Basmaçı hərəkatı — 1918 -1942-ci illərdə müstəmləkəçi və kommunist Rusiyaya qarşı müsəlmanlar tərəfindən Orta Asiyada başladılmış olan üsyanların adıdır. Bu hərəkatın savaşçılarını müsəlman türklər, qismən də taciklər təşkil edirdi. Basmaçı hərəkatı islamçı hərəkatlardan biri sayılır.
Basmaçı hərəkatı | |||
---|---|---|---|
Tarix | 1917 - 1931 | ||
Yeri | Türkistan (Orta Asiya) | ||
Nəticəsi | Sovet İttifaqı qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Basmaçı hərəkatının başlanğıcı Fərqanə vadisində 1917-ci ildə oldu və çox tez zamanda Orta Asiya türklərinin arasında yayıldı.
Bolşeviklər Orta Asiyada hakimiyyəti ələ keçirəndən sonra apardıqları siyasət ilə qısa zaman içində xalqın nifrətini qazandılar. Beləcə, Orta Asiyanın hər yerində Bolşevik müxalifləri çoxaldı. Hər cür maddi varlıqları əllərindən alınan və əzilən xalq, Bolşevik dövrünün çar dönəmindən heç də fərqli olmadığını, hətta xüsusi ilə özəl mülkiyyət işlərinə Bolşeviklərin daha çox düşmənlik bəslədiklərini (halbuki Çar Rusiyasında dövründə özəl mülkiyyət sərbəst idi) görərək, eləcə də milli muxtariyyətlərinin ləğv olduğunu anlayaraq üsyan üçün məqam axtarmağa başladılar.
Gedərək böyüyən bu üsyan hərəkatı, 1918-ci illərin əvvəlindən etibarən Ruslara qarşı milli mücadiləyə döndü. Ruslar bu üsyançıları Basmaçı adlandırırdılar. Lakin Orta Asiya türkləri özlərinə “İslam əsgərləri” və ya “Türkistan azadlığının əsgərləri” deyirdilər. Basmaçı termini dünya ədəbiyyatında ilk dəfə, 1918-1919-cu illərdə Orta Asiyaya səfər edən, Cozef Castagne tərəfindən 1925-ci ildə Parisdə nəşr etdirilən “Basmaçılar” məqaləsindən sonra yer aldı. Daha sonra Orta Asiyalı Mustafa Çokayın, 1928-ci ildə Asiatic Review (Asiya İcmalı) adlı, Londonda yayımlanan jurnalda, “The Basmaci movement in Turkestan” (Türkistanda Basmaçı hərəkatı) adlı məqalədə Basmaçı termini işləndi. Beləliklə 1930-cu ildən sonra Basmaçı sözü bütün dünya ədəbiyyatında işlənməyə başlandı.
Basmaçı hərəkatının başlanğıc nöqtəsi Kokand şəhəri oldu. Qızıl Ordu qüvvələrinin Kokand şəhərini işğalı sırasında, şəhər müdafiəsinin lideri olan Kiçik Erqeşin 27 Fevral 1918-ci ildə öldürülməsindən sonra onun silahdaşları Baçır adli kənddə yığıncaq keçirərək Katta (uzun) Erqeşi lider seçdilər. Üsyançılar 1919-cu ilin noyabrına qədər Fərqanə vadisinin böyük bir hissəsini ələ keçirdilər. Qorxuya qapılan Sovet idarəçiləri üsyanı yatırdacaq tədbirlər gördülər, ancaq bunların heç biri işə yaramadı. Çünkü üsyanın əsas qüvvəsi olan kəndlilərin yanına, sənətkarlar, yenilikçilər və din adamları da qatılmışdılar.
Katta Erqeşin 1918-ci ildə öldürülməsindən sonra üsyanın başına Margilanlı Məmməd Emin bəy keçdi. Onun komandanlığı altında üsyançılar çox mühüm qələbələr əldə etdilər. O dönəmdə kommunist partiyasının nümayəndəsi olaraq Orta Asiyada işləyən Georgi Safarovun fikrinə görə, 1919-cu ildə Sovetlərin Orta Asiyada vəziyyətləri çox ağırlaşmışdı. Çarələr arayan Sovet idarəçiləri ən sonda, Qızıl Ordunun şərq komandanı Mixail Vasilyeviç Frunzeni, 13 Avqust 1919-cu ildə Orta Asiya cəbhə komandanı olaraq təyin etdilər.
Frunze Bişkek şəhərində anadan olmuş, milliyətçə Moldovan idi. Gəncliyini Orta Asiyada keçirdiyi üçün, türklərin adətlərini çox yaxşı bilirdi. Orta Asiya cəbhə komandanı təyin olunduqdan sonra Frunze, ilk məqsəd olaraq, “bütün Orta Asiyanın ələ keçiriləcəyini” duyurdu. Frunzeyə mərkəzdən, yəni Moskvadan hərbi yardımlar göndərildi. Bölgənin böyük bir qismində Basmaçılar ilə Rus orduları arasında şiddətli müharibələr davam edirdi. Fərqanə vadisində Məmməd Emin Bəy Rusları qorxuya salmışdı. Bu arada 24 Sentyabr 1919-cu ildə Məmməd Emin bəy başçılığında Fərqanə hökuməti də quruldu.
Basmaçılar hərəkatı bütün Orta Asiyaya yayılmışdı ancaq liderlər arasında milli birlik təmin edilə bilməmişdi. Hər lider öz bölgəsinin hökmdarıymış kimi hərəkət edirdi. Bu dağınıqlıq isə Rusların işinə gəlirdi. Ruslar üsyanın yatırılması üçün bir tərəfdən əsgəri güc işlədərkən, bir tərəfdən də üsyan liderlərini sülh təklifləri ilə ələ almağa çalışırdılar. Rusların üsyan liderlərinə təklif etdikləri sülh şərtləri arasında, üsyan liderlərinə işğal etdikləri əraziləri özlərinin idarə edə biləcəklərinə, silah və əsgərlərini Qızıl orduya təslim etməyəcəklərinə, liderlik etdikləri vilayətlərdə Sovet idarələri təşkil olunmayacağına dair vədlər vardı. Üsyan liderlərindən bəziləri Rusların bu vədlərinə inanaraq sülh təklifini qəbul etməyə hazırlaşdılar. Bunlardan biri Məmməd Emin bəy idi. O, 7 Mart 1920-ci ildə Qızıl ordunun Qazan Tatar komandiri Yusif İbrahimov vasitəsi ilə, Qızıl ordunun Fərqanə vadisində savaşan 2-ci piyada ordusu komandiri Rus Poxalski ilə sülh müqaviləsi imzaladı. Məmməd bəyin Ruslarla anlaşdığının duyulmasından sonra ona qarşı çıxan Hal Hoca adlı üsyançı onu öldürdü. Məmməd bəyin öldürülməsindən sonra onun yerinə Şir Məhəmməd bəy keçdi. Onun başqanlığında 3 may 1920-ci ildə Türkistan müstəqil hökuməti quruldu.
Frunze mücahid üsyançı liderlərlə sülh müqaviləsi imzalamanın mümkün olmayacağını başa düşdüyünə görə, 12 sentyabr 1921-ci ildə Basmaçılar əleyhinə bütün qüvvələrini səfərbər etmək haqqında qərar verdi. O tarixdən etibarən Ruslar qəti olaraq hücumlara başladılar.
Basmaçılar üsyanı, Türkiyəli Ənvər Paşanın Orta Asiyada görülməsindən və liderliyi qəbul etməsindən sonra daha mütəşəkkil və sürətli bir şəkildə böyüdü. Ənvər Paşa I Dünya müharibəsində izlədiyi siyasətdə məruz qaldığı müvəffəqiyyətsizliklərə baxmayaraq, Türk dünyasının birliyi məsələsinə bütün səmimiyyəti ilə inanan bir şəxs idi.
1920-ci ilin Sentyabr ayında Bakıda Şərq millətləri konqresi toplanmışdı. Bu iclasda Ənvər Paşa da iştirak edirdi. Ənvər Paşa bu konqres sırasında Orta Asiyadan gəlmiş siyasilər ilə görüşlər keçirdi və onlardan xalq üsyanı haqqında məlumatlar aldı. Daha sonra Buxaranı görmək məqsədi ilə, 1921-ci ilin Sentyabr ında bölgəyə getdi. Buxaranın millətçi gəncləri və xalq kütləsi Ənvər Paşanın gəlişindən çox məmnun oldular. Xalqın ona göstərdiyi bu sevgi və mehribanlıq, I Dünya müharibəsində böyük Osmanlı ordusunun komandanı olan Ənvər Paşanı da həyəcanlandırdı və o Buxarada qalaraq milli üsyanı idarə etməyə qərar verdi. Buxarada 23 gün qalan Ənvər Paşa, adətən Orta Asiya tükrləri üçün bir qurtuluş şəxsiyyəti kimi qəbul edilirdi. Ayrıca onun Osmanlı soltanının damadı olması və hərb sənətini yaxşı bilməsi, Orta Asiya türklərinin ümidlərini artırırdı. Ancaq heç şübhəsiz onu sevənlər və lider olaraq görmək istəyənlər kimi, ona qarşı müxalifət edən xalq öndərləri də vardı. Onlardan biri də Zəki Vəlidi Toqan idi. O sırada Başqırdların lideri olan Zəki Vəlidi, müstəqil bir Başqırd respublikasının qurulmasına çalışırdı. Ənvər Paşanın gəlişi və bütün Orta Asiya türklərini öz ətrafında birləşdirməyə çalışması onun heç xoşuna getməmişdi. Ənvər Paşa isə mücahidlərin arzusuna razı olaraq, bütün Orta Asiya türklərini əhatə edən “Orta Asiya İslam dövləti” qurmaq əməli və məqsədi ilə Sovetlərə qarşı mübarizəyə başladı.
Ənvər Paşa 19 may 1922-ci ildə Sovet hökumətinə bir ultimatom verərək Qızıl ordunun Türkistanı tərk etməsini tələb etdi. Rusların rədd cavabı ilə iki tərəf arasında çarpışma başladı. Top və avtomat silahlardan yoxsun Ənvər Paşa qüvvələrinin güclü Rus ordusunu Düşənbə şəhərində məğlub etməsi hər tərəfdə səs küyə səbəb oldu. Ruslar şəhəri tərk edərək qaçmağa başlarkən, Ənvər Paşanın adı bütün Orta Asiyada dillərdən dillərə dolaşmağa başladı. Bu zəfərdən sonra Ənvər Paşa ətrafına yeni qüvvətlər qatıldı.
Ənvər Paşa Türkistanlı liderleri, ona yardım etmələri üçün yanına dəvət etdi, lakin yenə onlardan rədd cavabı aldı. İyun ayına doğru Ruslar böyük bir orduyla Ənvər Paşa üzərinə hücuma keçdilər və onu Düşənbəyə yaxın Belcuvan kəndinə qovdular. Ənvər Paşanın Belcuvan kəndinə sığınmasından sonra, ətrafındakılardan bəziləri onu tərk etdilər. Ancaq o yenə də davasından vaz keçməyərək yanındakılara “Türkistan üçün mütləq savaşmalıyıq. Bacarsaq qazi, bacaqmasaq şəhid olarıq. Qismətimizdə nə varsa onu da görərik. Bundan heç qorxmuruq. Belə it kimi Rus zülmündə yaşamaqdansa atalarımız kimi şərəflə öləcəyik” dedi və ağladı.
Belcuvana çəkilən Ənvər Paşa və yanındakı mücahidlər 4 Avqust 1922-ci ildə gözləmədikləri bir anda Rusların hücumuna məruz qaldılar. Ağabeyov adlı kommunist bir Erməni ilə Abdurrahman adlı bir Tacikin yol göstərdiyi Qızıl ordu qüvvətləri, Qurban bayramının ikinci günü Ənvər Paşanın qərargahına hücum etdilər. Paşa və dostları silahları olmadığı üçün qılıncları ilə Ruslarla savaşa girirlər. Uzun bir müddət davam edən müharibədə Ruslar məğlub olmaq üzərə ikən avtomat silahdan açılan atəşlə Ənvər Paşa qəlbindən vuruldu və öldürüldü. Ənvər paşa ertəsi gün oradaca dəfn edildi. Ancaq milli üsyan sonlanmadı. Ruslar davamlı yeni qüvvətlər gətirərək Türkistanı işğal etməkdən vaz keçmədiklərini göstərirdilər. 1923-cü ildə Qızıl ordu komandiri Kamenev şəxsən Orta Asiyaya gələrək milli üsyanı yatırdacaq planlar hazırladı. Təyyarə və tankların dəstəyi ilə Qızıl Ordu, 1923-cü ilin yazından 1924-cü ilin qışına qədər Basmaçı üsyanını tamamən yatırdı. Üsyana iştirak edənlərin böyük bir qismi ya öldürüldü, ya da həbs edilərək edama məhkum oldu. Bir qismi isə İbrahim Bəy liderliyində Əfqanıstan tərəflərinə çəkildilər.
Orta Asiya türklərinin milli qurtuluş mücadilələrində məğlub olmalarının üç səbəbi vardı. Birincisi, Türkistanlı liderlərin birlik və bərabərlik içində Ənvər Paşaya kömək etməmələri idi. Bu arada Sovetlərin Ənvər Paşa əleyhinə, “İngilis cəsusu” təbliğatı da öz bəhrəsini vermiş, Ənvər Paşa ətrafına istədiyi qədər insan toplaya bilməmişdi. İkincisi, Ənvər Paşanın ətrafındakı qüvvətlərin əlində modern silahların və Qızıl Ordunu dayandıracaq qədər təcrübəli əsgərləri olmaması idi. Üçüncüsü isə, Ənvər Paşanın ölməsindən sonra Orta Asiya üsyançılarının başsız qalmaları idi.
Beləliklə, bütün dünya tarixinə- biraz da Rusların təbliğatı ilə -Basmaçı adı ilə keçən bu üsyan (Orta Asiya türklərinin üsyanı) faciəli bir şəkildə, Ənvər Paşa və mücahidlərinin ölümü ilə nəticələndi. Xüsusən o dövrdəki Türkistan liderlərinin şəxsi düşüncələrində məncil davranmaları, öz bildiklərinə getmələri və Sovet təbliğatına aldanmaları bu üsyanının məğlubiyyətinin bizə görə ən başlıca səbəblərindən sayılmaqdadır.