Milliləşdirmə

Milliləşdirmə — özəl investorların əlində olan təbii resurs, xidmət və müəssisələrin siyasi, cəmiyyət və iqtisadi səbəblərdən millətin xeyrinə dövlətin mülkiyyətinə keçirilərək ictimai məqsədlər üçün istifadəsi siyasəti.[1] Milliləşdirmə dedikcə daha dar mənada, millilik qazandırmaq üçün xarici iqtisadi mülkiyyətləri dövlətin mülkiyyətinə keçirmək də başa düşülə bilər.

Milliləşdirmə ilə sosiallaşdırma, dövlətləşdirməekspropriasiya kimi oxşar anlayışlar arasında bəzi önəmli fərqlər vardır. Sosiallaşdırma özəl iqtisadi fəaliyyətlərin dövlət, işçi və istehlakçı idarəsində olan sosial fəaliyyətlərə dönüşdürülməsini, eləcə də ictimai baxımdan böyük əhəmiyyət daşıyan bəzi peşələrin (məs. həkimlik) dövlət idarəsi altına alınmasını özündə birləşdirir. Dövlətləşdirmə özəl xarakterli sənaye, ticarət və xidmət qurumlarının ictimai faydasını artırmaq məqsədilə dövlət mülkiyyətinə alınmasını əhatə edir. Halbuki milliləşdirmə əməliyyatında özəl xarakterini itirən fəaliyyətə dövlətdən ayrı bir huqüqi şəxs və inzibatı, texniki ya da iqtisadi muxtariyyət verilir. Ekspropriasiyanın milliləşdirmədən əsas fərqi ictimai xidmətlərin davam etdirilə bilməsi üçün lazım olan əmlaka əl qoyulmasıdır.[2]

Milliləşdirmə ilk olaraq qanunvericiliklə həyata keçirilir və milliləşdirilən özəl əmlaka qanunla müəyyən edilmiş məbləğdə təzminat ödənilir. Bununla yanaşı sosialist rejimlərdə milliləşdirmə prosesi daha çox təzminatsız müsadirə xarakteri daşıyır. Milliləşdiriləcək fəaliyyət sahələrinin müəyyən olunmasında əhəmiyyət daşıyan məsələlər, onların sektor (bankçılıq, dağ-mədən, sığorta, çatdırılma və s.) üzrə və eyni zamanda obyektiv ölçüləri üzrə müəyyən olunmasıdır. Bir özəl qurum milliləşdirildikdən sonra öz köhnə quruluşunu və ya formasını qoruyub saxlayaraq fəaliyyətini davam etdirə biləcəyi kimi yeni bir qurum olaraq da təşkil edilə bilər. Buna baxmayaraq, hər vəziyyətdə qurumun heyəti dövlət qulluqçusu statusu alır və mülkiyyət də ictimai mülkiyyət xarakteri qazanır. Milliləşdirilmiş qurumun fəaliyyətinin yoxlanması ümumilikdə qanunvericilik orqanına həvalə edilir. Əsasən milliləşdirmə XX əsrdə sosialist ölkələrində başlamışdır. Sonrakı illərdə Fransa, Böyük BritaniyaAvstriya kimi kapitalist ölkələri ilə yanaşı təbii resurslarını qorumaq və xarici asılılıqları azaltmaq məqsədilə çox sayda inkişafda olan ölkələr də milliləşdirmənin tətbiqinə başlamışdır. Bu ölkələrin milliləşdirilən iqtisadi fəaliyyət sahələrinin başında dağ-mədən, ağır sənayə, telekommunikasiya, çatdırılma, bankçılıq, elektrik istehsalı və paylanması dururdu.

2008–2012-ci illərdə Dünya maliyyə böhranı ərəfəsində Britaniya hökuməti Nortern Rok əmlak kredit şirkətini, Hollandiya hökuməti çətin vəziyyətə düşmüş olan Fortis bank ilə ABN Amro Bankı 16,8 mlrd avro ödəməklə milliləşdirdi.[3] Və yenə bu dönəmdə, 2008-ci ilin sentyabr ayında ABŞ xəzinəsinin ipoteka maliyyə bankları Fenni MeyFreddii Mekə əl qoyması bəzi iqtisadçılar tərəfindən milliləşdirmə kimi qiymətləndirilirdi.

Milliləşdirmənin obyekti xarici ölkənin hüquqi və fiziki şəxslərinin mülkiyyətində olduğu zaman bir sıra beynəlxalq hüquqi uyğunsuzluqlarla üz-üzə qalınır. Müxtəlif diplomatik əlaqələr və beynəlxalq hakimliklərin nəticəsində uyğun təzminat ödənilməsi şərti ilə bu milliləşdirmə qanuni sayıla bilər.

Milliləşdirmə ilə bərabər gündəmdə yer alan məsələlərdən biri də xarici ölkələrdəki investisiyaların qorunmasıdır. Buna xüsusi önəm verən Amerika Birləşmiş Ştatları II Dünya müharibəsindən sonra milliləşdirməyə qarşı zəmanət tədbirləri təmin edən və hər hansı bir uyğunsuzluq baş verdiyi halda məsələni Beynəlxalq ədalət məhkəməsində qaldırmağı vacib sayan aktların imzalanması yoluna girmişdir.

ABŞ idarəçiliyinin özəl qurumlara qarşı təmin etdiyi daha bir tədbir də sığortadır. Milliləşdirmənin yol açdığı ciddi problemlər arasında 1956-cı ildə Süveyş kanalının milliləşdirilməsini izləyən beynəlxalq böhran da yer almışdır. 1953-cü ildə baş nazir Məhəmməd Musəddiqin İran neftinin milliləşdirilməsinə nail olması Qərbin neft şirkətləri ilə İran arasında böhrana səbəb oldu.[4]

  1. Milliləşdirmə Arxivləşdirilib 2022-05-22 at the Wayback Machine, ekodialog.com
  2. Encyclopædia Britannica Fifteenth Edition
  3. "1929’dan Beri En Vahim Kriz…" Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine, Radio France Internationale
  4. "İngiliz-İran Petrol Anlaşmazlığı 1951-1954". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.