Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir.
El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır:
İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür. Son ümid Dik daşdır, oğlan çətinliklə Dik daşın üzərinə qalxır. Bir neçə gündən sonra su yatmağa başlayır. Bu zaman bir qoca oğlana yanaşır. Bu, Nuh babadır. O, oğlanı Dik daşın üzərindən endirir, onun sağ qalmasına təəccüb edir. Gəzdiyi yerlərdən yalnız burada canlıya, diriyə rast gəldiyi üçün qoca bu dağa "Diri" adı verir (diri - tir - yaşamaq, tiriq - canlı, diri sözləridir). Nuhun gəmisi geri qayıdarkən qoca öz nəvəsi Sənəmi oğlana verir. Mazan böyüyüb güclü bir pəhləvan olur. Sənəmlə evlənir, oğul-uşaqları olur. Sonralar el sənətkarı Aşıq Qurbani də bu nəsildən yaranır.
Diri dağının döşündə Mazan nənənin qəbri indi də durur. Onu da qeyd edək ki, bu əfsanə ilə bağlı Dik daşın, nənənin çörək taxtası, kündələri və s. Diri dağının döşündə daşa dönmüş şəkildə qalmaqda olduğu barədə də əfsanələr vardır.
Dirinin gözü Maza,
Qane ol, gözüm, aza.
Qorxuram kirpik çalam,
Üzündən gözüm aza.