Finikiyalılar—Finikiyanın əhalisi.
Finikiyalıların ərazisi əkinçilik və maldarlıq üçün əlverişli olmadığı üçün onların əsas məşğuliyyəti dənizçilik və dəniz ticarəti idi. E.ə. II minilliyin sonu — I minilliyin əvvəlində finikiyalılar Aralıq dənizində ağalıq edirdilər. Finikiyalılar ən yaxşı gəmiqayıranlar və dənizçilər idi. Onlar burada bitən sidr və palıd ağaclarından gəmi düzəldirdilər. Onlar Aralıq dənizi vasitəsilə üzüb ilk dəfə Atlantik okeanına çıxmışdılar. Sonra Avropa sahilləri ilə üzərək İngiltərənin cənub-qərbinə kimi gedib burada qalay mədəni tapmışlar. O vaxtı beynəlxalq ticarət finikiyalıların əlində idi. Onlar Yunanıstan, Misir, Babilistan və s. ölkələrlə ticarət edirdilər.
Finikiyalılar əsasən zeytun yağı, ağac, mis, tunc, mal-qara, taxıl və s. satırdılar.
Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sidon, Tir, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Tir şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Tir qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi. Dəniz ticarəti nəticəsində finikiyalılar Aralıq dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında məskunlaşmışdılar.
Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Finikiyalılar 22 samitdən ibarət ən qədim əlifba (e.ə. X–IX əsrlər) tərtib etmişdilər. Finikiya əlifbasını yəhudilər və aramilər qəbul etdilər, sonra isə yunanlar da bu əlifbanın əsasında öz əlifbalarını yaratdılar. Beləliklə, finikiyalılar əlifba sisteminin ilk nümunəsini yaratdılar.