Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həm də 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb.
Hüseynqulu Sarabski | |
---|---|
Hüseynqulu Məlik oğlu Sarabski | |
Ümumi məlumatlar | |
Doğum adı | Hüseynqulu Rzayev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | qida borusu xərçəngi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi |
Fəaliyyət illəri | 1902–1945 |
Janr | opera |
Musiqi alətləri | tar |
Səs tembri | tenor |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərmək lazım gəlirdi. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən — dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu, yeni əsrin səsini eşidirdi. O, oxumaq, təhsil almaq üçün qazandığı pulu kitaba, dəftərə verirdi, ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçirdi, onlara bənzəmək istəyirdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları — Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə — musiqili-teatra, operaya gətirdi. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola — Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış,[1] Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.
Əziz Şərifin Sarabskinin Məcnunu haqda bunları yazır: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır… Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı".
Hüseynqulu Sarabski milli opera tarixində Üzeyir Hacıbəyovun opera və operettalarında — Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun"), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın mal alan"), Müslüm Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoydu.
4 mart 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır[2].