Fuci dağının 100 görünüşü (hekayə)

Fuci dağının 100 görünüşü (富嶽百景, Fuqaku Hyakkey?)Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1939-cu ildə nəşr olunmuş avtobioqrafik hekayə.

Fuci dağının 100 görünüşü
Fuqaku Hyakkey (富嶽百景?)
Müəllif Osamu Dazai
Janr mən-roman
Dil yaponca
Orijinalın nəşri fevral 1939
Səhifə 20
Misaka keçidi.

Hekayə protaqonistin (yazıçının özünə əsaslanıb) 1938-ci ilin payızında yaşadığı təcrübələri təsvir edir. Onun Fuci dağı barədə təəssüratları mənfidir və gözəlliyinin şişirdilmiş olduğunu düşünür, hətta Fuci dağının Tokiodan olan mənzərəsinin çirkin olduğunu bildirir və Utaqava Hiroşiqenin Fuci təsvirlərinin yanlış olduğunu hesab edir.

Yazıçı bu zehniyyətdən qurtulmaq üçün Fuci dağının gözəl mənzərəsi ilə tanınan Misaka keçidinə səyahət edir və burada dostu Masuci İbuse ilə görüşür. İbuse burada yeni əsərlər yazmaqla məşğuldur. Ailəsi yazıçı üçün evlilik təşkil etdiyi üçün Masuci onu Kofuya apararaq qızla tanış edir. Fuci dağının Kofudakı mənzərəsindən təsirlənən yazıçı qızla evlənməyə razı olur, daha sonra Misakaya qayıdır.

Yazıçı vaxtının çoxunu Misaka yerləşən çay evində keçirir, Fuci dağını seyr etməyə gələn turistlərə kinayə ilə yanaşır. Onun Fuci dağı haqqında fikirləri mənfi olsa da, burada vaxt keçirdikcə və Fuci dağının mənzərəsini seyr etdikcə fikri dəyişməyə başlayır. O, Misakadan Kofuya yolda düşməyə hazırlaşarkən yolda iki gənc qızla rastlaşır. Qızlar yazıçıdan onların Fuci dağı ilə fotosunu çəkməyi xahiş edirlər. Protaqonist sadəcə Fuci dağının fotosunu çəkir və Fuci dağına təşəkkür edərək uzaqlaşır.

Yazılması və nəşri

[redaktə | mənbəni redaktə et]

"Fuci dağının 100 görünüşü" 1938-ci ildə yazılmış və ilk dəfə "Buntay" (文体?) jurnalının 1939-cu ildəki fevral/mart buraxılışında nəşr olunmuşdur.[1]

Dazai 1938-ci ildə Misaka keçidində yerləşən bir çay evinə səyahət etmiş, 13 sentyabrdan 15 noyabra qədər burada qalmışdır. Burada keçirdiyi vaxt ərzində ilk romanı olan "Feniks" üzərində işləsə də, roman yarımçıq qalmışdır. Dazai səyahətdə yaşadığı təcrübələr əsasında "Fuci dağının 100 görünüşü" əsərini yazmağa qərar vermişdir.[2]

Dazai əsəri yazdığı dövrdə çətin vaxtlardan keçirdi və ailəsinin ona təşkil etdiyi evlilikdən sonra ciddi yazıçılıq fəaliyyətinə qayıtmağa hazırlaşırdı. Dazai əsərdə ailəsinin onun üçün tapdığı və 1939-cu ildə evləndiyi Miçiko İşihara ilə tanışlığını təsvir etmişdir.[3]

Qəbul və adaptasiyalar

[redaktə | mənbəni redaktə et]

Əsər "Shinchosha" nəşriyyatı tərəfindən Şova dövrü ədəbiyyatının ən yaxşı əsərlərindən biri seçilmişdir.[4] Osamu Dazainin hekayədə işlətdiyi "Axşam novruzçiçəkləri Fuci dağına çox yaraşır" (富士には、月見草がよく似合う?) ifadəsi məşhur olmuşdur.[5]

Hekayə əsasında 2006-cı ildə Yaponiyada "Fuci dağının 100 görünüşü: Uzaqdakı bir yer" (富嶽百景〜遙かなる場所〜, Fuqaku hyakkey: Haruka naru başo?) filmi çəkilmişdir.[6]

  1. "富嶽百景". Aoroza Bunko (yaponca). 27 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2024.
  2. "太宰治と郡内地方". Tsurushinkumi (yaponca). 27 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2024.
  3. Nemoto, Reiko. Cyclopedia of World Authors, Fourth Revised Edition (ingiliscə). yanvar 2003. 1–2. İstifadə tarixi: 27 iyul 2024.
  4. Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 67. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 27 iyul 2024.
  5. "「富士には月見草がよく似合う」の一節で知られる傑作短編". Shinchosha (yaponca). 27 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2024.
  6. "富嶽百景〜遙かなる場所〜". Filmin rəsmi saytı (yaponca). 2008-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]