Folkhemmet və ya xalq evi — İsveç Sosial-Demokrat Fəhlə Partiyası və İsveç sosial dövlətinin tarixində önəmli rol oynayan siyasi anlayışdır. Bundan başqa, bu anlayış həm 1932-1976-ci illərdə İsveçdə sosial-demokratların iqtidarda olduğu və bu düşüncəni tətbiq etdiyi müddəti, həm də İsveç sosial dövlətini bədii dillə ifadə etmək üçün işlədilir. Bu anlayış bəzən də, İsveç orta yolunu ifadə etmək üçün işlədilir. Burada orta yol dedikdə Kapitalizm və Sosializmin ortaq məxrəcə gəldiyi siyasət başa düşülür. Folkhemmet anlayışının kökündə bütün cəmiyyəti hamının fayda verdiyi kiçik bir ailə gözündə görmək düşüncəsi dayanır. İsveç sosial-demokratları müharibədən əvvəlki dövrdə, partiyanın təşəbbüsü ilə xalqa bu düşüncəni mənimsətməkdə, Folkhemmet yanaşması və xalqın səyləri ilə sosial islahatları həyata keçirməkdə uğur qazanmışdır.
Bu terminin mənşəyi Rudolf Çellenin əsasən Otto fon Bismarkın mühafizəkar sabitlik və davamlılıq anlayışı ilə bunun əksi olan sosialist partiyaların sosial islahat anlayışlarını ortaq məxrəcə gətirməsinə əsaslanan, milli mənafeləri və təbəqələrarası əməkdaşlığı uyğun hesab edən kooperasiya tipli modelə əsaslanır.
Qatı Keynsçi olan Ernst Viqforş və sosial kooperatist olan Per Albin Harsson mühafizəkar Rudolf Çellendən təsirlənərək, Folkhemmetin əsas məsələlərini müəyyənləşdirdilər. Daha sonra bu düşüncə İsveçin Baş nazirləri olmuş Taqe Erlander və Olaf Palmenin iqtidarları dövründə də inkişaf etmiş və sosial-demokratların 1976-cı ildə iqtidardan getməsinə qədərki dövrədək davam etmişdir. Bu yanaşmanın ən önəmli tərəfdarlarından biri də, Uppsala Universitetindən gəlib daha sonralar İsveçin ilk sosialist Baş naziri olan Yalmar Brantinqdir.
Per Ablin Hansson 12 yanvar 1928-ci ildə bu düşüncəni "İsveç bərabərlik və qarşılıqlı razılaşma ilə daha çox "gözəl bir ev" olmalıdır" deyimi ilə tanıtmışdır.[1] Hansson ənənəvi sinifli cəmiyyətin Xalq evinə çevrilməsində yaxından iştirak etdi.
Folkhemmet yanaşması milliləşdirmə siyasətlərinin tətbiq olunması vaxtı çatanda ilk dəfə mühakimə olundu və İsveç Sosial-Demokrat Fəhlə Partiyasının iqtidarının ilk illərində sinfi mübarizənin qarşısını alma siyasəti olaraq qiymətləndirildi. Bu prosesdə Folkhemmet iqtisadiyyatı ictimai sektora aid olmaqdan daha çox tənzimləmələrlə nəzarət edilən funksional sosializmə və sürətlə planlı iqtisadiyyata uyğunlaşdırıldı. Bu proses ərzində hökumət fərdlər üzərində daha təsirli olsa da, vətəndaşlar üçün gərəkli olan rifahın artımını təmin etməkdə eyni uğuru qazana bilmədi.
Yaxşı və asanlıqla əldə oluna bilən təhsil yeni cəmiyyəti formalaşdırmaqda ən önəmli ünsür olaraq qəbul olunurdu. Bunun nəticəsi olaraq, 1960-cı illərdə İsveç bir neçə yeni universitet açaraq hamıya və hər pillədə dövlət universitetləri də daxil olmaqla pulsuz təhsil imkanı təmin edən ilk dövlət oldu. Universal səhiyyə xidməti 1947-1955-ci illərdə dövlət tərəfindən həyata keçirilən bir çox sosial xidmətdən biri oldu.
1930-cu illərdə Cəmiyyət mühəndisliyi Folkhemmetin önəmli tərkib hissəsinə çevrildi. Alva Myurdal və Qunnar Myurdal tərəfindən 1934-cü ildə yazılan Əhali problemində böhran (isv. Kris i befolkningsfrågan) adlı kitab, azalan əhali probleminin öhdəsindən necə gəlindiyi ilə bağlı radikal və qabaqcıl siyasətə ilham qaynağı oldu. İctimai sektorun böyüməsi dövründə çoxlu dəyişikliklər edildi. Ernst Viqforşun iqtisadi siyasəti, Qustav Möllerin təqaüd sistemi və Qunnar Myurdalın ev sahibi olma siyasəti bu dəyişikliklərin başında dururdu.
1940-1950-ci illərdə az gəlirlilərin yaşadığı köhnəlmiş, uçuq, təmiri mümkün olmayan və sıxlıq yaradan evlər söküldü. Bu evlərdən çıxarılan insanlara qısa müddət ərzində funksionalizm üslubunda tikilmiş, hamam və evə işıq düşməsini təmin edən pəncərələri olan evlər təqdim olundu. Eyni şəkildə, 1960-1970-ci illərdə Milyon proqramı (isv. Miljonprogrammet) çərçivəsində artan əhalinin mənzil tələbatlarını ödəmək üçün işçilərə şəhərətrafı yerlərdə yeni layihəli evlər tikildi.
Alva Myurdal və Qunnar Myurdal ailələrə kömək olması üçün bu kimi oxşar proqramların həyata keçirilməsini təklif etdi.