tısbağalar). Quşların arasında qartallar, çalağanlar, şahinlər, dovdaqlar, torağaylar, kəkliklər, göyərçinlər üstünlük təşkil edir. Sahil ovalıqları çəyirtkənin artımının mərkəzi kimi xidmət edir. Qırmızı dənizdə və Fars körfəzində mərcanların (qara mərcan xüsusilə qiymətləndirilir) 2000-dən çox növü var. 10 qorunan ərazi ölkənin təxminən 3% sahəsi tutur. 1980-ci illərin ortalarında hökumət Asir Milli parkı təşkil etdi, burada vəhşi heyvanların yox olmaqda olan növləri saxlanır.
Əhalisi 28.6 mln nəfərdir. Əhalinin 90%-ni ərəblər təşkil edir. Əhalisi Məhəmməd peyğəmbər ərəb qəbilələrini 622-ci ildə birləşdirdikdən sonra formalaşmışdır. Tarix ərəblərin qədim xalqlardan olduğunu təsdiqliyir. Heredotun Tarix əsərində ərəb qəbilələri haqqında məlumat verilmişdir. Çox sürətli iqtisadi artım nəticəsində 2003-cü ildə şəhər əhalisinin payı 80%-ə artdı. Əhalinin çox hissəsi vahələrdə və şəhərlərdə cəmlənmişdir. Orta sıxlıq hər kv. kilometrdə 12,4 nəfər, bəzi şəhərlər və vahələrdə hər km²-də 1.000-dən çox əhali sıxlığına malikdir. Qırmızı dənizin və Fars körfəzinin sahilində rayonlar çox sıx məskunlaşmışdır, həmçinin Ər-Riyadda və əsas neft istehsalı rayonlarında da əhali sıx olur. Paytaxtın Ər-Riyadın əhalisi 3627 min nəfər təşkil edir (2003-də bütün məlumatlar) və ölkənin əhalisinin 14%-ni təşkil edir. Bunlar əsasən Səudiyyə Ərəbistanı sakinləri və başqa ərəb, Asiya və qərb ölkələri vətəndaşlarıdır. Hicazın əsas limanı və Səudiyyə Ərəbistanının ən əhəmiyyətli iş mərkəzi Ciddanın əhalisi 2674 min insan təşkil edir. Başqa böyük şəhərlər: Damman (675 min nəfər), Et-Taif (633 min nəfər), Tabuk (382 min nəfər). Onların əhalisi müxtəlif ərəb ölkələri, Fars körfəzinin ölkələri, hindlilər, həmçinin Şimali Amerikadan və Avropa ölkələrinin nümayəndələrindən ibarətdir. Köçəri həyat tərzini saxlayan bədəvilər əsasən ölkənin şimal və şərq rayonlarında məskən salırlar. Bütün ərazisinin 60%-dən çoxu (Rub-el-Xali səhraları, Nefud, Daxna) daimi oturaq əhaliyə malik deyil, bəzi rayonlara hətta köçərilər belə getmirlər.
Səudiyyə Ərəbistanı əhalisinin böyük əksəriyyətini müsəlmanlar (99%) təşkil edir. Ölkənin müxtəlif yerlərində fərqli formalarda özünü göstərir. Bütün müsəlmanların 9/10 sünnidirlər. Dövlətin mərkəzi hissəsində — Necdədə əhalinin demək olar ki, hamısı hənbəlilər (onlara ölkənin bütün sünni əhalisinin yarıdan çoxu aiddir). Qərbdə, Hicazda sünniliyin şafii məzhəbi geniş yayılıb. Həmçinin, hənəfilik və malikilərə, hənbəli-sələfilərə, hənbəli də rast gəlinir. Bundan başqa, Hicazda az sayda şiə-12 imamilər və zeydilər yaşayır. Cənub-Şərqdə, Asirdə əhalinin əksəriyyəti sünnülüyün şafii məzhəbinə etiqad edirlər. Sünnilər (hənbəlilər, malikilər) Şərq əyalətlərində (Əl-Hasa) məskunlaşıblar, lakin bu əyalətdə şiələrəin böyük qrupu (təxminən əhalinin üçdə biri) da yaşayır. Səudiyyə Ərəbistanı şiələri arasında digər ölkələrdən gələnlər (faslar, yəmənlilər, pakistanlılar, hindistanlılar) üstünlük təşkil edir. Səudiyyə Ərəbistanında qeyri-müsəlmanlar azdır. Ciddə şəhərində kiçik qruplar şəklində iudaistlər, pravoslavlar (yunanlar), protestantlar (amerikanlar və ingilislər) və katoliklər (italyanlar və başqaları, ümumilikdə 13 min qeyri-müsəlman) yaşayırlar.
622-ci ildə Ərəb xilafəti yaradılmışdır. Xilafət Şimali Afrikanı, Mərkəzi Asiyanı, Şərqi Anadolunu, Qafqazı, Pireney yarımadasını tərkibinə qatmış, bu əraziyə İslam dinini yaymışdır. Ərəbistan ərazisi XVI əsrdən Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. 1902–1913-cü illər İbn Səud ərazini türklərdən azad etmişdir. 1915-ci ildə Böyük Britaniya İbn Səudu Nəcdin və Hicazın kralı kimi tanıyır.
Birinci dünya müharibəsi başa çatdıqdan sonra indiki Səudiyyə Ərəbistanının ərazisində müstəqil Hicaz və Cebel-Şammar əmirliyi, Nəcd əmirliyi adlı dövlətlər mövcud idi. İngilislərin Ərəbistanda feodal dağınıqlığını qoruyub saxlamaq cəhdlərinə baxmayaraq, ölkədə birləşmə uğrunda hərəkat başlandı. Hərəkatın aparıcı qüvvəsini Nəcddəki Vəhhabi əmirliyi təşkil edirdi. Nəcd əmiri Əbdüləziz bin Əbdürrəhman əs-Səud 1918–1921-ci illərdə Cebel-Şammar əmirliyini tabe etdikdən sonra özünü Nəcd sultanı elan etdi. 1922-ci ildə İngiltərə Nəcdə qarşı mübarizəyə başladı. Bu mübarizədə ingilispərəst Hicaz kralı Hüseynin qüvvələrindən istifadə edilirdi, lakin Hüseyin 1924-cü ildə məğlub edildi. Səud özünü həm də Hicaz kralı elan etdi. Həmin il Asir əmirliyi də Səudun hakimiyyətinə tabe edildi. Yeni birləşmiş krallıq rəsmən 1927-ci ildə "Hicaz, Nəcd və birləşmiş vilayətlər krallığı" adlandırıldı. Dövləti Səud sülaləsi idarə etməyə başlayır. Böyük Britaniya yeni yaradılmış ərəb dövlətinin müstəqilliyini tanımalı oldu. 1938-ci ildə müəyyən hissəsi krallığın tərkibinə daxil olan İran körfəzində neft aşkar edildi. Neft hasilatına başlandı. 30-cu illərdə ABŞ kapitalı Səudiyyə Ərəbistanı iqtisadiyyatına nüfuz etməyə başladı. ABŞ inhisarları ölkədəki zəngin neft ehtiyatlarını istismar etmək üçün Səudiyyə Ərəbistanından uzun müddətə konsessiya aldılar. Sonralar ARAMKO adlı beynəlxalq neft şirkəti təşkil olundu. Səudiyyə Ərəbistan İkinci dünya müharibəsində bitərəfliyin saxlayır. İkinci dünya müharibəsindən sonra Səudiyyə Ərəbistanının daxili və xarici siyasəti neft amili ilə müəyyən olunurdu. Bir neçə il ərzində vaxtilə yoxsul olan Krallıq duru yanacaq ixrac edən qüdrətli dövlətə çevrildi. Hələ müharibə illərində regiona maraq göstərən ABŞ, müharibədən sonra da, Saudiyyə Ərabistanı ilə işgüzar əlaqələri genişləndirdi. O, ölkənin mühüm strateji əhəmiyyətli rayonu olan Dahranda hərbi-hava bazası inşa etmiş, Böyük Britaniyanın müqavimətinə baxmayaraq, 1950-ci ildə uzunluğu 1720 km olan və ildə 15–20 milyon ton ötürücü transərəb neft kəmərinin çəkilməsinə nail olmuşdu. Amerika neft şirkəti ARAMKO-nun zəngin neft yataqlarım istismara verməsi nəticəsində Səudiyyə Ərəbistanı rekord nəticələr əldə etdi. Əgər 1944-cü ildə ölkədə 1 milyon ton neft hasil edilirdisə, 1967-ci ildə bu rəqəm 129,8 milyon tona çatdırıldı. Neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanı artıq 1966-cı ildə Yaxın Şərqdə birinci, bazar iqtisadiyyatı ölkələri arasında isə dördüncü yeri tuturdu. Misirə 1956-cı il təcavüzü zamanı Səudiyyə Ərabistanı ARAMKO-ya İngiltərə və Fransaya neft satmağı qadağan etdi və eyni zamanda onlarla diplomatik münasibətləri kəsdi. 60-cı illərin sonundan etibarən Səudiyyə Ərəbistanının xarici siyasəti ikili səciyyə daşıyırdı. Bir tərəfdan o, demokratik və milli-azadlıq hərəkatlarına (xüsusilə Ərəbistan yarımadasında) qarşı çıxır, Yaxın və Orta Şərqda, Afrikada mühafizəkar rejimləri müdafiə edir, inkişaf etmiş ölkələr ilə iqtisadi və siyasi əlaqələri genişləndirmək xətti yeridir, digər tərəfdən ərəb ölkələrinə qarşı İsrailin təcavüzünü pisləyir və bu təcavüzdən ziyan çəkmiş ərəb ölkələrinə maddi yardım göstərirdi. Ərəb ölkələrinin 1974-cü ildə Rabatda keçirilmiş Konfransında Fələstin Azadlıq Təşkilatını Fələstin ərəb xalqının yeganə qanuni nümayəndəsi kimi tanımışdı. Səudiyyə Ərəbistanı İsrail ilə Misir arasında birtərəfli Kemp-Devid sövdələşməsini pisləmişdi. 70-ci illərdə neftin dünya qiymətinin artması neft ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının gəlirini on dəfələrlə artırdı. Səudiyyə Ərəbistanı dünyanın inkişaf etməkdə olan ölkələrinin liderinə çevrildi. Ölkənin iqtisadiyyatına böyük vəsait qoyuldu, neft sənayesi ilə yanaşı digər sənaye sahələri yaradıldı. 1981-ci ilin fevralında Səudiyyə Ərəbistanı başda olmaqla İran Körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurasını yaratmaq qərara alındı. Şura üzvləri İranla müharibə aparan İraqa iqtisadi və siyasi yardım göstərdilər. Təkcə Səudiyyə Ərəbistanı 80-ci illərdə İran-İraq müharibəsi ərzində İraqa 25 milyard ABŞ dolları məbləğində yardım göndərib.[22] Səudiyyə Ərəbistanı 1991-ci il İraqa qarşı Fars körfəzi savaşında koalisiya qoşunları tərəfindən vuruşur.
Səudiyyə Ərəbistanının dövlət quruluşu — 1992-ci ildə qəbul edilmiş dövlət quruluşu və ölkəni idarəetmənin ümumi prinsiplərinin möhkəmləndirilməsi ilə bağlı ilk hüquqi sənədlərə və Müqəddəs Quran — islam qanunvericiliyinə (şəriət) əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Səudiyyə Ərəbistanı mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik monarxiyadır, seçkilər keçirilmir. Milli bayram günü olan Krallığın yaranması günü (1932) 23 sentyabrda qeyd olunur.
Dövlət quruluşu və ölkəni idarəetmə ümumi prinsiplərinin möhkəmləndirilməsi ilə bağlı ilk hüquqi sənədlər 1992-ci ilin martında qəbul edilmişdir. Hakimiyyət sisteminin əsaslarına görə Səudiyyə Ərəbistanı Kral Əbdül Əziz ibn Əbdül Rəhman əl-Feysəl Əl Səudun övladlarının və nəvələrinin daxil olduğu Səud sülaləsinin idarə etdiyi mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik monarxiyadır. Müqəddəs Quran — islam qanunvericiliyinə (şəriət) əsasən idarə olunan Krallığın əsas qanunudur.
Səudiyyə Ərəbistanı 13 bölgəyə bölünmüşdür. Ən böyük vilayəti Cənub, ən kiçiyi isə Əl-Bəhadır
Ali hakimiyyət orqanlarına — dövlət başçısı və vəliəhd; Nazirlər Şurası; Məşvərət Şurası; Ali Məhkəmə Şurası daxildir, lakin Səudiyyə Ərəbistanının real strukturu, onun nəzəriyyədə təsvir edilmiş formasından bir qədər fərqlənir.
Kral hakimiyyəti — təxminən 5 min nəfərdən ibarət olan və ölkədə monarxiya quruluşunun əsasını təşkil edən Əl Səud ailəsinə söykənir. Kral — ailənin aparıcı nümayəndələrinin, xüsusən də qardaşlarının məsləhətlərinə əsaslanmaqla ölkəni idarə edir. Onun dini liderlərlə münasibətləri də məhz bu cür əsasda qurulur. 200 ildən artıq müddətdə Əl Səud sülaləsinə sədaqətli əs-Sudayri və İbn Cilyuvi kimi adlı-sanlı ailələrin, habelə Səudilər sülaləsinin bir qolu olan tanınmış Əl əş-Şeyx ruhani ailəsinin dəstəyi Krallığın sabitliyi üçün mühüm amil sayılır.
Vəliəhdlik mexanizmi rəsmi olaraq yalnız 1992-ci ildə təsbit edilmişdir. Taxt-tacın vəliəhdi kralın sağlığında üləmaların razılığı ilə təyin edilir.
Səudiyyə Ərəbistanında qəbilə ənənələrinə uyğun olaraq dəqiq vəliəhdlik sistemi mövcud deyil. Hakimiyyət adətən yaşca böyük və başçı funksiyalarının icrasına daha uyğun gələn şəxsə keçir. Ölkədə ixtilafsız hakimiyyət dəyişikliyini təmin etmək üçün 2000-ci ilin iyun ayında kral Fəhdin və vəliəhd Abdullanın qərarı ilə Ərəbistan monarxiyasının banisi İbn Səudun nəslinin birbaşa nümayəndələrinin (övladları, nəvə-nəticələri) 18 ən nüfuzlu üzvünün daxil olduğu Kral Ailə Şurası təsis edilmişdir.
Nazirlər Şurası icraedici orqan kimi 1954-cü ildən fəaliyyət göstərir. Konstitusiyaya görə Hökumətə Kral başçılıq edir (hazırkı forma 1953-cü ildən mövcuddur) və onun fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir. Hökumətin üzvləri Kral tərəfindən təyin edilir və onun qarşısında məsuliyyət daşıyır. Nazirlər Şurası özündə həm icraedici, həm də qanunvericilik funksiyalarını birləşdirir. Onun bütün qərarları şəriət normalarına uyğun olmaqla, səs çoxluğu ilə qəbul edilir və kralın dekreti ilə təsdiq olunur. Kabinet Baş nazirdən, Baş nazirin I və II müavinindən, 20 nazirdən (Baş nazirin II müavini sayılan Müdafiə naziri də daxil olmaqla), habelə kralın dekreti ilə nazirlər şurasının üzvü kimi təyin olunan dövlət nazirlərindən və müşavirlərdən ibarətdir.
Aparıcı nazir vəzifələrini Kral ailəsinin üzvləri tuturlar. Nazirlər krala, onun konstitusiyaya və digər qanunlara müvafiq olaraq səlahiyyətlərinin icrasına köməklik göstərirlər. Kral istənilən anda Nazirlər Şurasını buraxa və ya yenidən təşkil edə bilər. 1993-cü ildən etibarən hər bir nazirin fəaliyyət dövrü 4 illik müddətlə məhdudlaşır.
Formal olaraq Ali qanunvericilik orqanının funksiyalarını Məşvərət Şurası icra edir və onun üzvləri (alimlər, yazıçılar, sahibkarlar, kral ailəsinin görkəmli nümayəndələri) də Kral tərəfindən təyin olunur. 29 fevral 1992-ci ildə Kral Fəhd Nazirlər Şurasının xüsusi iclasında "Hakimiyyət sisteminin əsasları", "Məşvərət Şurasının rolu", "Ərazi quruluşu sistemi" modelini elan etmişdir. Fərmanlar əsas etibarilə ölkədəki mütləq hakimiyyət sistemini möhkəmləndirmişdir. Hakimiyyətin bütün əsasları əvvəlki kimi Kralın əlində cəmləşmişdir.
2001-ci ilin iyul ayında Səudiyyə Ərəbistanı Kralının əmri ilə Məşvərət Şurasının yeni dördillik müddətə təyin olunması haqqında qərar qəbul edilmişdir. Əvvəlkindən fərqli olaraq məclis üzvlərinin sayı 90-dan 120-yə, hazırda isə 150 nəfərə qədər artırılmışdır. Ölkədə Ali qanunvericilik səlahiyyətlərinin Kral tərəfindən icra edilməsinə baxmayaraq, bu hadisəni ölkədə baş verən demokratik dəyişmələrin təzahürü kimi qiymətləndirmək olar. Yeni Məclis üzvləri ölkənin bütün bölgələrini təmsil edir. İlk dəfə olaraq şiə məzhəbinin 4 nümayəndəsi də Məşvərət Şurasının tərkibinə daxil edilmişdir. 2011-ci ildən qadınların Məşvərət Şurasına üzvlüyü ilə bağlı qadağa aradan götürülmüşdür.
Konstitusiya və ölkənin cinayət-prosessual, məhkəmə qaydaları Qurani-Kərim və şəriət qanunları əsasında tənzimlənir. 1992-ci ildə SƏK hakimiyyət sisteminin əsasları Kral tərəfindən imzalanmışdır. Məhkəmələrdə dini hakimlər — qazılar sədrlik edirlər. Dini məhkəmələrin üzvləri 12 böyük hüquqşunasdan ibarət Ali Ədalət Şurasının tövsiyəsi ilə kral tərəfindən təyin edilir. Kral ali apelyasiya instansiyası olaraq əfv etmək hüququna malikdir.
Səudiyyə Ərəbistanı iqtisadiyyatı əsasən neft gəlirlərinə söykənir. Hökumət əsas iqtisadi fəaliyyət sahələrini ciddi nəzarət altında saxlayır. Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 25%-nə malik olaraq, dünyada neft ixracına görə birinci yer tutur və OPEC-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75%-ni, ümumdaxili məhsulun 45%-ni və ümumi ixracın 90%-ni təşkil edir. Ümumdaxili məhsulun 40%-i özəl sektorun payına düşür. Səudiyyə Ərəbistanında çalışan 5,5 milyon əcnəbi ölkə iqtisadiyyatı, xüsusən də neft və xidmət sektorunda vacib rol oynayır. Hökumət iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Səudiyyə Ərəbistanı hökuməti ölkədə elektrik enerjisi və təbii qaz istehsalı, telekommunikasiya və neft kimyası sahələrində özəl sektorun və xarici investorların iştirakını dəstəkləyir. Uzun sürən danışıqlardan sonra Səudiyyə Ərəbistanı nəhayət ki, 2005-ci ilin dekabr ayında Ümumdünya Ticarət Təşkilatının üzvü seçilmişdir. Neftdən gələn gəlirlərin sayəsində Səudiyyə Ərəbistanı hökuməti təhsil, peşə hazırlığı, habelə infrastrukturun inkişafı və maaşların artırılmasına külli miqdarda vəsait ayıra bilir. Neftdən krallığın asılılığını azaltmaq üçün və sürətlə artan səudiyyə əhalisinin məşğulluğunu artırmaq üçün, son illərdə özəl sektor sürətlə inkişaf edir. Su infrastrukturunun və təhsilin inkişafına əlavə vasitələrin ayrılması ən yaxın perspektivdə Səudiyyə Ərəbistanının hökumətinin əsas prioritetidir. Suyun çatışmazlığı və sürətli əhali artımı ölkəyə özünü kənd təsərrüfatı məhsullarıyla tamamilə təmin etməyə imkan vermir.
Səudiyyə Ərəbistanında kənd təsərrüfatı zəif inkişaf edib. Mühüm təsərrüfat rayonu Əl-Asir rayonu, sahil zonası və Txema vadisidir. Ümumi ərazisinin cəmi 4,2% torpağı becərilir. Faizsiz kreditlə torpaqlar paylanır. Heyvandarlıqla məşğul olanlara müxtəlif subsidisiyalar və güzəştlər edilir. Kənd təsərrüfatı iki istiqamətdə aparılır: kiçik miqyaslı bədəvi təsərrüfatı və irimiqyaslı mexanikləşdirilmiş kənd təsərrüfatı. İkinci təsərrüfat istifadə etdiyi suyun 95 faizini yeraltı sulardan əldə edir. Buğda istehsalı geniş yayılıb və buğda əsas ixracat mallarındandır. Mədinə, əl-İhsa, Qatif, əl-Hofuf və əl-Qasimdə xurma ağacı meşələri vardır. Digər məhsullar pomidor, yemiş, üzüm, soğan, kartof, arpa, əncir, ağ qarğıdalı və küncütdür. Mal-qara isə qoyun, keçi, dəvə və s.dir. Qırmızı dənizdə və İran körfəzində balıq ovlanır. Səudiyyə Ərəbistanı ildə 100 milyon metr³ şor suyu şirin suya çevirməklə dünyanın ən böyük su şirinləşdirmə gücünə malikdir. İrriqasiya məqsədilə ildə yeraltı suyun 9500 milyon kub metri çıxarılır və istifadə olunur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |