Elgün Səfərov

Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert.

Elgün Səfərov
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini
15 fevral 2021 – hal-hazırda
Şəxsi məlumatlar
Doğum tarixi (42 yaş)
Elmi fəaliyyəti
Elm sahəsi hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər
Elmi dərəcəsi hüquq üzrə fəlsəfə doktoru

Təltifləri "Tərəqqi" medalı — 2016

Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rusingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.[1]

Elmi və pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.[1]

O, Bakı Dövlət Universitetində, ADA Universitetində, Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ", "Humanitar hüquq", "Avropa İttifaqının tarixi və qanunvericiliyi" və digər fənnləri tədris etmişdir.[1]

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Raul Vallenberq İnstitutunun, ADA-nın, Cenevrə İnstitutunun, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin, Avropa İttifaqının, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Avropa Kollecinin, BMT-nin, USAİD-in, BMT-nin İnsan hüquqları Komissarlığının, ATƏT-in, "Север-Юг" təşkilatının və digər beynəlxalq və milli təsisatların təşkil etdikləri təhsil proqramlarının iştirakçısı olmuşdur.

2009-cu il tarixində "Beynəlxalq əlaqələr və beynəlxalq insan hüquqları" Azərbaycan Diplomatiya Akademiyası, İsveçin SİDA, İsveçrə inkişaf və əməkdaşlıq təşkilatının, BMT-nin Əhali Fondunun "CEDAW konvensiyasının tətbiqi" (2008), USAİD-in "Qadınların iş yerində seksual qısnaması" (2007), BMT-nin İnsan hüquqları üzrə yay məktəbi (2008) və digər sahələr üzrə təşkil edilən təlimlərdə və seminarlarda iştirak etmişdir. Təlimçi qismində Avropa Şurasının "Gender büdcələşmənin həyata keçirilməsi" mövzusuna dair Makedoniyada (2010), ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanın regionlarında "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun həyata keçirilməsi və məişət zorakılığı ilə mübarizə" mövzusunda təlimdə (2012), YUNESKO-nun dəstəyi ilə "Media və KİV nümayəndələri üçün "Gender əsaslı zorakılıq və onun qarşısının alınması" mövzusunda təlimlərə və digər seminarlara cəlb olunmuşdur.

İnsan hüquqlarının müdafiəsi, beynəlxalq hüquq, gender bərabərliyinin təmin edilməsi, gender büdcələşməsi, bələdiyyələrlə iş və dövlət qulluğu, narkotiklərlə mübarizə, insan alveri, məişət zorakılığı, uşaq əməyi, cinsi və iqtisadi zorakılıqla, gender əsaslı zorakılıqla, cinsi ayrı-seçkiliklə, stereotiplərlə və seksizmlə mübarizə, uşaqların zərərli informasiyadan qorunması, uşaqların internet təhlükəsizliyi, gənclərin inkişafı, innovasiyalar və yüksək texnologiyaların tətbiqi və digər sahələrdə təlimçi-ekspert kimi fəaliyyət göstərmiş, eyni zamanda araşdırmaların keçirilməsi istiqamətində təcrübələrə yiyələnmişdir.

Avropa Şurasının seksizmlə mübarizəyə həsr olunmuş qətnaməsinin hazırlanması ilə bağlı işçi qrupunun nümayəndəsi olmuşdur (2017–2018-ci illər). Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların konvensiyalarının, tədbirlər planlarının, qətnamələrin, bəyannamələrin və sənədlərin hazırlanmasında beynəlxalq ekspert kimi iştirak etmişdir.

  • 2004–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində "Beynəlxalq ümumi hüquq" və "Beynəlxalq humanitar hüquq" fənlərini tədris etmişdir.
  • 2006–2013-cü illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi, Ölkələrarası övladlığa götürmə sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.
  • 2013-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
  • 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Qadınların İnkişaf Fondunun layihəsi üzrə (UNİFEM) məsul şəxs (focal point) kimi fəaliyyət göstərmişdir.
  • 2007–2018-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurasının Gender bərabərliyi üzrə Komissiyanın gender məsələləri üzrə məsul şəxsi və ekspert kimi fəaliyyət göstərmişdir.
  • 2012-ci ildə BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində "Azərbaycan Respublikasının qanunvericiliyinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasına uyğunluğunun təhlili"nin hazırlanmasında iştirak etmişdir.
  • 2014–2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ" fənnini tədris etmişdir.
  • 2014–2015-ci illərdə ADA Universitetində "Avropa İttifaqının tarixi və qanunvericiliyi" mövzusunu əhatə edən təlimlərdə təlimçi kimi iştirak etmişdir.
  • 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü seçilmişdir (CEDAW, 2019–2022).[2][3]
  • 2006–2021-ci illər ərzində ölkəni BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların konfranslarında dəfələrlə təmsil etmişdir.
  • 15 fevral 2021-ci ildən Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini seçilmişdir.[4]

Seçilmiş elmi əsərləri (50-dən çox elmi məqalə, monoqrafiya, kitab və tezislərin müəllifidir)[5]

  1. "Правосубъектность государств в международном праве" – Beynəlxalq Hüquq və Diplomatiya məqalələr toplusu, №2 (2003).
  2. "Правосубъектность Азербайджанской Республики" – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin materialları (29 may 2004).
  3. "Связь международной правосубъектности и правопреемства государств" –Magistrantların IV-ü Respublika Elmi Konfransı, Sumqayıt 2004.
  4. "Эффективность Совета Безопасности ООН" – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin materialları (4 dekabr 2004).
  5. "Реформирование Совета Безопасности ООН" – "Qanun" № 05 (133) İctimai-siyasi, elmi hüquq jurnalı (2005)
  6. "Юридическая природа международных организаций"- "Qanun" № 05 (138) İctimai-siyasi, elmi hüquq jurnalı (2005)
  7. "Правовой статус и компетенция Совета Безопасности ООН" – Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri", Elmlər məqalələr məcmuəsi, 15-ci buraxılış (2006).
  8. "Процедура принятия решений в Совете Безопасности ООН" – Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri", Elmi məqalələr məcmuəsi, 17-ci buraxılış (2007).
  9. "Beynəlxalq sülhün və təhlükəsizliyinin təmin edilməsində BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri (məsuliyyəti)" – Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal, № 1 (09) 2007.
  10. "Dövlətlərin özünümüdafiə hüququnun beynəlxalq hüquqi aspekti və BMT Təhlükəsizlik Şurası" – Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal, № 2 (10) 2007.
  11. "Milli qanunvericilik sistemində uşaq və qadın hüquqlarının müdafiə mexanizmlərinin inkişafı: nailiyyətlər və qarşıda duran məsələlər" – Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu. 18 iyun – İnsan Hüquqları Gününə həsr olunmuş. "İnsan Hüquqları müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi" mövzusunda elmi konfransın materialları (2016).
  12. "İnsan hüquqlarının müdafiəsi sistemində gender bərabərliyinin təmin edilməsi (hüquqi məsələlər)", Azərbaycan Universiteti. "Gender Problemi və Müasir Azərbaycan" respublika elmi konfransının Materialları (25 Noyabr, 2017) Bakı, Azərbaycan.
  13. "Liderlik təlimatı". Yerli siyasətdə təmsil olunan qadınlar üçün Liderlik Təlimatı. Bakı, 2017. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
  14. Dərs vəsaiti, 2018-ci il, "Qadın Hüquqlarının Müdafiəsi: Beynəlxalq və Milli Aspektlər". Kitabın çapı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vasitəçiliyilə Amerika xalqının köməyi əsasında keçirilmişdi.
  15. United Nations International Scientific Conference on Sustainable Development, Baku, 24–25 November 2017, "SUSTAINABLE DEVELOPMENT OF GENDER EQUALITY SYSTEM IN THE REPUBLIC OF AZERBAIJAN: PROBLEMS, GOOD PRACTICE AND PERSPECTIVES".
  • Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]
  • 2013-cü ildə Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı və İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərin IV Konfransının keçirilməsində fəal iştirakına görə Fəxri Fərmanla təltif edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]