"Betfakar Fi Eih?!" (Ərəbcə: "بتفَكّر في إيه؟") Nensinin 2008-ci il 30 İyulda çıxmış 6-cı studiya albomudur. 2008-ci ildə Ərəb dünyasında və 1 Avqustda digər ərazilərdə də tanınaraq Nensi Ajrama daha öncəki işlərinin qazandırmadığı uğuru qazandırdı.
Albomun adı "Nə düşünürsən?" mənası verir. Bu albomda bir çox mahnıların hit olması Nensinin müasir ərəb musiqisi tarixindəki səltənətini davam etdirdi. Albomun aparıcı mahnısı "Betfakar Fi Eih?!" Nensinin yaradıcılığında çox böyük dəyişikliyin olduğunu göstərirdi. Albom ona dünya şöhrəti və World Music Awards mükafatı qazandırdı. Belə ki, Nensi bu mükafata sahib olan ən gənc ərəb sənətçisi idi.
Betfakar Fi Eih?! | |
---|---|
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 30 İyul 2008 |
Yazılma tarixi | 2006-2008 |
Janr | Dünya musiqisi |
Müddət | 60:42 |
Leybl | In2Musica |
Prodüser | Jiji Lamara |
2008-ci ilin İyununda Nensinin meneceri Jiji Lamara "Aktar w Aktar" ("Sahharny Sahhar") mahnısı üçün klip çəkildiyini elan etmişdi. Deyilənə görə, daha öncə albomun aparıcı mahnısı məhz bu seçilmişdi. Belə ki, daha sonra "Betfakar Fi Eih?!" albomun adı və əsas sinqlı oldu. Bəstəkar Samir Sferin və Nensinin dediyinə görə "Betegy Sertak" mahnısı 15 dəqiqəlik olacaqdı, lakin albom versiyası redaktə olundu və radio yayımı üçün 6 dəqiqəyə qədər azaldıldı.
2007-ci ilin yanvarında "Ebn el geran" haqqında xəbərlər sızdı və klipin Nadine Labaki tərəfindən çəkiləcəyi deyildi. Lakin bu klip albom çıxmazdan öncə britaniyalı rejissor Mike Harris tərəfindən çəkildi. "Enta eih" klipinin davamı olaraq, Nadine Labaki tərəfindən "Zaman Kan Andy Alb" mahnısına klip çəkiləcəyi haqqında şayiələr də yayılmışdı. Həmçinin, 2009-cu ilin ortalarında yayılan məlumatlara görə albomun Khaleeji (Körfəz ləhcəsində) mahnısı olan "Khafef alaya" Yehya Saadeh tərəfindən çəkiləcəkdi. Onun çəkdiyi bir neçə mübahisəli klipdən sonra, rejissor olaraq Yehyanın seçilməsi Nensinin fanatları tərəfindən etiraza səbəb oldu. "Khafef alaya" mahnısının seçimi öncəki Khaleeji mahnısı "Meshtaga leik" qədər də yüksək qarşılanmadı. "Zaman Kan Andy Alb" klipi isə bir müddət sual altında qaldı. Bu mahnı "Meen gheiry ana" mahnısından sonra Samer Sfeir və Tareq Madkoorun ikinci işbirliyi idi. Bununla bağlı olaraq, 2009-cu ilin noyabr ayında Nensi və Jiji "Khafef alaya" mahnısının yerinə "Men gheiry ana" mahnısına klip çəkdirməyi qərara aldılar. Amma klip çəkilişlərinin tarixi və çəkiliş komandasının rəsmi olaraq elan olunmasına baxmayaraq, bu mahnılardan heç birinə klip çəkilməməsi fanatları təəccübləndirdi.
Alboma 2 fərqli fotosessiya daxil idi ki, onların da müəllifi Nensinin daim çalışdığı David Abdallah idi. Çox da böyük məmnunluq qazanmayan öncəki fotosessiyadan fərqli olaraq, bu albomun örtük şəkli, Nensinin cəmiyyət tərəfindən ən çox bəyənilən örtük şəkli idi. Bu şəklində Nensi maşının arxa hissəsində oturub pəncərədən fikirli baxır, ya da sadəcə gözlərini yumaraq, fikirli və dərin xəyallarda görünür. Bu örtük şəkli albomun mövzusu ilə uyğun idi və albomun adı olan "Betfakar Fi Eih?!" yəni "Nə düşünürsən?!" sualını canlandırırdı. Albomun iç kitabçasına daxil olan digər fotosessiyada Nensi ətrafında uçuşan qızılgül ləçəkləri ilə görüntülənib. Çəkilişlərdəki 3 müxtəlif görünüş və maşındakı çəkilişlərdən 3 müxtəlif saç düzümləri vizajist Fady Kataya və Pace & Luce-dən olan saç ustası Wasim Morqossun işi idi. Albomun kitabçasında bütün mahnıların ərəbcə olan sözləri də qeyd olunmuşdu.
Nensi bu albomun adını "Betfakar Fi Eih?!" yəni "Nə düşünürsən?!" seçdi, çünki onun mənası albomun dəyişikliyini təsvir edirdi. Yəni insanların bu dəyişiklik haqda nə düşündüklərini ön plana çəkirdi. Albomun ilk önizləməsi Nensinin 3-cü Coca-Cola reklamındakı "Men gheiry ana" mahnısından idi. Bu mahnı albom çıxışından 5 ay öncə albomun uğur qazanmasında rol oynadı.
Albomla yanaşı "Betfakar Fi Eih?!" klipi də gəldi. Hansı ki, bu, yüksək büdcəli və Ərəb dünyasında ilk dəfə olaraq yüksək texnologiya effektləri ilə işlənmiş klip idi. Şayiələrə görə, Nensi albom çıxmazdan öncə artıq "Men gheiry ana" və "Ebn el geran" mahnılarına klip çəkdirmişdi. Uğurlu üçlük (Nizar Francis, Samir Sfeir və Tarek Madkour) tərəfindən yazılan "Men gheiry ana" mahnısı 2008-ci ildə Yaxın Şərqdə Coca-Cola kampaniyası üçün istifadə olundu. Mahnıda Nensi üçün unikal və rəngli tərz yaradılmışdı.
Nensi həmçinin bu albomda "Ah W Noss" albomundan olan "Enta eih" mahnısını davam etdirir. O mahnı “Zaman Kan Andy Alb” idi. Bu, ərinin xəyanətlərinə dözən qəlbi qırılmış və kədərli bir qadının mahnısıdır. Burada Nensi həyat yoldaşını köhnə klipi “Enta eih”də gizlətdiyi gerçəklə üz-üzə qoyur və bildirir ki, indi o artıq həmin ürəyə malik deyil. Bu mahnı fikirləri Samer Sfeirin musiqisinə cəmləyir və Nensinin geniş vokal imkanlarını göstərirdi. Bu albomdan radio dalğalarında səsləndirilən ən uğurlu mahnı dərin və kədərli duyğuları ifadə edən “Lamset eid” (“Əlin toxunuşu”) mahnısı idi. Bu mahnının da müəllifləri daha öncə “Ehsas gedid” mahnısının müəllifləri olan eyni üçlük Fares İskandar, Salim Salama və Hadi Charara idi. “Mashy haddy” mahnısında Nensi sonuncu dəfə 2001-ci il “Sheel Oyounak Anni” albomunda istifadə etdiyi Livan folkloruna qayıdır. Nensi, həmçinin, qədim Misir tərzində "Ebn el geran" mahnısını da oxuyur. Mahnının sonunda qısa "mawwal" ifa edir, hansı ki, bunu ilk dəfə "Ah W Noss" albomundan olan "Baddalla Aleyk" mahnısında ifa etmişdi. (Ərəb musiqisində "Mawwal" vokal musiqisinin ənənəvi janrıdır ki, adətən, mahnının əvvəlində təqdim olunur. Bu, sait hecaların hər zamankindən daha uzun tələffüz olunması ilə xarakterizə olunur. İstənilən mawwal mahnısı "layali" ilə başlayır ki, dinləyici ümumi sözlər olan "Ya Ain Ya Lail" sözlərini eşidir, bunun isə mənası "Ey gözlər, Ey gecə" deməkdir.) Digər ritmli Misir mahnısı Mohammed Rahimin yazdığı "Saharny Sahar" mahnısı idi ki, deyilənə görə albomun əvvəlki adı idi. Bu mahnıda Nensi keçmiş sevgilisini qıcıqlandırır və hər sözü ilə ona sataşır.
Digər diqqət çəkən mahnı Samer Sferin bəstələdiyi Tarab mahnısı olan "Betegy Sertak" idi. 1998-ci ildə çıxan ilk albomu "Mehtagalak"-in mahnılarından sonra, Nensi yenidən Tarab musiqisinə, yəni "Betegy Sertak"-a üz tutdu. İlk versiyasında 12 dəqiqəlik mahnı olaraq hazırlansa da, radio dalğalarında tam olaraq səslənməsi üçün 6 dəqiqəyə endirildi.
Albomun 2-ci klipi "Men dah elly nseik" mahnısı misirli bəstəkar Walid Saad və livanlı Hadi Charara arasında ilk əməkdaşlıq idi. Hadi Charara mahnı üçün ritmli, fərqli və yeni bir qarışım yaradaraq, Nensini bu cəsur seçiminə görə tərifləmişdi. Növbəti romantik mahnı Nensinin öz sevdiyinə olan dərin və inandırıcı duyğularını ifadə edən "Wana Ben Edik" idi. Bu, Nensinin "Ah w Noss" albomundakı "Baddallaa Aleyk" mahnısından sonra misirli bəstəkar Mahmoud Khiami ilə ikinci əməkdaşlığı idi. Deyilənə görə, bu, Nensinin toyunda səslənən onun yeganə mahnısı idi.
"Betfakar Fi Eih?!" albomunda Nensi əvvəlki albomları ilə müqayisədə daha geniş üslublar nümayiş etdirirdi ki, bunların da çoxu onun üçün tamamən yeni idi.
Rejissor: Manfredo Leteo
Rejissor: Mike Harris
Rejissor: Leila Kenaan
"Betfakar fi eih" albomun əsas sinqlı olaraq 2008-ci ilin İyul ayında çıxmışdır. Klip isə Said el Marouk tərəfindən çəkilmişdir. Klipdə Nensi gitara çalaraq, sevgilisinə mahnı oxuyur.
"Men dah elly nseik" ikinci sinql olaraq buraxıldı və klipini Said el Marouk çəkdi. Bu, daha öncə çəkilən "Ehsas Gedid" klipinin davamı idi. Belə ki, öncəki klipdə Nensi danışma və eşitmə qüsuru olan gənci sevirdisə, bu klipdə Nensi artıq həmin gənclə evli idi və həyat yoldaşı əməliyyatla bu qüsurları aradan götürürdü.
"Lamset eid" üçüncü sinql idi. Bu klipin rejissoru Leila Kanaan idi ki, onlar ilk dəfə idi birlikdə çalışırdılar. Bu, illər öncə baş tutmuş müharibə mövzusunu canlandıran lirika idi.
"Ebn el geran" Nensinin hamiləliyi zamanı çıxmışdı. Klip daha öncə çəkilən Damas Farfasha kampaniyasının davamı olaraq çəkilmişdi. Klipin rejissoru Mike Harris idi. Bu klipdə Nensi qonşunun oğluna olan sevgisini etiraf edir.
"Mashy Haddy" albomun sonuncu sinqlı idi, baxmayaraq ki, daha sonra "Zaman kan andy alb"-in də çəkilməsi planlaşdırılırdı. Bu şən klipdə Nensi sevdiyi insanın şorgözlüyündən şikayət edərək, onu daim yanında saxlamağa çalışır.
"Men ghairy ana" 2008-ci ilin Martında Colanın 3 reklam seriyası vasitəsilə, ilin rəsmi Coca-Cola Yaxın Şərq mahnısının bir hissəsi olaraq buraxıldı. Həmçinin "Noss el Kawn" kimi tanınan mahnı müxtəlif hit-paradlarda ilk pillələri tutdu və albomun rəsmi çıxışının qabaqcadan uğurla reklam olunmasına xidmət edirdi. "Men ghairy ana" mahnısından müxtəlif sənətçilər nümunə götürmüş, həmçinin mahnı İvrit dilinə də tərcümə olunmuşdur.
"Wana Ben Idek" reklam mahnısı olaraq buraxılmış və Sony Ericssonun reklamlarında istifadə olunmuşdur ki, Nensi bu şirkətin yeni nümayəndəsi idi. Reklamın rejissoru Leila Kanaan idi. Mahnı bütün dünyada çox böyük diqqət gördü və Space Cowboy da daxil olmaqla, müxtəlif beynəlxalq DJ'lər tərəfindən remix versiyada işləndi.
"Saharny Sahar" sinql olaraq buraxılmasa da, Radio Panorama FM sıralamasında da yer almışdı. Nensi bu mahnını daha sonra "The Manager" yarışmasının final bölümündə səsləndirmişdi. Bu zaman Nensi ilk övladına hamiləliyinin son aylarında idi.
"Zaman kan andy alb" mahnısı albomun sonuncu sinqlı olaraq buraxılmalı idi, lakin bu layihə müxtəlif səbəblərdən, xüsusən də Nensinin hamiləliyi ilə bağlı olaraq təxirə salındı. Bu mahnı Nensinin daha öncəki hiti olan "Enta eih"-in davamı olaraq elan olunmuşdu və müxtəlif radio dalğalarında yer almışdı.
"Baladeyaty" müxtəlif radio stansiyalarında yer aldı və canlı ifa ilə televiziyada nümayiş etdirildi.
"Betegy Sertak" radio hiti idi. Bir çox stansiyalar bunu Nensinin sənətində yeni və unikal addım hesab edirdilər. Mahnının canlı ifasının videosu müxtəlif televiziya kanallarında nümayiş olundu.
Mahnı | Yazar | Bəstəkar | İstehsalçı |
---|---|---|---|
1. Betkafar Fi Eih?! | Amir Dhaiwah | Mhd. el Nadi | Tarek Madkour |
2. Meen Dah Elly Nseik | Maad Juda | Walid Saad | Hadi Charara |
3. Meen Gheiry Ana | Nizar Francis | Samir Sfeir | Tarek Madkour |
4. Safer (Ana Rohy Maak) | Awad Badawi | Walid Saad | Adel Ayash |
5. Sahharny Sahhar | Khaled Amin | Mhd. Rahim | Hamid el Shaari |
6. Baladeyyaty (Ana Menno) | Nader Abdullah | Walid Saad | Adel Ayash |
7. Zaman Kan Andi Alb | Amir Dhaiwah | Samir Sfeir | Tarek Madkour |
8. Lamset Eid | Fares Iskandar | Salim Salameh | Hadi Charara |
9. Leya Haq | Mustafa Marsi | Samir Sfeir | Fahad |
10. Ebn El Geran | Khaled Amin | Mhd. Rahim | Hamid el Shaari |
11. Wana Bein Edik | Mhd. el Burra | Mahmoud Khaimi | Hamid el Shaari |
12. Khaffef Alayya Shwayy | el Nasser | Abdulrab Idris | Tarek Aakef |
13. Mashy Haddy | Fares Iskandar | Salim Salameh | Hamid el Shaari |
14. Betegy Sertak | Mustafa Kamal | Samir Sfeir | Tarek Aaakef |
"Betfakar Fi Eih?!" Nensinin bu zamana qədər çıxan ən uğurlu albomlarından sayılır və ilk albom idi ki, 7 albomdan sonra Nensi Ajrama ilk dəfə World Music Award mükafatını qazandırdı. "Betfakar fi eih" 2008-ci ildə Yaxın Şərq və Şimali Afrikada (bütün Ərəb Dünyasında) ən çox satılan albom idi. Baxmayaraq ki, həmin il onun çox böyük rəqibləri var idi. World Music Award mükafatına əlavə olaraq, bu albom 8000-dən çox livanlı tələbə arasında keçirilən sorğu əsasında Tələbələrin Seçimi Mükafatını da qazandı, onlar bu albomu "ilin albomu" seçdilər. "Betfakar fi eih" Beyrutda ard-arda 7 həftə 1-ci yeri tutdu. Bundan əlavə, Ərəb dünyasında hit-paradlarda, Beyrut, Dubay, Misir, Suriya və İordaniyada, həmçinin online mənbələrdə mahnı satışı siyahılarında hər həftə 1-ciliyi qoruyub saxlayırdı.
Said el Maroukun çəkdiyi "Betfakar fi eih" klipi tutarlı və ardıcıl bir ssenari yerinə, tam olaraq yüksək keyfiyyətli effektlərdən və üslubdan ibarət olduğu üçün tənqid olundu. Baxmayaraq ki, "Betfakar fi eih" Stars Cafe-nin online sorğusunda 2008-ci ilin ən yaxşı klipi olaraq 2-ci yeri tutmuşdu.
Digər tərəfdən, 3 ay sonra Said al Marouk tərəfindən çəkilən "Men dah elly nseik" Melody Hits klip və mahnı hit-paradlarında (həm ən yaxşı klip, həm də ən yaxşı mahnı kateqoriyasında) ard-arda 7 həftə 1-ci oldu. Albom çıxışından 2 ay sonra klipsiz mahnılar da uğur qazanaraq şlyager adı qazanmışdılar. Bura daxil idi albom çıxmazdan daha 5 ay öncə ona böyük uğur qazandıran "Meen gheiry ana", radio hitləri sayılan "Lamset Eid", "Mashy Haddy", "Wana Ben Edik", "Saharny Sahar" və ilk 2 sinqlı "Betfakar fi eih" və "Men dah elly nseik" mahnıları. Müxtəlif mahnılara olan klip istəklərinin çox olması ilə əlaqədar olaraq, Nensi elan etdi ki, o, albomun 14 mahnısından təxmini 10-na klip çəkdirəcək.
"Betfakar fi eih" albomu Hitmarkers Top 10 ən çox satılan ərəb albomu siyahısında 48 həftə dalbadal qalaraq rekord qırmışdı. Albomun çıxdığı andan etibarən, il yarım ərzində və çıxmasının 52-ci həftəsində belə siyahılarda 1-ci yerdə idi. Albomun sinqllarının və kliplərinin hamısı müxtəlif zamanlarda (WMA üçün etibarlı mənbə sayılan yeganə rəsmi ərəb mahnı toplisti) Hitmarker-də 1-ci yeri tutmuşdu.
- Samir Sfeir: 4 mahnı (albomdakı mahnıların çoxunun bəstəkarı). Nensi üçün yazdığı keçmiş mahnıları: "Ah W Noss" albomundan "Ana Yalli", "Enta Eih", "Gayinn Yououlouli", "La Teloum" və "Ya Salam" albomundan "Yay". Samir Sfeir 25 ildən çoxdur ki, ən böyük ərəb hitlərini bəstələyir.
- Tarek Madkour: albomda 3 mahnını aranjeman edib və "Ya tabtab" mahnısını bəstələyib. Madkour daha öncə Nensinin hit mahnısı "Ah W Noss"-u bəstələmiş, "Yay", "Enta eih", "Oul tany keda" və "Ah W Noss" mahnılarını aranjeman etmişdir. Tareq öz işini ilk dəfə köhnə dostu Amr Diabla başlayaraq, bu sektorda artıq 20 ildən çoxdur ki çalışır. Böyük ərəb hitlərinin əksər hissəsi onun imzasını daşıyır.
- Salim Salama bu albomdan “Lamset eid” və “Mashy haddy” mahnılarının bəstəkardır. Nensinin keçmiş mahnıları "Ehsas gedid", "Ya salam", "Ahla Jaw" və "Nasseto Garho"-nu da Salama bəstələmişdi.
- Hamid el Chaery, 20 ildən çoxdur ki, musiqi sənayesində yer alır və müasir ərəb musiqisinin liderlərindən biridir. Albomda olan və xüsusilə, Nensinin musiqilərinə tamamən yeni qədimlik çalarları qataraq bəstələdiyi 3 mahnı - "Mashy haddy", "Enb el geran" və "Saharny sahar" onun Nensi ilə ilk əməkdaşlığı idi.
- Waleed Saed: aparıcı Misir bəstəkarı bu albomdan 3 mahnının müəllifidir - "Meen dah elly nseik", "Safer - Ana rouhy maak", "Baladeyaty". Saed daha öncə "Elly kan", "Mogabah", "Hobbak leya" və Nensinin Misir üçün olan mahnısı "Ana masri"ni bəstələmişdi.
- Hady Charara (Livan bəstəkarı və aranjemançısı mükafatının qalibi) daha öncə Nensi üçün "Ehsas gedid"i və bu alboma daxil olan "Meen dah elly nseik" və "Lamset eid" mahnılarını aranjeman etmişdi.
- Mahmoud Khiami Misirin ən yaxşı bəstəkarlarından sayılır, daha öncə Nensi üçün "Baddala Aleik"i hazırlamışdı və bu albomdan "Wana ben edik" mahnısının bəstəkarıdı.
- Mhd. Rahim: Misirli sənətçi bu albomdan "Saharny Sahar" və "Ebn el geran" mahnılarını bəstələmişdir. Rahim daha öncə Nensinin Coca-Cola hiti olan "El Donia Helwa" və "Ah w Noss" aldomundan "Ana leih" mahnısını bəstələmişdir.
- Abdul Rab Idriss: Khaliji musiqisinin böyük isimlərindən sayılan müğənni və bəstəkar İdriss, Nensinin bu albomdan olan yeganə Khaliji mahnısı "Khaffef Alayy Shwayy"-i bəstələmişdir. Mahnının sözlərini isə böyük şair AlNasser yazmışdır.
Nensi 2, 6, 8, 9, 12 və 14-cü mahnılardan başqa albomun bütün mahnılarına bekvokallıq etmişdi.