Yarımçıq insanın etirafları

Yarımçıq insanın etirafları[1] (人間失格, Ninqen Şikkaku?, hərf.İnsanlığın diskvalifikasiyası) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən 1948-ci ildə yazılmış roman. Əsl kimliyini başqalarına göstərə bilməyən, daha sonra içkinarkotikə qurşanan problemli bir şəxsin hekayəsindən bəhs edir. Dazai romanı öz şəxsi təcrübələri əsasında yazdığı üçün avtobioqrafik əsər hesab olunur.

Yarımçıq insanın etirafları
yap. 人間失格
İlk yaponca nəşrin üzlüyü.
İlk yaponca nəşrin üzlüyü.
Müəllif Osamu Dazai
Orijinalın dili yapon dili
Ölkə
Orijinalın nəşr ili 1948

"Yarımçıq insanın etirafları" postmüharibə dövrünün Yaponiya ədəbiyyatının klassiklərindən və Dazainin əsas əsərlərindən biri kimi qəbul olunur. Roman əsasında anime, film və manqa adaptasiyaları istehsal olunmuşdur. Roman Azərbaycan dilində ilk 2024-cü ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr olunmuş, Ofeliya Əliyeva tərəfindən tərcümə olunmuşdur.[1]

"Yarımçıq insanın etirafları" romanında hekayə baş qəhrəman Oba Yozo (大庭葉蔵?) tərəfindən yazılmış üç dəftər formasında təqdim olunur. Dəftərlər Obanın uşaqlıq illərindən 27 yaşına qədər olan həyatını əhatə edir. Hekayə dəftərləri yazıldıqdan 10 il sonra bir tanışı vasitəsilə əldə edən adsız bir şəxs tərəfindən nəql olunur.

Birinci dəftər

[redaktə | mənbəni redaktə et]

Güclü yadlaşma və başqalaşma hissinə qapılan Oba ətrafındakı insanları demək olar ki, başa düşə bilmir. Bu səbəbdən həyatının ilk illərində insanlarla əlaqə qurmaq üçün təlxəklikdən istifadə etməyə qərar verir. Oba özünü ətrafındakı insanlarlara aid edə bilmədiyini deyir, onları axmaqcasına və təəccüblə təsvir edir. Öz qəribəlikləri ilə insanları əsəbləşdirməmək və tənqid olunmamaq üçün istifadə etdiyi metodları başa salır. O, kişi və qadın qulluqçuları tərəfindən cinsi istismara məruz qalsa da, bunu kiməsə açıqlamağı faydasız hesab edir.

İkinci dəftər

[redaktə | mənbəni redaktə et]

Sinif yoldaşlarından biri olan Takeiçinin onun saxta təlxəkliklərindən birini başa düşməsi Obanı narahat edir. Oba sirrini öyrənməməsi üçün Takeiçi ilə dost olmağa qərar verir. Takeiçinin ona göstərdiyi Van Qoq rəsmindən sonra daxilindəki istirabı rəsm çəkərək ifadə etməyə başlayır. Oba elə bir qorxunc avtoportret çəkir ki, Takeiçidən başqa heç kimə göstərməyə cəsarət etmir.

Oba liseydən məzun olduqdan sonra Tokiodakı bir universitetə göndərilir. Rəsm dərsində tanış olduğu rəssam həmkarı Horikidən təsirlənərək içki, siqaret və qadınlara aludə olur, kommunist iclaslarına qatılır. Gecəni bir evli qadınla keçirdikdən sonra onunla şincu (cütlük intiharı) etməyə qərar verir. Qadın ölür, lakin o sağ qalır, buna görə də böyük günahkarlıq hissi yaşamağa başlayır.

Üçüncü dəftər

[redaktə | mənbəni redaktə et]

Oba universitetdən atılır və bir dostunun himayəsinə daxil olur. Tənha bir ana ilə münasibət qurmağa çalışsa da, yenə içkiyə qurşanır və onu tərk edir. Daha sonra içki aludəçiliyindən qurtulmasını xahiş edən Yoşiko adlı qadınla tanış olur. Yoşikonun təsiri ilə Oba özünə gəlir və karikaturaçı kimi işləməyə başlayır.

Tezliklə Horiki peyda olur və Obanın zərərli vərdişlərə qayıtmasına səbəb olur. Oba Horiki ilə cinayətin antonimi haqqında müzakirə apararkən Yoşiko bir tanışı tərəfindən cinsi istismara uğrayır. Ümidsizliyə düşən Oba yuxu dərmanları qəbul edərək intihara cəhd edir. Aparıldığı xəstəxanada morfindən asılılığı yaranır və ruhi dispanserə yerləşdirilir. Çıxdıqdan sonra qardaşının köməyi ilə ucqar bir yerdə yaşamağa başlayır.

1948-ci ildə nəşr olunmuş "Yarımçıq insanın etirafları" romanı Osamu Dazainin intihar etməzdən öncə tamamladığı son əsərdir. Yazıçının ən məşhur əsərlərindən biri olmaqla yanaşı, Yaponiyada avtobioqrafik uydurma və mən-roman janrında olan ən əhəmiyyətli əsərlərdən biri hesab olunur.[2] Baş qəhrəman Oba Yozonun adı daha əvvəl yazıçının 1935-ci ildə nəşr olunmuş "Təlxəklik çiçəkləri" (道化の華, Doke no hana?) əsərində istifadə olunmuşdur.[3]

Əsər Osamu Dazainin həyatını baş qəhrəman Oba Yozonun prespektivindən təsvir edir. Dazainin digər əsərlərində olduğu kimi bu roman da insan əzabları, tənhalıq, şəxsiyyət böhranı, ümidsizlik mövzularını araşdırır. Roman bir fərdin ekzistensial böhranını əks etdirir və konstruktivizm ideyasını rədd edir.[4]

  1. 1 2 "Yarımçıq insanın etirafları". Qanun.az. 30 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2024.
  2. J., Muhleman. No Longer Human (ingiliscə). Masterplots II: World Fiction Series. fevral 1988. 1–3. 2024-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2024.
  3. O'Brien, James. "Osamu Dazai". Critical Survey of World Literature (ingiliscə). dekabr 2017: 747–752. İstifadə tarixi: 6 iyul 2024.
  4. Kishore, Paridhi. "Existential Angst and Dehumanization in Osamu Dazai's No Longer Human". Language in India (ingiliscə). 24 (5). may 2024: 56–62. ISSN 1930-2940. İstifadə tarixi: 6 iyul 2024.