Ciyərxun[2] (kürd. Cigerxwîn/Cegerxwîn; 1903[1], Mardin – 22 oktyabr 1984, Stokholm) — kürd marksist şairi, ədəbiyyatçısı, yazıçısı və tarixçisi.
Cigerxwîn | |
---|---|
Doğum tarixi | 1903[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1984 |
Vəfat yeri | |
Fəaliyyəti | leksiqraf, jurnalist, şair |
Əsərlərinin dili | kürdcə |
Əsl adı Şəhmuz Həsən[3] olan Ciyərxun 1903-cü ildə Osmanlı imperiyasında, Mardinin (indiki Batman) Gərcüş rayonuna bağlı Hisar qəsəbəsində anadan olmuşdur. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması nəticəsində ailəsi ilə birlikdə Suriyanın Amuda şəhərinə köçmüşdür.[4] O, erkən yaşlarından çobanlıq və əkinçiliklə məşğul olmuşdur. 18 yaşında Diyarbəkirə gələn Ciyərxun oradakı mədrəsədə dini təhsil verən şeyxlərdən dini təhsil almışdır. Bu dövrdə o, kürd mədəniyyəti və ədəbi klassikləri ilə yaxından tanış olmuşdur. 1925-ci ildə Şeyx Səid üsyanında iştirak etmişdir. Üsyan yatırıldıqdan sonra üsyanın ikinci rəhbəri, Şeyx Səidin böyük oğlu Şeyx Əli Rza Əfəndinin heyətinə qatılaraq Rəvandüzə, daha sonra isə Bağdada getmişdir.[5] Bu müddət ərzində Şeyx Əli Rzadan islam dərsi almışdır. Daha sonra Suriyanın Amuda şəhərində məskunlaşmışdır. Burada Seydaye Mele Übeydullah və Seydaye Mele Fətullahdan dərs almışdır.[6]
1959-cu ildə İraqa getmişdir. Bağdad Universitetində kurmanci ləhcəsində kürd dilində dərs deyən ilk müəllim olmuşdur. O, kürd dili üzərində işləmiş, tələbələr yetişdirmişdir.[7] Siyasi fəaliyyətinə görə 1963-cü ildə Dəməşqdə həbs edilmişdir.[3][8]
1969-cu ildə Şimali İraqa getmiş və orada olan Mustafa Bərzaninin qiyamına dəstək vermişdir.[9] 1973-cü ildə Suriya hökumətindəki BƏƏS Partiyasının təzyiqləri səbəbindən Livana köçmüşdür.[3]
1979-cu ildə İsveçin Stokholm şəhərinə köçmüş və ədəbi fəaliyyətini burada davam etdirmişdir. Burada müxtəlif əsərlər nəşr etməyə başlayan Ciyərxun 1984-cü ildə 81 yaşında Stokholmda vəfat etmişdir. Daha sonra cənazəsi Qamışlıya gətirilərək burada dəfn edilmişdir.[3]