Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur.
Ennedi platosu | |
Ennedi Massif: Natural and Cultural Landscape [* 1] | |
Ölkə | Çad |
---|---|
Tip | Mədəni və Təbii |
Kriteriya | iii, vii, (ix) |
Keçid | 1475 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2016 (40-cı sessiya) |
|
|
Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır.[1] Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir.[2] Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var. Onlar yaşamaq üçün sürülərinə, eşşəklərinə, qoyunlarına və keçilərinə güvənirlər.[3]
Ennedi təxminən 60.000 km2 ərazini təşkil edir və təxminən İsveçrə böyüklüyündədir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən təxminən 1,450 metr (4,760 ft) yüksəkliyindədir.[4] Massif Prekembriyə aid bir qranit bazası üzərinə yığılan qum daşından ibarətdir.[5] Ennedidə ən az iyirmi çoxillik və ya yarı-çoxillik bulaq, qelta (səhra gölməçələri) və nohurlar var. Lakin bunlar quru mövsümdə nadir hallarda bir neçə onmetrdən yüksəyə qalxır.[6]
Landşaft əsas turizm məkanı kimi xidmət edən təbii qüllələr, dirəklər, körpülər və tağlar da daxil olmaqla bir çox geoloji quruluşa malikdir. Maraqlıdır ki, Böyük səhrada tapılan qumun çox hissəsi Tibesti-Ennedi üçbucağındakı toz əmələgəlmə ilə əlaqədardır.[7]
İqlimin dəyişməsinə dair ilk sübutlar günümüzdən 6000 il əvvəl təxminən 250 mm illik yağıntı alan bir savanna bölgəsi ilə 4300 il əvvəl illik təxminən 150 mm yağıntı alan bir savvanna bölgəsi arasında olmuşdur.[8] 2700 il əvvəl isə illik yağıntı miqdarı bu gün müşahidə olunana bənzər miqdara, 50 mm-ə düşmüşdür. Bölgədə həmçinin 50–150 mm ətrafında yağıntı düşməsi ilə nəticələnən mussonlar da mövcuddur. Bu təbii dəyişikliklər ərazidə müxtəlif bitki qarışığı yaradır. Qış aylarında yağıntılar nazik torpaqda daha az nəmlənmə təmin edir. Dağların cənub bölgəsində may və sentyabr ayları arasında yağıntının daha çox olduğu da bilinir.[9]
Ümumdünya irsinin yalnız onda bir hissəsinin Afrikada olmasına baxmayaraq, ərazi 2016-cı ilin fevral ayında UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.[10] Bu müddət ərzində daxil edilməli olan mövzularda çox mübahisələr oldu.[11] Əvvəla, iki idarəetmə zonası və bir neçə kəndin Ümumdünya irsi ərazisinin bir hissəsi hesab edilməməsi mövzusunda razılığa gəlinməli idi. Ancaq ərazinin siyahıya daxil edilməsi bölgədə qalmaq üçün pul xərcləyən turistlərin gəlirlərini artıraraq Çada xeyir verdi. Həmçinin sonda Çad hökuməti neft kəşfiyyatı ilə əlaqədar olaraq qorunan ərazinin həcmini azaltdı. Ennedi yüksək gəlir bərabərsizliyindən əziyyət çəkirdi, buna görə neft ehtiyatlarından istifadə sərvətlərin daha yaxşı bölüşdürülməsinə imkan verdi.[12] İştirakçı dövlətlə neft şirkətləri arasında UNESCO tərəfindən qorunan ərazinin azaldılması ilə əlaqədar hasil edilən neft kəşfiyyatı və özəl torpaq icarəsi üçün ortaqlıq müqaviləsinin olduğu güman edilir.[13] Neft istismarının bu artımı Çadda yeraltı suların çirklənməsi, kimyəvi axıntıların artması və havanın keyfiyyətinin aşağı düşməsi ilə nəticələndi.
2018-ci ilin əvvəlində Afrika Parkları qeyri-hökumət təşkilatı bu bölgənin idarə edilməsini Çad hökuməti ilə ortaq olaraq qəbul etdi.[14] Təşkilat parkın infrastrukturunu yaxşılaşdırmaq, mənzərəyə dəstək toplamaq və yerli insanların ehtiyaclarına töhfə vermək üçün turizm potensialını araşdırmaq niyyətindədir. Avropa Birliyi Afrika Parkları təşkilatına 4,7 milyon avro yardım etmişdir və Hollandiya poçtu lotereyası bu təşkilata üç il ərzində təxminən 3 milyon avro vermişdir.[15] Bundan 2019-cu ilin yanvar ayında Ennedi platosunun böyük bir hissəsi olan təxminən 50.000 km2-lik bir sahə Çad hökuməti tərəfindən Ennedi Təbii və Mədəni Qoruğu olaraq təyin edilmişdir.[2]
Təəssüf ki təhlükəsizlik problemləri, sərt iqlim şəraiti, müharibələr və banditizm səbəbindən Şimali Çadla bağlı bir çox araşdırma aparılmamışdır. Bununla belə tədqiqatçılar ərazidə
böyük bir su mənbəyi olduğuna görə yaylanın zəngin fauna toplusuna sahib olduğunu müəyyən ediblər. Məsələn, Ennedidən keçən ən azı 199 köçəri quş növü var.[16]
Heyvanat aləminə aid digər nümunələr arasında səhra timsahı kimi də tanınan Qərbi Afrika timsahı var ki, bu növə bir vaxtlar daha çox yağış yağdığı bir vaxtda Böyük səhra boyunca mövcud idi. Afrika timsahları bölgədəki çay kanyonlarundakı bir neçə su mənbəyində, məsələn, Arxey qeltasında yaşayırlar və məhv olmaq təhlükəsi ilə üz-üzədirlər.[17]
Böyük Səhradakı son şirlər (Qərbi Afrika aslanı) 1940-cı illərdə torpaq istifadəsi və ovçuluğun rtması səbəbindən yoxa çıxana qədər burada yaşayırdılar.[18] Təbiətdə hələ də sağ qalan hər hansı bir saxara kəpgəröküzü və ya Sudan hepardının Ennedi yaylasının ucqar bölgələrində tapılması ehtimalı var. Tədqiqatçılar qorunan ərazidə hələ də yaşadığı kəşf edilmiş bir Şimali Afrika dəvəquşusu sürüsünü müəyyənləşdirmək üçün kamera tələlərindən istifadə edirlər.[2] Sirli Ennedi pələnginin də ərazidə yaşaya biləcəyi təklif edilmişdir.[mənbə göstərin] Bölgədə həmçinin ceyranlar və antelopların da mövcud olduğu bilinir.[19]
Təəssüf ki, brakonyerlik və ovçuluq ərazidəki növlərin sayını azaldıb. P. senegalus və P. normani kimi balıq növlərinin kəşfi tədqiqatçılar üçün xüsusi maraq doğurur. Böyük səhrasındakı bu növlərin eyniləşdirilməsi Unianqa gölləri ilə Çad gölü arasındakı əlaqəni göstərir. Tədqiqatçılar araşdırmalarını aparmaq üçün gündüz və gecə tor və digər vasitələrlə nümunələr götürdülər.[20] Tədqiqatçı Daqetin sözlərinə görə, Ennedidə yalnız yeddi növ balıq var.[21]
Cəmi 2173 növ flora Çad üçün doğmadır və 1950-ci illərdə bu bölgədəki ilk flora tədqiqatçılarına R. Korti, H. Qillet, R. Maire və P. Quezel daxil idi.[22] Hal-hazırda Ennedidə sadalanan növlərdən 525-dən çoxu mövcuddur.[16] Xüsusilə tədqiqatçı Qillet aşkar edilmiş 526 növ flora üçün 7 əsas həyat formasını təsvir etmək üçün bir təsnifat sistemindən istifadə etdi və bölgə üçün 41.3% terrofit, 3.0% geofit, 5.1% heliofitl, 1.1% hidrofitlər, 7.0% hemikriptofit, 18.4% şamefrit, 15.1% fanerofit nəticələrini aldı.[22]
Ennedidə adətən tropik və ekvatorial Afrikada rast gəlinən ağac növü olan Rauwolfia caffra da daxil olmaqla bir çox nadir növ yetişir.[5] Bitki örtüyünün çox hissəsi dərin kanyonlar və qeltaların olması ilə qorunur. Hazırda Çad torpaqlarının yalnız 2%-i becərilir, təqribən 50%-i otlaq kimi istifadə olunur və dənli taxıl əsas qida qrupunu təşkil edir.[22] Quru dövrlərdə bu ərazi xurma və otlar kimi subtropik növlər üçün sığınacaq rolunu oynayır. Çöl çəyirtkəsi yerli floraya, xüsusən də məhsul və otlaqlara zərərli təsirləri ilə tanınır.[23]
Ennedi qaya təsvirlərinə dair dəqiq tarixlərin olmamasına baxmayaq, rəsmlər təxminən e.ə. 5000-ci ilə aid edilə bilər.[1] Arxeoloji qeydlər və ərazinin qaya təsvirləri tədqiqatçılara bu tarixləri yaratmağa imkan verir. Çünki təəssüf ki, ərazidə üzvi materialların çatışmazlığı var.[8] Məsələn, eramızdan əvvəl 630-cu iləa aid yalnız bir mal-qara çənəsi tapılmışdır.[19] Bununla birlikdə, tədqiqatçılar bu yerlərin yaşlanmasına qədər həm kömür, həm də digər mal-qara sümüklərindən olan radiokarbon tarixlərindən istifadə etməyə davam edirlər.
Ennedidə altı yer var və təxminən 40 şəkil tapılıb.[1] Ərazidə minlərlə insan və heyvan təsvirləri və oymalar mövcuddur və bunların təxminən 8000 illik olduğu təxmin edilir.[24] Təsvirlərdən 86%-dən çoxu boyanmış və 14%-i həkk olunmuşdur.[25] Rsmlər yerdə, tavanlarda və külək eroziyası nəticəsində yaranan sığınacaqların divarlarında aşkar edilib və onlar çox vaxt yüksək mövqelərdə tapılırlar.
Təsvirlərdə həm heyvanlar, həm də insanlar real həyatda olduğu kimi, heç bir ovçu-toplayıcı təmsilçiliyi olmayan şəkildə təsvir edilib. Təəssüf ki rəsmlərin çoxu hava şəraiti və vandalizm səbəbindən korlanmışdır.
Erkən şəkillər təkrəngli idi, insanları mal-qaraları ilə işləyən kimi təmsil edirdi və çoxları gəzinti və qaçış zamanı ov alətləri ilə göstərilmişdir. Bu təsvirlər erkən Dəmir dövründə, eramızın II əsrindən başlayaraq eramızın 1000-ci illərinə qədərki bir dövrdə Afrikadakı insanların yaşadığı həyat tərzini vurğulamışdır. Zaman keçdikcə şəkillər daha da rənglənmişdir. Bu dövrə aid təsvirlərdə fərqli iyerarxiyalara görə intensiv mübarizə nəticəsində yaranmış ola bilən daha çox silah göstərilmişdir.[26] Su və otlaq sahələrinin azalması səbəbindən dəyişən iqlim bu silah növləri ilə əlaqələndirilə bilər.
Ev heyvanları Ennedi yaylasında təsvir olunan qaya rəsmlərinin təxminən 55%-ni təşkil edir.[19] Lakin qaya təsvirlərindəki ən böyük vurğu ev heyvanlarınadır.[27] Murdi adlı bir ərazidə aparılan araşdırma nəticəsində tədqiqatçılar qaya təsvirləri arasında rast gəlinən insan və heyvanların tezliyini tapdılar. Mal-qara ümumi şəkillərin 50%-dən çoxunu, keçilər təxminən 10%-ini, itlər isə 5%-i təşkil edirdi.[28] İndiyə qədər kəşf edilən ilk qaya təsvirində mal-qaranın yanında iki maskalı şəxsin göstərilmişdi.[29] Mal-qara, xüsusən də çox saylı uzun buynuzlu mal-qara arasındakılar nadir buynuzlu heyvanlar kimi qəbul edilmişdir.[30] Məsələn bəzi heyvanlar lira formalı buynuzlarla təsvir edilmişdi.[29] Mal-qaranın Ennedi yüksəkliklərində yaşayan insanlara böyük maddi, mədəni və ətraf mühitə təsiri olduğu bilinirdi. Bu heyvanları fərdiləşdirmək üçün onlara fərqli formalar verilirdi və bəzi yerlərdə özünəməxsus həndəsi dizaynlarda mal-qara fiqurları yer alır.[31] Mal-qara təsvirlərinin hamısı yüksək yerlərdə tapılmışdır. Atlar kimi digər heyvanlar isə ümumiyyətlə aşkar edilməmişdir.
Dəmir dövründə insanlar daha çox köçəri bir həyat tərzində yaşayırdılar və buna görə də şəkillərində dəvə və xüsusi olaraq atları təsvir etmişlər. Ancaq bu heyvanlar inəklərdə olduğu kimi fərqli fiqurlarla fərqləndirilməmişdir. Ayrıca mal-qara şəkillərində heyvanlar statik olaraq göstərilsə də, atlar rəsmə bədii bir keyfiyyət artıran heyvan kimi göstərilir.[32] Son bir neçə rəsmdə at arabaları olan atlar da var.[28] Dəvələr də digər heyvanlara nisbətən daha çox hərəkətə gətirilərək təsvir edilirdi.
Sənət əsərində vəhşi heyvanlar dini və mifik mənalarına görə də təsvir edilmişdir. Zürafələr ən çox təsvir edilmiş vəhşi heyvanlar idi. Ayrıca, dəyirmi başlı insanlarla birlikdə çox sayda kərgədan təsvir edilmişdi və bu adətən cüt və ya tənha yaşadığı üçün kərgədanların tipik davranışları üçün qeyri-adi idi.[33]
Ennedi qaya rəsmlərində insanların təsvirləri olduqca yayqındır və tapılan insan fiqurları arasında yalnız 4%-i həkk olunmuşdur.[19] Qaya sənətinin içərisində kişilər və qadınlara aid çox sayda əl izləri tapılmışdır. Kişilər əksər hallarda heyvanlarını qoruduqlarını təsvir edən bir nizə və qalxan tutaraq mal-qaranın qarşısında dayanır.[19] Qadınlar kişilər kimi tez-tez təsvir edilməyib. Daha əvvəl qeyd edilən Mündi yerindəki insanlar və heyvanların tezliyini göstərən hesaplamalarda kişilərin 20%, qadınlar isə yalnız 10% təsvir edildiyi aşkar edilmişdir.[28] Bununla birlikdə qadınlar tez-tez Niola Dola ərazisindəkilər kimi həddindən artıq bəzənmiş göstərilirdilər.[34] Onlar tez-tez dalğalı xətlər və maraqlı həndəsi naxışlarla örtülmüşdülər və bu dizaynlar Əlcəzairdə tapılmış Dəyirmi Baş şəkilli fiqurlarla müqayisə edilmişdir.[1]
Nabara 2 ərazisində oval qravüralar ilə dəvə, mal-qara və zürafələr kimi fauna təsvir edilmişdir.[35] Döyüşçülərin dəyirmi qalxanların arxasında gizləndikləri, qadınların isə uzun paltarlarda don geyindikləri görülür. Qadınlar silahla müşayiət olunmur, kişilər isə ümumiyyətlə silahla təsvir edilmişdir.
Yerli dildə "Qızların yeri" mənasını verən Niola Doanın başqa bir böyük ərazisi artıq UNESCO-nun qoruması altında hesab edilməsə də, hələ də Böyük səhrada ən əhəmiyyətli qaya abidələrindən biri kimi tanınır.
Eramızdan əvvəl 5000-4000-ci illlərdə Ennedi xalqı ovçuluq, balıqçılıq və əsasən düzənliklərdə toplayıcılıqla məşöul idi. Onlar əlverişli şərait səbəbindən əsasən yaşayış məntəqələrində qaldılar. Bu ərazilərdə istifadə olunan dulusçuluq qablarında bu dövrə xas olan nöqtəli dalğalı naxışlar mövcud idi.[36]
Eramızdan əvvəl 4.000-ci ildən sonra zaman keçdikcə cəmiyyət ovçuluq və toplayıcılıqdan maldarlığa keçdi.[36] Həyat tərzindəki bu dəyişiklik ilə dulusçuluq üslubları da dəyişdi. Məsələn, qablarda indi daha çox bəzək naxışları var idi və fərqli qablar yaradıldı. Ayrıca, balta da daxil olmaqla ilk dəfə daş alətlər ortaya çıxdı.
Nəhayət eramızdan əvvəl 3000-2000-cü illərdə artan quraqlıq səbəbindən daha çox məskunlaşılmış yaşayış məntəqələri, həmçinin mal-qaranın sayə artdı.[36] Dulusçuluq ilk dəfə həndəsi naxışlar nümayiş etdirdi və daş alətlər, əsasən, bir qədər əl gəzdirilmiş daşlardan və itiləyici materiallardan ibarət idi.
Qaya təsvirlərində də göstərildiyi kimi, zamanla iqlim dəyişikliyi ilə yanaşı, ovçuluq və brakonyerlik səbəbiylə faunada azalma müşahidə edilmişdir. Heyvanlar aləminin azalması ərazidə böyük bir problem olmasına baxmayaraq, vandalizm də əraziyə böyük bir zərbə vurmuşdur. Məsələn, şübhəli yerli gənclər qayalara adlarını fransız və ərəb dillərində yazaraq qaya rəsmlərini korlamışlar.[24] Çadın mədəniyyət naziri Məhəmməd Saleh Haroun vəziyyəti belə izah etmişdi: "Bu bir Afrika hekayəsidir və onlar bunu məhv etmək istmişlər."[39]
UNESCO-nun Çaddakı rəhbəri Abdukərim Adoum Bahar divarın düzəldilə biləcəyinə inansa da, o vaxtdan digər təşkilatlar da bu işə qarışmışlar. Məsələn, Afrika Qaya sənətinə Güvən dərnəyi, o vaxtdan bəri Ennedini fotoşəkillərlə sənədləşdirdi. Onların missiyası qaya rəsmlərinin qorunması ilə əlaqəli problemləri göstərməkdir.[37]
Ennedi həm eroziya, həm də vandalizm səbəbiylə ziyan görsə də, bu sənət indi bu ərazinin gözəlliyi haqqında məlumatlılığı artırmaq üçün 3D olaraq lentə alınır. Ennedinin gözəlliyini göstərmək üçün rejissor Renan Öztürkün yönləndirdiyi "Ennedi Qüllələri" də daxil olmaqla bu mənzərə ilə əlaqədar filmlər çəkilmişdir.[40]