Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb.[1][2]
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması | |
---|---|
Əsas münaqişə: Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsi | |
| |
Əməliyyatın yeri | İran səfirliyi, Dəməşq, Suriya |
Planlaşdıran | İsrail |
Hədəf | Hadisə vaxtı İranın Suriyadakı səfirliyində olan yüksək rütbəli İslam İnqilabı Keşikçiləri Korpusu mənsubları |
Tarix |
|
İtkilər | 13 |
Vikianbarda əlaqəli mediafayllar |
İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub.[3]
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər.[4]
2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib.[5] Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.[6]
Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib.[7] 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.[8] 2023-cü ilin 12-22 oktyabr tarixləri arasında İsrail tərəfindən Suriyadakı hərbi təyinatlı hava limanlarına, xüsusi ilə Dəməşq və Hələb şəhərlərindəki ən azı üç hədəfə doğru hücumlar təşkil edilib.[9][10]
2024-cü ilin 20 yanvar tarixində Suriyada fəaliyyət göstərən Qüds qüvvələri hərbi birləşməsinin kəşfiyyat üzrə zabitlərindən biri briqada generalı Sadiq Omidzadə və digər dörd nəfər SEPAH mənsubu sözügedən İsrail hücumu nəticəsində həlak olublar.[11][12][13]
2024-cü ilin 1 aprel tarixində yerli vaxtla günorta saat 5-də İran İslam Respublikasının Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən səfirliyinin binasına bitişik İran konsulluğunun yardımcı binasına İsrail Hava Qüvvələri tərəfindən raket hücumu həyata keçirilib. Hücum nəticəsində bina ciddi formada dağılıb. Suriyadakı İran səfiri Hüseyn Əkbəri açıqlamasında bildirib ki, hücum Lockheed Martin F-35 Lightning II tipli qırıcı təyyarələri tərəfindən icra edilib və həmin təyyarələr səfirlik binasına 6 raket atıblar.[14]
İran tərəfinin iddialarına görə hücumun əsas hədəflərindən biri SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən briqada generalı Məhəmmədrza Zahidi olub. İtkilər arasında Zahidinin müavini Sərdar Hacı Rəhimi və digər beş İran rəsmisi də var. Həmin şəxslər Hüseyn Aman Əlahi, Seyid Mehdi Cəlaləti, Əli Ağa Babayi, Seyid Əli Salehi Ruzbahani və Möhsün Sədaqət adlı rəsmilərdir.[15] Hadisədən bir necə saat sonra İran dövlət mediaları ölənlər arasında 6 Suriya vətəndaşı olmaqla ümumilikdə 13 nəfərin hücumlar nəticəsində həlak olduğunu açıqlayıblar.[16]
İran İslam Respublikasının 2-ci Ali Rəhbəri Əli Xamenei hücuma sərt cavab verəcəyini vəd edib. Xameneinin siyasi müşaviri Əli Şamxani açıqlamasında ifadə edib ki, hücumun arxasında dayanan ölkələrdən biri də ABŞ-dır.[17] İran rəsmisinin açıqlasmında o da qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasına müraciət edilərək baş vermiş hadisə ilə bağlı qətiyyətli tədbirlər görməyi tələb edəcəklər.[18]
İranın bir sıra şəhərlərində, o cümlədən paytaxt Tehranda, həmçinin Təbriz, İsfahan, Kirmanşah və Cənubi Xorasan ostanında böyük izdiham kütlələri Fələstin və İran bayraqlarını dalğalandıraraq, baş vermiş hücuma görə dərhal qisas tələbi ilə toplaşıblar.[19][20]
Suriya Xarici İşlər Naziri Faysal Mekdad baş vermiş hava hücumunu pisləyib və bunu günahsız insanların ölümünə səbəb olan terror hücumu adlandırıb.[21]
İsrail rəmsiləri baş vermiş hücumla bağlı verdikləri ilkin açıqlamalarda hücumun İsrail tərəfindən gerçəkləşdirildiyini qismən də olsa qəbul ediblər. Belə ki, İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Haqari jurnalistlərə verdiyi açıqlamasında bildirib; Bizdə olan kəşfiyyat məlumatlarına görə həmin bina nə konsulluq, nə də səfirlikdir. Vurulan hədəf Dəməşq şəhərində mülki struktur kimi maskalanmış Qüds qüvvələrinə məxsus hərbi okyektdir.[22]
ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin baş vermiş hücumu pisləyib; Diplomatik nümayəndəliklərin təhlükəsizliyi pozula bilməz və Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.[23]
ABŞ tərəfinin ilkin açıqlamasında hücumun İsrail tərəfindən gerçəkləşdirilməsi ilə bağlı tutarlı sübutların və ya iştirakın olmadığı qeyd olunub.[24]
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş bəyanatda hücum qətiyyətlə pislənib və baş vermiş hadisəni qəbuledilməz olaraq qiymətləndirib. Rusiya eyni zamanda BMT Təhlükəsizlik Şurasının növbəti iclasında baş vermiş hücum aktını geniş müzakirə etməyi təklif edib.[25] Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Misir, İraq, İordaniya, Küveyt və Ərəb Liqası bəyanat yayaraq hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı veriblər.[26][27][28][29][30][31][32]