Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda)[1], Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri
Eldar Quliyev | ||
---|---|---|
Vəzifədədir | ||
5 noyabr 2000-ci ildən | ||
Vəzifədədir | ||
2011-ci ildən | ||
"Azərittifaq"ın sədri | ||
Vəzifədədir | ||
1993-cü ildən | ||
Şəxsi məlumatlar | ||
Doğum tarixi | 26 iyul 1951 (73 yaş) | |
Doğum yeri | ||
Fəaliyyəti | siyasətçi, iqtisadçı | |
|
||
Təltifləri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir.
2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-də və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunmuşdur. Ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.
2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən "İlin kitabı" beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E. Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.
Eldar Quliyevə müəllifi olduğu "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin "Elm və sülhməramlı səfir" fəxri adı və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Türk Dünyasında İlin Alimi" Beynəlxalq mükafatı təqdim olunub. Hər iki mükafat 1 iyun 2018-ci il tarixində Bakıda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfransda təqdim olunub.
Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti 2019-cu il 19 fevral tarixli qərarı ilə professor Eldar Quliyevi dünya iqtisadiyyatının ən aktual problemi olan ərzaq təhlükəsizliyinə həsr etdiyi "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı monoqrafiyasına görə "İlin alimi" adlı beynəlxalq mükafata layiq görmüş və "Eyler" medalı ilə təltif etmişdir. Təqdimetmə mərasimi 4 aprel 2019-cu il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. 2020-ci ildə nəşr olunan "Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri" adlı monoqrafiyası insan həyatı və sağlamlığı üçün son dərəcə önəmli olan təhlükəsiz qida məhsulları ilə təminat kimi aktual məsələlərin tədqiqinə həsr olunmuşdur.
II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuşdur. Hazırda Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir.
2011-ci ildə Türkdilli Dövlətlərin Parlament Assambleyasınin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur.
2019-cu il 20 iyun tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında təşkilatın sədr müavini vəzifəsinə seçilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının 29 sentyabr 2020-ci ildə keçirilən növbədənkənar VIII Qurultayında yekdilliklə Şuranın sədri vəzifəsinə seçilmişdir.