Bakı Duması

Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı.

Bakı Şəhər Duması
Loqonun şəkli
Ümumi məlumatlar
Növü bələdiyyə
Təsis tarixi 8 yanvar 1878
İdarə heyəti
Sədr Fətəli xan Xoyski, Bitərəf
10 noyabr 1917 tarixindən
Quruluşu
Üzvlərin sayı 72
75
105 (1917)
Seçkilər
Sonuncu seçkilər 29 oktyabr 1917
Məclis zalı
Qeydlər
16 iyun 1870-ci ildə yaradılıb, 8 yanvar 1878-ci ildən tarixindən 10 aprel 1918 tarixinədək fəaliyyət göstərmişdir.

Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir.

Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi.

Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi. Bu III Aleksandrın fərmanı idi. Bu fərmanla şəhər özünü idarəsinin hüquqları da azalır, əvəzində qubernatorun nəzarəti gücləndirilirdi. Şəhər əhalisinin artmasına baxmayaraq, seçicilərin sayı daha da azalmışdı. 1891–1901-ci illərdəki seçkilərdə əhalinin yalnız 1,5 faizi iştirak etmişdi. Bundan sonra Qafqaz canişinliyinə və mərkəzi hökumətə çoxlu ərizələr getdi. 1900-cü il dekabrın 1-də təzə fərman çıxdı. Bu fərmana əsasən əvvəlki qayda bərpa olundu və müsəlman qlasnılarının sayı ümumi sayın yarısından çox olmayaraq, müəyyən edildi.

Dumaya şəhər bələdiyyə idarəsinin rəisi sədrlik edirdi. Duma üzvlüyünə, başlıca olaraq, iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Stepan Lianozov, İsa bəy Hacınski və b. sahibkarlar müxtəlif illərdə Bakı Şəhər Dumasının üzvləri olmuşlar. Azərbaycanın ziyalılarından Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, həmçinin Məşədi Əzizbəyov və b. ayrı-ayrı vaxtlarda Bakı Şəhər Dumasına üzv seçilmişlər.

Bakı Şəhər Duması sırf təsərrüfat məsələləri-abadlaşdırma, ticarət, şəhər vergilərinin təyin edilməsi, yığılması, xərclənməsi, yanğına qarşı ehtiyat tədbirləri görülməsi və s. ilə məşğul olurdu. Şəhər bələdiyyə orqanları qubernator və daxili işlər nazirinin nəzarəti altında fəaliyyət göstərirdi. Beləliklə, bu idarələr, əslində, hökumətin yerli təsərrüfat məsələlərinə baxan köməkçi orqanı idi.

Rusiyada Fevral inqilabından (1917) sonra yerli idarələrin fəaliyyəti dayandırıldı. Bakı Şəhər Dumasının statusunda dəyişiklik edildi. Onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12 müxtəlif partiya və qrup qeydiyyata alındı. 29 oktyabr 1917-ci il tarixində Bakı Şəhər Dumasına seçkilər keçirildi:

  • Milli Müsəlman Partiyaları Bloku (Müsavat Partiyası liderliyində) – 18 384 (25.25 faiz)
  • Sosialist Bloku (Menşeviklər və eserlər) – 17 523 (24.05 faiz)
  • Milli Erməni Partiyaları Bloku (Daşnaksütyun liderliyində) – 13 120 (20,17 faiz)
  • Bolşeviklər – 11 202 (15, 37 faiz)
  • Kadetlər – 4172 (6.08 faiz)
  • Milli Yəhudi Partiyaları Bloku – 2393 (3.25 faiz)

Seçkilərin nəticəsində seçilən 109 üzvdən 25-i sosialist blokundan, 19-u bolşeviklərdən, 14-ü Müsavat Partiyasından, 11-i İttihad Partiyasından, 17-i Daşnaksütun Partiyasından, 6-sı kadetlərdən, digər 9 üzv isə xırda digər partiyalardan idi.

Yeni tərkibdə Dumanın ilk iclası 10 noyabr tarixində keçirilmişdir. İclasda 46 səslə Fətəli xan Xoyski Bakı Şəhər Dumasının sədri seçilmişdir.

1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Şəhər Duması bolşevik sovetinin yeganə mümkün rəqibi idi. 1918-ci ilin martında kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər Bakı Şəhər Dumasını buraxdılar. 1918-ci il aprelin 10-da Bakı və onun rayonlarının İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı Şəhər Duması ləğv olundu və funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verildi.

Bakı Şəhər Dumasının üzvləri Duma binasının qarşısında

Azərbaycan Xalq Cümhuriyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti İctimai Özünüidarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı Şəhər İctimai Özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi.[1] Şəhər dumasına tərkibini, öz mülahizəsinə görə, artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi. Şəhər özünüidarəsinin fəaliyyəti bərpa edilərkən deputatların xeyli hissəsi olmadığından (anarxiya zamanı qaçıb dağılışmışdılar), Hökumətin icazəsi ilə, dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasının tərkibi tamamlanmışdı.

1917-ci ildə yanvar ayının 11-də Bakı Duması rəhbərliyə Yekaterinoslavsk Dumasının rəhbəri İvan Ezaunu 1 il əvvəl dəvət etdikləri kimi rəhbər olmağa dəvət etdilər. O əvvəl Bakıya gəlməkdən imtina etsə də, daha sonra razılaşmışdır. Lakin Yanvarın 13-də imtina məktubu göndərmişdir.

Yanvarın 15-də Luka Bıç rəhbərliyə dəvət olundu və buna razılıq verdi. Dumada səsvermə keçirilidi və 60 qlasnıdan 58-i onun sədrliyinin lehinə səs verdilər.

Çağırışlar

[redaktə | mənbəni redaktə et]
Seçkilər Çağırış İllər Üzv sayı
1878 I çağırış 1878–1882
1881-1882 II çağırış 1882-1886
1886 III çağırış 1886-1890
1890 IV çağırış 1890-1894
1894 V çağırış 1894-1898
27 oktyabr 1897 V çağırış 1897-1901
14-29 oktyabr 1901 VI çağırış 1901-1906
1906 VII çağırış 1906-1910
31 mart 1911 VIII çağırış 1911-1914
1914 IX çağırış 1914-1917
1917 X çağırış 1917

Bakı Duması 1878-ci ildən Qoşa Qala qapısı yanında olan iki mərtəbəli binada yerləşirdi. Bu bina sonralar Fəhlə Klubu adı ilə tarixə düşmüşdü. 1900-cü ildə isə duma və şəhər idarəsi üçün yeni binanın əsası qoyulur. Bu, memar İosif Qoslavskinin layihəsi əsasında tikilmişdi. Burada sərf olunmuş materialların bir hissəsi xarici ölkələrdən gətirilmişdi. 1904-cü ildə bina hazır olur və duma, şəhər idarəsi Qoşa Qala qapısı ağzındakı iki mərtəbəli binadan buraya köçür.

Binanın üstündə yazılan 1870 rəqəmi binanın tikilmə tarixi deyil, şəhər özünü idarələr barədə verilmiş fərmanın tarixidir.

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.