Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Baharistan — Əbdürrəhman Caminin əsəri.
"Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür.
O, "Baharistan"ın müqəddiməsində yazır: "…İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən — "Gülüstan"dan bir neçə sətir oxuyardım… Bu zaman birdən fikrimə gəldi ki… mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun"[1]
Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir. Halbuki müqəddimədən "Baharistan"ın məhz oğlu üçün yazıldığı açıqaydın görünür.
"Baharistan" da "Gülüstan" kimi səkkiz fəslə ayrılır və onun hər fəslinə "rövzə", yəni "bağ" adı verilir. "Baharistan"nın birinci fəsli məşhur sufi şeyxlərinin kəlamlarına, ikinci fəsli alim, filosof, hikmət sahibləri və dünya görmüş hökmdarlar haqqındakı rəvayət və hekayələrə, dördüncü fəsli əliaçıqlıq və səxavətə, beşinci fəsli məhəbbət və sevgiyə, altıncı fəsli lətifə və hazırcavablığa, yeddinci fəsli şairlərin həyat və yaradıcılığına həsr edilmişdir. Sonuncu, səkkizinci fəslə heyvanların dilindən danışılan hekayət və rəvayətlərə aiddir.
"Baharistan" dünyanın bir çox dillərinə tərcümə edilmiş və Caminin şöhrətini daha da artırmışdır. 1846-cı ildə Vyanada alman dilində tərcüməsi farsca orijinalı ilə birlikdə ixtisarla nəşr edilmişdir. İki dəfə ingilis dilinə tərcümə olunmuşdur: birinci dəfə 1887-ci ildə (Beneras), ikinci dəfə 1899-cu ildə (Bombey). Bunlardan birincisi, məşhur fransız şərqşünası Anri Masenin fikrinə görə, çox səthi tərcümə edilmiş və orijinalın ruhunu özündə saxlaya bilməmişdir. 1925-ci ildə Anri Mase "Baharistan"ı fransız dilinə bütünlükdə tərcümə etmiş, mənanın dəqiqliyini saxlamaq xatirinə orijinalda şeirlə olan yerləri də nəsrlə vermişdir. İlk dəfə olaraq "Baharistan"ın on dörd hekayəsi 1935-ci ildə K. Çaykin tərəfindən ruscaya tərcümə edilmiş və ayrıca kitabca şəklində orijinalı ilə birlikdə çap edilmişdir. Burada şeirin şeir, nəsrin nəsrlə tərcümə edilməsinə baxmayaraq, K. Çaykinin etirafına görə, metrikaya, yəni vəzn bəhrə riayət edilməmişdir. 1964-cü ildə Sovet İttifaqının bütün xalqları Caminin anadan olmasının 550 illiyini təntənə ilə qeyd etmişlər. Bununla əlaqədar Azərbaycan dilinə tərcümə olunan "Baharistan" əsərinin tacik şairi, alim və müsiqişünası Ə. Caminin yubleyinə hədiyyə kimi təqdim edilmişdir. Altı və səkkizinci rövzələrdəki şeirlərin tərcüməsi M. Soltanındır.
"Baharistan"da ixtisar olunan yerlər əsasən əxlaqi cəhətdən namünasib və ya məzmunca təkrar edilən hekayə, qitə, rübai və lətifələrə aiddir.
Ədəbiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |