Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır.[1][2]
Gövhər Qazıyeva | |
---|---|
Gövhər Əhməd qızı Qazıyeva | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Cənubi Azərbaycan |
Vətəndaşlığı | Rusiya imperiyası |
Həyat yoldaşı | Mirzəağa Əliyev (ikinci evliliyi) |
Uşağı | İsmayıl (ilk evlilikdən) |
Atası | Əhməd Qazıyev |
Fəaliyyəti | aktrisa |
Vikianbarda əlaqəli mediafayllar |
Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb.[1][2]
XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.[1][2]
Azərbaycanın ilk qadın aktrisası olan Göhvər Qazıyevanın Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçmişdi. Yenə həmin il oktyabrın 30-da "Səadət" dram dəstəsi Şəmsəddin Saminin "Gaveyi-ahəngər" pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edirdilər.
Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri ona məqalələr həsr etdi. "Nicat" cəmiyyəti onu Bakıya çağırdı.
Gövhər Qazıyevanın repertuarı geniş və əhatəli idi. O, Henrix Heynenin "Əlmənsur", Loxmanovanın "Napoleonun vəfatı", Namiq Kamalın "Qara bəla" əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynamışdır. Azərbaycanlı qızı Nəriman Nərimanovun "Nadir şah" pyesində Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin "Pəri Cadu" tamaşasında Hafizə, Səkinə Axundzadənin "Bəxtsiz cavan" faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun "Evliykən subay" əsərində Pərizad rollarını sənətkarlıqla yaratmışdır. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Gülnaz, "Leyli və Məcnun"da Leyli rollarının ifaçısı olan Gövhər Qazıyeva bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilmişdir.
1911-ci il mayın 26-da və 30-da Tiflisdə Gövhər Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun "On bir yaşlı arvad" pyesi göstərilmişdi. Lakin azərbaycanlı qadının səhnəyə çıxması nadan, cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər.[1][2]
Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları - Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynqulu Sarabski, Mirseyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış etmişdir. Onun Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə "Əlli yaşında cavan" tamaşasında olmuşdur. İrəvanda onlar daha böyük müvəffəqiyyət əldə etmişdilər.[1][2]
Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrildi. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçdülər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olundu. Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya getdi və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıtdı. 1915-ci ildə "Bəsirət" qəzeti akuşerka Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə başlaması haqqında bir elan da vermişdi.
Mirzağa Əliyevlə Gövhər Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanmışdılar. Qəribədir ki, evlənəndən sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə verməmişdir. Reallıq budur ki, Gövhər Qazıyeva ərə gedəndən sonra səhnəyə çıxmamışdır. Bu, G.Qazıyevanın ikinci nikahı idi və birinci ərindən onun İsmayıl adlı oğlu vardı.
1937-ci ildə Gövhər Qazıyeva artıq daimi yaşadığı İrandan bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Keçmiş aktrisa Cəfər Cabbarlının "Almaz" pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. Gövhər Qazıyeva on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapır. Qəfil sevincdən özünü itirmiş qadın hamıya hədiyyə paylayırmış.
Gövhər Qazıyeva İrana görkəmli aktyor və rejissor Mirseyfəddin Kirmanşahlının təhriki ilə getmişdir.[1][2]
1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmiş Gövhərin - Göyərçin xanımın Azərbaycan teatrının salnaməsinə ilk qaranquş kimi düşməsi təbiidir.