“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi.
Cırtdan | |
---|---|
| |
Janr |
komediya macəra uşaq |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifi | Alla Axundova |
Operator | Aleksandr Milov |
Bəstəkar | Oqtay Zülfüqarov |
Rəssam | Elçin Aslanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 17 fevral 1969 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 10 dəq. |
Ölkə | SSRİ |
İl | 1969 |
Texniki məlumatlar |
1 hissə 274 metr 35 mm |
Rəng | rəngli |
Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb.[1]
Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.[1]
Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır.
Applikasiya filmidir.
Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[2][3] Forumda rəssam assistenti Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[4][5]
2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə Azərbaycanın bu ilk uşaq animasiya filmini müasir üsullarla restavrasiya edib. Bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci Animafilm Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb. Bərpa edilmiş versiya 4 dekabr 2022-ci ildə “Azərbaycanfilm” kinostudiyasının yutub kanalında da yayımlanıb.[1]