Fanni Yefimovna Kaplan (əsl adı: Feyqa Haimovna Roytblat; 10 fevral 1890[1] – 3 sentyabr 1918[1], Moskva[1]) — Vladimir Leninə sui-qəsd etməyə cəhd etdiyi iddia edilən Sosialist İnqilabçılar Partiyasının üzvü.
Fanya Kaplan | |
---|---|
rus. Фанни Ефимовна Каплан | |
Doğum tarixi | 10 fevral 1890[1] |
Vəfat tarixi | 3 sentyabr 1918[1] (28 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | terrorist, siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bolşeviklər Fanyanın mənsub olduğu partiyanın fəaliyyətini qadağan etdikdən sonra bir Sosialist İnqilabçı kimi Kaplan Leninə "inqilab xaini" kimi baxmağa başladı. O, 30 avqust 1918-ci ildə Moskvadakı zavodlardan birindən çıxmaqda olan Leninə üç dəfə atəş açaraq onu ağır yaralayır. Çeka tərəfindən dindirilən Kaplan hər hansı iştirakçının adını çəkməkdən imtina edir və sentyabrın 3-də güllələnir. Kaplanın sui-qəsd cəhdi və Moisey Uritskinin qətli 28 oktyabr 1917-ci ildə ölüm cəzasını ləğv edən Sovet hökumətini bu institutu yenidən bərpa etməyə təhrik etdi.
Kaplanın adı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın katorqasında adlı xatirələrində Vera Fiqner onu Feyqa Haimovna Roytblat-Kaplan deyə adlandırır. Digər mənbələrdə soyadının Roytman olduğu qeyd olunur. Ona bəzən "Dora" da deyirdilər.[2]
Kaplan yeddi uşaqlı yəhudi ailəsində böyüyüb boya-başa çatmışdır. O, hələ erkən yaşlarından siyasi inqilabçı olmuş, sosialist qrup olan Sosialist İnqilabçılar Partiyasına qoşulmuşdu. 1906-cı ildə 16 yaşında ikən Kaplan terror hadisəsində iştirakına görə Kiyevdə tutuldu və ömürlük katorqaya (ağır zəhmətli həbsxana düşərgəsi) məhkum edildi. O, Sibirdə Nerçinsk katorqasının Maltsev və Akatuy həbsxanalarında olmuş və burada görmə qabiliyyətini itirmişdi (daha sonra qismən bərpa olundu). Maltsevs həbsxanasında saxlanılarkən burada intizam tənbehi cəzası olaraq çılpaq bədənini qamçılamışdılar.[3] O dövrdə siyasi məhbuslara tamamilə çılpaq bədənə cəza tətbiq edilməsi adi bir hal deyildi. Fevral inqilabı imperiya hökumətini devirdikdən sonra Fanya 3 mart 1917-ci ildə sərbəst buraxıldı. Həbs olunması nəticəsində Kaplan sonralar da davamlı baş ağrılarından və periodik olaraq korluqdan əziyyət çəkirdi.
Sosialist İnqilabçılar və Bolşeviklər arasındakı qarşıdurma nəticəsində Kaplanın Leninə olan ümidləri puç olur.[4] Bolşeviklər sovetdə güclü dəstək əldə edirlər; lakin 1917-ci ilin noyabrında Müəssislər Məclisinə keçirilən seçkilərdə Bolşeviklər üstünlük əldə edə bilmirlər. Sovetlərə üstünlük verən Bolşeviklər Müəssislər Məclisinin ləğv edilməsini əmr edirlər. 1918-ci ilin avqust ayına qədər Bolşeviklər və onların siyasi rəqibləri arasındakı qarşıdurmalar digər nüfuzlu partiyaların da qadağan edilməsinə səbəb oldu. Onlardan biri də bir müddət Bolşeviklərin əsas koalisiya tərəfdaşı olmuş, lakin Brest-Litovsk sülh müqaviləsinə qarşı olduqları üçün iyulda Sol SR qiyamı təşkil etmiş Sol Sosialist İnqilabçılar idi. Kaplan Leninin inqilaba xəyanət etdiyini düşündüyündən ona qarşı sui-qəsd təşkil etmək qərarına gəlmişdi.[5]
30 avqust 1918-ci ildə Lenin Moskvanın cənubundakı Mixelson silah fabrikində çıxış edirdi.[6] Lenin binadan çıxıb maşına minməzdən əvvəl Kaplan ona səslənir. Lenin ona tərəf dönəndə Kaplan Browning tapançası ilə üç dəfə atəş açır.[2] Güllənin biri Leninin paltosuna tuş gəlir, digər ikisi isə yaralayır: biri boynundan keçərək ağciyərinin sol hissəsini dağıdır və sağ körpücük sümüyünün yanında dayanır. Digər güllə isə sol çiynini yaralayır.[2][7]
Lenini Kremldəki yaşayış evinə aparırlar. Onu öldürməyi planlaşdıran digər sui-qəsdçilərin ola biləcəyindən qorxan Lenin təhlükəsiz olan Kremli tərk etmək istəmir və ona məhz burada tibbi yardım göstərirlər. Həkimlər Kremlə gəlsələr də, gülləni yalnız xəstəxanada çıxara biləcəklərini bildirirlər. Ağır yaralanmış olsa da, Lenin qurtulur. Bununla belə, Leninin səhhəti artıq əvvəlki kimi deyildi və bir daha tam bərpa olunmur. Deyilənlərə görə,[8] 1924-cü ildə Leninin ölümündə bu sui-qəsdin nəticələri böyük rol oynamışdır.
Sui-qəsd cəhdinin rəsmi açıqlamasında Kaplan sağ eser (Sağ SR) elan edilmişdi. Şimal regionunda daxili işlər üzrə xalq komissarı və Petroqradda Çekanın rəhbəri Moisey Uritski Leninə hücumdan təxminən iki həftə əvvəl sui-qəsdə məruz qalmışdı. Çeka iki hadisəni əlaqələndirən heç bir dəlil tapmasa da, onların birləşməsi şiddətlənən vətəndaş müharibəsinin ümumi kontekstində əhəmiyyətli görünürdü. Bolşeviklər öz rəqiblərini kəskin şəkildə təqib etməyə başlamışdılar.
Qırmızı terror haqqında rəsmi qərar Kaplanın güllələnməsindən cəmi bir neçə saat sonra verilmişdi. Qərar hər kəsi inqilabın düşmənlərinə qarşı mübarizəyə çağırırdı. Bir neçə ay ərzində təxminən 800 sağ eser və bolşeviklərin digər siyasi rəqibləri edam olunmuşdu. Birinci il ərzində Qırmızı terrorun əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdi.
Arkadi Vaksberq və Donald Reyfild kimi bəzi tarixçilər sui-qəsd cəhdində Kaplanın rolunu şübhə altına alırlar.[9] Vaksberq qeyd edir ki, təqsirkar digər bir SR — Lidiya Konoplevadır. O inanırdı ki, Leninin, şəxsiyyəti milli qəhrəman stereotipindən olduqca uzaq bir qadın tərəfindən təşkil edilən sui-qəsddən ucu-ucuna xilas olması çox təsəlliverici hal olardı.[10] Xüsusilə də bildirilirdi ki, o, başqaları adından hərəkət etmiş və tutulduqdan sonra da bütün məsuliyyəti öz üzərinə götürmüşdü. Bu və digər versiyalarda irəli sürülən əsas arqument onun görmə qabiliyyətinin olduqca zəif olması idi. Digər bir arqument rəsmi Sovet hesabatı (həmin hesabata görə hadisəyə şahidlik etmiş qəzəbli işçilər dərhal Kaplanı ələ keçirirlər) və rəsmi sənədlər (xüsusən də, bir neçə şübhəlinin tutulduğunu iddia edən Yakov Petersin radioqramı) arasındakı ziddiyyətə işarə edir.
Kaplan sui-qəsdin ardınca tutulur və Çeka tərəfindən dindirilir. O, aşağıdakı kimi ifadə verir:
Adım Fanya Kaplandır. Bu gün Leninə atəş açdım. Bunu özüm elədim. Revolverimi kimdən aldığımı deməyəcəyəm. Heç bir məlumat da verməyəcəm. Lenini öldürməyə çoxdan qərar vermişdim. Mən onun İnqilaba xəyanət etdiyini düşünürəm. Kiyevdəki bir çar məmuruna qarşı sui-qəsd cəhdində iştirak etdiyim üçün Akatuya sürgün oldum. 11 ilimi məcburi əməyə sərf etdim. İnqilabdan sonra azadlığa çıxdım. Müəssislər Məclisinin lehinəyəm və hələ də onun tərəfdarıyam.
Kaplanın heç bir sui-qəsd iştirakçısının adını çəkməyəcəyi məlum olduqda 3 sentyabr 1918-ci ildə Aleksandr bağında başının arxasına vurulan güllə ilə öldürülür. Cəsədi çəlləyə qoyularaq yandırılır. Sərəncam, cəmi altı həftə əvvəl çarın və ailəsinin edam edilməsini əmr edən Yakov Sverdlov tərəfindən verilir.
Hadisə 1983-cü ildə Reilly, Ace of Spies adlı Britaniya televiziya verilişində əks etdirilmişdir. Venedikt Yerofeyevin Fanni Kaplan və Yelena İsayevanın Öldür məni, sevgilim dram əsərlərində, həmçinin Vilyam T. Volmanın Mərkəzi Avropa kitabında Kaplanın obrazı yaradılmışdır.