Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət

Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyətİslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır.

Ərəbistan yarımadasının coğrafi xəritəsi

Ərəbistan yarımadası haqqında qısa məlumat

[redaktə | mənbəni redaktə et]

Əsil adı "Şibhu Cəzirətil-Arab" (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə "Cəzirətul-arab" deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur[1]. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə BəsrəOman körfəzləri, cənubda Hind okeanıqərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir[2]. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10–15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir[3].

Misir, FələstinMesopotamiyada olduğu kimi Ərəbistanda da arxeoloji qazıntılar aparılana qədər, bu bölgənin ilk dövr tarixi qaranlıqda qalmağa məhkumdur. Tədqiqatçı yarı-gerçək və yarı-yanlış fərziyyələrin qalıqları arasında ehtiyatla hərəkət etmək məcburiyyətindədir. Tarixçi, əlindəki az bir qisim məlumatla, bu fərziyyələri nə tamamlaya bilər, nə də rədd edə bilər. Bunların ən məşhuru, ən seçilmiş iki qabaqcılının adlarını daşıyan "Vinckler-Caetani" nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, Ərəbistan əvvəllər çox məhsuldar bir bölgə və Sami qövmlərinin ana vətəni idi. Yarımada min illərlə davamlı şəkildə qurumağa, sərvət mənbələri ilə su yollarının tükənməsinə və əkinçiliyə əlverişli torpaqların səhraya çevrilməsinə məruz qaldı. İstehsalın geriləməsilə bərabər əhalinin sayındakı artım böhranlara səbəb oldu. Bunun nəticəsində də yarımadada yaşayan Sami qövmləri zamanla qonşu ölkələri istila etdilər. Süryaniləri, Aramiləri, Kənaniləri (Finikiyalılarla İbranilər daxil olmaqla) və nəhayət məhz Ərəbləri münbit hilal ölkələrinə yönəldən bu böhranlar oldu. Bu halda isə tarixdəki ərəblər qədim zamanlarda baş verən böyük işğalların, bunlardan fərqli xüsusiyyət daşımayan qalıqlarıdır. Ərəbistan geoloji baxımdan hələ də əsaslı şəkildə araşdırılmamış olmasına baxmayaraq, adı çəkilən nəzəriyyəni dəstəkləyən bəzi dəlillər, qurumuş su yolları və ölkənin qədim məhsuldarlığına işarə edən başqa əlamətlər əldə edilmişdir[4].

Ərəbistanın coğrafi vəziyyəti haqqında məlumat verən İslam coğrafiyaçılarından Əsmai yarımadanı Yəmən, Nəcd, Hicaz və Tihamə olmaqla dörd, İstəxri isə Hicaz, Nəcd və Yəmən olaraq üç hissəyə ayırmaqdadır. Yarımadanı Həmdani ilə Müqəddəsi Şam və Yəmən adı ilə iki hissəyə, Bəkri ilə Yaqud əl-Həməvi isə daha ətraflı şəkildə təsnifləndirmək surətilə Tihamə, Hicaz, Nəcd, Əruz və Yəmən olaraq beş hissəyə ayırmaqdadır. Müasir dövrdə siyasi dəyişikliklər nəzərə alınaraq Ərəb yarımadası Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, BəhreynKüveyt sərhədləri içində qalan bölgə olaraq müəyyənləşməkdədir və ərazisi 3 milyon kvadratkilometrdən çoxdur (3.184.515 kvadrat kilometr)[1]. İslamdan əvvəl Ərəb yarımadasında müəyyən bir sistemin varlığı bilinməməkdədir. Yarımadanı bütünlüklə hakimiyyəti altnda saxlayan mərkəzi idarə mövcud olmamışdır. Ancaq yarımadanın şimal-şərqində Hirəlilər, cənub-qərbində Qəssanilər, cənubunda yerləşən Yəməndə isə Səbə və Himyər krallıqları kimi dövlətlər qurulmuşdur[5].

Nəbatilər dövləti

[redaktə | mənbəni redaktə et]

Bu dövlət, Fələstinin cənubundakı qədim Edom bölgəsində qurulmuşdur. Sərhədləri, cənubda Əqəbə körfəzinin aşağı hissələrinə qədər uzanırdı. Buralarda çox qədim zamanlardan Hurrilər yaşayırdı. Bunlardan sonra Edomlular məskunlaşmışdılar ki, bunlar da, İsrail hökmdarı Hz. Davud və oğlu Hz. Süleyman dövründə İsrail oğulları boyunduruğu altından qurtulmaq üçün çalışsalar da, bu istəklərinə ancaq ikinci Babil kralı Nabuhodonosor'un, İsrail kralı Jokanias dövründə eradan əvvəl 599-cu ildə Fələstinə hücumunda ona yardım etmək surətilə müzəffər ola bilmişdilər. Nabuhodonosor Edomluların bu yardımlarına qarşılıq olaraq, onlara toxunmamış, onlar da sərhədlərini genişləndirə bilmişdilər. Fəqət eradan əvvəl beşinci yüzillikdə şərqdən gələn Nəbatilərin hücumlarına məruz qalaraq onlara qarışıb, assimlyasiyaya uğramış və bu hadisələrdən sonra meydana "Nəbatilər dövləti" adı ilə yeni bir dövlət çıxmışdır[6].

Yazılı mənbələrdə Nabat, Nəbat, Nəbit, Ənbat, Nəbati və Nubati şəklində qeyd edilən adın – yaşadıqları bölgəyə istinadla – "fışqırmaq, parlamaq" mənalarındakı, Akkad dilində nabatu məsdərindən və ya Tövratdakı Nabayot şəxs adından (babaları olan Hz. İsmayılın böyük oğlu) gəldiyi qeyd edilməkdədir. İslami qaynaqlarda Ənbatus-Səvad (İraq) və Ənbatuş-Şam (Suriya) olaraq iki cür bəhs edilən Nəbatilərlə əlaqəli bir-birindən çox fərqli fikirlər ortaya atılmışdır. Buna görə də 1. Nəbatilər əslində ərəbdir; fəqət xaricilərlə (əcəm) birlikdə yaşamaları səbəbindən nəsəbləri qarışmış və dilləri dəyişmişdir. 2. Səvad Nəbatiləri kökləri İrəmə gedib çıxan Aramilərdir. 3. Dəhhaq İraqda bir şəhər qurmuş və Nəbatilər bura yerləşmişdir. 4. Buxtunnəsr ərəb əsirlərini Ənbarda toplamış, bu səbəbdən də bura Ənbarul-Ərəb deyilmiş və bunlar daha sonra Nəbatilərlə qarışmışdır[7].

Bu dövlət ən qüdrətli dövründə Şimali Hicazın böyük bir hissəsini əhatə etməklə, Əqəbə körfəzindən Aralıq dənizinə qədər yayılan geniş bir əraziyə hakim olmuşdur. Kitabələrdən tanınan ilk kral miladdan əvvəl 169-cu ildə Aretasdır (ərəbcə: Harisa). Mərkəzi şəhəri müasir İordaniya Krallığı torpaqlarında yerləşən Petra şəhəri idi. Nəbati krallığının Roma ilə ilk dəfə əlaqə qurması eramızdan əvvəl 65-ci ildə Pompeius'un Petra şəhərini ziyarət etməsilə baş tutdu. Romalılar ərəb krallığı ilə dostluq əlaqələri qurdular. Bu krallıq Roma imperatorluğunun şərqdəki torpaqları ilə çöl arasında bir növ sərhəd dövləti vəzifəsi daşımaqdaydı. Eradan əvvəl 25–24-cü illərdə Aelius Gallus'un səfərində, Nəbati krallığı bir vasitə olaraq istifadə edildi. Yəməni zəbt etməkdən ötrü Augustus tərəfindən göndərilən bu hərbi səfər, romalıların Ərəbistana nüfuz etmək məqsədilə etdikləri tək təşəbbüsdür. Bunun səbəbi, Hindistan ticarət yolunun cənub qapısını nəzarət altına almaq idi. Qırmızı dənizin sahilindəki bir Nəbati limanından gemiyə minən Aelius Gallus Yəməndə sahilə çıxaraq, ölkənin içərilərinə qədər irəliləməyi bacardı. Buna baxmayaraq səfər uğurla nəticələnmədi və romalıların zəlil halda geri çəkilməsilə sona çatdı[8].

Nəbatilərin soykökü haqqında müxtəlif fikirlər irəli sürülmüşdür:

1. Tövratda onların İsmayılın oğlu Nabayotun soyundan gəldikləri qeyd edilir. Əvvəl İraq ətrafında olduqları halda daha sonralar qərbə — Edom bölgəsinə gəlmişlər;

2. Ərəb yarımadasının Səmmar dağları ərazisindən gəlmişlər; — bu halda isə birbaşa Edoma deyil, əvvəlcə Mesopotamiyaya gedib məskunlaşdıqdan sonra assuriyalıların oradan qovub çıxartdıqları səbəbilə Edoma gəlmişlər;

3. Bəsrə körfəzi ətrafından gəldikləri kimi, Petra bölgəsinə də haradan gəldikləri mübahisəli bir mövzudur. Digər tərəfdən onların soykökü baxımından ərəb yoxsa arami olduqları da dəqiq şəkildə müəyyənləşdirilməmişdir. Nəbatilərdən qalan kitabələrin ərəb dili ilə yazılmasına görə hökm verən alimlər onların arami olduqlarını söyləyirlər. Qədim dövrlə bağlı araşdırma aparan qərb tarixçilərinə görə isə kitabələrdə adı keçən Nəbatlı hökmdar adlarının əl-Haris (qədim yunan dilində Aretas), Übadə (qədim yunan dilində Obadas) və Malik (qədim yunan dilində Malikus) olması onların ərəb olduğu ehtimalını qüvvətləndirir[9].

Eradan əvvəl IV əsrin sonlarından etibarən varlığı bilinən Nəbati krallığının meydana gəlmə tarixi dəqiq olaraq məlum deyil. Bu dövlət İsgəndərin ölümündən sonra Diadoklar zamanında önəmli rol oynamışdır. Antigonos`un iki dəfə Petra şəhərinə göndərdiyi Suriya ordusunu məğlubiyyətə uğratmışdılar. Miladdan əvvəl 170-ci ildən sonrakı Nəbati krallarının adları və hökmranlıq tarixləri daha aydın şəkildə təsbit edilməkdədir. Onlardan birincisi I Arethas (haris), ən böyükləri miladdan əvvəl 8 və ya miladdan sonra 40-cı illər arasında səltənət sahibi və Nil vadisi – Əqəbə körfəzindən Şimali Hicazın böyük bir qismi daxil olmaqla Fərata qədər olan torpaqların tamamına hökmedən IV Arethas və sonuncusu III Malicos`dur (Malik). Dövlət Roma imperatoru Traianus zamanında paytaxtı Petra işğal edildikdən sonra süqut etmiş (106), bu tarixdən sonra Nəbatilər, Sina yarımadası və Şərqi Aralıq dənizi sahilləri ilə Fərat çayı arasında dağınıq halda varlıqlarını davam etdirmişlər[7].

Eradan sonra I yüzillikdə Roma-Nəbati əlaqələri pozuldu və miladdan sonra 105-ci ildə imperator Traianus Nəbatın şimalını, Palaestina Tertia adı ilə tanınan Roma əyaləti halına gətirdi. Sərhəd bölgələrində yaşayan ərəblərdən, Roma İmperatorluğuna heç olmasa bir imperatorun, miladdan sonra 244-cü ildən 249-cu ilə qədər hökm edən Filippus`un yetişdiyini qeyd etməliyik. Onun ölümündən sonrakı dövrdə Suriyanın cənub-şərqində aramiləşmiş ərəb sərhəd dövlətlərindən ikincisi meydana gəldi. Bu, Suriya-Ərəbistan çölündə, qərb ticarət yolunun başlanğıc nöqtəsində qurulmuş olan Palmira Krallığıdır[10].

Tədmurlular dövləti

[redaktə | mənbəni redaktə et]

Üçüncü əsrdə Sasani şahları ilə Rum imperatorları arasında baş vermiş müharibələr və Həbəşilərin Ərəbistanın cənubuna müdaxilə etməsi nəticəsində Hind okeanında gəmilərin gediş-gəlişi azaldı. Nəticədə dəniz vasitəsilə olunan ticarətin əvəzinə, Ərəbistanın quru səhralarından keçən ticarət yolu rövnəq tapdı. Bu dəyişiklik nəticəsində Palmira (onun başqa bir adı Tədmurdur) Petranın yerini əvəz etdi[11]. İlk hökmdarı, Sasanilərə qarşı müharibədə yardım etdiyinə görə, imperator Qalüenus tərəfindən miladi 265-ci ildə kral olaraq tanınan Odenathusdur (ərəbcə: Üzeynə). Onun ölümündən sonra, yerinə dul arvadı məşhur Zenobia (ərəbcə: Zeynəb) keçdi. Bu qadın, bir müddət, Yaxın Şərqin böyük bir hissəsinin kraliçası oldu və klassik qaynaqlarda göstərilən Athenodorus adı ilə tanınan oğlunu Caesar Augustus elan etdi[10].

Suriya çölünün ortasındakı bir vahədə, Xumusun 145 kilometr şərqində, Şamın 260 kilometr şimal-şərqində yerləşir. Bölgədə çoxlu sayda xurma ağacı olduğuna görə Yunan və Roma coğrafiyaşünasları şəhəri Palmira (xurma ölkəsi) adlandırmışlar. Qədim dövrlərdən bəri şəhər mərkəzi olduğu bilinən Tədmur, Mesopatamiyanı Suriyaya birləşdirən tarixi ticarət yolunun önəmli dayanacaqlarından biri idi. Assur hökmdarı I Tiglath-Pileser zamanından (e.ə. 1116–1076) qalma kitabələr, Tədmurun o dövrdə bölgənin bilinən məşhur şəhərləri arasında yer aldığını göstərməkdədir[12]. III əsrdə Sasanilərlə Roma imperatorluğu arasında başlanan mübarizə Tədmurda bir ərəb dövlətinin qurulmasına səbəb oldu. Tədmurun öndə gedənlərindən biri olan Üzeynə (Üzeynə ibn Xəyran ibn Vəhbüllat) iki imperatorluğun mübarizəsini fürsət bilərək Tədmurda müstəqilliyini elan etdi[13].

Tədmurlular müəyyən zamanlarda romalıların hücumlarına məruz qalmış, bəzən də onlarla birləşərək Sasanilərə hücum etmişlər. Son olaraq romalılar qarşısında məğlubiyyətə uğramışlar. Roma imperatoru Orelyan 273-cü ildə şəhərə daxil olaraq dağıtmış və çoxlu sayda insanı öldürmüşdü. Tədmur bu hadisədən sonra bir daha özünə gələ bilməmiş və ölkədə ticarət geriləmişdi. Bundan sonra şəhərdə xristianlıq yayılmağa başlamış, İslam fəthlərinə qədər üç yüz ildən artıq bir dövrdə Roma hakimiyyətində qalmışdır[14].

Qəssanilər dövləti

[redaktə | mənbəni redaktə et]

Mərib su səddinin dağılmasından sonra Yəməndən köçərək III əsrin əvvəllərində Suriyada məskunlaşan Qəssanilər Qəhtanilərin Qəhlan qoluna mənsubdur. Qəbilənin Əmr ibn Müzeyqə ibn Əmr Meysəmə adlı rəisinin oğlu olan Cəfnə Qəssanilərin qurucusu və ilk hökmdarıdır. Buna görə də xanədana Cəfnəoğulları da deyilir. Məsudi isə Qəssanilərin ilk hökmdarının Haris ibn Əmr ibn Amir ibn Harisə ibn İmrəul-Qeys olduğunu qeyd edir. Cəfnə ibn Əmrin rəhbərliyi altında Suriyaya köçən Qəssanilərin bu adı Mərib su səddi (başqa bir rəvayətə görə Cöhfə) yaxınlığında və ya Tihamə çölündə olan Qəssan su hövzəsindən götürdükləri qeyd edilir. Yəməndə məskunlaşdıqları yerin adını daha sonra yerləşdikləri bölgədəki bir su hövzəsinə vermələri də mümkündür. Qəssanilər Suriyada bir müddət Qudaə qəbiləsinin Dəcaim qoluna mənsub Səlih qəbiləsinin hakimiyyəti altında yaşadılar. Daha sonra onları məğlub edərək Dəməşq və Tədmur bölgəsini ələ keçirtdilər. Təxminən 200-cü illərdə Qəssani dövlətini quran Cəfnənin yerinə oğlu Əmr gəldi. Onun ölümündən sonra isə yerinə oğlu Sələbə ibn Əmr keçdi. On yeddi il hökmdarlıq edən Sələbə ibn Əmr Həvranın ətrafında önəmli memarlıq fəaliyyətləri həyata keçirtdi. Qəssanilər Suriyada ana dilləri olan ərəbcəni qorumaqla yanaşı, bu bölgədə danışılan arami dilini də öyrəndilər. Bizans imperatorluğunun vassalı olan Qəssanilər xristianlığı qəbul edərək, Bizans mədəniyyətinin təsiri altına düşdülər. Sələbə ibn Əmrdən sonra Bizans valisi kimi hərəkət edən Qəssani hökmdarlarından II Haris ibn Cəbələ zamanında (529–569) xanədanlıq ən ehtişamlı dövrünü keçirdi[15].

Qəssanilər Batlamios`un bildirdiyinə görə miladi ikinci yüzillikdə Tihamədə məskunlaşmışdılar. Daha sonra bu bölgədən şimala doğru Şam sərhədlərində, Bəlx və Əzraq bölgəsinə gəldilər. Burada yerləşmiş Qudaə qəbiləsinin Dəcaim qoluna mənsub olanlarla döyüşüb onlarıı məğlub edərək bölgəni zəbt etdilər və Romaya bağlı olan bir dövlət qurdular. Bəzi qədim tarixçilər onların 600 il hökm etdiklərini, otuzdan artıq hökmdar dəyişdirdiklərini bildirsələr də bu mövzuda çox önəmli bir kitab müəllifi olan Noeldek adındakı alman alimi onların ilk hökmdarlarının miladi 500-cü ildə ölən Əbu Şəmr Cəbələ, son hökmdarlarının isə 636-cı ildə Ömər ibn Xəttab tərəfindən hakimiyyətinə son qoyulan Eyhəm ibn Cəbələ olduğunu söyləyir. Hərhalda V əsrdən əvvəl qurulmuş dövlət olsalar da, bəlkə də başçılarının hökmdar adlanması bir az gec də baş tuta bilərdi. Həmzə İsfəhani Əmr ibn Cəfnənin miladi 220-ci ildə hökmdar olduğunu qeyd edir. İlk başçılarının adının və ya ləqəblərinin Cəfnə olması səbəbilə bu dövlətə Cəfnə oğulları dövləti də deyilir[16]. Jüstinyenin imperator olduğu dövrdə Qəssani dövləti daha da gücləndi. O, bu qəbilənin əmiri olan Haris ibn Cəbələni padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Qəssanilərin Ləxmilər müqabilində daha da qüdrətlənməsi məqsədini güdürdü. Qəssani dövləti İslamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud olmuşdur. Yərmuk müharibəsində Roma imperiyasının qoşunu məğlub edildikdən sonra, bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və başqa bir hissəsi isə Roma və ya Kiçik Asiyaya getmişdir[17].

Həzrəti Muhəmməd Qəssani əmirlərindən Haris ibn Əbu Şəmirə 628-ci ildə İslama dəvət məktubu göndərmiş, başqa bir Qəssani olan Büsra əmiri Şürehbil ibn Əmrə yolladığı Haris ibn Ümeyr adlı elçi Mutədə öldürüldükdə Mutə səfərini təşkil etmək məcburiyyətində qalmışdır. Qəssanlı bir heyətin Mədinə şəhərinə gələrək İslamı qəbul etdiklərinə dair də rəvayətlər mövcuddur. Bu məlumatlardan belə başa düşülür ki, həzrəti Peyğəmbər zamanında Qəssani dövləti siyasi cəhətdən dağınıq halda idi. Bununla yanaşı, Mədinə şəhərində, Bizansın himayəsi altında yaşayan Qəssanilər tərəfindən gələ biləcək hücum təhlükəsi daim hiss edilirdi. Beləki, Mutədən sonra baş verən Təbuk səfəri bu təhdidə qarşı təşkil edilmişdi. Raşidi xəlifələrinin dövründə Qəssanilərdən bəhs etməyən qaynaqlar, Siffeyn döyüşündə onlardan bəzilərinin Müaviyənin tərəfində yer aldıqlarını, Yezidin bu qəbilədən bir qadınla evləndiyini, bəzilərinin isə Şimali Afrika fəthlərinə qatıldıqlarından xəbər verir. Bu gün Yaxın Şərqdəki xristian ərəblərin Qəssanilərin nəslindən olduqları ehtimal olunur[18].

Hirəlilər dövləti

[redaktə | mənbəni redaktə et]

Hirənin quruluş tarixini Buxtunnəsr zamanına qədər aparıb çıxaran bəzi əfsanəvi rəvayətlər mövcuddur. Şəhər ilk dəfə 240-cı illərdə Sasanilərin verdiyi kral adı ilə burada bir dövlət quran Ləxmilərin III–VII yüzilliklərdə paytaxtı və böyük ticarət mərkəzi olaraq tarix səhnəsinə çıxmışdır. Hirə IV–VI əsrlərdə Ləxmilərin Bizansa qarşı Sasanilərlə birgə mübarizə aparmaları səbəbindən siyasi və hərbi baxımdan önəmli rola malik oldu və şöhrət qazandı. Ləxmi kralları şəhəri və ətrafını bir çox qəsr və saraylarla bəzədiyi halda, Hind ibn Nöman kimi kral ailəsinə mənsub xristian şahzadələr də burda müxtəlif monastır və kilsələr tikdirdilər. Ətrafında müəyyən sayda kənd və qəsəbələr olan Hirə, III Munzirin hakimiyyəti illərində ən möhtəşəm dövrünü keçirmişdi[19]. Ləxmilər və ya Ləxm (bə’zən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq Ali-Munzir də deyirlər) üçüncü əsrin sonundan Hirə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hirə şahları Sasani dövlətinə tabe olmuş, Rum imperiyası ilə müharibədə onlara kömək etmişlər. Görünür, Hirə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hirə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hirə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir[17].

Sayları iyirmiyə qədər olduğu bəlli olan Ləxmi hökmdarlarının ən məşhuru Əmr ibn Ədiyyin oğlu İmrəul-Qeysdir. 288–328-ci illərdə hakimiyyət başında olan İmrəul-Qeys, Əsəd və Nizar qəbilələrini öz hakimiyyətinə tabe edərək dövlətin genişlənməsini təmin etdi. Bununla yanaşı xristianlığı qəbul edərək Sasanilərdən əlavə Bizans ilə də münasibətlərini qaydaya salmış oldu. Daha sonra Suriya ərazisinə daxil olsa da Həvranda (Nəmarə) öldü. Nəmarədə tapılan məzardakı 329-cu il yazılmış yazı ən qədim ərəb kitabələrindən biridir və həmin kitabədə "bütün ərəblərin kralı" İmrəul-Qeysin Sasani və Bizans dövlətləri tərəfindən vəkil olaraq tanınmasından bəhs edilir[20]. Hirə əmirliyi başlarına gələn böyük fəlakətlər və İran dövlətinin zəifləməsi nəticəsində parçalanma və tənəzzül mərhələsinə qədəm qoydu. Ləxmi xanədanının (Hirə kral ailəsi) başına gələn fəlakətlərin ən birincisi kralları Munzir ibn Məis-Səmanın Mərcu-Həlimə döyüşündə Qəssani kralı Haris ibn Əbi Şəmr tərəfindən öldürülməsi oldu. Bununla yanaşı oğlu da miladi 570-ci ildə Munzir ibn Haris əl-Qəssani tərəfindən məğlub edilmiş və öldürülmüşdür. Daha sonra bu xanədanın başına gələn sıkıntılar zəncirinə Munzirin övladları arasında taxt üstündə baş verən mübarizə əlavə oldu. Nöman ibn Munzir bu bu mübarizədən qalib ayrılsa da İran sarayının onun üçün hazırlamış olduğu hiylə və tələdən qurtula bilmədi. Kəsra onu sarayına çağırdı. Nöman mövcud vəziyyətini ərəb qəbilə rəislərinə bildirib yardım istəsə də, heç kim Kəsraya qarşı ona yardım etməyə cəsarət etmədi. Bu halda istəmədən də olsa İrana getməyə məcbur oldu. Ölənə qədər burda qaldı. Sonra Kəsra Nömanın ailəsindən olmadığı halda İyas ibn Qabisəni Nömanın yerinə Hirə əmirliyinə başçı seçdi və iran əsilli "Nahircan" adlı birini də səltənətdə ona ortaq olaraq təyin etdi. Nömanın iqtidarının zorla əlindən alınmasının nəticəsi olaraq həm Hirə əmirliyi idarəetmə baxımından zəiflədi, həm də Sasanilər tərəfindən dəstəklənən yeni Hirə əmiri İyas ilə ərəb qəbilələri arasından Ziqar döyüşü baş verdi. Bu döyüşdə ərəblər qalib gəlmiş, Hirə əmiri və iranlılar məğlubiyyətə uğradılmışdır. Bu döyüşdən sonra Hirə səltənətində tək başına qalan Azad ibn Yabiyanei-Həmdani 17 il hökm etmişdir. Ondan sonra Hirə əmirliyinə keçən Munzir ibn Nöman ibn Munzir hakimiyyətinin səkkizinci ayı tamamlanmamış, Xalid ibn Vəlid Hirəyə gəldi[21].

Cahiliyyət dövründə Ərəbistan yarımadasında mərkəzləşdirilmiş bir dövlət mövcud olmamışdır. Bununla belə, yarımadanın müxtəlif bölgələrində müəyyən zamanlarda ayrı-ayrı dövlətlər yaransalar da, bu, siyasi, iqtisadi, sosial və mədəni sabitliyin olmasını təmin etməyə kifayət etməmişdir. Yarımadanın, xüsusən, şimal hissəsində yaranan dövlətlər arasında gedən mübarizə, zaman-zaman onların bir-birinə qarşı hərbi müdaxilə etmələrinə gətirib çıxarmışdır. Aydındır ki, bu halda onların inkişaf edərək güclü dövlətə çevrilməsi qeyri-mümkündür. Bütün bunları ümumiləşdirərək, İslamdan öncəki Ərəbistan yarımadasında yaranan dövlətlərin müəyyən olunmuş, vahid hədəflərinin olmadığı nəticəsini əldə etmiş oluruq.

  1. 1 2 Kudret Büyükcoşkun, Arabistan, İslam Ansiklopedisi, İstanbul, 1991, c.3, s. 248.
  2. Prof. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 19.
  3. Dr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", Ankara, 1957, s. 1.
  4. Bernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 35.
  5. Prof. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 20.
  6. Dr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", Ankara, 1957, s. 34.
  7. 1 2 Ahmet Ağırakça, Nabatiler, İslam Ansiklopedisi, İstanbul, 2006, c.32, s. 257.
  8. Bernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 40.
  9. Dr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", Ankara, 1957, s. 35.
  10. 1 2 Bernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 40–41.
  11. Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 16.
  12. Ahmet Ağırakça, Tedmür, İslam Ansiklopedisi, İstanbul, 2011, c.40, s. 264.
  13. Ahmet Ağırakça, Tedmür, İslam Ansiklopedisi, İstanbul, 2011, c.40, s. 265.
  14. Prof. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 21.
  15. Ahmet Ağırakça, Gassaniler, İslam Ansiklopedisi, İstanbul, 1996, c. 13, s. 397.
  16. Dr. Neşet Çağatay, "İslamdan önce Arap tarihi ve Cahiliye Çağı", MARS T. ve S. A. Ş. Matbaası, Ankara, 1957, s.
  17. 1 2 Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 18.
  18. Ahmet Ağırakça, Gassaniler, İslam Ansiklopedisi, İstanbul, 1996, c. 13, s. 398.
  19. Hüseyin Ali ed-Daküki, Hire, İslam Ansiklopedisi, İstanbul, 1998, c.18, s. 122.
  20. Mehmet Ali Kapar, Lahmiler, İslam Ansiklopedisi, Ankara, 2003, c.27, s. 54–55.
  21. Prof. Dr. H. İbrahim Hasan, "İslam Tarihi", Kayıhan Yayınları, c. I, s. 17.