Hacı Zeynalabdin Tağıyevin sarayı — Bakı şəhəri, H. Z. Tağıyev küçəsi 4 (köhnə Qorçakovskaya küçəsi 6) ünvanında yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray binasıdır. Bina 1893–1902-ci illərdə mülki mühəndis Y. V. Qoslavski tərəfindən inşa olunub. Saray həyat yoldaşı Sona xanım üçün Tağıyevın hədiyyəsi idi.[2]
Hacı Zeynalabdin Tağıyevin sarayı | |
---|---|
| |
40°22′10″ şm. e. 49°50′24″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | H.Z.Tağyev küçəsi, 4 |
Aidiyyatı | AMEA |
Memar | Yuzef Qoslavski[1] |
Sifarişçi | H.Z.Tağıyev |
Tikilmə tarixi | 1893 - 1902 |
Üslubu | İntibah memarlığı |
Sahəsi | 3000 m2 [2] |
Vəziyyəti | Azərbaycan Tarix Muzeyinin binası kimi fəaliyyət göstərir |
Rəsmi sayt | azhistorymuseum.az |
İstinad nöm. | 166 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur.
H. Z. Tağıyev İ. Qoslavskini memar kimi yüksək qiymətləndirir və ona mehribanlıqla yanaşırdı. Tağıyev Qoslavskinin istedadının pərəstişkarı və memarın himayəçisi hesab edilirdi.[3] Qoslavskinin yaradıcılığının ən yaxşı nümunələri olan memarlıq əsərlərinin sifarişçisi H. Z.tağıyev idi. Bu əsərlərə nümunə kimi, Tağıyevin sarayını, Müsəlman qızlar məktəbini, Tağıyevin Mərdəkan qəsəbəsindəki villasını, Tağıyevin Qafqazda məşhurlaşmış toxuculuq fabrikinin binasını nümunə göstərmək olar.
İ. Qoslavski onun iştirakı ilə tikilən H. Z. Tağıyevin teatrı yerləşdiyi Zərifə Əliyeva küçəsinin (keçmiş Merkuryev küçəsinin) tinində tikilən yaşayış evinin layihələndirilməsində də iştirak etmişdir. Beləcə, Bakının miqyasına görə mərkəzi sahələrindən birində memarın əsərlərindən ibarət kiçik bir kompleks əmələ gəlmişdir.[3]
Hissə ilə tikilən binanın frontonunda həkk olunmuş illərə baxılarsa, tikinti işləri 1895-ci ildə Qorçakovskaya və Merkuryevskaya küçələrindən başlamışdı. Bəzi mənbələrə görə, binanın birinci hissəsinin tikintisi başa çatdıqdan sonra, həmin hissə Voljko-Kamski (rus. Волжско-Камский) bankına verilmişdi.[4]
Binanın tikintisi üçün işlədilən inşaat materialı, eləcə də avadanlıq, mebel, çilçıraqlar və interyer üçün lazım olan hər şey Rusiyadan və Qərbi Avropadan gətirilmiş, yüksək ixtisaslı ustalar və rəssamlar dəvət olunmuşdu. "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" kitabında (1903) məlumat verilir ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Evdə istilədici və soyuducu sistemlər quraşdırılmışdı. Tavanın naxışlarına ustalar tərəfindən 40 min rubladək qızıl işlənmişdi. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalardan döşənmişdi. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilmişdi. Təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi.[5]
1914-cü ildən sarayda H. Z. A. Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da yerləşirdi. 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti almış bolşeviklər Tağıyev sarayını müsadirə etmiş, onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlamışdı. 1941–1954-cü illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülmüş, binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı. Birinci mərtəbədə isə Texniki və tibbi sənədlər arxivi yerləşdirildi. Yalnız 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verildi.
Tağıyev sarayı bir neçə dəfə rekonstruksiyaya məruz qalmışdı. XX əsrin ortalarında aparılan təmir zamanı güzgülü otaqdakı şəkillər "burjua qalığı" kimi məhv edilmiş və üzərindən yeni suvaq çəkilmişdir. 2000-ci ildə cari təmir zamanı suvağın altında həmin divar rəsmləri aşkar edilmiş və bərpa olunmuşdur.[5]
Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Nəhəng günbəzlərlə tamamlanan bu üçmərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Əbdülkərim Əlizadə), digərləri Polis (indi Yusif Məmmədəliyev), Merkuri (indi Zərifə Əliyeva), əsas fasadı isə Qorçakov (indi Hacı Zeynalabdin Tağıyev) küçələrinə baxır.[5] Otaqların ikisıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edir. İki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplara ayrılıb. Binanın iki aralı mərmər pilləkənləri olan ön hissəsi Qərbə baxır. Sarayın yaşayış sahəsi 3000 m2 əhatə edir, burada zəngin ornamentli 100 otaq və zal yerləşib.[2] Mərmər pilləkanlı giriş hissəsi qərb istiqamətinə yönəlib. Giriş hissələri, şərq və avropa üslublu qapalı lodjiyalı zallar planın kompozisiyasının əsas elementləri sayılır.[4]
Birinci mərtəbədə H. Z. A. Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki zal – Avropa və Şərq zalları, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşirdi. Y. Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə 16 otaqdan ibarətdir.[5]
H. Z. Tağıyevin evi saray obyekti kimi[3] şəhərin mərkəzində bütünlüklə tikilən yeganə məhəllədir. Xəzər dənizi sahilinin yaxınlığında yerləşən bu məhəllə memarlıq-planlaşdırma nəzərindən uğurlu yerləşməyə malikdir. Fasadın üzərindəki xronoloji məlumata əsasən sarayın əsası 1893-cü ildə qoyulmuş və inşaat işləri mərhələlərlə davam etdirilmişdir.
Binanın məkani mahiyyətini Qorçakov küçəsi tərəfindən geniş zal təşkil edir. Memar Qoslavski rasional konstruktiv üslubdan istifadə edərək məhəllənin perimetri boyunca ikicərgəli otaqlar tikmişdir. Öz layihələrinə çox diqqətlə yanaşan memar zalda mühüm yeri iki əsas pilləkənə vermişdir: soldakı ictimai-məişət şərtlərinə görə bir qədər gizlədilmişdir və ikinci mərtəbədə yerləşən Şərq zalına aparırdı, Şərqdən isə bir qədər çox açılmış ikimarşlı mərmər pilləkən Avropa zalına aparır. Binada plan və həcmli kompozisiya formaya görə ən sadə paralelepipedlərin mürəkkəb qarşılıqlı tabelik və əlaqə sistemi əsasında qurulur.[6] Ön otaqların pilləkən marşlarının yanında yerləşdirilməsi olan memarlıq istiqamətində həcmi-məkani inkişafı müəyyən edir. Şərq zalının ikimarşlı pilləkənləri bir qədər qapalı səciyyə daşıdığı üçün iri ölçüdə güzgülərlə örtülmüş qabaritli divarlarla həll edilmişdir. Memarlıq elementlərinin dəfələrlə əksi ecazkar şərq formaları vasitəsiylə ifadə olunur. Məhdud məkanda hərəkət və qalxma, ikinci mərtəbəyə aparan pilləkənlərlə asan və rahat baş verir.
Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Mərtəbələrin dəqiq bölgüsü, divarların dərin rustikası, memarlıq plastikasının zənginliyi şəhərsalma baxımından əhəmiyyətli mövqe daşıyan binaya xas özəlliklərdir. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır.[4]
Sarayın dörd küçəyə yönəlmiş fasadları ətraf mühitin məkani strukturunu yaxşılaşdırır. Binanın iri dominantası həcmi kütlələrin miqyaslı tikintisinə daxil olmuşdur, şəhərsalma intizamını müəyyən edərək, qonşu tikililərə təsir etmişdir.[7] Sahilə doğru gedən binanın bütöv məhəllədə yerləşməsi, qonşu mülklərinə xüsusi akkumulyator kimi təsir edirdi. Burada sıravi tikintiyə yer yox idi, şəhərsalmanın həcmi və memari həllinə öz tələbləri ilə yeni seçmə forma əmələ gəlirdi.[7]
Uzadılmış fasad onun arxasındakı daxili ərazini gizlətmir, onu öz kütləsi ilə bağlamır, əksinə, çölə açaraq binanın interyerinin genişliyini hiss etdirir. Şərq və Avropa zalları fasadın üzərində əsas kompozisiya elementlərini, yuxarı rakursda iki mərtəbə boyunca olan iri üçaşırımlı yarımdairəvi tağlarla əyani surətdə nümayiş etdirir.[8] Fasadın çmərtəbəli mərkəzi hissəsi, üçtağlı lociyaların tərkibində şaquli çıxıntının ritmi ilə, yeni kompozisiya sistemi qismində çıxış edir. Üstünlük təşkil edən üfüqi hissələr, əzəmətli qabarıq daş hörgü ilə köndələn divarın dirəyinə bənzəyən, "sanki batan pilon-aralıq hissələri, gözləri bahalı güzgülü şüşələrin arxasından mağazaların kontur və piştaxtaları görünən yerinə cəlb edir.[9] Fasadın memarlıq kompozisiyasının bu vacib hissəsi bədii mövqeni bütün sahəsi boyunca saxlayır.
Binanın bütün fasadlarına Bakı karxanalarından gətirilən daşlardan üz çəkilmişdir.[10] Bakı memarları öz səmərəli təcrübələrində fasadın memarlığına təsir edən qədimi tikintilərdən müvəffəqiyyətlə istifadə edirdilər. Birinci mərtəbənin düzbucaq mütənasibliyi iri, yonulmamış bloklarla hörülməsi, daş hörməsini ifadəli, bütöv sistemə çevirmişdir. Saray tikintisinə məxsus olan mərkəzi girişin yoxluğu xüsusilə vurğulanmışdır. Evə gələnlər iki əsas qapıdan geniş, memarlıq və məkani cəhətdən yaxşı işlənmiş zala daxil olur. Fasadın üzərində İtaliya intibah memarlığı tam hazırlıqla klassik üsul və formaları ilə özünü göstərir. Şərq və Avropa zalları fasadın üzərində ümumiləşdirilmiş yarımdairəvi tağları ilə memarlıq kompozisiyasının vacib elementi kimi göstərilib, yumru sütunlara antablementlərlə dirənir.
Fasadın memarlıq kompozisiyası klassik əsasda həcmi-plastiki istiqamətdə inkişaf edərək, geniş və azad şəkildə yeni üsul və motivləri təsdiq edir. Üçüncü mərtəbənin səviyyəsində yerləşən şaquli pilonlar bütöv nloklardan yonulub və fasadın geniş ölçüsünün dinamikliyi fazasına keçir. Üstünlük təşkil edən rizalitlərin arasındakı fasadın mərkəzi, sıx plastik ağırlıq daşıyaraq, eyni mülayim memarlıq mühitində mövcuddur. Bu maraqlı memarlıq kompozisiyasında gözə çarpan fon olan yarımdairəvi pəncərə yerləri aram ritm təşkil edir. Memar Qoslavski fasadın açılışına hiss edilməyən pilonların görünməyən şaquliləri vasitəsiylə öz anlayışını gətirərək, lociyaların tağlarının əhəmiyyətini genişləndirir və bununla da Bakı memarlarına kompozisiya ideyası vermiş olur.[8] Sarayın inşasının tamamlanmasından on il sonra memar İ. Ploşko M. Muxtarov küçəsində (keçmiş Persidskaya küçəsi) fransız qotikası üslubunda Səadət Sarayını inşa edərkən, ikinci mərtəbənin fasadında Qoslavskinin lociyalarla olan kompozisiyasını təkrar etmişdir (1911–1912).[10]
Uzadılmış formasına görə yorucu görsənməməsi üçün böyük zallar və lociyaların yerləşdiyi mərtəbənin layihəsinə əsasən memar şaquli parçalanmaları üçün çıxıntı üsulundan istifadə etdi, lokal ox sistemini müəyyətn etdi və onların üzərində dekorativ səthləri riflənmiş günbəzşəkilli həcmləri yerləşir.[11] Belə izahda bağlı lociyaların üç iri yarımdairəvi tağ formasında, iki üstün elementdən ibarət əsas fasad siluet kompozisiyasına çevrildi. Balaca kürsülü birinci mərtəbənin üfüqi hissələri və düzbucaqlı oyuqları dərin hörmənin aralıqları ilə eyni ritmdə, həcmi-məkani görünüşün möhtəşəm istiqamətini müəyyən etdilər. Memar sütunlu qalereyalar arasındakı boşluqlara məhdud üçüncü mərtəbəni yerləşdirərək fasadın bütün hissələrini nəhəng pərvaz ilə bir-birinə bağlamışdır.[10]
Fasadın üzərindəki nəhəng üçtağlı kompozisiya nəinki italyan intibah memarlığına, daha çox Qədim Roma memarlığına uyğun formada möhtəşəm eyvan şəklində çıxır, əsaslı surətdə qabağa çıxan sütunlara və kornşteynlərlə dərin və qabarıq ifadə olunan karnizlərə dirənir. Saray daşlarından olan tağların aydın çəkilməsi memarlıq üsullarının dinamikasını nümayiş etdirir və bədii emosiyalar yaradır.[11]
Lociyalar yanlardan rizalitlərlə bağlanıb və pəncərə motivləri ilə birgə sinxron olaraq işləyir. Mütənasib dişlərlə bəzənmiş sərt frontonlu profil haşiyələr təqdim olunmuşdur. Bakı şəhərinin iqlim şərtlərinə cavab verən, küçəyə çıxan təmtəraqlı incə metal məhəccərli eyvanlar, onların altında isə əzəmətli çıxıntılarla iri daş kornşteynlər yerləşir.[11]
Sarayın interyerlərinin işlənməsi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. H. Z. A. Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilmişdir.[5]
İnteryerdə həndəsi formalı rəsm elementlərindən yığılmış taxta plafon maraq doğurur. Kabinet, yemək zalı, qonaq otağı və digər yerləşgələr Qoslavskinin təsvirlərinə uyğun olaraq palıd ağacından parketlə zövqlə işlənmişdir. Parket üçün 6 növ ağac istifadə olunub. Sarayın qapıları – limon ağacından, oboylar isə təbii dəridən hazırlanmışdır. Güzgülər Fransadan, pəncərə şüşələri isə Venesiyadan sifariş edilmişdi.[2]
Saray sahibinin ən çox vaxt keçirdiyi interyerlər: iş kabineti, qonaq otağı, bilyard otağı, qızlarının yataq otağı və sairə maraqlı şəkildə həll edilmişdir. Memarlıq cəhətdən kabinet ciddi üslubda həll edilib, yalnız boş divarlar, rəsm əsərləri, müvafiq mebel və aşağı hissədə perimetr boyunca zövqlə yerləşdirilmiş kitab şkafları, uzunlamasına olan oxun ortası ilə İvan Ayvazovskinin böyük rəsminin[8] aşağısında küncləri kitab şkaflarına dirənən böyük masada yeganə dəyirmi heykəl – megalomaniya əlaməti olan I Napoleonun büstü (Tanrılıq iddiası) yerləşir.[8] Ev sahibinin yazı masasının arxasında, maraqlı taxta işləmədə mehrab üslublu azərbaycansayağı piştağ (portal) var. Olafon iri kessonlarla və aralı düzülmüş kornşteynli sadə karnizlə işlənib. Çox geniş karnizdə, ciddi üslubun həcmi-məkani parametrlərinə riayət edilib.[8]
Mütənasib ölçülü qonaq otağı genişdir, ciddi həcmi-məkani mövqedə qalaraq dəbdəbəli memar şərhinə iddia etmir. İ. Qoslavski, yalnız Şərq zalı istisna olmaqla, interyer kompozisiyasının həllində az vəsait istifadə edərək, çox ifadəliyə nail olmağa çalışmışdır.[12] Qonaq otağının divarları iki yarusa bölünüb. Aşağıdakı düzgün profil verilmiş düzbucaq bölmələr vasitəsilə taxta panellərlə işlənib. Xüsusi panoramanı vizual olaraq təsəvvür edib, orada möhkəm stullardan ibarət müvafiq mebeli yerləşdirərək, aralarına gözəl halqalı uzadılmış gövdə daxil edilmişdir. Yuxarı yarus gözü yormayan dinc örtüklü dekorativ şəkilli kağızla örtülüb. Oradaca iki rəsm əsəri qoyulub. Qonaq otağının uzununa oxu boyunca interyerdə üstünlük təşkil edən mürəkkəbləşmiş memari-məkani kompozisiyası qurulumuşdur.[13]
Bahalı qab-qaşıq üçün nəzərdə tutulmuş möhkəm şkaf dekorativ kartuşla bitən güclü və incə profilləşdirilmiş tağ təntənəli kompozisiya formasını təsvir edir. Tağların üfüqi ilə bərabər iki həcmli ifadə olunmuş qapı çərçivələri bir balaca batıq formadadır. Mərkəzi hissələr plastik işlənərək və aydın çəkilərək, vahid kamera kompozisiyası təşkil edir. Bu, memar İ. Qoslavski tərəfindən çox gözəl yaradılmış orijinal dizayndır.[12] Karnizlə birlikdə çox cüzi işlənmiş memarlıq motivləri olan plafona yumşaq keçərək, üfüqi məhbəs təmkinlə düzəldilmişdir.[12]
Tağıyevin qızlarının küncdə yerləşən yataq otağının sahəsi incəliklə və vizual olaraq qonaq və yataq hissələrinə bölünüb.[12] Aşkar olaraq bölgü hiss olunmur, çünki interyer vahid fəzaya malikdir. Burada gözəl ayrılmış və aydın çəkilmiş bazalı və kapitelli nazik dəmir sütunlara modern dalğavari şəkillə doldurulmuş incə və düz tağ kompozisiyası söykənir. Dekorativ elementli zolaqlarla üfüqi vurğulanmış aşağı naxışlı panel otağın perimetri boyunca keçərək, çarpayı ilə örtülür, sonra isə davam edir. Çarpayıların üzərində küncləri panelə dirənən düzbucaq çərçivəyə yarımdairəvi dekorativ tağ daxil edilmişdir. Divarların birində divan, qoltuqlu kürsü, stullar və ortada masa qoyulmuşdur. Divar taxta lövhələrlə düzbucaqlı ekranlara bölünmüşdür. Bütün ekranlar modern məzmunlu yüngül dekorativ şəkillərlə doldurulub. Ətrafdakı mebel üzərində də modern üslubundan alınma dalğalı yarpaqlar təsvir olunmuş parçadan üz çəkilmişdir. Döşəmədə iri planda modern üslublu ornament təsvir edilmişdir.[13]
Şərq zalının divarlarının həndəsi proporsional olan modul toru şaquli aksentlərlə, Şərq incəsənətinin dekorativ tətbiqi elementləri ilə dolu geniş məkanın ritmikası ilə qarşılıqlı əlaqələnir. Memar dekorativ materialdan istifadə edərək öz qavrama formasını tapmışdır. Material çox incə, naxışlar isə çox yüngüldü, xüsusilə, zalın dirək hissəsində memar üç neomavritan tağından ibarət olan portikə maraqlı kompozisiya şəkli vermişdir. Bu üsulla Qoslavski interyerin sakit daxili məkanına kütlələrin dinamikasını gətirmişdir.[14]
Şərqin incə rəssamlıq palitrası səthlərinin şaquli və üfüqi parçalanmaya keçməsindən asılı olaraq bitki motivləri tağların timpanlarını örtür. Bahalı dekorativ örtüklü ağır kessonlaşmış plafon kvadrat və düzbucaq çərçivələrə bölünərək yüngülləşdirilmişdir. Şərqdə saray və imarətlərdə interyerlərin dekorativ bolluğuna həmişə üstünlük verilirdi. Bu ənənə Tağıyevin sarayının Şərq zalından da yan keçməmiş və sarayın bu zalının interyeri Bakıdakı ən yaxşı interyerlər sırasına daxil olmuşdur.[15]
Zalın inqlaba qədərki interyeri Tağıyevin sifarişi ilə çəkilmiş şəkillər albomu vasitəsiyllə dövrümüzə çatmışdır. Eyvanın arxasında rəssam İvan Ayvazovski tərəfindən işlənmiş rəsm əsəri, zalı tamamlayan eninə ox kimi keçir.[15] Şərq zalının iç görünüşü əzəmətli naxış və bəzəmələrlə fərqlənir, şaquli və üfüqi detallar divarların səthini bitki ornament motivləri ilə doldurulmuş ekranlara bölür. Dirəklərdən biri üçtağlı Mavritaniya orderinin zərif sütunları formasında tərtib olunmuşdur. İ. Qoslavskinin eskizi əsasında həndəsi şəkillərdən ibarət və yığma elementlərdən düzəldilmiş taxta tavan çox əzəmətli görünür.[2]
İnteryerin məkani strukturuna yarımdairəvi tağları ilə ayırılmaz surətdə daxil olan, bağlı üslublu lociya zalın içindən qərb istiqamətinə çevrilmişdir.[14]
Sarayın Şərq zalının bəzədilməsi üçün, 4 kq tavan üçün, ümumilikdə isə 8 kq qızıldan istifadə olunub. Şərq zalının interyeri zəngin dekoru ilə fərqlənir, şaquli və üfüqi bölgülər divarların səthini floral motivli ornamentlərlə bəzənmiş ekranlara bölür.[2]
Avropa zalı Şərq zalı ilə müqayisədə daha açıqdır. Bu zala gətirən pilləkən ikimarşlıdır, işıqlıdır, klassik üslub və formada inşa edilmişdir. Hər iki zalın sahəsi ümumilikdə eynidir (təqribən 180 m² 11×17.35 m qabaritləri ilə), lociyaları (sütunlu qalereya) da eyni xüsusiyyətlərə malikdir.[8]
Binanın perimetri boyunca zallar iki iri paralelepiped cəmləşib məhəllənin mərkəzi hissəsində, olduqca iri və düzbucaq formada bitişik həyət aralıqları, ikinci mərtəbəyə açıq üslublu pilləkənlər aparır. Burada Bakıda bina tikintisində ənənəvi hesab edilən şüşəbənd sistemindən istifadə olunmamışdır.[8]