Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd.
Diri | |
---|---|
39°02′07″ şm. e. 46°45′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi.
Kəndin XIII–XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şeyx Cabir Ənsari övladından olan Şeyx Kəmaləddin oğlu Şeyx Siracəddin vəqfinə bağlıdır.[1]
"Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub.
Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib. Qoşmalarının birində sevgilisi Pəriyə müraciətlə deyir:
Pəri, sənə qurban, Dirili Qurban!
Yolunda fədadı bu baş ilə can,
Bir əlimdə fanus, yanımda Xuban
Öldüm bu bağçanı gəzə-gəzə mən.
XVII əsrdə Diri kəndinin əhalisi Qaradağ vilayətinə köçmüş, Dirili qışlağında məskunlaşmışdı.
XVIII əsrdə Diri kəndinin ərazisi xali, boş idi.
1727-ci ilə bağlı bir Osmanlı qaynağında Arazbar qəzasında mövcud olan Diri kəndinin adı çəkilir. Qaynaqdakı bilgini olduğu kimi yazımıza köçürürük. Arasbar qəzasına tabe olan Diri kəndi. Kənddə heç kim yaşamır. Dənli bitkilərdən edilən gəlir: 24.000 ağça.[2]
Qarabağ xanlığı dövründə kəndin ərazisi əvvəlcə İbrahimxəlil xan Cavanşirin böyük oğlu, vəliəhdi Məhəmmədhəsən ağanın, xanzadənin vəfatından sonra böyük oğlu, general-mayor Cəfərqulu xanın mülkü idi.
Rus üsul-idarəsi dönəmində, XIX əsrdə, daha dəqiqi 1835-ci ildə Diri kəndinin ərazisinə Çələbiyanlı elinin Xudayarlı obası yerləşmişdi.
Diri kəndi Diridağın yamacında yerləşirdi.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |