Fridrix fon Loqau (yanvar 1605 – 24 iyul 1655[1][2][…]) — alman şairi.
Fridrix fon Loqau | |
---|---|
Təxəllüsü | Salomon von Golaw[3], Nicolaus von Glogau[3] |
Doğum tarixi | yanvar 1605 |
Vəfat tarixi | 24 iyul 1655[1][2][…] (50 yaşında) |
Fəaliyyəti | şair, şair-vəkil[d], yazıçı |
Əsərlərinin dili | alman dili |
Vikianbarda əlaqəli mediafayllar |
Loqau XVII əsr alman klassisizminin ən görkəmli şairlərindən biridir. O, alman ədəbiyyatında möhkəm yer tutan epiqram janrının banisidir.
Loqau Sileziyada Brokhut malikanəsində anadan olmuş, Frankfurt-Oderdə hüququ öyrənmişdir. Briqdə hersoqun müşaviri olmuşdur. Liqnistsdə ölmüşdür. 1638-ci ildə o, "İki yüz alman aforizmi", 1654-cü ildə isə "Üç min alman epiqramı" kitablarını nəşr etdirir. Onun əsərlərində dövrün hadisə və əxlaqı kəskin tənqidi əksini tapır. Şair xalqa çoxlu fəlakətlər gətirən dini fanatizmi, zadəganların tüfeyliliyini, saray adamlarının riyakarlığını satirik bir üsulla qələmə alır. Loqaunun poeziyası ciddi, realist bir üsluba malikdir. Fleminq və Daxa nisbətən XVII əsrin nəsihətamiz bürger poeziyası ilə daha çox bağlı olan Loqau müasirlərinin diqqətini cəlb etməmişdir. Əsrin sonlarında isə o tamam unudulur. Loqaunun əsərləri ilk dəfə Lessinqin diqqətini cəlb edir və onları yüksək qiymətləndirir. 1759-cu ildə onun seçilmiş epiqramlarını çap etdirir. Lessinq onun poetik dili haqqında yazır: "O, öyüd verəndə ifadəli və qüvvətlidir; ifşa edəndə təntənəli və yüksək səslidir; Sevgidən danışanda zərif, ahəngdar və səmimidir; zarafat edəndə şən və sadəlövhdür; adamları, sadəcə olaraq güldürmək istəyəndə əyləndirici və oynaqdır."
Epiqram janrının mahir ustası olan Loqau onlarda müasirlərinin yığcam və dəqiq səciyyəsini yaradır, alman kübar cəmiyyətinin tipləri qalereyasını canlandırır.
XVII əsrin bir çox başqa sənətkarları kimi müharibə-nin fəlakətlərinin təsviri onun şeirlərində də mühüm yer tutur. Şair müharibəyə lənət yağdırır, onda hər kəsdən əvvəl knyazların marağı olduğunu bildirir. Hərb alovlarının xalqa gətirdiyi müsibətləri o, Opits və Fleminqdən daha kəskin, daha doğru qələmə alır. Başqa şairlərdən fərqli olaraq dindən və allahdan kömək, təsəlli umur. Aydın, ağıllı mühakimə, istehzalı yığcamlıq, ayıq obyektivlik Loqau şeirlərini səciyyələndirən əsas keyfiyyətlərdir. "Həyalı əsr" epiqramında Loqau öz dövründən nara-zılığını bildirərək yazır:
Bizim şanlı əsrimiz tacıdır zamanların,
Həya olub qüdrəti, zinəti insanların.
Cüzamlıdan qaçan tək qaçır o dayanmadan.
Açıq-aydın, pərdəsiz həqiqətdən hər zaman.
Məhz bu cəhətinə görə dövr üçün Loqaunun realist, cəsarətli tənqidi poeziyası müstəsna bir hadisə kimi diqqəti cəlb edir.