Batan günəş (斜陽, Şuyo?) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir.
Batan günəş | |
---|---|
yap. 斜陽 | |
| |
Müəllif | Osamu Dazai |
Orijinalın dili | yapon dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1947, 15 dekabr 1947 |
Nəşriyyat | Shinchosha |
29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi.
Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır. Naocinin sağ qaldığı xəbəri çıxır və o, evə qayıdır. Naoci müharibədən əvvəl olduğu kimi tiryəkdən asılıdır. Anasına və bacısına kobud davranır, vaxtının çoxunu Tokiodakı yazıçı dostları ilə keçirir. Kazuko Naocinin yazıçı kimi yaşadığı çətinliklərdən və insanların qeyri-səmimiliyindən bəhs etdiyi "Ay çiçəyi jurnalı"nı tapır.
Kazuko Naocinin köhnə tanışı və mentoru olan romançı Ueharaya məktublar yazmağa başlayır. O, Ueharaya onu sevdiyini və alkoqolik olmasına baxmayaraq ondan uşaq istədiyini yazır. Tez-tez xristianlıq və marksizm ideyalarından bəhs edir, Roza Lüksemburqun kitabını oxuduğunu bildirir. Məktublarda "M. C." qısaltmasından istifadə edir. Bu qısaltma həm "Mənim Çexovum" (ing. My Chekhov), həm də "Mənim uşağım" (ing. My child) sözlərini bildirir. Lakin Uehara onun yazdığı üç məktuba da cavab yazmır. Bu zaman Kazukonun anasının vəziyyəti pisləşir və ona vərəm diaqnozu qoyulur. Kazuko evin yaxınlığında qara bir ilan görür və atasının ölümünü xatırlayır. Tezlikdə anası ölür.
Kazuko Ueharanı görmək üçün Tokioya gedir və onla bir gecə keçirir. Bu zaman Naoci intihar edir. Kazuko üçün yazdığı intihar məktubunda aristokratik ailənin üzvü olmağın ona yaşatdığı zəiflikdən bəhs edir və fərdi üstün saymayan bütün idealogiyaları qınayır. Hekayənin sonunda Kazuko Ueharaya məktub yazaraq və ondan hamilə olduğunu bildirir. Məktubun sonunda Uehara üçün yenə "M. C." qısaltmasından istifadə edir, lakin bu dəfə bu qısaltma "Mənim komediyaçım" (ing. My comedian) sözlərini bildirir.
Digər əsərlərində olduğu kimi Osamu Dazai bu romanı yazarkən şəxsi təcrübələrindən istifadə etmişdir. Dazai romanı yazdığı 1947-ci ildə Ota Şizuko və Yamazaki Tomie adlı iki qadınla münasibətdə olmuşdur.[1] O, romanın baş qəhrəmanı Kazukonu yaradarkən Tomiedən ilhamlanmaqla yanaşı Şizukonun gündəliklərindən də istifadə etmişdir.[2]
"Batan günəş" Osamu Dazainin ən məşhur və əsas əsərlərindən biri hesab olunur. Romanın xaos tərzində olan yazılış üslubu həm müharibədən sonrakı Yaponiyanın vəziyyətini, həm də yazıçının daxilində hökm sürən emosional böhranı əks etdirmişdir.[3] "Batan günəş" nəşr olunduqdan dərhal sonra populyar olmuş və Yaponiyada postmüharibə ədəbiyyatının ilk vacib əsərlərindən biri hesab olunmuşdur.[1] Əsər Anton Çexovun "Albalı bağı" (1904) əsəri ilə müqayisə olunur. Yaponiyada aristokratik sinifdən olan şəxslərin tənəzzülünü bildirmək üçün "Batan günəş adamları" (Şayozoku) ifadəsi yaranmışdır.[4]
2024-cü ildə "Tuttle Publishing" tərəfindən romanın ingilisdilli manqa versiyası nəşr olunmuşdur.[5]