Bakı texniki peşə məktəbinin binası — 1898-1900-cü illərdə İosif Qoslavskinin layihəsi əsasında keçmiş Stanislavski 20 indiki Azadlıq küçəsi 20 ünvanında Bakı orta texniki peşə məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yerləşir.[1]
Bakı texniki peşə məktəbinin binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Azadlıq küçəsi, 20 |
Aidiyyatı | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Memar | İosif Qoslavski |
Tikilmə tarixi | 1898-1900 |
Vəziyyəti | yaxşı |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Bakıda neft bumunun baş verməsi tikintidə və sənayedə ixtisaslı kadrlara ehtiyac yaratdı. Məhz buna görə də 26 iyun 1896-cı ildə "Aleksandrov peşə məktəbi", "Bakı aşağı mexaniki-kimyəvi, texniki peşə məktəbi"-nə çevrildi. 1901-ci ildə isə bu məktəb "Aşağı mexaniki-tikinti və texniki məktəbi" statusunu alır.
1896-1905-ci illər arası mexaniki bölmə üzrə 50, tikinti bölməsi üzrə isə 55 nəfər məzun olur. 1896-cı ildə Bakı şəhər duması dəmir yoluna yaxın ərazidə peşə məktəbi üçün yeni binanın tikintisinə ərazi ayırmaq barədə qərar verir. Bu ərazi Stanislavskiy (indiki Azadlıq küçəsi) və Suraxanskiy (indiki Dilarə Əliyeva küçəsi) küçələrinin kəsişməsində yerləşirdi.[2]
Binanın layihəsi polşalı memar İosif Qoslavskiyə məxsus idi. Layihənin müzakirəsi zamanı mühəndis texnoloq Fərrux bəy Vəzirov qeyd etmişdir ki, layihə "çox geniş tərtib olunubdur, misal üçün, laboratoriyanın layihəsi o qədər böyükdür ki, hətta beləsi nə Peterburq Universitetində, nə də Texnoloji və Mədən İnstitutlarında yoxdur". Vəzirov binanın həcmini və tikintinin qiymətini azaltmağı təklif etdi. Müəllif, layihəsini müdafiə edərək, israr edirdi ki, smeta "ən cüzi hesablamalarla tərtib olunub və heç bir azaltma imkanı yoxdur". Layihə dəyişikliksiz təsdiq olundu və 20 avqust 1898-ci ildə təməli qoyuldu.
Tikinti işlərini şəhərin tanınmış şirkəti olan "Qasımov qardaşları" həyata keçirirdilər. Tez bir zamanda təhsil üçün vacib olan vəsaitlər və laboratoriyalar ilə təchiz olunmuş peşə məktəbi tikildi. Bu işlərə həm də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də dəstək olurdu. Onun xahişi ilə Bakı şəhər duması tikintiyə 50 min rubl, 1901-ci ildə isə o özü məktəbin tam istifadəsi üçün gərək olan tikinti işlərinə 6600 rubl pul ayırmışdı. 1899-cu ildə başlanan tikinti işləri 1900-cü ildə yekunlaşır və binada yalnız 1901-1902-ci tədris ilində dərslər başlayır.
Məktəbin ikimərtəbəli binası doğrudan da, sonradan 1920-ci ildə onu ali məktəbə uyğunlaşdırılmasını yüngülləşdirən geniş auditoriyalardan, geniş koridor və pilləkənlərdən ibarət idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edildi. Və peşə məktəbi instituta çevrildi. Bu zaman binanın mərtəbələrinin sayı 4-ə çatdırıldı və yanında əlavə köməkçi bina da tikildi. 2015-ci ildən isə binada yerləşən təhsil müəssisəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır.[1][2]
Binanın planlaşdırma strukturunun mərkəzi-ox kompozisiyası Rusiya imperiyasının təhsil müəssisələrinə xas olan ən yaxşı ənənələri əks etdirir. Geniş vestibüldən ikinci mərtəbəyə baş üçmarşlı pilləkən açılır. Uzununa olan istiqamətdə geniş tənəffüs otaqları, ikinci mərtəbədə müəllimlər üçün böyük otaq, sonra isə tələbələr üçün auditoriyalar yerləşir. Əsas korpusun yanlarında perpendikulyar olaraq balaca laboratoriyalar yerləşib. Baş pilləkənin qarşısında təraşlı səhnə ilə uzadılmış formada akt zalı yerləşib. İ.V.Qoslavski faktiki olaraq, gələcəkdə onun ali müəssisəyə çevrilmə ehtimalı ilə orta təhsil müəssisəsi yaratdı. Məktəbin klassik üsul və formalı əsas fasadı, order sisteminin portal sütunlarının iştirakı ilə yetərincə plastik və möhtəşəmdir. I.V.Qoslavski təmiz yonulmuş daşdan istifadə edərək, eyni zamanda fasadın divarına dekorativ tərzli yeni süni material - yanmış kərpic ölçüsündə qırmızı rəngdə plitkanı əlavə etmişdir. Bu material sonralar Bakı şəhərinin tikililərində, o cümlədən Bakı Dumasının divarında istifadə olundu.[3]