Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır.[1]
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi.[2]
8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi. XIV maddədə deyilirdi ki, Almaniya Gürcüstanın sərhədlərindən kənarda hər hansı III dövlətə hərbi əməliyyatlarda heç bir yardım göstərməyəcəkdir. Almaniya, həmçinin, III bir dövlətin silahlı qüvvələrinin Kür çayının mənsəbindən Petropavlosk kəndinə qədər, Şamaxı qəzasının sərhədləri boyunca Əyrioba kəndinədək, düz xətlə Bakı, Şamaxı, Quba qəzalarının kəsişdiyi nöqtəyə qədər, sonra Bakı qəzasının şimalından dənizə olan ərazilərə keçməyəcəyini öhdəsinə götürürdü. III dövlət dedikdə, bu zaman artıq Azərbaycan ərazisində fəal əməliyyatlar aparan Osmanlı nəzərdə tutulurdu. Türkiyə də, öz növbəsində, Bakını tutandan sonra burada neft hasılatı artırmağı, hər ay çıxarılan neftin dörddə bir hissəsini Donetsk hövzəsindən aparılan daş kömürün əvəzində Almaniyaya verməyi öhdəsinə götürürüdü. Lakin sazişdə Almaniyaya veriləcək neftin miqdarı müəyyənləşdirilməmişdi. Bununla Almaniya, əslində bolşeviklərin Azərbaycanla bağlı işğalçılıq planlarına, o cümlədən Bakı neftinin Rusiyanın əlinə keçməsinə razılıq verdi.[1]
Almaniyanın osmanlıdan gizli imzaladığı saziş, bütövlükdə, müttəfiqi Osmanlıya, habelə Azərbaycana qarşı yönəlmişdi. Bu isə həm Osmanlının, həm də Azərbaycan ictimaiyyəti və rəsmi dairələrinin narazılığına səbəb oldu. Sentyabrın 1-də saziş haqqında İstanbuldan Azərbaycan hökumətinə məlumat verən Məhəmməd Əmin Rəsulzadə yazırdı:[1]
Necə olursa-olsun, Bakını almaq, almaq və almaq lazımdır. |
İstanbuldakı Azərbaycan nümayəndələri sentyabrın 6-da sərdəzəm (baş nazir) Tələt Paşa ilə görüşüb, Bakının tezliklə azad edilməsinin zəruriliyini müzakirə etdilər. Bundan az sonra Berlinə gedən Tələt paşa 27 avqust sazişininn təcili surətdə ləğv olunmasını Almaniya hökumətindən tələb etdi. Azərbaycan nümayəndələri sentyabrın 12-də İstanbulda Azərbaycan hökumətinin etiraz notasını Almaniyanın Osmanlı dövlətindəki səfirliyinə təqdim etdilər. Notanın surəti Osmanlı Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan səfirliyinə, habelə diplomatik nümayəndəliklərə də verildi. Notada Azərbaycanın Bakı şəhərinə tarixi haqqı sübut edilirdi. Göstərilirdi ki, Bakı elm və mədəniyyət baxımından Azərbaycana bağlıdır. Siyasi, iqtisadi və ictimai təşkilatlar, xeyriyyə, mədəni-maarif mərkəzləri, milli ziyalı nümayəndələri, başlıca olaraq, Bakıda toplanmışdır. Bakısız Azərbaycan başsız bədəndir. Cəbhələrdə vəziyyətin tezliklə kəskin surətdə Almaniyanın zərərinə dəyişməsi onnu 27 avqust sazişindən imtina etməsinə səbəb oldu. Almaniya hökuməti, hətta Bakını azad etmək üçün Türkiyəyə öz hərbi yardımını təklif etdi. 1918-ci il, sentyabrın 15-də Bakının azad edilməsi Tələt Paşanın Berlində apardığı danışıqlara ciddi təsir göstərdi. Danışıqlar zamanı Tələt Paşa türk qoşunlarının Azərbaycanda çox qalmayacağını bildirdi. Osmanlı hökumətinin bu vədi 1918-ci il, sentyabrın 23-də imzalanmış Almaniya-Osmanlı protokolunda təsbit olundu. Almaniya hökuməti 27 avqust sazişindən rəsmi şəkildə imtina etdiyini açıqladı və Azərbaycanı müstəqil bir dövlət kimi tanıyacağını, ilk addım kimi, tezliklə Bakıda konsulluq açacağını bildirdi. Almaniya Azərbaycanın müstəqilliyinin sovet Rusiyası tərəfindən də tanınacağını vəd etdi.[2]
27 avqust Almaniya-Rusiya məxfi sazişi ləğv edilsə də, Almaniya hökumətinin bu addımı təsirsiz ötüşmədi. Almaniyanın bu addımına cavab olaraq, Azərbaycan hökuməti alman koloniyaları barədə imzalamaq ərəfəsində olan Azərbaycan-Almaniya müqaviləsindən imtina etdi. 1918-ci ilin, payızında Almaniya bloku dünya müharibəsində məğlub oldu. Oktyabrın 30-da Osmanlı dövləti Mudros barışığının (1918) ağır şərtlərinə imza atmaq məcburiyyətində qaldı. Noyabrın əvvəlində Avstriya-Macarıstan və Almaniya təslim aktını imzalayan kimi Rusiya Brest müqaviləsinin qüvvədən düşdüyünü bildirdi. Brest müqaviləsinin ləğv edilməsi ilə 27 avqust sazişi də qüvvədən düşdü. Yaranmış vəziyyətdə sovet Rusiyası özünün Cənubi Qafqazla bağlı işğalçılıq planlarını həyata keçirdi.[2]