Ensefalit (yun. enkephalos- beyin)– baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu. Ensefalit spesifik törədicilərin (süzülən virusların bir neçə tipi) bilavasitə beyin toxumasına keçməsindən, bəzi infeksion xəstəliklərdən (qrip, yatalaq, qızılca, skarlatina, suçiçəyi, revmatizm, quduzluq və s.) kəskin və xroniki intoksikasiyadan (qidadan zəhərlənmələr və s.) törəyir.
Ensefalit çox zaman təbii mənbə xəstəliyi olub, müəyyən coğrafi landşaftlarda (əsasən tayqa meşələri zonası) yayılır. Onun üçün mövsümi xarakter daşıyıb infeksiya daşıyıcılarının (gənə, ağcaqanad) aktivliyi ilə əlaqədardır. Gənə ensefalitinin mənbəyi bəzi gəmiricilər, iri mal-qara, keçilər, bəzi quş növləri sayılır. Xəstəliyin yayıcıları çox vaxt otlaq gənələri olur.[1]
İnfeksion xəstəliklərin təsnifatının ən rasional prinsipi onların səbəblərinə görə təsnifatdır (etioloji amillərə). Ensefalitlərin səbəbi hələlik müəyyən edilmədiyindən, ensefalitlərin təsnifatı zamanı xəstəliyin gedişatının xüsusiyyətləri də istifadə olunur (patogenetik amil). Bu prinsiplərə əsaslanaraq, ensefalitlər əsas və ikincil, virus və mikrob, yoluxucu-allergik, allergik və zəhərli olanlara bölünür.
Hər kəs ensefalitə yoluxa bilər. Yoluxmanı artıra bilən faktorlara aşağıdakılar aiddir:
Ensefalit xəstəliyinin inkubasiya dövrü 7–20 gündür. Xəstəlik qəflətən kəskin başlayır. Temperatur 39–40°-yə çatır. Xəstədə baş ağrıları, qusma olur. Xəstəliyin ilk günlərində şüur pozğunluğu, sayıqlama, meningit əlamətləri ola bilər. Ağır hallarda bulbar sindrom meydana çıxır. Ən qorxulu hal qalxan iflic formasıdır. Bu 2–3 gün ərzində xəstəni məhv edə bilir.[1]
Ağırlaşmalar yaşdan, ensefalitə səbəb olan infeksiyadan, xəstəliyin ağırlıq dərəcəsindən, xəstəliyin başlanması ilə müalicənin başlanması arasındakı zamandan asılıdır. Beyinin iltihabla zədələnməsi bir sıra fəsadlarla səbəb ola bilər. Ən ağır ağırlaşma zamanı koma və ölüm olur. Digər ağırlaşmalar- davamlı yorğunluq, şəxsiyyət dəyişiklikləri, yaddaş pozulmaları, görmə və eşitmə defektləri, əzələ zəifliyi- parezlər, nitq pozulması bir neçə ay və ya daimi olaraq qala bilər.[2]