Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani,[1] Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli Hökumətinin müdafiə naziri, general-mayor
Cəfər Kavian | |
---|---|
Cəfər Məhəmmədəli oğlu Kavian | |
Digər adı | Cəfər Məmmədzadə |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1975 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Mükafatları |
Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi[2][3]. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan (Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapmışdır. General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi işdə fəal çalışan fədailərdən idi.
General 1974-cü ildə öz dəst-xətti ilə yazdığı tərcümeyi halında qeyd edir ki, inqilabi fəaliyyətə 1908-ci ildən, on üç yaşında gənc bir fədai kimi Səttarxan hərəkatından başlamışam. O vaxta qədər Təbrizdə dini təhsil almışam.
İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur.
O, Mərənddən Təbrizə köçdü.
1922-ci ilin fevral ayının doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Bu hadisədən bir – iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi".
Məşədi Cəfər 1922-ci ildə məşhur şair Əbülqasım Lahuti hərəkatında yaxından iştirak edərək fədai başçısı olur. Bir az sonra şahlıq rejiminin ağırlığı nəticəsində bu hərəkat da yatırılır. Məşədi Cəfər ikinci dəfə Bakıya gəlir, təhsilini artırmaq üçün partiya kursuna daxil olur. 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi Cəfər Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə göndərilir. Üç il sonra üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə, Mazandaranda və Tehranda gizli inqilabi iş aparır.
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının surəti oğlu Marksda qalır. Onun mətni belədir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir." Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları mərd Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir. Qəddar Rza şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, Sovet ordusu İrana gəldikdən sonra, 1941-ci ildə sürgündən azad olunur.
1945-ci il dekabrın on ikisində Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin etdi. Onlar İran çərçivəsində milli muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı. Həmin gün tarixə "21 Azər hərəkatı" kimi daxil oldu.
Fədailər Azərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından təmizlədilər. Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub, müdafiə naziri təyin edildi. Həmin ili "Nəcate-İran" qəzeti yazırdı:
"General Kavian hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il qabaqdan ta indiyə kimi iştirak edibdir.
O, Rza şah dövründə illərlə həbsdə olmuş və həyatının çox dövrünü zindanda keçirmişdir. "21 Azər hərəkatı"nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi. O, öz silahdaşları – azadxah Seyid Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce irticanı çıxılmaz vəziyyətdə qoymuşdur".
1946-cı il noyabrın axırlarında İran hökuməti iyun müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün onun üzərinə hücum etdi. Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və başqa şəhərlərdə qanlı cinayətlər törətdilər.
Dekabrda şah idarə üsulu bərpa olundu. İranın baş naziri Qəvamülsəltənə ilə Stalin, Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli sürdülər. Onlar Azərbaycanın İrandan ayrılmaq və onun torpağına sahib olmaq istədiyini iddia etdilər.
Bu hadisələrfən sonra Əbdülqasım Əzimi güllələndi. O, son nəfəsindədemişdi:
— Xatircəm olun, hər bir azadxah azərbaycanlı sabah bir general Əzimi olacaqdır. Xalqın intiqamını gözləyin! Tökdüyünüz qanlara, etdiyiniz vəhşiliklərə görə gələcək nəsil sizdən intiqam alacaq!
Sərdari milli Səttarxanın və salari milli Bağırxanın heykəlləri uçuruldu. General Mirzə Rəhbini Kəbiri, Əzimi, mayor Raşitin Məmmədəli oğlu, polkovnik Mürtəzəvi, Qazi, Cövdətü Dəbirniya, Zəhiri, Ehsani, Şeyxi kimi öldürüldü. Vəziyyətin ağırlığından digərləri kimi general Cəfər Kavian da Sovet Azərbaycanına gəldi. Ömrünün axırınadək – 1975-ci ilədək vətən həsrətilə yaşadı.
Generalın üç oğlu və üç qızı Bakıda yaşayıb.
General Cəfər Kavianın ölumündən bir ay sonra Hizbi-Tudeyi İranın – Azərbaycan Demokrat Partiyasının orqanı "Azərbaycan" qəzeti 1975-ci il, iyirmi səkkiz fevral tarixli nömrəsində şəkli ilə birgə onun haqqında nekroloq vermişdir. Azərbaycan oğlunun azadlıq yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz əksini tapıb:
"Cəfər Kavian gənc yaşlarından ölkənin əsarətdə olmasını və xalqın məşəqqətli həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi mübarizəyə qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin müəssisələrindən biri idi. Xalqmilli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq qoşunları vəziri təyin etmişdir. "21 Azər" nehzətinin nailiyyətlərini qoruyub saxlamaq uğrunda geniş mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır. Azərbaycanda milli demokratik hərəkat qan dəryasında boğulduğu zaman minlərlə demokrat və fədai kimi Cəfər Kavian da mühacirət etməyə məcbur olub. Lakin mühacirat illərində də Kavianın bütün, fikri Vətənin və xalqın həyatı ilə bağlı, olmuşdur. O, xalqın qalib gələcəyinə, azad, xoşbəxt İranın yaranacağına dərin inam bəsləyirdi. Bu yolda da inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq nehzəti və İran zəhmətkeşləri sabiqədal yoldaşlarımızdan birini itirdi".
Azərbaycan Demokrat Partiyası və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir. S. C. Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı ilin sentyabr tarixli əmrində deyilir ki, ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif olunursunuz.
General Cəfər həm də hökumətin yeni təsis etdiyi "21 Azər" medalı ilə təltif olunmuşdur.