Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.(fevral 2024) |
Diffuzionizm (lat. diffusio — tökülmə, sızma), mədəni diffuzionizm (ing. cultural diffusion), transkultural diffuzionizm (ing. Trans-cultural diffusion) — mədəniyyətin bir mərkəzdən digərinə sosial inkişafın əsası kimi baxan sosial antropologiya, mədəni antropologiya, mədəni coğrafiya və etnoqrafiya (etnologiya), mədəniyyətşünaslıq, arxeologiya, sosiologiya istiqamətləri.
Bu istiqamət təkamülçülərə reaksiya olaraq inkişaf etdi. Sonunculardan fərqli olaraq, diffuzionistlər əsasən fəth, ticarət, müstəmləkəçilik və yalnız ikincisi — inkişafın intrasistem amilləri kimi mədəniyyətin yayılması vasitələrinə diqqət yetirirdilər. Diffuzionizm bəşəriyyətin ilk tarixinin öyrənilməsinə əsas diqqəti yönəltdi.
Diffuziyaçı fikirlər Avstriya və Almaniya kimi ölkələrdə ən çox yayılmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində antropologiyada təkamül nəzəriyyəsinin çatışmayan cəhətləri və qapalılığına cavab olaraq yeni fikirlər və ideyalar formalaşdı. Belə ki, bu dövrdə əldə olunan etnoqrafik materialların yalnız təkamül ideyaları sistemində tədqiqi və araşdırılması qeyri-mümkün olmuşdu. Bunun sayəsində diffuzionizm cərəyanı formalaşmışdı. Diffuzionizmin formalaşmasının ikinci mühüm səbəbi isə araşdırmaların və tədqiqatların forma və mahiyyətinin dəyişməsi idi. Belə ki, bu dövrdə tədqiqatçıların özləri bilavasitə tərtib etdikləri xüsusi proqramlar əsasında araşdırma və tədqiqatlar aparmağı digərlərinin topladıqları materiallardan istifadə etməkdən üstün tuturdular.
Diffuziya termini fizikadan götürülüb və latın dilində "nüfuz etmək" mənasındadır. Mədəniyyətin öyrənilməsi sahəsinə tətbiq edilən diffuzionizm termini müxtəlif xalqlar və qəbilələr arasında mədəniyyətin və onun elementlərinin müxtəlif əlaqələr vasitəsilə yayılmasını nəzərdə tutur. Bu əlaqələrin ən əsas formaları ticarət, köçlər və işğallardır. Diffuzionistlərin fikrinə görə tarixi inkişaf prosesinin əsas mahiyyətini diffuziya, yəni əlaqələr, toqquşmalar, mədəni elementlərin əxz olunması, mədəniyyətin digərlərinin təsiri ilə dəyişməsi və s. təşkil edir. Təkamülçülərin əsas ideyalarından biri olan eyni tarixi şəraitdə və eyni iqlim və təbii coğrafi məkanda eyni mədəni elementlərin yaranıb inkişaf etməsi ideyasını diffuzionistlər qəbul etmirdilər. Onların fikrinə görə insan mədəniyyətinin müxtəlif gerçəklikləri və elementləri tarixi qanunauyğunluqların fəaliyyəti sayəsində deyil, təsadüflər sayəsində yaranır və bir dəfə yaranmış bu elementlər digər ərazilərə yayılır və insan mədəniyyətinin tərkib hissəsi olur.
Diffuzionistlər ümumiyyətlə tarixi inkişaf qanunauyğunluqlarının olmasını inkar edirdilər. Onlar tərəqqi anlayışının nisbi olduğunu göstərirdilər. İnsan mədəniyyətinin bu və ya digər bir elementi hər hansısa bir cəmiyyətdə inkişafa səbəb olursa, digər bir cəmiyyətdə deqredasiyaya gətirib çıxara bilər. Diffuzionistlər mədəniyyət elementlərinin məkan-zaman daxilində hərəkət etməsini qəbul etdikləri halda, təkamülçülərdə bu yox idi. Diffuzionizmin demək olar ki, bütün qollarında əsas ideyalardan biri mədəniyyətin bir mərkəzdən digər bölgələrə yayılması ideyasıdır. Təsadüfi deyil ki, antropologiya tarixində diffuzionistlər mədəniyyət elementlərinin kortoqrafiyasını verməyə çalışan ilk tədqiqatçılar olmuşlar. Əksər diffuzionistlər mədəni tarixi areallar, mədəni tarixi mərkəzlər kimi anlayışlardan istifadə edirdilər. Bəziləri isə bəşər sivilizaiyalarının bir tarixi mərkəzdən yayılması ideyasını müdafiə edirdilər. Diffuzionizmin əsas istiqamət və nümayəndələrindən ibarət olan Almaniyada tarixi mədəni məktəb özü də iki qola bölünürdü. Frits Qrebner və Vilhelm Şmidt. ABŞ-də bu məktəb "eycan era" adı ilə məşhurdur. Bura Eduard Sepir, Belvin Xertkoviç, Bencamin Uorf və başqaları daxildir. İngiltərədə əsasən hiper diffuzionizm formasında mövcud olan diffuzionizmin əsas nümayəndələri Eliot Smit, Uilyam Rivers və Uilyam Perri olmuşdur.
Bütün diffuzionistlərin mənəvi atası isə antropocoğrafiyanın banisi Fridrix Ratsel hesab olunur. O, "Antropocografiya", "Xalqşünaslıq", "Yer kürəsi və həyat" əsərlərində hələ XIX əsrin əvvəllərində məşhur alman səyahətçisi, bioloqu, həkimi Vilhelm Umbolt tərəfindən irəli sürülmüş coğrafi determinizm nəzəriyyəsini müdafiə edirdi. Ratsel, xüsusən də "Antropocoğrafiya" və "Xalqşünaslıq" əsərlərində bəşəriyyətin yer kürəsində yerləşməsi, mədəniyyətlərin yer kürəsində yayılmasının coğrafi şəraitlə əlaqəsini müəyyənləşdirməyə səy etmişdir. Bu məqsədlə o, coğrafi mühitin müxtəlif tayfaların daxili həyatına təsirini müəyyənləşdirməyə çalışmışdır. Ratselin ən mühüm xidməti ondan ibarətdir ki, mədəniyyətin tayfalar və xalqlar üzrə paylanmasını coğrafi məkan baxımından müəyyənləşdirib, sistemləşdirmişdi. Onun əsas irəli sürdüyü ideya ondan ibarətdir ki, ayrı-ayrı xalqların və qəbilələrin mədəniyyətinin fərqli olmasının səbəbi təbii coğrafi şəraitin müxtəlifliyidir. Lakin, əksər bölgələrdə biz mədəniyyətlər arasında böyük fərqlər görmürük, bunun isə səbəbi mədəniyyətin yayılması, müxtəlif bölgələr arasında mövcud olan əlaqələrdir. Ratselin bu ideyası diffuzionistlərin əsas ideyasına, amalına çevrildi. Bu səbəbdən də o, mədəniyyətlərin məkan daxilində yayılmasını ictimai tərəqqinin əsas ünsürlərindən biri hesab edirdi. Ratsell mədəniyyət elementlərinin yayılmasının əsas iki formasını göstərirdi:
Mədəni elementlərin yerdəyişməsi, bir xalqdan digərinə keçməsi məsələsinə toxunanda Ratsel göstərirdi ki, heç də bütün mədəniyyətlər eyni formada əxz olunmurlar. O göstərirdi ki, dünyanın bütün bölgələrində dini inamlar, miflər və ümumiyyətlə mənəvi mədəniyyətin elementləri dəyişməzdir. Amma təsərrüfat sahəsində, maddi mədəniyyətdə dəyişiklər çox sürətlə baş verir. Mədəniyyətin elə elementləri var ki, onları zorla da dəyişdirmək mümkün deyil. Digərlərinin isə dəyişməsinin qarşısını almaq mümkün deyil.
Ratsel göstərirdi ki, mədəniyyəti öyrənən insanların əsas məqsədlərindən biri də mədəni dairələrin, mədəni bölgələrin öyrənilməlisidir. Bu mədəni bölgələrin yaranmasını çox qədim dövrlərə şamil edirdi. O, diffuzionzmin bir elmi fikir cərəyanı kimi formalaşmasında əsas istiqamətləri də müəyyənləşdirmişdir:
Diffuzionizmin əsas istiqamətlərindən biri "mədəni dairələr" istiqamətidir. "Mədəni dairələr" istiqamətinin banilərindən biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tərəfindən irəli sürülən bir çox ideyaları özünəməxsus şəkildə izah edəcәk yeni bir istiqamətin əsasını qoymuşdur. Təhsilinə görə tarixçi-mediyevis olan Qrebner Berlin və Marburq univetsitetlərində təhsil almışdır. 1904-cü ildə Berlin Antropologiya Cəmiyyətində "mədəni dairələr" haqqında təlim məruzəsi ilə çıxış etmiş və "Okeaniyada mədəni dairələr və təbəqələr" əsəri ilə təliminin əsas müddəalarını izah etmişdir. O, qeyd edirdi ki, mədəniyyətin elementləri müəyyən bir zaman kəsiyində coğrafi məkanda yaranır və sonra diffuziya nəticəsində digər ərazilərə yayılır. Bu səbəbdən o, mədəniyyətin elementlərini kartoqrafiya etməyə çalışırdı. Müəyyən mədəni elementlərin məcmusu mədəni dairəni təşkil edir. Bir çox hallarda mədəni dairələr üst-üstə düşür və onlar mədəni təbəqələri yaradırlar. Onun fikrinə görə mədəni təbəqələrdə mərkəzdə yerləşən mədəni dairələr daha sonra formalaşıb, kənarda olanlar isə daha qədimdə yarananlardır. Yəni, yeni gələn mədəniyyət köhnəsini sıxışdırır mərkəzi tutur, köhnəsi isə məcbur olur qırağa çəkilir. Qrebner diffuziyanın istiqamətini müəyyənləşdirmək üçün də müəyyən qayda fikirləşmişdi.
O, göstərirdi ki, mədəni dairənin periferiyasında həmin mədəni dairə üçün səciyyəvi olan elementlərin ən sıx yerləşdiyi bölgə diffuziyanın baş verdiyi istiqamətdir. Avstraliya və Okeaniyada o, 8 mədəni dairə müəyyənləşdirir və hər bir mədəni dairə üçün də 8–10 elementin xarakterik olduğunu göstərir. Məsələn, totem mədəni dairəsi üçün nizə, tək ağac gövdəsindən hazırlanmış qayıq, ekzoqamiya, torpaqüstü qəbirlər, günəş mifologiyası, totem ayinləri və s. səciyyəvi olduğunu göstərir. Qrebnerin həmfikri Ankerman Afrikada da bu cür mədəni dairələr müəyyənləşdirir.
F. Qrebner "Cənub dənizində sosial sistemlər", "Melaneziyanın ox kaman mədəniyyəti", "Etnologiya", "Etnologiya metodu" və s. əsərlərində irəli sürdüyü konsepsiyanı daha da təkmilləşdirir. Qrebner qeyd edirdi ki, mədəniyyətin hər bir elementi bəşər tarixində bir dəfə yaranır və sonra diffuziya nəticəsində bütün dünyaya yayılır. O, diffuziyanın iki formasını müəyyənləşdirir. Transmissiya və miqrasiya. Transmissiya köçlərin baş verməməsi nəticəsində baş verən diffuziyadır. Burada deyilir ki, mədəniyyət özü yayılır, onu yaradanlar yerlərində qalır. Miqrasiya isə mədəniyyətin yaradıcıları ilə birlikdə yerdəyişməsidir. Qrebner göstərirdi ki, faktiki olaraq bütün mədəniyyət elementləri bir ərazidə yaranır və sonra dünyaya səpələnməyə başlayır. Qrebner mədəniyyət elementlərinin yayılmasının diffuziyasının müxtəlif amillərini də müəyyənləşdirməyə səy etmişdir. O göstərirdi ki, funksiyaları, düzəltmə texnikaları, tərkib hissələri və s. fərqli olan oxşar elementlər yalnız təsadüfən yarana bilər və diffuziya nəticəsində yayıla bilər.
Faktiki olaraq Qrebner tədqiqatlarında mədəniyyətlər arasında analogiyalardan daha çox homologiyaları (fərqli oxşarlıq) tədqiq etməyə çalışırdı. Mədəniyyətin hansı elementinin nəzərdən keçirilməsindən asılı olmayaraq Qrebner iddia edir ki, onlar bəşər tarixində bir yerdə, bir məkanda, bir zamanda yaranıblar. Qrebnerin ilk əvvəllər kifayət qədər tərəfdarları var idi. Ankerman, Yulius Lips, Krauze və başqaları. Lakin, həyatının sonlarında Qrebner müəyyən qədər təkamülçülüyə meyil etməyə başlayır. "İbtidai xalqların dünyagürüşü" əsərində o qeyd edir ki, ümumilikdə bəşər mədəniyyətinin formalaşmasında mədəni dairələrin və onu təşkil edən elementlərin bir dəfə yaranmasını qəbul etməklə yanaşı mədəni dairələrin tərəqqi nəticəsində bir-birini əvəz etməsini də biz inkar edə bilmərik. Frits Qrebner 38 yaşında kəskin xəstələnir və elmi fəaliyyətlə məşğul olmur, sonra da ölür. Qrebner Köln şəhərindəki təbiət muzeyində işlədiyinə görə onun yaratdığı məktəb "Köln məktəbi" adlanır.
Mədəni dairələr nəzəriyyəsinin digər bir qolu isə Vyanada formalaşmışdır. Vyana tarixi mədəni məktəbinin banisi katolik keşişi Vilhelm Şmidtdir. O hələ gəncliyində katolik kilsəsi ilə maraqlanmış, 15 yaşında "Allahın sözü" cəmiyyətinə daxil olmuş və missionerlik fəaliyyəti ilə məşğul olmuşdur. Şmidt Berlin universitetinə daxil olaraq şərq dillərini öyrənməyə başlamış və fəaliyyətinin ilk dövründə dilçiliklə məşğul olmuşdur. Şmidtin Cənub Şərqi Asiya və Melaneziya dilləri, xüsusən mon-kxmer dilləri ilə bağlı olan tədqiqatları müasir dövrdə də əhəmiyyətini itirmir və bir dilçi kimi o, çox məşhurlaşır və bir çox kxmer dilləri üçün əlifba da tərtib edir. Dilçilik sahəsindəki fəaliyyətinə görə Avstriya Elmlər Akademiyasının müxbir üzvü seçilir.
Vilhelm Şmidttin antropologiya ilə məşğul olması isə iki amillə bağlıdır. Birincisi onun 1898-ci ildə İngiltərədə Enru Lengin nəşr etdirdiyi "Allahın yaradılması" əsəri ilə tanışlığı, ikincisi alman antropoloqu Kolmanın "Piqmey nəzəriyyəsi" ilə tanışlığı. Enru Lengin əsərində dini görüşlərin təhlili verilir və burada bir çox ibtidai qəbilələrdə təkallahlılıqla bağlı görüşlərin olduğu irəli sürülür. Katolik keşişi kimi Şmidt E. Lenqin bu ideyasından yapışaraq ilkin monoteizmin (promonoteizm) olması ideyasını irəli sürür. O, dilçiliklə bağlı elmi fəaliyyətini dayandırır və bütün tədqiqatlarını bu ideyanı əsaslandırmağa yönəldir. Şmidt təkamülçü olan Lenqin ümumi şəkildə irəli sürdüyü müddəanı tarixi, etnoqrafik materiallar əsasında dəqiqləşdirməyi və inkişaf etdirib yaymağı qarşısına məqsəd qoyur.
Vilhelm Şmidtin öz ideyalarını əsaslandırmaq üçün istifadə etdiyi digər amil isə piqmey nəzəriyyəsidir. Etnoqrafik materiallarda piqmeylərdə vahid Allahla bağlı təsəvvürlərin olması əks olunmuşdur. 1910-cu ildə Şmidt "Bəşər tarixində piqmey xalqlarının mövqeyi" əsərini nəşr etdirir və burada o, həmin bu ideyalarını şərh edir. 1906-cı ildə Şmidt "Anthropos" jurnalını yaradır və bu jurnalda "Allah ideyasının mənşəyi" əsərini çap etdirməyə başlayır. 1940-cı ilə qədər o, bu əsərin 12 cildini buraxır. Öz ideyasını əsaslandırmaq üçün Şmidt Afrikada piqmeylər və buşmenlər, Andoman adalarında andomanlılar, İndoneziyada semanqlar və başqalarının mədəniyyətini tədqiq etməyə başlayır və burada monoteizmin izlərini müəyyənləşdirməyə çalışır.
Bu tədqiqatların əsasında o özünün mədəni dairələrini yaradır. Həmin mədəni dairələrin müxtəlif səviyyələrini müəyyənləşdirir. Ən aşağı səviyyəni yığıcılığa əsaslanan ibtidai mədəni dairələr təşkil edir. Bura piqmeylәr, avstraliyalılar, tasmaniyalılar aid edilir. İkinci səviyyəni istehsal təsərrüfatına əsaslanan ilkin mədəni dairələr təşkil edir. Bura isə köçəri maldarları, ilkin hind-avropalıları, semitləri, hamitləri, Ural-Altay xalqlarını və s. aid edir. Üçüncü mədəni dairəni isə üçüncü səviyyəli ikinci mədəni dairələr təşkil edir. Bura Polineziya, Sudan, Melaneziya və s. mədəniyyətləri şamil edir. Müasir Asiya, Avropa, Amerikada olan yüksək mədəniyyətləri isə üçüncü mədəni dairələrə və dördüncü səviyyəyə şamil edir. Beləliklə, mədəni dairələr ideyasını Şmidt mədəni tərəqqinin ümumdünya tarixi konsepsiyasına çevirdi. Şmidt təkamülü, tərəqqini, hətta insanın digər bioloji növlərdən yaranmasını belə inkar etmirdi. Şmidt promonoteizm ideyasını irəli sürmək üçün təkamül və diffuziya ideyalarının hər ikisindən istifadə edirdi. Təkamülçülər kimi o, müasir dövrdə mövcud olan ibtidai tayfaları, xalqları hal-hazırda inkişaf etmiş xalqların qədim tarixinin canlı yaşayan təmsilçiləri kimi götürürdü. Digər tərəfdən mədəni xüsusiyyətlərin, gerçəkliklərin yayılmasında əsas amil kimi miqrasiya və diffuziyanı götürürdü.
Katolik kilsəsi Şmidtin tədqiqatları üçün böyük miqdarda maliyyə vəsaitləri ayırdı və o, Vatikanda Loferant etnoqrafik muzeyinin direktoru təyin olundu. Şmidt indiyə qədər fəaliyyət göstərən Anthropos Elmi Tәdqiqat İnstitunun əsasını qoydu.
Vilhelm Şmidtin tədqiqatlarında ikinci əsas məsələ isə mülkiyyət məsələsi idi. "Bəşəriyyətin ilkin mərhələlərində mülkiyyət" adlı əsərində o göstərirdi ki, xüsusi mülkiyyət insana xas olan əsas xüsusiyyətdir. Mülkiyyəti məhv etmək üçün insanın Mən'ini məhv etmək lazımdır. Bu sahədə o marksistlərin irəli sürdüyü ideyaları kəskin tənqid edirdi. 1937-ci ildə Şmidt "Tarixi-mədəni etnologiyanın metodu" haqqında dərslik yazır. Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra Şmidt Vatikana köçməli olur.
Köln və Vyana tarixi məktəblərinin irəli sürdükləri metodların içərisində ən mühümü ən dəyərlisi olan mədəni gerçəkliklərin, mədəniyyət elementlərinin dəqiqliklə kartoqrafiyasının həyata keçirilməsidir.
Əsasən Almaniyada yaranan diffuzionizm cərəyanı qısa müddətdə digər ölkələrdə də yayılmağa başladı. Böyük Britaniyada diffuzionizm hiperdiffuzionizm formasında yayılmağa başladı. Böyük Britaniyada diffuzionizmin ilkin ideyalarını Pit Rivers yaymağa başlamışdır. O, "Melaneziya cəmiyyətinin tarixi" əsərində Okeaniyada mövcud olmuş müxtəlif təbəqələri (kava, betel) tədqiq etməyə çalışmışdır.
Böyük Britaniyada diffuzionizmin əsas nümayəndələri pandisilçilik nəzəriyyəsinin baniləri Qrafton Eliot Smit və onun tələbəsi Uilyom Ceyms Perridir. Eliot Smit bildirirdi ki, bəşər tarixində birinci mədəniyyət Misir mədəniyyətidir. E. Smit öz təhsilinə görə həkim olmuş və anatomiya ilə məşğul olmuşdur. O, xüsusən də nevrologiya sahəsində fəaliyyət göstərmişdir. E. Smiti 1900-cü ildə universiteti qurtardıqdan sonra Qahirə Universitetində dərs demək üçün Misirə göndərirlər. Misirə gəldikdən sonra isə o, Misir mumiyalarının anatomik tədqiqi ilə məşğul olmağa başlayır və mumiyaların necə hazırlanmasını müəyyənləşdirmək üçün onların vertanaqramasını çəkir (tarixdə ilk dəfə) və IV Tutmosun mumiyasını analiz etmək üçün onu açır. Bu tədqiqatlarını sonralar o, "Mumiyaların hazırlanması və Misir mumiyaları" əsərində nəşr etdirir. 1909-cu ildə İngiltərəyə qayıdan E. Smit Mançester şəhərində dərs deməyə başlayır və uzun müddət burada yaşayır. Ona görə onun məktəbini "Mançester məktəbi" adlandırırlar. Onun məşhur tələbələri içərisində Raymon Dart, Perri Con Blek, Uilyam Ceyms Perri, Daos yer alır.
E. Smit Mançesterdə tədrislə məşğul olduğu dövrdə meqalitlərlə maraqlanmağa başlayır. Meqalitlərlə tanış olduqdan sonra İngiltərədə olan meqalitlərin Misirdə tədqiq etdiyi qayaaltı sərdabələrə (mastava) çox oxşadırdı. Bunun nəticəsində mədəniyyətin müəyyən elementlərinin bütün dünyaya Misirdən yayılması fikrinə gəlmişdi. E. Smit sonralar da öz tədqiqatlarını davam etdirmiş və son nəticədə "panmisirlilik" nəzəriyyəsini yaratmışdı. O, 1911-ci ildə "Qədim misirlilər və onların Avropa mədəniyyətinə təsiri" adlı əsərini nəşr etdirir və burada Avropa mədəniyyətinin Misir mədəniyyətindən yaranmasını müxtəlif faktlarla sübut etməyə çalışır. 1912-ci ildə o "Hökmdar mumiyaları" adlı albomunu nəşr etdirir. Bu günün özündə də bu albom öz əhəmiyyətini saxlayır. E. Smit bəşər tarixində sivilizasiyaların yaranmasının başlanğıcını qədim Misirdən götürürdü. Xüsusən də, Misirdə arxitekturada istifadə olunan iri daşlarla hörgü və Avropanın digər bölgələrində meqalit mədəniyyətləri arasında oxşarlıqlar tapmaqla Avropada olan mədəniyyətlərin başlanğıcını Misirdən götürdüyünü əsaslandırırdı.
1915-ci ildə nəşr etdirdiyi "Qədim mədəniyyətin miqrasiyası" əsərində dünyanın müxtəlif bölgələrində Avropa, Asiya, Afrikada eyni mədəniyyətin aşkar olunduğunu qeyd edirdi. Bu mədəniyyəti fərqləndirən əsas əlamətlər isə mumiyalar, nəhəng daş abidələr və bütlərin hazırlanmasıdır. Qədim Misirdə isə bu mədəniyyət daha geniş mədəni komplekslə təmsil olunmuşdur. Sadaladığımız elementlərdən əlavə bura günəş kultu, svastika, kəllənin deformasiyası, tatirovka, allahların ilahi mənşəyi, kuvada adəti və s. ilə təmsil olunmuşdur. E. Smitin fikrinə görə bu oxşarlıqlar təsadüfi ola bilməz. Belə ki, onların funksional əlaqəsi yoxdur. Bu oxşarlıqlar yalnız miqrasiyalardan və qohumluqdan xəbər verir və bunlar bir mərkəzdən, yəqin ki Misirdən dünyaya yayılmışdır. E.ә. IX–VIII əsrlərdə bu mədəniyyət Ərəbistan vasitəsilə Hindistan, İndoneziya və Okeaniyaya yayılmış və oradan da Amerikaya gedib çıxmışdır. Eliotun irəli sürdüyü nəzəriyyə "hiperdiffuzionizm" adlanır. Qrafton Smit öz nəzəriyyəsinin Rivers tərəfindən, xüsusilə onun "Melaneziya cəmiyyətinin tarixi" əsərində irəli sürdüyü ideyaların davamı olduğunu bildirirdi. Misirdə yaranmış yüksək mədəniyyəti E. Smit heliolitik mədəniyyət adlandırır. Çünki bu mədəniyyətin ən mühüm ünsürlərindən biri günəş kultudur. 1919-cu ildə isə o, "Əjdahanın təkamülü" əsərini yazır və burada heliolitik nəzəriyyəsini daha da əsaslandırmağa çalışır. Sonrakı dövrlərdə o, ideyalarını "Mədəniyyətin diffuziyası" əsərində ümumiləşdirmişdir. O, bu əsərində mədəni ünsürlərin miqrasiya və təkamül nəticəsində diffuziyaya uğradığını xüsusilə qeyd edir. Onun irəli sürdüyü ideyalardan biri də odur ki, insan mümkün qədər hazır ideyaları, faktları, həyati gerçəklikləri mənimsəməyə çalışır. Tarix heç bir qanunauyğunluğu olmayan təsadüfi və təkrarolunmaz hadisələrin məcmusudur. E. Smit yazırdı ki, insan davranışının ən mühüm fərqləndirici cəhəti ondan ibarətdir ki, mövcud şəraitin irəli sürdüyü xüsusiyyətlərə qarşı onun necə reaksiya göstərməsini qabaqcadan təyin etmək mümkün deyildir.
Diffuzionizm cərəyanı artıq XX əsrin 30-cu illərində antropologiyada müxtəlif konsepsiyalar tərəfindən tənqid olunmağa başlanmışdı. Diffuzionizm, xüsusən də ifrat qolları (məsələn, mədəniyyətin morfologiyası, hiperdiffuzionizm və s.) faktiki olaraq tarixi reallıqlarla uyğun gəlmirdi, yaxud bu nəzəriyyəni irəli sürən tədqiqatçılar öz ideyalarını əsaslandırmaq üçün tarixi faktların bilərəkdən təhrif olunmasına yol verirdilər. Ona görə də artıq XX əsrin 20-ci illərindən antropologiyada digər elmi cərəyanlar formalaşmağa başladı. Lakin, diffuzionizmin bir çox ideyaları müasir dövrümüzə qədər müxtəlif tədqiqatçılar tərəfindən qəbul olunurdu. Diffuzionizmi əsas tənqid edənlər funksionalistlər və Amerika mədəni məktəbinin antropoloqları idi. Amerikan antropoloqu F. Boasın tələbəsi Robert Loyi yazırdı ki, heliosentrik, heliolitik nəzəriyyənin əsasında ümumiyyətlə həqiqətin izləri belə görsənmir. Faktların dəfələrlə təkrar olunması burada arqumentlərin yerini tutur. E. Smit və Perri elmi metodlardan ümumiyyətlə uzaqlaşmış, faktları və nəzəriyyələri elmi süzgəcdən keçirtmədən əsl elm kimi təqdim etməyə çalışmışdılar. Hətta, Amerika antropoloqu Qlindenil yazırdı ki, "E. Smit Misirlə xəstələnmişdir, mumiyalar və meqalitlər onu dəli etmişdir". Xüsusən də, diffuzionistlərin təsiri özünü müasir dövrdə səyyahların elmi görüşlərində daha çox büruzə verir. Məsələn, Arktikanın əsas tədqiqatçılarından biri olan isveçli Norden Şeldin "Müqayisəli etnoqrafik tədqiqatlar" əsərində diffuzionizm açıq şəkildə özünü büruzə verir.
Müasir dövrdə diffuzionizm ideyalarını müdafiə edən əsas tədqiqatçılardan biri Norveç səyyahı Tur Heyerdaldır. O, əsasən dəniz səyahətləri və onların mədəniyyətlərin yayılmasında rolunu aydınlaşdırmağa çalışmışdır. Məsələn, dəniz səyahətləri vasitəsilə Cənubi Amerika hindularının Okeaniyaya, şumerlərin Hindistana, misirlilərin Cənubi Amerikaya və s. mədəni təsirlərini aydınlaşdırmağa çalışmışdır. Etnoqraf və antropoloqlardan fərqli olaraq o, ideyalarını öz səyahətləri ilə sübut etməyə çalışırdı. Tur Heyerdal 1947-ci ildə kontiki salında Amerikadan Rapunayi adasına 101 günə səyahət etmiş, 1954–1956-cı illərdə Pasxadan Qalapaqos adalarına, 1970-ci ildə isə Ra qayığında Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Misirdən Cənubi Amerikaya, 1970-ci illərin sonunda isə Tiqris adlı qayıqda Afrika sahillərindən Hindistana səyahət etmişdir.
O, belə səyahətlərin mövcudluğunu coğrafi amillərlə (hava axınlarının, su axınlarının istiqaməti) əsaslandırmağa çalışırdı. Onun əsas əsərləri "Kontikiyə səyahət", "Amerika hinduları Sakit okeanda", "Aku-aku", "Fato-fiva" və s. əsərləridir. Tur Heyerdal köhnə dünyanın mədəniyyətinin Amerika xalqlarına təsirini əsaslandırmağa səy etmiş, Okeaniya xalqlarının bir qisminin, xüsusən polineziyalıların Cәnubi Amerika mənşəli olduğunu əsaslandırmağa çalışmışdır. Tur Heyerdal 1978-ci ildə Azərbaycanda olanda Qobustandakı qayıq təsvirləri əsasında Azərbaycanın dünyada dənizçiliyin yarandığı ən qədim məskənlərdən biri olduğunu qəbul etmiş və bu barədə elmi məqalələri də vardır. Tur Heyerdalın polineziyaların mənşəyi ideyasına qarşı isə əslən maoryo olan Piter Bakli çıxmışdır. O, "Gündoğar ölkənin dənizçiləri" əsərində polineziyalıların Cənub Şərqi Asiya mənşəli olduğunu əsaslı dəlillərlə sübut etmişdir. Müasir dövrdə isə bunu DNT testləri sübut edir.