Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir.
Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir[1] və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir.
Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir.[2] Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır.[2][3][4]
Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi). Qərbi Avstraliyadakı zirkon kristallarının 4,404 ± 8 milyon il yaşı olduğundan, yerin sabit bir qabığının 4,433 milyon il əvvəl yarandığı qəbul edilmişdir.[5]
"Prekembri" termini Stratiqrafiya üzrə Beynəlxalq Komissiya tərəfindən bu dövrə Katarxey, Arxey və Proterozoy eonları daxil olduğu üçün yerin geoloji tarixində yeganə "supereon" olaraq tanınıb.[6] Lakin prekembri dəqiq eon adlarını tələb etməyən ümumi müzakirələr üçün geoloqlar və paleontoloqlar tərəfindən istifadə olunur. 2010-cu ildən etibarən Birləşmiş Ştatların Geoloji Tədqiqatı termini stratiqrafik dərəcəsi olmayan, qeyri-rəsmi olaraq qəbul edir.[7]
Həyatın mənşəyi üçün müəyyən bir tarix müəyyənləşdirilməyib. Qərbi Qrenlandiya yaxınlığında yerləşən adalardakı 3,8 milyard illik (Arxeyə aid) süxurlarda tapılan karbon üzvi mənşəli ola bilər. Qərbi Avstraliyada 3.46 milyard yaşdan yuxarı bakteriyaların yaxşı qorunmuş mikroskopik qalıqları tapılmışdır.[8] Eyni ərazidə 100 milyon yaşdan yuxarı olduğu ehtimal olunan fosillər də aşkar edilmişdir. Bununla birlikdə, 4.280 milyard il əvvəl həyatın inkişaf edə biləcəyinə dair dəlillər var.[9][10][11][12] Prekembrinin qalan hissəsi (Proterozoy eonu) boyunca kifayət qədər davamlı bir bakteriya həyatı mövcud olmuşdur.
Şimali Amerika və Hindistandan tapılan daha köhnə formalara aid bir neçə mübahisəli hesabat istisna olmaqla, ilk mürəkkəb çoxhüceyrəli həyat formalarının Proterozoy eonunun Mezoproterozoy erasında, təxminən 1500 milyon il əvvəl meydana gəldiyi düşünülür. Yumşaq bədənli həyat formaların kolleksiyası dünyanın müxtəlif yerlərində tapılıb və 635 ilə 542 milyon il əvvəllər arasında tarixə təsadüf edir. Bunlara Ediakar və ya Vend biotası deyilir. Fanerozoy eonunun başlanğıcını qeyd edən bu dövrün sonuna doğru sərt quruluşlu canlılar meydana gəldi. Erkən Kembri dövründə həyat formalarının müxtəlifliyinin birdən-birə artmasına Kembri partlayışı deyilir.[13][14]
551 milyon il əvvələ aid palçıq qalığı üzərində hər hansı bir heyvanın ətraflarının izlərinə bənzər tapıntı aşkar edildi. [15]
Kembridən əvvəl tektonik plitələrin və digər tektonik fəaliyyətlərin varlığına dair sübutlar zəif qorunub saxlanılmışdır. Ümumiyyətlə, kiçik proto-qitələrin 4280 milyon il əvvəldən mövcud olduğu və Yerin quru hissələrinin çoxunun 1130 milyon il əvvəl ətrafında vahid superqitəyə toplandığı güman edilir. Rodiniya olaraq bilinən superqitə 750 milyon il əvvəl ətrafında dağıldı. 2400-2100 milyon il əvvələ qədər bir neçə buz dövrü ard-arda dünyanı buzla örtdü. Ən yaxşı araşdırılanlardan biri, "Qartopu Yer" ilə nəticələnən, buzların ekvatora qədər yayıldığı düşünülən 850–635 milyon il əvvəl baş vermiş Sturt-Varanq buzlaşmasıdır.Erkən
Yerin atmosferi yaxşı başa düşülmür. Əksər geoloqlar bunun ilk növbədə azot, karbon dioksid və digər qazlardan ibarət olduğunu, sərbəst oksigenin olmadığını düşünürlər. Ancaq erkən Arxeydən bəri oksigenlə zəngin bir atmosferin mövcud olduğuna dair sübut var. [16]
Hal-hazırda, fotosintetik həyat formaları inkişaf etdikdən və maddələr mübadiləsinin bir məhsulu olaraq onu çox miqdarda istehsal etməyə başlayana qədər molekulyar oksigenin Yer atmosferinin əhəmiyyətli bir hissəsi olmadığı güman edilir. Kimyəvi inertdən oksigenli bir atmosferə bu radikal keçid oksigen fəlakəti adlandırılan ekoloji böhrana səbəb oldu. Əvvəlcə oksigen Yer qabığındakı digər elementlərlə, ilk növbədə dəmir ilə birləşərək bu elementləri atmosferdən çıxardı. Bu prosesdən sonra atmosferdə oksigen yığılmağa başlamış və müasir oksigenli atmosfer yaranmış ola bilər.
Yerdəki tektonik plitələrin hərəkəti zaman keçdikcə qitələrin yaranmasına və parçalanmasına, o cümlədən təsadüfi quru hissəsinin çoxunu və ya hamısını əhatə edən superqitələrin meydana gəlməsinə səbəb oldu. Ən erkən məlum superkontinent Vaalbara idi. Vaalbara 3.636 milyard il əvvəl yaranan bir super qitə idi. Vaalbara təxminən 2.845–2.803 milyon il əvvəl dağılmışdır. Superqitə Kenorland 2.72 milyard il əvvəl meydana gəlmiş və sonra 2.45-2.1 milyard il əvvəldən sonrakı dövrdə parçalanmışdır. Superqitə Kolumbiya və ya Nuna 2.06-1.82 milyard il əvvəl meydana gəlmiş və təxminən 1.5-1.35 milyard il əvvəl dağılmışdı.[17][18] Superqitə Rodiniyanın təxminən 1.13-1.071 milyard il əvvəl meydana gəldiyi, yer kürəsinin çoxunu və ya hamısını əhatə etdiyi və 750-600 milyon il əvvəl səkkiz qitəyə parçalandığı düşünülür.