Başqırdıstan Respublikasının tarixi

Başqırdıstan tarixiBaşqırdıstanın keçmişi.

Ən qədim dövr

[redaktə | mənbəni redaktə et]

Orta əsr tarixi

[redaktə | mənbəni redaktə et]

Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır.[1]

Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular.[2]

Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı.[3] 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XI əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı. Uraldan şərqdə yaşayan başqırdlar isə əvvəlcə Sibir, sonra Qazan xanlığına tabe edilmişdi. Bununla da, Başqırd torpaqları dövlətlər arasında parçalanmışdı.[4]

Əvvəllər başqırdların ictimai həyatında mühüm rol oynamış "yıyın" adlanan xalq yığıncağı daha çağrılmırdı. Indi Başqırd tayfalarını Noqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarxanları idarə edirdilər. XIV–XV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri "biy"lər (bəylər) meydana çıxmışdı ki, onlar da Sibir və Noqay xanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.[5]

1552-ci ildə Qazan xanlığını ruslar işğal etdilər və başqırd tayfaları da onların təcavüzünə məruz qaldılar. Əvvəlcə başqırdların minq tayfası, 1556-cı ildə isə userqan, qıpçaq, burzan və başqaları da Rusiyanın tabeliyini qəbul etdilər. 1598-ci ildə ruslar Sibir xanlığının işğalını başa çatdırdılar və bununla da başqırd torpaqları da tamamilə rus dövlətinin tərkibinə qatıldı. Başqırdlar Rusiyaya yasaq formasında xəz və bal verirdilər. Rusiya Başqırd torpaqlarında daha da möhkəmlənmək üçün başqırd hakimlərini, tarxanlarını öz tərəfinə çəkir, eyni zamanda mərkəzdən bura rus ailələri köçürür və hərbi-strateji əhəmiyyətli şəhərlər salırdı. 1574-cü ildə Ufa şəhəri salındı və 1586-cı ildə isə inzibati mərkəzə çevrildi. Bundan sonra Başqırd torpağında Birsk, Çelyabinsk, TabınskOrenburq şəhər-qalaları tikildi. Bu şəhrlərdə Rusiyanın müxtəlif yerlərindən köçürülmüş əhalidən başqa rus əsgər və zabitləri də yerləşdirilirdi. Ufa şəhərində oturan rus voyevodası başqırdların hakimi sayılırdı. Ağır müstəmləkə rejimi ilə razılaşmayan başqırdlar üsyana qalxdılar. 1662–1664-cü illəri əhatə edən bu üsyanda çoxlu rus ailələri Başqırdıstandan qovulmuş, bir çox qəddar rus hakimləri öldürülmüşdü. Rusiya hökuməti böyük bir ordu yeritməklə bu üsyanı qəddarcasına yatırtmışdı. Başqırd üsyanları demək olar bütün XVIII əsr boyu müəyyən fasilələrlə davam etmişdir.[6]

Başqırdıstanın Rusiyaya birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın Rusiyaya birləşdirilməsindən sonra Ufa şəhəri quruldu. Ufa şəhəri ətraf əraziləri ilə birlikdə Ufa uyezdində, XVIII əsrin başlanğıcından isə Ufa əyalətində birləşdirildi.[7] Ufa əyalətinin tərkibinə Kazan qubeyrniyası, 1744-cü ildən isə Orenburq daxil edildi.

Başqırdların əraziləri XVIII əsrlərdən etibarən Uralın orta və cənub hissəsini, Bela və Kama çayları arasında yerləşən meşə-çöl və çöl zonalarını, Yaik çayının orta axarına qədər olan cənub hissəsini, habelə Yaikin orta axarının çöl zonarını əhatə edir. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 "yola" (inzibati dairə) bölünmüşdü. Mərkəz və cənub hissə (Başqırdıstanın)-Noqay yolu, qərb hissə-Kazan yolu, (Uralarxası şərq və) Cənubi Uralarxası torpaqların şərq hissəsi-Sibir yolu, Ufadan şimala uzanan nazik zolaq Osin yolu adlanırdı. Yollar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi. Başqırdıstan Rusiyanın milli tərkibinə görə ən çoxsaylı əyalətlərindən biri hesab olunur. Burada başqırdlardan savayı yüz minlərlə rus, tatar, çuvaş, mari, udmurt və s. xalqlar yaşayırlar. Ufa voyevodası polkovnik Lyutkinanın 1744-cü ildə verdiyi məlumata görə "Başqırdıstanda həmin dövrdə 75 185 rus yaşayırdı." Sonrakı illərdə bu ərazilərdə rus əhalisinin artması bura Mərkəzi Rusiyadan köçürülən rus kəndlilərinin və yeni yaradılmış dağ-mədən sənaye sahələrində işləyən işçilərin hesabına oldu. Başqırdıstanda şəhər əhalisi əsasən Ufada, Birskdə, Menzelində, Osda və s. yerlərdə yaşayırdılar. Bu şəhərlər sənətkarlıq-ticarət mərkəzi olmaqdan başqa, həm də rus hərbi xidmətçilərinin yerləşdiyi qəsəbələr hesab olunurdu. Birski şəhərində 700 mülkdən yarısı hərbi xidmətçilərin əlində idi. Menzelin şəhərində əhalinin əsas hissəsini dvoryanlar (zadəgan) və kazaklar təşkil edirdi. Ufada 160 mülkdən onlarla mülk Polşa şlyaxtaçılarına, yerdə qalan hissələr isə rus dvoryanlarına və yeni xristianlığı qəbul etmişlərə verilmişdi.

XVIII əsrin birinci yarısından başqırdlar köçəri-maldar təsərrüfatından əkinçiliyə və oturaq həyata keçməyə başladılar. Başqırdıstanın şimal və qərbində, belə ki, Osin və Kazan yolları əhatəsində olan torpaqlarda əhali tamamilə oturaq əkinçi-maldar təsərrüfatına keçmişdi. Başqırdıstanın cənub və şərqində-Noqay və Sibir yollarına aid olan ərazilərdə əhali 2 hissəyə ayrılmışdır. Həm maldarlıqla, həm də əkinçi-maldarlıqla məşğul olurdular.

Başqırdıstanın Sibir və Noqay "yollarında" çoxlu heyvanlar dəvə, at, inək və qoyun saxlayırdılar. Qış heyvanlar üçün çox ağır keçirdi. Çünki qış üçün quru ot tədarükü az görülürdü. Başqırdlar kəndlərində ancaq qışda yaşayırdılar, yayda onlar öz volostlarının ərazisi dairəsində köç edirdilər. Əhali arasında arıçılıq və ovçuluq məşğuliyyəti geniş yayılmışdı.

Başqırdlar köçəri-maldarlıqla məşğul olmalarına baxmayaraq onların 10–15 həyətdən ibarət olan daimi kəndləri var idi. Çox nadir hallarda 50–100 həyətdən ibarət kəndlərə rast gəlmək olardı. Hər bir kənd yay vaxtı kiçik qruplara bölünərək öz volostları daxilində özləri üçün əvvəlcədən müəyyən olunmuş yerlərə köç edirdilər.

XVIII əsrin birinci yarısında Kazan və Osin yollarında əkinçilik böyük sürətlə inkişaf etməyə başlamışdı. Bu faktı kunqur ərazilərinin burqomistiri Yuxnev də təsdiq edərək qeyd edir: "Onlar çoxlu taxıl biçir və Kazan yoluna aid olan Ufa əhalisini ərzaqla təmin edirlər. Onların yaxşı evləri və həyətləri var. Yay vaxtı əhalinin yarısı çölə köç edirlər. Onların istənilən qədər taxılı, at əti və başqa ərzaq məhsulları var."

XVII əsrin 80-ci illərində Kazan və Osin yollarına aid olan Solikam bazarına satlıq taxıl çıxarılmasına başlanmışdı.

Ufa, Kama və Bela çayları ətrafında yaşayan başqırd kəndliləri əkinçilikdə böyük müvəffəqiyyət qazanmış, əldə etdikləri taxılı yaxınlıqdakı şəhərlərə, zavodlara və qalalara satmağa aparırdılar. Başqırdlarda sənaye istehsalı kənd təsərrüfatı ilə, xüsusilə də maldarlıq təsərrüfatı ilə bağlı idi. Dəri emalı və məmulatı hazırlanması evdarlıq xarakteri daşıyırdı. Ev şəraitində dəridən ayaqqabı, vedrə və müxtəlif qablar hazırlanırdı.

Başqırdlar arasında filiz işini bilən dəmiçilər çox idi. Silah və dəmir emalı işləri ilə başqırdların məşğul olması qadağan olunsa da, ancaq onlar bu qanundan yan keçib, bu işlərini davam etdirirdilər. Lakin bütün bunlara baxmayaraq metallurgiya zəif inkişaf etmişdi. Ticarətdə dəyişmə üsuluna üstünlük verirdilər.

Başqırd bayları öz ölkəsindən kənara dəri, xəz, yun və heyvandarlıq məhsulları göndərirdi. Onların ticarəti Qərbi Sibirdəki Sibir yarmarkası vasitəsilə Orta Asiya və Kazan tacirləri ilə aparılırdı.

Başqırd əhalisi yaşamayan ərazilərdə əsas təsərrüfat sahəsi əkinçilik təsərrüfatı idi. Lakin udmurtlar, tatarlar, marilər, çuvaşlar hələ də yüngül xışdan istifadə edirdilər. Belə xışla işə torpağa üzdən, dayaz şumlanırdı. Bu isə məhsuldarlığa mənfi təsir göstərirdi.

XVIII əsrin 30-cu illərində Uraldan cənubda Başqırdıstanın mərkəzində I. K. Kirilovun Voskresenski mis emalı zavodu, 40-cı illərdə isə Simbirski taciri I. B. Tverdışın zavodları tikildi.

XVIII əsrin 50-ci illərində Başqırdıstanda 28 zavod fəaliyyət göstərirdi. Ufadan cənub və cənub-qərbdə mis emalı zavodları, şərqdə isə dəmir filizi emalı zavodları yerləşmişdi. Zavodlara kəndlilər təhkim olunmuşdular və onlar ağır şəraitdə işləyirdilər.

Başqırd cəmiyyəti əsasən iki sinfə bölünmüşdü-feodal patriarxal əyanlar və sıravi icma üzvləri. Rus mənbələrində həmin feodal əyanlar-knyazlar, murzalar, tarxanlar, biylər və inzibati-idarə vəziyyətlərinə görə adlanan starşinalar və yüzbaşılar hesab olunurdu. Bu feodallar içərisində ən nüfuzlusu tarxanlar idi. Tarxanlar yasaq vermirdilər və oturaq-əkinçi və köçəri kəndlilər üzərində müstəsna hakimiyyətə malik idi. Tarxanlar öz hakimiyyətlərinin nüfuzundan istifadə edərək icma ərazisindən ən yaxşı münbit torpaqları və köç yerlərini ələ keçirib xüsusiləşdirirdilər.

Tarxanlar əsasən irsi və fərdi hissələrə bölünürdülər. Irsi tarxanlar əsas qruplar idi. "Fərdi tarxanlıq isə Başqırdıstan Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya dövlətinə, qulluğa görə verilmişdi. Hər ikisi eyni hüquqa malik idilər." Tarxanlar rus hökumətinə tabe olan hərbi və mülki-inzibati idarələrdə qulluq edirdilər. Inzibati idarə sistemində çalışan başqırd feodalları starşina adlanırdı. Starşina-tarxanlar yasaqdan azad idilər. Tarxan olmayan starşina-feodallar isə yasaq verirdilər. Starşinaların ağır zülmü xalqın narazılığına gətirib çıxarırdı və dövlət idarələrinə onlardan şikayət ərizələri verilirdi. 1756-cı ildə Katya-Tersat Volostunun kəndliləri starşina Dauta Enalinadan Orenburq quberniya dəftərxanasına şikayət etmişdilər. Elə həmin ildə onlar onun evini yandırmış və starşina vəzifəsindən getməsini tələb etmişdilər. Başqırdıstanda ən nüfuzlu qrupu rus xidmət adamları idi. 1736-cı ilin 11 fevralında verilmiş fərmana görə başqırd icma torpaqları satıla bilərdi. Bu fərmandan istifadə edən rus hərbi qulluqçuları çoxlu torpaqları ələ keçirdilər. Feodalın torpağında kəndli haqsız və muzdsuz səpin və yığım işləri ilə – "ome" feodala kömək adı altında işləyirdilər. Feodallar saun adlı mükəlləfiyyətdən geniş istifadə edirdilər. Sauna görə feodalın heyvanları kəndlilər arasında bölüşdürülüb saxlanılırdı. Heyvanlar ölər və itərdisə onun əvəzini kəndli verməli idi. Kəndli heyvanları saxlamağın əvəzi olaraq onların südündən və yunundan sərbəst istifadə edə bilərdi.

İcma torpaqlarının faktiki rəhbəri olan feodal icmadan buraxılmış kəndlilərdən icma torpaqlarından istifadə etməklə öz xeyri üçün istifadə edirdilər. Sərgərdan kəndlilər içərisində çoxlu başqırdlar var idi. Feodallar onları yığır, torpaqlarında işləməyə məcbur edir, sonra nəyisə bəhanə edib torpaqdan qovurdular. Kazan yollarının Kurşun volostunun başqırdları 1741-ci ildə həmin volostun starşinası Şərif Mryakovdan şikayət ərizəsi yazmışdılar.

Mülkədarlar "ispolu" adlanan mükəlləfiyyətdən istifadə edirdilər. Belə ki, feodallar heyvanları olmayan kəndlilərə heyvan (at, qoyun, dəvə və s.) alıb verirdilər. Həmin kəndli feodala bunun müqabilində heyvanların balalarının yarısını verirdilər.

"Yardarlıq" deyilən mükəlləfiyyətə görə isə kəndli feodalın həyətində və təsərrüfatında 3 il ərzində bütün işlərini görməli, əvəzində isə məhsulun yarısını almalı idi. Lakin elə hesablanırdı ki, kəndli faktiki heç nəyin sahibi olmurdu.

Başqırd feodalları hərbi əsirləri də qul kimi öz təsərrüfatında işlədirdilər. Ancaq hərbi əsirləri onlar ən çox Orta Asiya tacirlərinə satmaqla daha çox qazanc götürürdülər.

Borclu başqırdların çoxusu borcunu verə bilmədiyinə görə feodalın təhkimlisinə çevrilirdi. Məsələn, 1737-ci ildə başqırd oğlanı Kibinyaş Imyasov və Mamblet Askarov, tatar gənci Arsbay Beskıbayev və çuvaş qızı Kulçuma Yanbeteva feodal Baryambika, Kusyumbetovdan 25 manat alıb borclarını qaytara bilmədik-lərinə görə həmin feodalın xolopuna çevrilmişdilər.

Ağır, kasıbçılıq şəraitində yaşayan başqırdlarda uşaq alıb-satılması geniş yayılmışdı. Yalnız 1737-ci ildə Ufa əyalətinin dəftərxanasında 36 belə hadisə qeydə alınmışdı.

Başqırd kəndliləri əsasən torpaqlarında qeydiyyatsız və şəraitsiz məskunlaşmışdılar. Teptyarlar isə əsasən buraxılmış boş torpaqlarda müəyyən şərtlər əsasında məskunlaşırdılar. Bu cür müqavilələr teptyarları torpağa bağlayırdı və oradan çıxıb gedə bilmirdilər. Çoxlu teptyarlar icmaya daxil olub icma üzvləri ilə bərabərhüquqlu səviyyəsinə gəlib çatdı və çox vaxt onları "yeni başqırdlar" adlandırırdılar.

Başqırdıstanda rus zadəganları özlərinin mülk torpaqlarında əsasən təhkimli rus kəndlilərinin qüvvəsindən istifadə edirdilər. XVIII əsrin 30-cu illərindən etibarən isə Başqırdıstanda feodal təhkimçilik zülmü, müstəmləkə zülmü ilə birləşib xalqın vəziyyətii daha da dözülməz hala saldı.

XVIII əsrin birinci yarısında çar hökuməti müəyyən tədbirlər görürdü ki, başqırdlardan yasaq alsın. Bundan əlavə onlar sərhəd zonalarına xidmətə göndərilir, hərbi yürüşlərdə iştirak edir, icma torpaqlarını şəhər ətrafında məskunlaşmış rus xidmət adamları arasında bölüşdürülürdü. 1734-cü ildə başqırdlar üçün 2054 manat 78 qəpik səviyyəsində yasak müəyyənləşdirildi ki, bu da hər bir başqırd üçün 30 qəpik dəyərində vergi demək idi. Hər bir adamın yasak verdiyini göstərmək üçün qeydiyyat kitabı tərtib olunmuşdu. Yasaq əsasən xəz və bal məhsulları şəklində, sonralar isə pul formasında alınırdı. Pul əsasən xəzin qiymətilə ölçülüb götürülürdü. Məsələn, bir sincab dərisi 40 qəpik, tülkü dərisi 75 qəpik, bəbir dərisi-1,5 manat, 1 batman bal isə-1 manat səviyyəsində idi və bu dərəcədə də pul vergisi tələb olunurdu.

Başqırdlar da ruslar kimi ağır hərbi xidmət həyatı sürürdülər. Onlar Şimal müharibəsində isveçlilərə qarşı demək olar ki, bütün hərbi əməliyyatlarda iştirak etmişdilər. 1734-cü ildə Orenburq hərbi xəttinin yaradılmasından sonra başqırdların hərbi xidmətə cəlb olunması daha da gücləndi. Belə ki, hər il həmin qalanın gözətçiliyinə 1500 nəfər adam cəlb olunurdu. Ora gedən adamlar öz vəsaitləri hesabına at, silah, geyim və s. almalı idi. Bu xüsusilə sıravi icma üzvləri üçün çox ağır idi.

1734-cü ildəki məlumata görə teptyarlar və bobıllar 8506 manat 80 qəpik yasaq vermişdilər. Onlar bundan başqa 4 qəpik tüstü, 5 qəpik isə yam vergisi verirdilər. Bobıllardan alınan illik vergilər artaraq 20, 30, 50 və 60 qəpiyə çatmışdı. 1747-ci ildə teptyar və bobıllardan alınan vergi 33 765 manata çatdı. 1747-ci ildə başqırdlar üçün can vergisi 80 qəpiyə qaldırıldı ki, bu da illik can vergisini 14 403 manata gətirib çıxartdı.

Rus kəndlilərinin isə xəzinəyə verdikləri can vergisi 70 qəpik səviyyəsində idi. 40 qəpik isə məşğuliyyət sahəsindən verilirdi. Rus kəndliləri də başqırdlar kimi ağır mükəlləfiyyətlər yerinə yetirirdi — əsgər verir, dövlət və şəxsi zavodlarda işləyirdilər, müdafiə qalalarının qurulmasına cəlb olunurdular. Müdafiə qalaları və hərbi yolların çəkilməsi ağır bir yük kimi başqırd əhalisinin üzərinə düşürdü. Bu tikintilərin xüsusilə genişlənməsi 1730-cu illərə düşür. 1731-ci ildə Yeni Zakam hərbi yolunun çəkilməsi haqqında qərar verildi. 1732-ci ildə isə bu yolun inşasına başlanıldı. 1734–1744-cü illərdə isə Orenburq ekspedisiyasının fəaliyyəti genişləndi, onun qarşısında duran vəzifə qazax çöllərini iqtisadi və siyasi cəhətdən ələ keçirmək, Orta Asiya xanları ilə ticarət əlaqəsi yaradaraq Hindistana çıxmaq cəhdi idi. Orenburq ekspedisiyasının rəhbərliyi bu layihənin müəllifi və senatın ober-sekretarı I. K. Kirilova tapşırıldı. Onun köməkçisi isə gizli işlər üzrə xarici işlər Kollegiyasının tərcüməçisi A. I. Tevkelev oldu.

1734-cü ilin noyabr ayında Orenburq ekspedisiyası Ufaya gəldi. I. K. Kirillovun sərəncamı ilə ekspedisiya Penza, Voloyod və Ufa piyada batalyonlarına bölündü. Ekspedisiyada Ufa zadəgan və kazaklarının yarısı, habelə yaşı çatmamış Ufa, Menzelin və Bişski bölgələrinin gəncləri cəlb olunmuşdular. Bundan əlavə ekspedisiyasının tərkibində başqırd tarxanları və mişarlar da var idi.

Orenburq hərbi xəttinin çəkilməsi, çar hakimiyyətinin getdikcə bu ərazilərdə möhkəmlənməsi, çoxlu torpaqların rus zadəganlarının əlinə keçməsi başqırd feodallarını narahat edirdi. Onlar kəndlilər üzərində hakimiyyətini və gəlirlərini heç kəslə bölüşdürmək istəmirdilər. Başqırd feodallarının böyük bir hissəsi isə Rus himayəsini qəbul etmək istəmirdilər. Ilk çıxışlar 1705–1711-ci illərdə baş vermişdi. 1704-cü ildə Mərkəzdən Başqırdıstana, əhali üzrinə yeni vergilər qoymaq məqsədilə I. Jixarev və M. Doxov adlı 2 nümayəndə göndərildi. Nümayəndələrin yeni qaydalarına qarşı kor-təbii hərəkat başlandı. Üsyana başqırd feodalları rəhbərlik edərək, ona mütəşəkkil xarakter verdilər. Başqırd feodalları Rus hakimiyyətini buradan birdəfəlik yox etmək məqsədilə Türkiyə sultanı və Krım xanlğı ilə əlaqə yaratdılar. Başqırdıstanın şimal-qərb torpaqlarının başqırd feodalları artıq çoxdan oturaq həyata keçərək, özlərinin iri malikanələrini yaratmışdılar. Onlar böyük rus imperiyasının tərkibində sakit yaşayırdılar və onlar bu hakimiyyəti hər hansı xan və sultan hakimiyyətinə dəyişmək istəmirdilər. Onlar çoxdan köçəri maldar təsərrüfatından uzaqlaşmışdılar. Məhz bu səbəblərə görə onların üsyanda iştirak etmək maraqları az idi və üsyana da qoşulmadılar. Üsyan Başqırdıstanın cənub və cənub-qərb ərazilərini bürüdü. Başqırd tatar feodalları, murzaları, din xadimləri üsyançılara qoşuldular. Lakin üsyanın geniş vüsət alması iri feodalları, din xadimlərinin ciddi narahatlığına səbəb oldu. Voyevod Xovinski iri feodalların və din xadimlərinin vasitəsilə üsaynın başçıları ilə əlaqəyə girdi. Bu zaman üsyançılar Kazanın yaxınlığına gəlib çıxmışdılar. Yaranmış təhlükədən qorxan iri feodallar və xüsusilə böyük nüfuz sahibi olan ruhanilər üsyançılara xəyanət edərək rus qoşunlarının tərəfinə keçdilər. Üsyan çar qoşunları tərəfindən amansızcasına yatırıldı. Beləliklə, 1711-ci ildə silah gücünə ölkədə sakitlik yaradıldı.

1735-ci ildə yenidən başqırd feodalları üsyan qaldırdılar. Üsyana səbəb isə Başqırdıstan torpaqlarında Orenburq ekspedisiyasının fəaliyyətinin genişlənməsi idi. Belə ki, Orenburq və eləcə də digər qalaların salınması başqırd əhalisinin əkin torpaqlarının əllərindən alınması hesabına baş verirdi. Başqırdıstanın cənub-şərq çöllərinin feodalları öz köçəri təsərrüfatlarının – qalaların qurulması nəticəsində oturaq-əkinçi təsərrüfatı ilə əlaqəsinin kəsilməsindən narahat olurdular. 1735–1736-cı ildə, yəni üsyanın birinci mərhələsində məqsəd Başqırd torpağında hər hansı qalanın tikilməsinin qarşısını almaq idi. 1737–1740-cı illərdə üsyanın ikinci mərhələsində isə yenidən keçmiş proqramı həyata keçirmək məqsədi irəli sürüldü. Üsyana Sibir yolunun feodalları rəhbərlik edərək, Rus himayəsindən çıxmaq, köçəri-maldar xanlarından birini hakimiyyətə gətirmək istəyirdilər. 1740-cı ildə Sibir yolunun feodalları Qara Saqqalı (Karasakal) xan seçdilər. Hərəkat çar qoşunları tərəfindən amansızlıqla yatırıldı. Çar hökuməti 1735-ci il üsyanında iştirak etmiş şəxslər haqqında 1736-cı il 11 fevral qərarını verdi. Həmin qərara görə üsyan iştirakçılarına ən amansız cəzalar verildi. Üsyana kömək etmiş mişarlara və s. feodal təbəqələrinə ömürlük vergi ödəməmək şərti ilə torpaqlar verildi. Məsələn, starşina-200 çetvert, onun köməkçiləri olan yasaul və yüzbaşılar-100, sıravilər isə 50 çetvert torpaq sahəsi aldılar. Çar hökuməti yerlərdə hakimiyyətini möhkəmləndirmək məqsədi ilə yenidən qala və hərbi yolların tikintisini genişləndirdi. Sonralar isə rus xidmət adamlarına başqırd torpaqlarını almaq imkanı verildi. Başqırdlara silah almaq, saxlamaq və dəmirçiliklə məşğul olmaq qadağan edilmişdi.

Çar hökuməti yerlərdə başqırd starşinalarının səlahiyyətlərini genişləndirdi. Yüzbaşılar starşinaların tabeliyinə verildi. Starşinalar ən mühüm məsələlər üçün ümumi volost əhalisinin yığıncağını çağırırdılar. 11 fevral 1736-cı il qanununa görə starşina vəzifəsində irsilik ləğv olundu, indi o seçilirdi. Starşina günahkara bədən cəzası verdirir, onu həbs və cərimə etdirə bilərdi. Qərara görə, hər bir yola bir nəfər axund təyin edilmişdi. Axund qərarsız yeni məscid və məktəb tikdirə bilməzdi. Yerli məhkəmələrin səlahiyyətləri tam məhdudlaşdırıldı. Torpaq mübahisələrinə, ağır cinayətlərə yalnız əyalət məhkəmələrində və dəftərxanalarında baxılırdı. Çar hökumətinin qanunları iri köçəri feodalların nüfuzuna böyük zərbə vurdu, ancaq taleyini çarizmlə bağlayan yerli idarəetmə orqanlarında işləyən oturaq feodalların nüfuzu və səlahiyyətləri genişləndirildi. Başqırd əhalisi yerli feodalların və çar zülmündən baş götürüb hələ də Başqırdıstanda əkilməmiş, istifadəsiz qalmış torpaqlara qaçırdılar.

1747-ci ildə teptyar-bobilların yerli feodalların və rus inzibati-idarələrinin zülmünə qarşı üsyan baş verdi. Belə kican vergisinin miqdarı 80 qəpiyə qalxmışdı.

14–15 iyul 1747-ci ildə Vaxmıstr Ivan Moiseyev Sibir yolunun Meleqes kəndində yeni can vergisinin qoyulması haqqında qərarı oxuyarkən teptyar və babillar bərk əsəbiləşərək onu və onunla gələn mirzə və yüzbaşıları döyüb kənddən qovmuşdular. Bu hadisədən sonra teptyar və babillar Ufa dəftərxanasına məktub göndərərək yeni vergiləri ödəməyəcəklərini bildirdilər. Hətta onlar çariçaya şikayət məktubu hazırlıyaraq voyevododan onlara pasport verilməsini xahiş etdilər ki, bütün 4 yolun əhalisi "mərhəmətli" çarın yanına gedə bilsin. Osin yolunda hətta imperatriçanın yanına göndərilmək üçün mari sakini Nurki Borisovanı hazırladılar. Nurki Borisovna həmin ərazidə hərəkata rəhbərlik edirdi. Həyəcanlar haqqında məlumat alan Orenburq qubernatoru I. I. Neplyuev "hərbi şura" çağırıb həmin ərazilərə ordu göndərilməsini məsləhət bildi.

1747-ci ilin avqustunda Kazan yolunun mişarları da çıxışlara başlamışdılar. Birski rayonunda 400 silahlı mari toplaşmışdı. Mayor Kublitskinin rəhbərliyi ilə bura gələn hərbi qüvvələr üsaynı yatırtdı. Üsyançılardan çoxu öldürüldü, 70 nəfəri isə Tanıp çayında boğuldu. Çar orduları sürətlə hərəkət edərək üsaynçılara bilrəşməyi imkan verməyib ayrı-ayrı ərazilərdə üsyanları yatırtdılar.

1755-ci ildə başqırdlar yenidən Rusiyaya qarşı üsyan qaldırdılar. Bu üsyanın əsas səbəbi isə feodal zülmünün güclənməsi, rus hökumətinin əhalini zorla xristianlaşdırması və torpaqları müsadirə etmək siyasəti idi. Molla Batırma (Batır şah) Aleyev xalqı Rusiya hökumətinə tabe olmamağa, dinsiz rusların əmlakını məhv etməyə, məscid və məktəblər tikməyə çağırdı. O, bütün müsəlmanları: tatarları, qazaxları və özbəkləri Rusiyaya qarşı "müqəddəs müharibə"yə qoşulmağa dəvət edirdi. B. Aleyev Türkiyənin də yardımına böyük ümid bəsləyirdi.

Başqırd feodallarının da bir qismi üsyana qoşulmuşdu. Rusiya hökuməti Başqırdıstana 50 minlik ordu yeritdi. Üsyan yatırıldı. Üsyançıların çoxu Yaik çayından şərqə çəkildilər və Y. Puqaçovun başçılığı ilə kəndli üsyanı zamanı yenidən mübarizəyə başladılar.

1773–1775-ci illərdə Rusiya imperiyasının şərqində Y. Puqaçovun başçılığı ilə kəndli müharibəsi baş verdi. Feodal zülmünə qarşı təhkimli kəndlilərin, zavod fəhlələrinin, kazakların başladığı bu qüdrətli xalq hərəkatında Ural və Volqa-boyunun yerli xalqları da fəal iştirak edirdilər. Başqırdların üsyanına 20 yaşlı şair Salavat Yulayev və istedadlı sərkərdə Kinza Arslanoğlu başçılıq edirdi. Üsyançılar feodal malikanələrini və zavodlarını dağıdır, çar məmurlarını və pravoslav ruhanilərini məhv edirdilər.

1774-cü ilin yayında kəndli müharibəsi alovları Volqaboyuna yayıldı. Rus kəndliləri ilə yanaşı, tatar, çuvaş, udmurt, mani və kalmıklar da ayağa qalxdı. Kazanın tutulmasında Y. Puqaçovun üsyançı ordusuna Sadik Seyidovun və Idergey Baymekovun başçılıq etdiyi tatar dəstələri yaxından kömək etmişdilər. Üsyançılar hökumət qoşunları ilə döyüşdə ciddi itki verib Aşağı Volqaboyuna çəkildilər. Başqırdların çoxu öz vətənlərinə dönərək mübarizələrini davam etdirdilər. Yalnız 1775-ci ildə başqırd xalqının milli qəhrəmanı S. Yulayev ələ keçirildikdən sonra Rusiya Uralda üsyanları yatıra bildi. Üsyanın nəticələri aşağıdakı şərtlərlə qurtardı:

Kəndli müharibəsi iştirakçılarına amansız divan tutuldu. Üsyanda iştirak etmiş on minlərlə tatar, çuvaş, başqırd doğma torpaqlarından sürgün edildi. Hökumət tatarları və başqırdları xristianlaşdırmaq üçün tətbiq etdiyi qəddar metodlardan qismən imtina etməyə məcbur oldu. Tatarıstana və Başqırdıstana məscid tikilməsinə icazə verildi. 1785-ci ildə Ufada müsəlmanların dini idarəsi-miftilik yaradıldı. Quberniya və qəza idarələri ilə rus dilini bilməyən yerli əhali arasında vasitəçi-kaştan vəzifəsi təsis edildi. Kaştanlılar hökumət nümayəndəliyinə xalq kütlələrinin şikayətlərini çatdırır, vergi və mükəlləfiyyətlərinin paylaşdırılması və s. işlərdə iştirak edirdilər.

Başqırdıstan XIX əsrdə

[redaktə | mənbəni redaktə et]

Başqırdıstan XX əsrdə

[redaktə | mənbəni redaktə et]

Rus idarəsi dövrü başqırdlar üçün acılarla dolu bir dönəmdir. Buna baxmayaraq yılmadan çalışan Başqırdlar, işğal edilən digər Türk ellərində olduğu kimi özlərini yeniləşmə hərəkətlərinə verərək milli şuurlarını muhafizə etməyi bacardılar. 1917-ci il Bolşevik inqilabı ilə ortaya çıxan fürsəti dəyərləndirmək istəyən başqırdlar, Əhməd Zəki Vəlidi Togan (o zamanlar Vəlidov) öndərliyində, o günlərdə düzənlənən Rusiya Müsəlmanları Konqresinə qatılaraq inqilabın vəd etdiyi, xalqların bərabərliyi ilkəsi çərçivəsində haqlarını qorumağa çalışdılar. Öncə Qazan tatarlarıyla İdil-Ural Tatar dövlətini qurmaq üçün uğraşan başqırdlar, anlaşma sağlanamayınca eyni işi Qazaxlarla görmək istədilər. Fəqət qazaxlar la da anlaşma olmayınca 1919-cu ildə yenə Əhməd Zəki Vəlidi başçılığında Başqırd Muxtar Respublikasını qurdular. Fəqət bir müddət sonra bu kiçik Başqırd Cumhuriyəti Qırmızı Ordu tərəfindən ortadan qaldırıldı.[8]

Başqırdıstan XXI əsrdə

[redaktə | mənbəni redaktə et]
  1. Кузeeв Р.Г. Происхождение башкирского народа. М. Наука, 1974.
  2. Фазлаллах Рашид-ад-дин. Oгуз-наме. Баку, 1987. С. 68, 69.
  3. Руденкo С.И. Башкиры: историко-этнографические очерки DOC. Уфа: Китап, 2006. — 376 с.
  4. Кузеев Р.Г. Происхождение башкирского народа. М. Наука, 1974, С. 355.
  5. Соколов И.И. Территория Башкирии и её население в свете историков древнoсти. С. 42–44, 98.
  6. Мекки М. (ар-Рамзи) Тальфик аль ахбар. Оренбург, 1908, С. 231.
  7. Материалы по истории Башкирскoй АССР, Москва, 1936, I–III.
  8. Заки Валиди Тоган. Башкорттарзэн тарихи, С. 6.