Gəmiricilər

Gəmiricilər (lat. Rodentia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.

Gəmiricilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu dəstəyə 7 fəsilə və 18 cinsdə birləşmiş 37 növ daxildir. Fəsilələrin tərkibi aşağıdakı kimidir:

  • Sciuridae (Sincabkimilər) fəsiləsinin Sciurus (Sincablar) cinsində 2 növ
  • Hystricidae (Tirəndazkimilər) fəsiləsinin Hystrix (Tirəndazlar) cinsində bir növ
  • Myocastoridae (Nutriyakimilər) fəsiləsinin Myocastor (Nutriyalar) cinsində bir növ
  • Gliridae (Süleysinkimilər) fəsiləsinin Glis (Süleysinlər) və Dryomys (Meşə süleysinləri) cinslərində 2 növ
  • Dipodidae (Ərəbdovşanıkimilər) fəsiləsinin Allactaga (Yer dovşanları) cinsində 2 növ
  • Muridae (Siçankimilər) fəsiləsindən 4 cins: Rattus (Siçovullar) – 2 növ, Mus (Siçanlar) – 2, Apodemus (Meşə və Tarla siçanları) – 5, Micromys (Cırtdan siçanlar) – 1
  • Cricetidae (Siçancıqkimilər) fəsiləsinə daxil olan 8 cinsdən Calomyscus (Siçanabənzər siçancıqlar), Cricetulus (Boz siçancıqlar), Mesocricetus (Orta siçancıqlar), Ellobius (Korcalar), Arvicola (Su siçovulları) cinslərinin hərəsində bir növ, Meriones (Kiçik qum siçanları) – 5, Chionomys (Qar çöl siçanları) – 3, Microtus (Boz çöl siçanları) – 6 növ aiddir.

Azərbaycan rodentofaunasının əsasını Cricetidae (8 cins və 19 növ) və Muridae (4 cins və 9 növ) fəsilələri təşkil edir. Ayrı-ayrı növlərin ərazimizdə yayılması müxtəlifdir (xəritə ). Geniş yayılmış, adi saylı və çoxsaylı növlərə Mus musculus (ev siçanı), Apodemus (Sylvaemus) uralensis (kiçik meşə siçanı), A. (S.) fulvipectus (sarıqarın siçan), Cricetulus migratorius (boz siçancıq), Arvicola terrestris (su siçovulu) aiddirlər. Onlar demək olar ki, 2300–2500 m hündürlüyə qədər bütün tipik lanşaftlarda məskən salmışlar.

Arid landşaftlarda gəmiricilər əhalisinin əsasını yuxarıda qeyd olunan növlərlə yanaşı ilk növbədə Microtus socialis (ictimai çöl siçanı), Scarturus elater və Meriones (Qum siçanları) cinsindən olan iki növ təşkil edir. Sonuncular qeyribərabər yayılmışdır. Meriones libycus (qırmızıquyruq qum siçanı) Böyük Qafqazın dağətəklərində, Kür-Araz ovalığında çoxsaylıdır, M. tristrami (Kiçik Asiya qum siçanı) isə Kür-Araz düzənliyinin sağ qolunda və Talışın dağətəyi və dağüstü cöllərində yayılmışdır (Eyqelis, 1980).

Qum siçanlarının digər üç növü yuxarıda qeyd olunanlardan həm areal, həm də sayca xeyli geridə qalır. Onlar cənub arid rayonlarda məskən salmışlar. M. persicus-a (İran qum siçanı) Kiçik Qafqazın cənub-şərqi ətəklərində və Talış yaylasında rast gəlinir. M. vinogradovi (Vinoqradov qum siçanı) Araz boyunca (Naxçıvan MR-də) çoxsaylı, M. meridianus (meridian qum siçanı) isə nadir rast gəlir.

Talışın arid yaylası və Ceyrançölün qərbində Mesocricetus brandti (Kiçik Asiya siçancığı), Naxçıvanın çənub və mərkəzi hissəsində Calomyscus urartensis (kəsəyən dağ siçancığı), Talışın dağüstü çöllərində və Naxçıvanın şimalında Ellobius lutescens (dağ korcası) nadir halda yaşayır. Bu cür quraqlıq biotoplara nadir növ olan Mus abbotti (Abbot siçanı) meyl edir.

Azərbaycanın bütün dağ vilayətlərində yuxarıda adları çəkilən geniş yayılmış 6 növdən başqa Glis glis (süleysin), Dryomys nitedula (meşə süleysini), Microtus arvalis (adi çöl siçanı) növləri də çoxsaylı və ya adi saylıdırlar. Chinomys nivalis (Avropa qar çöl siçanı) yalnız Talış və Kiçik Qafqazda 1200–1600 m hündürlükdə, Ch. gud (Qafqaz qar çöl siçanı) Böyük Qafqazın subalp və alp qurşaqlarında, 800–2000 m hüdudlarında isə Ch. roberti (Kiçik Asiya qar çöl siçanı) yayılmışdır. Böyük Qafqazda nadir halda Apodemus (Sylvaemus) ponticus (Qafqaz meşə siçanı), şimal-şərqi hissəsində isə A. agrarius (düzənlik və dağətəyi meşədə) (tarla siçanı) və Micromys minutus (cırtdan siçan) rast gəlinir. Lənkəran təbii vilayətinin düzənlik və dağlıq hissələrində Microtus schelkovnikovi (Şelkovnikov çöl siçanı) və Apodemus (S.) hyrcanicus (talış meşə siçanı) yayılmışdır. Microtus (Terricola) dagestanicus (dağıstan çöl siçanı) Baş Qafqaz Silsiləsinin quraqlıq sahələrində məskən salır. M. (T.) majori (Kiçik asiya kolluq siçanı) Talışdan başqa bütün dağlarda adi saylı heyvandır. M. (T.) nazarovi (Nazarov çöl siçanı) Murovdağda qeydə alınmışdır. Analoji olaraq Böyük və Kiçik Qafqazın dağ meşələrində Sciurus anomalus (İran sincabı) yayılmışdır. Son dövrdə Boyük Qafqazda və Abşeronda gətirilmə növ S. vulgaris (adi sincab) yayılmışdır.

Nəhayət, Respublikanın həm rütubətli (Lənkəran təbii vilayəti), həm də quraqlıq (mərkəzi düzənlik və dağətyi hissələr, Kiçik Qafqazın çölləri) bölgələrində nisbətən nadir sayda Hystrix leucura (Hindistan tirəndazı) yayılmışdır. Rattus rattus (qara siçovul) nadir halda Samur-Dəvəçi düzənliyində, adi halda Lənkəran düzənliyində, Kür-Araz ovalığının bataqlıqlarında, Alazan-Əyriçay və Abşeronda rast gəlinir. 30-cu illərdə gətirilmiş Myocastor coypus (qunduz və ya nutriya) bütün düzənlik rayonların dayaz sulu hövzələrini mənimsəmiş və Respublika faunasında yerini möhkəmlətmişlər.

Bütün dünyada olduğu kimi gəmiricilər yırtıcı heyvanların qidası kimi və torpaqəmələgətirmə prosesində iştirak edərək müsbət rol oynayırlar. Digər tərəfdən isə onların meşə, kənd və digər təsərrüfatlara vurduğu zərərə, təhlükəli xəstəlikləri (taun, tulyaremiya, Sibir yarası və s.) yaydıqlarına görə saylarını daima nəzarət altında saxlamaq lazım gəlir.