Etnososiologiya (etnik sosiologiya) — müxtəlif etnik mühitlərdə sosial prosesləri və fenomenləri və sosial qruplardakı etnik prosesləri öyrənən Rus sosiologiyasında bir fən. Cəmiyyətin ən sadə etnik qruplardan mürəkkəb müasir sosial sistemlərə çevrilməsini araşdırır[1]. Qərb sosiologiyasında bu istiqamət daha çox irqi və etnik münasibətlər sosiologiyası adlanır[2].
Etnik sosiologiya — sosiologiyanın bir hissəsidir, onun istiqamətlərindən biridir (ailənin sosiologiyası, kənd sosiologiyası və s. kimi). Etnososiologiyanın predmeti etnik qrupların inkişafı və fəaliyyətinin sosial aspektləri, şəxsiyyəti, maraqları və özünütəşkiletmə formaları, kollektiv davranış qaydaları, etnik qrupların qarşılıqlı əlaqələri, daxil olan şəxsiyyət, bu qruplar və sosial mühit münasibətlərinin öyrənilməsidir[3].
Etnososiologiyanın əsas anlayışları etnos, insanlar, millət, vətəndaş cəmiyyəti, qlobal cəmiyyətdir[4][5].
Etnososioloqlar tərəfindən hazırlanmış bəzi mövzular:
Azərbaycanda etnik sosiologiya etnoqrafiya elminin bir istiqaməti kimi ötən əsrin 80-ci illərinin birinci yarısında, SSRİ-də etnososioloji tədqiqatların keçirildiyi zaman inkişaf edib. Etiraf edək ki, Azərbaycanda Özbəkistan, Gürcüstan və Estoniyadakı kimi genişmiqyaslı etnososioloji tədqiqatlar keçirilməmişdir. Azərbaycanda bu cür tədqiqatın keçirilməsinə dair hazırlıq işləri başa çatmamışdır ki, bu da 80-ci illərin sonlarında mövcud olan mürəkkəb sosial-siyasi proseslərlə bağlıdır. Bununla belə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı mövzulara dair aparılmış tədqiqatlar bir sıra yazılarda əksini tapmışdır.
Azərbaycan alimlərinin ilk tədqiqatları etnik sosiologiyanın əyaniliyi və əhatəliyindən xəbər verir. Onların diqqəti cəmiyyətin müxtəlif təbəqələrində etnososial və etnomədəni dəyişikliklərin xüsusiyyətləri, şəhər əhalisinin formalaşmasının etnik xüsusiyyətləri, Azərbaycan kəndlərində etnomədəni proseslər, etnik qruplarda dillərin istifadəsində meyllər və milli şüurun formalaşması prosesləri kimi məsələlərə yönəlmişdir. Bu tədqiqatlarda əsas diqqət qrupların sosial davranışında ənənəçiliyin rolu, modernləşmə prosesləri, sosial qruplar, şəhər və kənd sakinlərinin müasir və ənənəvi elementlərinin nisbətinə yetirilirdi. Azərbaycanda ilk etnososioloji tədqiqatların obyekti kimi ölkənin şəhər əhalisi seçilmişdir.
Qeyd etmək lazımdır ki, ötən əsrin 70-ci illərindən başlayaraq, şəhər tematikası sovet, o cümlədən Azərbaycan etnoqrafları arasında kifayət qədər məşhur olmuşdur. SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda da etnoqrafik tədqiqatlar əsasən şəhər əhalisinin həyatı və mədəniyyəti, polietnik şəhərlərdə etniklər arası əlaqələri əhatə edirdi. Bu maraq əsasən urbanizasiyanın yüksək templəri, respublikadaxili və respublikalararası miqrasiyaların güclənməsi ilə bağlı idi. Şəxsiyyətlərarası münasibətlərin sistemi və etnosların ənənəvi mədəniyyətlərinin məruz qaldığı dəyişikliklər həmin proseslərin təsiri altında daha nəzərəçarpıcı oldu.